Zəmanəmizin qəhrəmanı. Михаил Лермонтов

Zəmanəmizin qəhrəmanı - Михаил Лермонтов

Скачать книгу
ion>

Hər kitabda müqəddimə birinci, eyni zamanda sonuncu amildir. Bu ya əsərin məqsədini izah etmək, ya da tənqidlərə qarşı özünə bəraət qazandırmaq niyyətini güdür. Ancaq, adətən, oxucular tənqidə biganə olduqlarından müqəddimələri oxumurlar. Təəssüflər olsun ki, bizdə xüsusilə belədir. Camaatımız o qədər sadədildir ki, bir təmsilin sonunda əxlaqi nəticə görməyəndə onun mənasını anlamır. Çoxları zarafatı sezmir, kinayəni duymur. Bir sözlə, cəmiyyət yaxşı tərbiyə olunmayıb.

Bu kitab bədbəxtlikdən elə bu yaxınlarda bəzi oxucuların, hətta tənqidçilərin diqqətini özünə cəlb etdi. Bəziləri Zəmanəmizin Qəhrəmanı kimi əxlaqsız bir adamın onlara örnək göstərilməsindən çox incidilər. Bəziləri isə incə şəkildə qeyd etdilər ki, yazıçı özünün və öz tanışlarının portretini çəkib… Nə qədər köhnə və miskin bir zarafat! Nə edəsən, görünür, Rusiya elə yaradılıb ki, onda hər şey yeniləşir, bircə bu mənasız şeylərdən başqa.

Möhtərəm ağalar, Zəmanəmizin Qəhrəmanı, doğrudan da, bir portretdir, ancaq təkcə bir adamın portreti deyil. Bu, bizim bütün nəslimizin ən üzdə olan nöqsanlarını təcəssüm etdirən bir portretdir. Siz mənə yenə deyəcəksiniz ki, insan bu qədər səfeh olmaz. Mən də sizə deyirəm ki, əgər siz bütün faciəvi, romantik zalımların varlığına inanırsınızsa, Peçorinin həqiqi bir adam olduğuna niyə inanmırsınız? Siz bundan daha eybəcər uydurmalara heyran qaldığınız halda, bu adama nə üçün acımırsınız? Bəlkə, bu, Peçorində sizin arzu etdiyinizdən daha çox həqiqət olmasından irəli gəlir?..

Deyəcəksiniz, əxlaq bundan bir şey qazanmır… Bağışlayın. Bəsdir insanlara şirin şeylər yedirtdiniz. Bu şirni onların mədəsini pozub. Onlara acı dərmanlar, acı həqiqətlər lazımdır. Amma elə zənn etməyin ki, bu kitabın müəllifi insan nöqsanlarını islah etmək kimi lovğa bir fikrə düşüb. Allah onu bu cahillikdən saxlasın! Müəllif ancaq bizim zəmanə adamının şəklini çəkməkdən zövq alıb. Həm sizin, həm də özünün bədbəxtliyindən o, belə adamlara tez-tez rast gəlib. Xəstəliyi göstərmək də yetərlidir, müalicəsini Tanrı bilər!

Bela

Poçt arabası ilə Tiflisdən gəlirdim. Kiçik bir çamadandan başqa, yüküm yox idi. Onun da yarısı Gürcüstan haqqında yol qeydlərim, xatirələrimlə dolu idi.

Mən Koyşaur vadisinə çatanda günəş artıq qarlı dağların ardında gizlənməyə başlamışdı. Arabaçım osetin idi. Gecə düşənədək Koyşaur dağına çata bilməkdən ötrü yorulmadan atları qovurdu. Arada var səsi ilə mahnı oxuyurdu. Aşağıda Araqva çayı gümüş bir sap kimi uzanır, ilan qabığı kimi parıldayırdı.

Qarşıda bizi çətin dağ aşırımı gözləyirdi. Arabanı mənzilə çatdırmaq üçün arabaya qoşulmuş bir neçə öküz kirələməli oldum. Çünki artıq payız gəlmişdi, dağ yolları sırsıra bağlamışdı.

Arxamızca başqa bir araba da gəlirdi. Ağzına qədər yüklü olan bu arabanı dörd öküz asanlıqla çəkirdi. Araba sahibi əlli yaşlarında bir adam idi. Epoletsiz1 zabit sürtükü2 geymiş, başına tüklü çərkəz papağı qoymuşdu. Kabardin çubuğu çəkə-çəkə arabasının arxasınca gedirdi.

Mən yaxınlaşıb salam verdim:

– Biz, deyəsən, sizinlə yol yoldaşıyıq.

O, dinmədən başı ilə təsdiq etdi.

– Yəqin, Stavropola gedirsiniz.

– Elədir ki, var… Hökumət əşyalarını aparıram.

– Burada çoxdanmı qulluq eləyirsiniz?

– Bəli, Aleksey Petroviçin vaxtından.

– Bəs indi nə işindəsiniz?

– İndi üçüncü xətt batalyonunda sayılıram. Bağışlayın, bəs siz?

Mən kim olduğumu söylədim.

