Əhməd bəy Ağaoğlu. Айдын Гусейнага оглы Балаев
təhsil almaq üçün yola düşən bir neçə səfər yoldaşını Şuşadan bir qədər kənarda, Topxanada gözləyəcəkdi. Anası və doğmaları ilə həmin təsirləndirici ayrılıq səhnəsini Ağaoğlu xatirələrində belə təsvir edirdi: «Məni yola salmağa qadın və kişilərdən ibarət bir çox qohum və tanışlar gəlmişdi. Arabanın yanında hər kəslə vidalaşdım. Növbə anama gəlincə o məni bir kənara çəkdi, çarşabını açdı, köynəyinin yaxasından iki məməsini çıxardı. Başımı onların arasına aldı və göz yaşları içində mənə bunları söylədi: «Oğlum, get. Allah yardımçın olsun. Amma mənə bu andı iç: «Söylə ki, ana, əgər mən bir xristian qızı ilə evlənsəm, bu məmələrdən əmdiyim süd mənə haram olsun!» Kənardan hər kəs bizə baxırdı. Fəqət anam arxasını arabaya çevirmiş olduğundan kimsə burada nə baş verdiyinin fərqində deyildi. Mən o qədər mütəəssir olmuşdum ki, həm ağlayır, həm anamı qucaqlayır, həm də arabanı unudaraq məmələri üzərindəki başımı qaldırmadan duruyordum. Anam incə səsi ilə:
– Haydı, oğlum, bizi gözləyirlər, and iç, – dedi.
– And içirəm, – dedim.
– Xeyr, dediyim kimi and iç.
Onun sözlərini eynən təkrarladım. O da son dəfə alnımdan öpdü. Yaxasını və çarşabını bağladı, arabaya yaxınlaşdıq. Mən arabaya mindim. Üzüntü və həyəcanımdan bitkin halda idim. Onların mümkün qədər tez getmələrini arzulayırdım. Nəhayət, onlar getdilər və mən də son göz yaşları ilə anamdan və əqrəbalarımdan ayrıldım.
İndi yüksək bir dağdan enirik. Təkərlərin hər dönməsiylə doğulub böyüdüyüm bu yerlərdən, mənə can və ruh vermiş olan bu insanlardan bir az da uzaqlaşırdım. Yalnız cismən deyil, mənən də uzaqlaşırdım. Fəqət kimə və nəyə yaxınlaşmaq üçün?»
Bu emosional vidalaşma səhnəsi həmin dönəmdə bir çox azərbaycanlı ailələrin üzləşdiyi dilemmanın təzahürü idi. Konkret bu halda isə məhz Əhmədin anası Tazə xanım oğlunun ənənəvi dini təhsil almasına qarşı çıxmış və ailədə əsas söz sahibi olan qaynı Mirzə Məhəmmədin bütün etirazlarına rəğmən Əhmədin rus məktəbində oxumasına nail olmuşdu. Lakin eyni zamanda özünün təşviq etdiyi həmin yolun başlanğıcında ana artıq əndişəli idi: rus toplumu ilə ünsiyyətin sonda oğlunun müsəlman kimliyini itirməsi və ənənəvi dəyərlərdən uzaqlaşması ilə nəticələnəcəyindən qorxurdu.
Hərçənd həmin vaxt bütün Azərbaycan cəmiyyəti, bir növ, yolayrıcında və tərəddüdlər burulğanında idi. Bir tərəfdən cəmiyyətdə köklü dəyişikliklərin qaçılmaz olması qənaəti getdikcə güclənirdi. Digər tərəfdən isə zəruri olan yeniliklərin bütün nəticələrinin qabaqcadan proqnozlaşdırılmasının mümkünsüzlüyü və bunun nəticəsində ortaya çıxan qeyri-müəyyənlik ictimai təşəbbüsü iflic edirdi. Beləliklə, irəliyə doğru inkişaf ləngiyirdi. Bu mənada Tazə xanımın durumu Azərbaycan cəmiyyətindəki ümumi mənzərənin konkret təzahürü idi.
Doğmaları və tanışları ilə Topxanadakı bu təsirli ayrılıq anında Əhməd bəy, yəqin, ağlına belə gətirmirdi ki, valideynləri ilə həmişəlik vidalaşır. Çünki altı ildən sonra ali təhsil alıb vətənə döndüyü zaman nə anası, nə də atası bu dünyada idi…
Peterburqa, oradan da Parisə
Doğmalarından ayrılıb uzaq səfərə çıxan insanlara xas olan daxili həyəcan və narahatlığa baxmayaraq Əhməd bəy Peterburqa böyük bir coşqu və ümidlə gedirdi. Təsadüfi deyil ki, o, Peterburqla görüşünün ilk anlarını sonralar da xüsusi həyəcanla xatırlayırdı. Gənclik arzusunu gerçəkləşdirməsi, Turgenev, Dostoyevski və digər rus klassiklərinin əsərlərindən qiyabi olaraq tanıdığı şəhəri öz gözləri ilə görməsi Əhməd bəyə «dadlı və unudulmaz bir röya» kimi gəlirdi.
