Şirürəkli Riçard. Александр Грановский

Şirürəkli Riçard - Александр Грановский


Скачать книгу
çadırlarda üşüyür, xəstələnirdilər. Üstəlik, həmin vaxt Burqunduya hersoqu Quqo və Tuluza qrafı Raymundun qoşunları Gənc Henrinin köməyinə gəlmişdilər. Bunun səbəbi var idi. Onlar bəzi torpaqların işğalını II Henri ilə Riçarda bağışlaya bilmirdilər.

      May ayında Limojun mühasirəsini dayandırmaqdan başqa çıxış yolu qalmadı. Hətta döyüşçü çatışmazlığından Eka qalasını qiyamçılara təslim etmək lazım gəldi. Həmin vaxt Tuluza qrafı ilə Provans uğrunda müharibə aparan Araqon hersoqu Alfons ingilis kralıyla oğlunun köməyinə gəlsə də, bunun heç bir xeyri olmadı.

      1183-cü ilin mayın sonlarına doğru gözlənilməz hadisə baş verdi: Gənc Henri bərk xəstələndi və iyunun 11-də vəfat etdi. Onun köhnə dostu Uilyam Marşal can verən dostunun yanına gəldi. Gənc Henri ölümqabağı atasından özünün və anasının bağışlanmasını dilədi, eləcə də Marşaldan xahiş etdi ki, onun əvəzinə Müqəddəs Torpağı (Qüdsü) ziyarət eləsin.

      Gənc Henrinin ölümündən xəbər tutan Burqunduya hersoqu və Tuluza qrafı qoşunları ilə evlərinə qayıtdılar. Limoj vikontu isə Gənc Henrinin cəsədini dəfn etmək üçün Qranmon abbatlığına12 apardılar. Bundan sonra sayca üstünlük qazanan II Henri və oğlu Limoju yenidən mühasirəyə aldılar. İyunun sonlarına doğru vikont qalanı təslim etməli oldu. Qala divarları yenidən dağıdıldı.

      Həmin qələbənin ardından II Henri Anjuya qayıtdı. Riçardla Alfons isə qiyamçıların axırına çıxmaq üçün Limuzenin cənubuna doğru hərəkət etdilər. Onlar qiyamçıların tərəfinə keçmiş Bertran de Borna məxsus Otfor qalasını ələ keçirib trubadurun özünü qoca kralın yanına göndərdilər. Kral ona rişxəndlə dedi: «Bu gün ağıl sənə çox lazım olacaq».

      «Hökmdar, – Bertran cavab verdi, – indi məndə ağıl deyilən şey yoxdur».

      «Xeyir ola?» – kral soruşdu.

      «Hökmdar, – Bertran dedi, – cəsur oğlunuz öldüyü gün mən ağlımı, düşüncəmi itirdim».

      Oğlu haqqında bu sözləri eşidən kral huşunu itirdi. Ayılanda gözyaşları içində qışqırdı: «Bertran! Bertran! Doğru deyirsən ki, oğluma görə ağlını itirmisən, çünki dünyada hamıdan çox səni istəyirdi. Ona olan sevginə görə sənə azadlıq verirəm, mülkünü, qalanı özünə qaytarıram».

      Gənc Henrinin vəfatından sonra II Henrinin varisi Riçard oldu…

      V FƏSİL

      Tanınmayan varis

      1183-cü ilin sentyabrında II Henri iki oğlunu – Riçardla İoanı Normandiyaya öz yanına çağırdı. O, Riçarda təklif etdi ki, Akvitanyanı qardaşına, yəni İoana versin. Eyni zamanda İoandan sədaqət andı qəbul etsin. Formal olaraq hər şey düzgün idi: artıq hakimiyyət pilləsində Riçard atasının, İoan isə onun yerini tuturdu. Ancaq II Henrinin təklifi Riçarda vurulan zərbə idi. Belə görünürdü ki, kral böyük oğlunu varis elan etmək istəmirdi. Riçard Akvitanyanı qardaşına verib hersoqluğu itirsə, atasından tamamilə asılı vəziyyətə düşəcəkdi.

      Hər şeyi götür-qoy eləyib dostları ilə məsləhətləşmək üçün Riçard bir neçə gün möhlət istədi. Ardınca isə qalanı müharibəyə hazırlamaq məqsədilə Puatyeyə getdi. Elə yoldaca atasına xəbər göndərdi ki, hersoqluğu heç vaxt heç kimə verməyəcək, səkkiz il nahaq yerə ondan ötrü vuruşmayıb. Hüquqları bərpa olunmuş digər qardaş Joffrua isə İoanın Akvitanya hersoqu olacağını eşidib Anju qraflığının dərhal Bretana birləşdirilməsini tələb etdi. Şübhəsiz ki, bu məsələdə o, gizli müttəfiqi olan Fransa kralına bel bağlayırdı.