Söhbətimiz bununla bitdi, dinməzcə yolumuza davam elədik. Stansiyaya hələ bir verst3 qalmışdı. Ətraf o qədər sakit idi ki, milçək uçsa, səsi eşidilərdi. Qaranlıq göydə ulduzlar sayrışmağa başladı. Mənə elə gəldi ki, onlar bizim şimaldakı ulduzlardan daha ucadadır…

Təbiətin bu dərin yuxusu içərisində poçt arabasının cırıltısını, atların boyunlarındakı zınqırovların səsini eşidəndə adamı romantik əhval-ruhiyyə bürüyürdü.

– Sabah gözəl hava olacaq! – dedim.

Ştabs-kapitan bir kəlmə də cavab vermədən barmağı ilə qarşımızdakı uca dağı göstərdi.

– Bu, hansı dağdır? – deyə soruşdum.

– Qüd-Dağıdır. Baxın necə dumanlıdır. Gecəni burada qalmalıyıq, belə çovğunda dağı aşmaq mümkün olmayacaq.

Stansiyada qonaqlardan ötrü otaq olmadığından gecələmək üçün bizə his basmış bir daxma verdilər. Mən yol yoldaşımı çay içməyə dəvət etdim. Bu, Qafqaz səyahətimdə mənə yeganə zövq verən əşya idi. Mənim bir çuqun çaydanım vardı.

Daxma qaranlıq və basırıq idi. Bir yanda qoyunlar mələşir, o biri yanda köpək mırıldayırdı. İki dirək üzərində dayanan geniş daxma adamla dolu idi. Ortalıqda qalanmış ocaq çatırdayırdı. Damın bacasından küləyin içəri təpdiyi tüstüdən ətrafı görmək mümkün deyildi. Ocaq başında iki qarı, çoxlu uşaq və cır-cındır içərisində olan arıq bir gürcü əyləşmişdi. Çarə yox idi! Biz ocağın başında özümüzə yer elədik, çubuq çəkdik. Çox keçmədən çaydan səs eləməyə başladı.

Mat-mat üzümüzə baxan çirkli ev sahiblərinə işarə edib ştabs-kapitana:

– Nə yazıq adamlardır! – dedim.

– Çox axmaq xalqdır! – deyə o cavab verdi. – Bizim kabardinlər, ya çeçenlər lüt olsalar da, qoçaq xalqdır. Amma bunların heç silaha da rəğbətləri yoxdur, birində bir əməlli-başlı xəncərə rast gəlməzsən. Lap əsl osetindirlər!

– Siz Çeçenistanda çoxmu olmusunuz?

– Bəli, mən on il bir rota ilə Daş Keçid yaxınlığında bir qalada olmuşam. O yeri tanıyırsınız?

– Eşitmişəm.

– Bu başkəsənlər bizi cana gətirmişdilər! Tanrıya şükür, indi dincdirlər. Vaxt olurdu, qala bürcündən yüz addım o yana çıxdınmı, görürdün, şeytan uşağı oturub səni güdür. Azca ehtiyatsızlıq eləsəydin, ya kəmənd boğazına keçər, ya da gülləyə tuş gələrdin. Amma qoçaqdırlar.

Mən maraqlanıb:

– Yəqin, başınız çox macəralar çəkib, – dedim.

– Necə çəkməsin?! Çəkib…

O, sol bığını eşməyə başladı, başını yerə dikib fikrə getdi. Bu arada çay qaynadı, çamadanımdan iki yol stəkanı çıxarıb çay süzdüm. O, çaydan bir qurtum alıb öz-özünə danışırmış kimi bir də “Çəkib”, – dedi.

Müsahibimə:

– Çayınıza rom tökümmü? – dedim. – Ağ romum var. Tiflisdən gətirmişəm. Hava da soyuqdu.

– Xeyr, təşəkkür edirəm, içmirəm.

– Nə üçün?

– Elə-belə. Tövbə etmişəm. Mən hələ podporuçik4 olanda bir gün yoldaşlarla yığışdıq, kefləndik. Gecə həyəcan siqnalı verildi, biz də kefli halda irəli çıxdıq. Aleksey Petroviç bundan xəbər tutanda payımızı verdi. O qədər hirsləndi ki, Allah göstərməsin, az qala, bizi tribunala vermişdi… Nə edəsən, görürsən bir il bir yerdə qalırsan, adam üzü görmürsən, azacıq da ki içdin, işin bitdi! Elə çərkəzləri götürün. Toyda, yasda azacıq buza5 içən kimi qırğın düşür. Mən bir dəfə güclə canımı qurtara bildim.

– Bu, necə olmuşdur?

O, çubuğunu doldurub bir qullab vurandan sonra nəql etməyə başladı.

O,

Скачать книгу

1

epolet – bəzəkli paqon

2

sürtük – beli dar, uzunətəkli, ikibortlu kişi üst geyimi

3

verst – 1.06 kilometrə bərabər rus uzunluq ölçüsü (metr üsuluna keçməzdən əvvəl işlənirdi)

4

podporuçik – çar ordusunda hərbi rütbə

5

buza – Bolqarıstan, Krım və Qafqazda yayılmış, buğda və ya arpa unundan hazırlanan zəif alkoqollu içki