Ağaoğlu Peterburqda bir polkovnikin dul qadınının mənzilində ayda 20 rubla otaq kirayələdi. Hərçənd başlanğıcda evin sahibəsi və onun iki qızı ilə Əhməd bəy arasında kiçik anlaşılmazlıq yaşanmışdı. Ə.Ağaoğlu xatirələrində bu barədə belə yazırdı: «Onlar məni erməni zənn edirdilər. Yanıldıqlarını söylədikdə isə heyrətləndilər. Xanım:
– O halda kimsiniz? – deyə soruşdu.
– Mən türkəm, – dedim.
Ana və qızları, üçü birdən sanki elektrik cərəyanı vurmuş kimi sarsıldılar:
– Nə, türkmü?!
– Bəli, türkəm. Bunda heyrət ediləcək bir şeymi var?
Üçü birdən qızardı və ixtiyar qadın dedi:
– Xeyr, cənab, xeyr. Mən türkləri çox görmüşəm. Onları çox sevirəm. Çox dürüst və doğru insanlardır. Lakin indiyə qədər onlardan tələbə görmədiyim üçün…
– Bəli, burada siz haqlısınız. Biz ancaq indi başlayırıq. Ermənilər və digər xristianlar bizdən çox əvvəl başladılar. Bu səbəbdən onlara alışqanlıq vardır.
Ev sahibəsinin böyük qızı Sonya söhbətə qarışdı:
– Zavallı atam Qafqazda uzun müddət yaşamışdı. Oradakı türkləri tərifləyərdi. Onların hamısının gözləri qara, saçları gur və qapqara deyilmi?
Burada kiçik qız Mariya dözməyərək həsədlə bildirdi:
– Ah, mənim gözlərim və saçlarım da elə olsaydı!
Hamımız birdən gülüşdük və aramızdakı anlaşılmazlıq yox oldu…»
Etiraf edək ki, ev sahibəsinin Əhməd bəyin milli mənsubiyyətinə belə təəccüblü reaksiyası tamamilə təbii idi. Həqiqətən də, o zaman Peterburqdakı türk tələbələr barmaqla sayılacaq qədər az idilər. Ə.Ağaoğlunun sözlərinə görə, qafqazlı tələbələrin birliyində görüşdüyü 35–40 nəfərdən yalnız üçü türk, qalanları erməni, gürcü, ləzgi və digər Qafqaz xalqlarının nümayəndələri idi.
Əhməd bəy böyük səylə Peterburq Texnologiya İnstitutundakı qəbul imtahanlarına hazırlaşmağa başladı. Əvvəlcə hər şey yaxşı gedirdi: Əhməd bəy ilk imtahanlardan uğurla çıxmışdı. Lakin cəbrdən olan son imtahanda o, müəllimin açıq-aşkar qərəzi ilə üzləşdi. Əslində, Əhməd bəy verilmiş tənliyi daha mükəmməl üsulla, məktəb proqramında olmayan orijinal düsturla həll eləmişdi. İntəhası imtahan götürən professor ondan əlavə olaraq bu düsturun düzgünlüyünü isbat etməyi istədi. Əhməd bəy bunun proqram xaricində olduğunu əsas gətirərək professorun tələbini yerinə yetirməkdən imtina etdi. Bunun əvəzində isə professor ona qeyri-kafi qiymət yazdı. Sonradan məlum oldu ki, professorun yəhudi düşməni (antisemit) olması bu məsələdə həlledici rol oynayıb. Belə ki, Ə.Ağaoğlunu yəhudi zənn edən professor qəsdən onun instituta qəbul olunmasını əngəlləyib. Əhməd bəyin məsələni orijinal üsulla həll etməsi isə professor üçün, sadəcə, bəhanəyə çevrilib.
Təbii ki, belə bir haqsızlıqla üzləşməsi Ağaoğlunu son dərəcə qəzəbləndirmişdi. O bununla bağlı yazırdı: «Hiddətim o dərəcədə idi ki, bütün Rusiyanı bir stəkan suda boğmağa hazırdım. Çarından tutmuş nihilistinə3, universitetindən professoruna, mətbuatından ədəbiyyatına, dilindən elminə qədər rus adı,
3