Dəfinələr adası. Роберт Льюис Стивенсон
üstə yaxşıca təmizlənmiş və ütülənmiş kostyum var idi. Kostyumun altında xırda-para şeylər var idi: tənəkə, su parçı, tənbəki, iki ədəd gözəl tapança, bir külçə gümüş, qədim qol saatı, mis sağanaqlı iki kompas, beş-altı qəribə balıqqulağı. Sandığın dibində köhnə bir dənizçi plaşı var idi. Anam tələsik onu da çıxarıb atdı. Daha sonra müşəmbəyə bükülmüş bir bağlama və bir dənə də bez torba çıxardıq. Bağlamanın içindəki, deyəsən, kağız-kuğuz idi, Torbaya toxunan kimi cingilti eşidildi. Qızıla oxşayırdı. Anam acıqla dilləndi:
– Mən bu quldurlara necə namuslu bir qadın olduğumu sübut edəcəyəm. Ancaq öz borcumu götürəcəyəm. O torbanı bəri tut.
Anam pulları çıxarıb saymağa başladı. Bu, çox çətin bir iş idi, çünki burada müxtəlif ölkələrin pulları var idi. Bizə tanış olan gineya isə az idi. Onu seçmək vaxt aparırdı.
Kapitanın bizə olan borcunun heç yarısını saymamışdıq ki, mən anamın qolundan yapışdım. Sakit şaxtalı havada eşitdiyim səsdən damarımdakı qan dondu. Bu səs donmuş yerə dəyən korun çəliyinin səsi idi. Səs yaxınlaşırdı, biz də nəfəsimizi qısıb dinləyirdik. Mehmanxananın qapısına bərk bir zərbə dəydi, sonra dəstəyi əlləşdirdilər, cəftə cingildədi, kor içəri girmək istəyirdi. Bir az sonra səs-səmir kəsildi. Nəhayət, uzaqlaşan ağac tappıltısı eşidildi. Səsin tam kəsilməsi bizi bir qədər sakitləşdirdi.
Mən dedim:
– Ana, pulları yığışdır, götür, qaçaq.
Anamın qorxudan rəngi avazısa da, artıq pul götürmək istəmir, amma aza da razı olmurdu. O deyirdi ki, saat hələ heç yeddi deyil, vaxta var. Birdən təpənin başından fit səsi gəldi. Anam cəld ayağa qalxaraq dedi:
– Mən yalnız saydıqlarımı götürəcəyəm.
– Mən də hesab düz olsun deyə bunu götürüm, – deyib müşəmbəyə bükülmüş kağız-kuğuzu qamarladım.
Tez şamı söndürüb qaranlıqda birtəhər eşiyə çıxdıq. Qaçmağa başladıq. Bəxtimizdən ətrafı sıx duman bürümüşdü. Ancaq yolun yarısında ay işığı zolağına düşdük. Elə bu zaman yaxınlaşan ayaq səsləri eşidildi.
Birdən anam dedi:
– Oğlum, sən pulları götür, qaç. Mənim halım xarabdır.
Əlbəttə, anamı yolun ortasında ata bilməzdim. "Hər ikimiz məhv olduq", – deyə düşündüm. Xoşbəxtlikdən yolumuz bir körpünün yanından keçirdi. Anam səndələyirdi. Bilmirəm haradan mənə güc gəldi, anamı sürüyə-sürüyə körpünün altına saldım. Körpü çox alçaq idi. Biz körpünün lap altına süründük. Bu yer mehmanxananın beş-on addımlığında idi.
Korun ölümü
Görünür, maraq qorxudan üstündür. Mən bir yerdə qərar tuta bilmirdim. Yavaşca körpünün altından çıxıb bir kolun dalında gizləndim. Buradan mehmanxananın yolu aydın görünürdü. Təzəcə yerimi rahatlamışdım ki, yeddi-səkkiz nəfərin gəldiyini gördüm. Əlində fənər tutmuş adam qabaqda gedirdi. Ardınca üç nəfər əl-ələ tutmuşdu. Ortadakını tanıdım, kor dilənçi idi.
O qışqırdı:
– Qapını sındırın!
Qapının açıq olması onları təəccübləndirdi.
– Evə, evə girin, – yenidən korun səsi gəldi.
