Zəmanəmizin qəhrəmanı. Михаил Лермонтов
mən hər şeyimdən keçməyə hazıram. Mən sənin xoşbəxt olmağını istəyirəm. Sən yenə də qüssələnsən, o zaman mən ölərəm. De, üzün heç güləcəkmi?
Bela qara gözlərini ondan ayırmadan fikrə getdi, sonra nəvazişlə gülümsədi, razılıq əlaməti olaraq başını tərpətdi. Peçorin onun əlini əlinə alaraq Belanı dilə tutmağa başladı ki, qız onu öpsün. Qız zərif hərəkətlərlə özünü qoruyur, tez-tez təkrar edirdi: “Lazım deyil, lazım deyil”. Peçorin israr etməyə başladı. Bela titrədi, ağladı:
– Mən sənin əsirinəm, kölənəm. Sən məni, əlbəttə, məcbur edə bilərsən, – deyib təkrar gözünün yaşını tökdü.
Qriqori Alekseyeviç yumruğunu alnına çırpıb cəld o biri otağa keçdi. Mən içəri girdim. O, qollarını çatıb otaqda qaşqabaqlı halda gəzişirdi.
– Nə olub, dostum? – soruşdum.
– Qadın deyil, bu, şeytandır! – deyə cavab verdi. – Amma namusuma and olsun ki, o, mənim olacaq…
Mən başımı buladım. Peçorin isə:
– Mərc gəlirsinizmi? – dedi. – Bir həftəyə kimi!
– Baxarıq, – dedim və biz mərcləşərək ayrıldıq.
Ertəsi gün bəzi şeylər almaq üçün o, kazakını Qızlar şəhərinə göndərdi. Kazak oradan çoxlu İran parçaları ilə geri qayıtdı.
Aldığı hədiyyələri mənə göstərərək:
– Necə bilirsiniz, Maksim Maksimıç, – dedi, – Asiya gözəli bu ipək-mahudların qarşısında dayana biləcəkmi?
Mən:
– Siz çərkəz qızlarını tanımırsınız, – deyə cavab verdim. – Bunlar nə gürcü, nə də Zaqafqaziyadakı tatar qızlarıdır, qətiyyən onlara bənzəməzlər. Bunların öz dəbləri var, həm də başqa cür tərbiyə görüblər.
Qriqori Alekseyeviç gülümsədi və fitlə marş çalmağa başladı.
Axır ki, mən haqlı çıxdım; bəxşişlər istənilən nəticəni göstərmədi. Bela bir qədər nəvazişkar oldu və onun inamı artdı – vəssəlam.
Bir gün Peçorin son vasitəyə əl atmağa qərar verdi. Səhər tezdən atının yəhərlənməsini əmr etdi. Çərkəzlər kimi geyindi, silahlandı. Sonra Belanın otağına girdi:
– Bela! – dedi, – Səni nə qədər sevdiyimi bilirsən. İnanırdım ki, sən də məni sevəcəksən. Səhv etmişəm. Sağlıqla qal! Var-dövlətimin hamısı sənin olsun. İstəyirsən qal, istəyirsən atan evinə qayıt – azadsan. Mən özümü cəzalandırmaq istəyirəm. Ya bir güllə, ya da bir qılınc zərbəsi… Məni xatırla və günahımdan keç!
Peçorin ondan cavab almadıqda qapıya doğru bir-iki addım atdı. Bela yerindən sıçradı, hıçqıra-hıçqıra onun boynuna atıldı. Qapının dalında mən də ağladım. Sonra o, Peçorini nə qədər sevdiyini bizim yanımızdaca etiraf etdi. Onlar xoşbəxt idilər!
Belanın atası qızın qalada olmasından şübhələnmişdi. Bir neçə gün sonra xəbər tutduq ki, qocanı öldürüblər.
Kazbiç elə bilirmiş ki, Əzəmət onun atını atasının razılığı ilə oğurlayıb. Bir gün Kazbiç auldan üç verst kənarda yolda durub gözləyirmiş. Qoca da qızını axtarmaqdan gəlirmiş. Kazbiç qəfildən kolun arxasından çıxaraq pişik kimi daldan atın belinə sıçrayır, bir qılınc zərbəsiylə onu atdan salır. Atı çapıb aradan çıxır. Qocanın adamları baş verən hadisəni təpədən görsələr də, Kazbiçə çata bilmirlər.
Söhbət bu yerə çatanda biz çayımızı içib qurtarmışdıq. Çoxdan qoşulmuş atlar qarda üşüyürdülər. Daxmadan çıxdıq. Hava aydınlaşmışdı. Sağımızda-solumuzda dərin uçurumlar qaralırdı. Yola düşdük. Beş arıq yabı Qüd-Dağın dolama yollarıyla arabalarımızı güclə çəkib aparırdı. Atlar gücdən düşəndə təkərlərin altına daş qoya-qoya arabaların dalınca gedirdik.