      Gənc Henri öləndən sonra II Filip onun arvadı Marqaritanın cehizini – Normandiya Veksenini geri istədi. Əslində, II Henrinin həmin torpaqları birdəfəlik özünə birləşdirmək üçün müxtəlif imkanları var idi. Lakin o, bu imkanları dəyərləndirməmişdi. Belə etməsi səhv idi, bunun cəzasını da Riçard çəkəcəkdi…

      1183-cü il dekabrın 6-da II Henri ilə II Filip arasında müqavilə bağlandı. Müqaviləyə görə Marqarita ərə gedənə qədər ona illik pensiya kəsilir; Normandiya Vekseni Alisanın cehizi olur və «onunla evlənən ingilis kralının oğullarından birinə verilir». Joffrua evli olduğundan və arvadının mirasını – Bretanı aldığından, söhbət ancaq Riçardla İoandan gedə bilərdi. Riçard isə artıq on beş ildi Alisa ilə nişanlı idi. Bəs onda nə baş verirdi?

      Bu yerdə geri qayıdıb II Henrinin Riçardı sevməməsinin səbəbini izah etməli olacağıq. Hələ 1176-cı ildə Anju kral sarayında II Henrinin Alisa ilə gizli əlaqəsi barədə şayiələr dolaşırdı. Riçard buna biganə yanaşırdı, çünki, əslində, Alisa ilə evlənmək fikrində deyildi. II Henri də Aisanı ərə vermək istəmirdi, çünki onunla özü evlənmək niyyətində idi. Görünür, II Henri səmimi olaraq anlamır ki, necə olur, o, VII Lüdovikdən sonra Eleanora ilə evlənə bilir, lakin Riçard ondan sonra Alisa ilə evlənə bilmir. Başqa adaxlı tapmaq lazım idi. Yeganə alternativ – İoan idi. İonanın Alisadan yeddi yaş kiçik olması, yeddi ildir Qloster qraflığının varisinə nişanlanması heç nəyi dəyişmirdi. Görünür, II Henrinin varisindən Akvitanyanı İona verməsini tələb etməsinin başlıca səbəbi də bu idi.

      II Henri həmin tələbini yerinə yetirməsi üçün Riçardı çox dilə tutdu, hətta onu təhdid elədi. Lakin bütün cəhdləri nəticəsiz qaldı. Günlərin bir günü Riçard öz adamlarını toplayıb onlara böyük bir səxavətlə qiymətli hədiyyələr payladı. Hətta mərhum Gənc Henrinin muzdlu kapitanlarından Merkadye də ilk dəfə həmin məclisdə peyda oldu. Sonrakı on beş il ərzində, düz Riçard ölənə qədər Merkadye ona sədaqətlə qulluq edəcək, onun etibarlı, sadiq dostuna çevriləcəkdi. Yeri gəlmişkən, 1200-cü ildə, Riçard öləndən sonra Merkadye qoca Eleanoranı Kastiliya kralının sarayına ötürdü və geri qayıdarkən küçə davasında öldürüldü. Görünür, o qədər düşmən qazanmışdı ki, Riçard öləndən sonra sağ qalması müşkül məsələ idi…

      Riçardın tabe olmayacağını anlayan II Henri digər oğlu İoana əmr etdi ki, Akvitanyanı zor gücünə alsın. Həmin vaxt İoanın on yeddi yaşı olduğundan, bu işdə ona Joffrua kömək etməli idi. Puatyeyə hücum iyunda baş tutdu. II Henri həmin vaxt İngiltərədə idi. Bu hücumun cavabında Riçard gözlənilməz əks-hücumla Joffruanın mülkünü – Bretanı viran qoydu.

      Bu arada, Riçarda yeni adaxlı – Müqəddəs Roma imperiyasının13 ikinci imperatoru I Fridrix Barbarossanın (1122–1190) qızı təklif olundu. 1184-cü ilin sentyabrında I Fridrix bununla bağlı anlaşmaya razılıq verdi. Həmin vaxt 27 yaşı olan Riçardın beş yaşlı qızla nişanlanmağa necə baxdığı məlum deyil. Ancaq fakt ondan ibarətdir ki, bir il sonra qız vəfat etdi.

      Oğulları arasında müharibəyə son qoymaq üçün II Henri 1184-cü ildə onları İngiltərəyə çağırdı. O, oğullarının, eləcə də Gənc Henrinin ölümqabağı xahişini nəzərə alıb Eleanoranı da azadlığa buraxdı. Eleanora isə öz növbəsində Akvitanyanın problemlərinin müzakirəsində fəal iştirak etdi və şübhəsiz ki, Riçardın tərəfini tutdu. Riçardla İoan növbəti il Milad bayramını Vindzorda ata-anaları ilə keçirdilər. Joffruaya gəlincə, o, «nizam-intizama nəzarət etmək üçün» Normandiyaya göndərildi.

      Milad bayramından sonra Riçard geri – Puatyeyə qayıtdı


Скачать книгу

<p>12</p>

Abbatlıq – katolik kilsəsi. Bu kilsələr abbat tərəfindən idarə olunur.

<p>13</p>

Müqəddəs Roma imperiyası – əsası 962-ci ildə Almaniya imperatoru I Otto tərəfindən qoyulmuş və 1806-cı ilə qədər mövcud olmuş imperiya. Qərbi və Mərkəzi Avropa regionlarında mövcud olmuş çoxmillətli imperiya idi. Ən böyük ərazisi Almaniya krallığı hesab olunurdu. Bu imperiyanın ərazisinə həmçinin bir çox Avropa krallıqları, o cümlədən, İtaliya krallığı və bir çox başqa ərazilər daxil idi (red.)