Gələnlərin dörd, ya beş nəfəri içəri girdi, ikisi korla bərabər qapının ağzında dayandı. İçəridən səs gəldi:
– Billi ölmüşdür.
– Biriniz üst-başını axtarın, iki-üç nəfər də sandığın dalınca yuxarı qalxsın, – deyə kor əmr verdi.
Kapitanın pəncərəsi taybatay açıldı, şüşələr qırılıb aşağı səpələndi. Pəncərədən bir nəfər bizə tərəf boylandı. Ay işığında onun başı aydın görünürdü.
– Hey, Pyu, kimsə bizdən əvvəl buraları axtarmışdır, sandığın altını üstünə çevirmişdir.
Pyu bağırdı:
– O şey yerindədir?
– Pullar buradadır.
Kor qışqırdı:
– Pul cəhənnəmə, mən Flintin kağızlarını soruşuram.
– Kağız gözümə dəymir.
– Ey, aşağıdakılar, meyidin üstünü axtarın, – deyə kor yenidən bağırdı.
Bir azdan kapitanın meyidini axtaranlar mehmanxananın qapısında göründülər:
– Onu bizdən qabaq ələk-vələk ediblər. Bizə bir şey qalmayıb.
– Bizi mehmanxana sahibləri qarət etmişlər. Bu o küçüyün işidir. Heyif ki, mən onun gözlərini oymadım. Onlar bir az əvvəl burada imişlər. Mən gələndə qapı içəridən bağlı idi. Axtarın onları, tapın!
Beləliklə, bizim köhnə mehmanxanada bir vurhavur başladı ki, gəl görəsən. Ancaq hər şey əbəs idi. Sonda quldurlar bir-bir çölə çıxır, bizi tapmadıqlarını deyirdilər. Bu, an uzaqdan fit səsi eşidildi. Bu həmin bizi qorxudan fit səsi idi. Amma bu dəfə iki dəfə fit verdilər. Deyəsən, bu, quldurlar üçün təhlükə siqnalı idi. Onlardan biri dedi:
– Bu, Dekdir. Eşitdiniz, iki dəfə çaldı. Qaçmaq lazımdır.
– Qaçmaqmı, sarsaqlar?! Dek axmaq və qorxaqdır. Onlar yaxında olmalıdırlar. Axtarın!
Bir neçə nəfər könülsüz olaraq ağacların arasını axtarmağa başladı.
Kim isə donquldandı:
– Pullar bizdədir, daha nə lazımdır?
– Görünür, kağızı gizlədiblər, – deyə başqa birisi əlavə etdi, – Pyu, götür pulları, özündən çıxma.
Pyu lap hirsləndi. Quldurların etirazı onu lap dəli etmişdi. Dəyənəyini qaldırıb sağa-sola hərləyərək yoldaşlarının başına endirirdi. Onlar da kora ağızlarına gələni deyir, dəyənəyi əlindən almaq istəyirdilər.
Bu savaş bizi xilas etdi. Savaşın qızğın vaxtı kənd tərəfdən, təpənin üstündən atların tappıltısı eşidildi. Həmin dəqiqə də uzaqda atəş səsi gəldi.
Quldurlar hərəsi bir tərəfə qaçmağa başladı. Yarım dəqiqə keçməmiş Pyu yolun ortasında tək qalmışdı. O, yolu tamam itirdi, dənizə tərəf getmək əvəzinə kəndə sarı qaçmağa başladı.
Təpənin döşü ilə çapan atların səsi lap yaxınlaşırdı. Bu yerdə kor da hiss etdi ki, düz getmir. Bərkdən söyüş söyərək geri döndü və elə o an da yol kənarındakı xəndəyə yuvarlandı. Ancaq tez qalxıb dırmaşaraq yola çıxdı. Bu dəfə isə qabaqda çapan atın düz qabağına düşdü. Atlı onun böyründən ötmək istəsə də, bacarmadı. Atın ayaqları altında qalıb xurd-xəşil oldu. Pyu palçığın içində üzüüstə çevrilib hərəkətsiz qaldı.
Mən yerimdən sıçrayıb atlıları səslədim. Onlar atların cilovunu çəkib durdular. Mən onların hamısını tanıdım. Ən arxada həkim Livsinin dalınca gedən oğlan gəlirdi. O biri atlılar isə sahil mühafizə dəstəsinin atlıları idi.
Pyunun canı o saat çıxmışdı.