Adama elə gəlirdi ki, bu yol bizi göyə aparıb çıxaracaq. Çünki yol göz işlədikcə yuxarı dırmanır, ov gözləyən qaraquş kimi dünəndən bəri Qüd-Dağı zirvəsinə qonmuş buludlar arasında itib yox olurdu. Qar ayağımızın altında xırçıldayırdı. Hava o qədər seyrəkləşmişdi ki, güclə nəfəs alırdıq, qan beynimizə vururdu. Lakin, bununla belə, bütün damarlarıma sevincli bir hiss yayılırdı. Dünya üzərində belə uca yerdə dayandığımıza görə fərəhlənirdim. Boynuma alıram ki, bu, bir uşaq duyğusuydu, lakin cəmiyyətdən uzaqlaşıb təbiətə yaxınlaşdıqca qeyri-ixtiyari hamımız uşaq oluruq. Öyrəndiyimiz, bildiyimiz hər şey beynimizdən silinir, qəlbimiz saflaşır. İnsan ayağı dəyməyən dağları mənim kimi gəzmiş, uzun müddət onların gözəl mənzərələrinə tamaşa etmiş, bu saf havanı acgözlüklə udmuş hər adam mənim bu gözəllikləri başqalarına nağıl etmək, çatdırmaq, təsvir etmək istəyimi, əlbəttə ki, anlayacaqdır. Budur, nəhayət, dırmaşıb Qüd-Dağa çıxdıq. Dayanıb ətrafa boylandıq. Dağın üzərində boz bulud topası sallanmışdı. Onun soyuq nəfəsi tezliklə tufan qopacağını göstərirdi. Lakin şərq hələ o qədər aydın və ulduzluydu ki, biz, yəni Maksim Maksimıçla mən tufan olacağını tamamilə unutmuşduq… Ştabs-kapitanda gözəlliyi və təbiətin əzəmətini duymaq hissi öz sözlərindən vəcdə gəlmiş hekayəçilərin hissindən güclü, həm də dəfələrlə canlı idi.
– Belə görünür, siz bu gözəl mənzərələrə alışıbsınız? – mən soruşdum.
– Bəli, güllə vıyıltısına da, qəlbimizin qəfil döyüntüsünü gizlətməyə də alışmaq mümkündür.
– Elədir, bəzi köhnə əsgərlərə bu musiqinin hətta xoş gəldiyini də eşitmişəm.
– Məlum məsələdir. Düzünü bilmək istəsəniz, bu, xoş bir duyğudur, ancaq yenə səbəb adamın ürəyinin şiddətlə döyünməsidir. Bir baxın, – deyə o, şərqi göstərdi, – görün bir nə ölkədir!
Doğrudan da, belə mənzərəni başqa bir yerdə görəcəyimə inanmıram: aşağıda, ortasından iki gümüş tel kimi Araqva ilə başqa kiçik bir çayın axıb getdiyi Koşuyar vadisi gərilmişdi. Səhərin ilıq şüasından qaçaraq yaxındakı keçidə doğru can atan göyümsov duman vadinin üzəriylə sürünürdü. Sağda-solda qarla, kol-kosla örtülmüş alçaqlı-ucalı dağ yolları bir-birini kəsir… uzanıb gedirdi. Ətrafda bir-birinə bənzəyən iki qaya belə yox idi. Üstünə al qızartı çökmüş qarlar o qədər az, o qədər parlaq idi ki, adam ömrünün sonunadək burda qalıb yaşamaq arzusuna düşürdü. Günəş sürməyi bir dağın başından təzə-təzə boylanırdı. Bu sürməyi dağı yalnız gözü öyrəşmiş adam tufan buludlarından ayıra bilərdi. Lakin günəşin üzərinə qan rəngində bir şırım çəkilmişdi ki, yol yoldaşım buna xüsusi diqqət yetirdi.
Ştabs-kapitan arabaçılara bağırdı:
– Mən sizə demədimmi ki, bu gün hava pozulacaq, tələsmək lazımdır?! Yoxsa Krestovayada tufan bizi yaxalar. Tərpənin!
Təkərlərin sürüşməməsi üçün onlara zəncir bağladıq. Atların cilovundan yapışıb dağı enməyə başladıq. Sağımız sıldırım bir qaya, solumuz elə dərin bir uçurum idi ki, dibindəki osetin kəndi qaranquş yuvası kimi görünürdü. Bir hökumət qulluqçusunun silkələnən arabada ildə azı on dəfə, həm də gecənin zülmətində