Əcdadların harayı. Джек Лондон

Əcdadların harayı - Джек Лондон


Скачать книгу
sərt ifadələrlə Bakın mənasını başa düşə bilmədiyi kəlmələr işlədirdi:

      – Lənət şeytana, – gözü Baka sataşan kimi o dilləndi. – Bax buna deyərlər it! Əla! Neçəyədir?

      – Üç yüzə. Demək olar, lap havayı, – qırmızı sviterli kişi cəld cavab verdi. – İnad etmə, Perro. Pul özünün deyil ki! Xəzinənindir.

      Perro gülümsədi. Adi itlər üçün alınan çox böyük məbləğin müqabilində bu cür gözəl itə görə tələb olunan pul ona elə də çox görünmürdü. Kanada hökuməti bu alverdən itirməyəcəkdi. Perronun itlərdən başı yaxşı çıxırdı və o, bir baxışdan təyin etdi ki, on min itdən biri məhz bu cür çıxa bilər.

      Bak əldən-ələ keçən pulları gördü və üzü qırışlı kişi onu və mehriban təbiətli, Nyufaundlend cinsindən7 olan Kerlini özü ilə aparanda heç də təəccüblənmədi. Bak qırmızı sviterli kişini bir daha görməyəcəkdi. O və Kerli "Narval" gəmisinin göyərtəsindən getdikcə uzaqlaşıb gözdən itən Sietl şəhərinə baxarkən heç ağıllarına da gəlmirdi ki, isti cənubla birdəfəlik vidalaşırlar.

      Perro onların ikisini də aşağı apardı və Fransua adlanan qaradərili nəhəngə təhvil verdi. Kanadalı Perronun da dərisi qara idi. Lakin Fransuanınkı ikiqat qaraydı. Bak bu irqdən olan adamları ilk dəfə görürdü və özündə onlara qarşı heç bir xoş duyğu hiss etməsə də, yeni sahiblərinə haqq qazandırır və onlara hörmət hissi duyurdu. O, tezliklə əmin oldu ki, Perro və Fransua ədalətli və sakit adamlardır. Onlar qətiyyən tərəfkeşlik etmədən hər bir iti öz əməlinə görə cəzalandırır və itlərin xasiyyətini əla bilirlər, buna görə də heç bir it onlara kələk gələ bilməzdi.

      Gəmidə Bak və Kerliyə daha iki it qoşuldu. Onlardan biri nəhəng, qar kimi ağappaq it idi. Sonralar o, geoloji ekspedisiyanı müşayiət etdi. Həmin it çox hiyləgərdi. Qılığa girməyi də, pislik etməyi də eyni dərəcədə yaxşı bacarırdı. O elə ilk yal zamanı Bakın ət payının bir hissəsini çırpışdırdı. Bak cəld itin üstünə atıldı, ancaq Fransua Bakı qabaqladı. Havada qıvrılan qamçı oğrunun belində şaqqıldadı. Baka isə yalnız öz sümüyünü gəmirmək qaldı.

      O biri it isə heç kimin qılığına girmir, heç kəsdə rəğbət doğurmurdu. Təzə gətirilən itlərdən oğurluq etməyə cəhd də göstərmirdi. O, kədərli və qaşqabaqlı idi və aydın şəkildə hiss etdirirdi ki, ancaq bir şeyin arzusun-dadır: ona toxunmasınlar. Əgər dəysələr, özlərindən küssünlər. Deyv adlı bu it ancaq yeyir və yatırdı, yatmayanda isə daim əsnəyir, heç bir şeylə maraqlanmırdı. Hətta gəmi bir dəfə tufana düşüb şahə qalxaraq quduz kimi çapalayanda, Bak və Kerli qorxudan az qala huşlarını itirdikləri vaxt Deyv ancaq arabir narazı halda başını qaldırır, onları laqeyd nəzərlərlə süzür, əsnəyir, sonra isə yatırdı.

      Gəmidə olduqları müddət ərzində günlər bir-birinə bənzəyirdi, lakin Bak hiss edirdi ki, hava getdikcə soyuyur. Nəhayət, bir səhər gəmi pərinin şaqqıltısı kəsildi və gəmidə vurnuxma başlandı. Bak da başqa itlər kimi bunu hiss etdi və anladı ki, nə isə dəyişiklik gözlənilir. Fransua onları sıraya düzdü və göyərtəyə çıxartdı. Göyərtənin soyuq səthinə pəncəsini basan kimi Bak hiss etdi ki, ayaqları sıyığa oxşayan ağ bir şeyə batdı. O geri sıçradı. Bu cür sıyıq göydən də yağırdı. Bak silkindi, lakin ağ sıyıq elə hey onun üstünə səpələnirdi. İt maraq üçün onu iylədi, sonra dili ilə yaladı. Sıyıq od kimi yandırdı və dərhal dilinin üstündə əridi. Bu, Bakı heyrətləndirdi, o, yenə də yaladı və bu dəfə də sıyıq dilində əridi. Ətrafda qəhqəhə qopdu və o, adamların nəyə güldüyünü başa düşməsə də, xəcalət çəkdi. Çünki Bak ilk dəfə idi ki, qar görürdü.

      DƏYƏNƏK və DİŞ QANUNU

      Dayi çayının sahilində ilk gün Baka dəhşətli qarabasma kimi görünürdü. Sanki onu hər an yaralayır və qorxudurdular. Onu qəfildən yaşadığı dövrdən qoparıb hansısa ibtidai aləmə atmışdılar.

      Günəş şüaları altında avara-avara gəzməkdən bezdiyi o ləzzətli və tənbəl həyata son qoyulmuşdu. Burada nə dinclik, nə istirahət, nə də təhlükəsizlik vardı. Hamı qarmaqarışıqlıq içində idi və sanki hər an ölüm təhlükəsi gözlənilirdi. Daim ayıq-sayıq olmaq lazım gəlirdi, çünki buranın itləri də, adamları da şəhərlərdəkinə oxşamırdılar. Onların hamısı vəhşi idi, hamısının da tanıdığı bircə qanun vardı – dəyənək və diş qanunu.

      Bak heç vaxt itlərin belə vuruşmasını görməmişdi. Bunlar əsl canavar təbiətli itlər idi və elə ilk tamaşa Baka unudulmaz dərs verdi. Düzdür, birinci davada o iştirak etmədi, yoxsa oradan salamat çıxmayacaqdı. İlk qurban da o deyil, Kerli oldu. Onların ikisini də tirdən düzəldilmiş komanın yanında yerləşdirmişdilər. Orada Kerli nəhəng canavar böyüklükdə olan cüssəli və güclü bir itlə mehribancasına oynaşmağa başladı. Heç gözlənilmədən şimşək kimi sıçrayış baş verdi, dəmir cingiltisinə bənzər diş şaqqıltısı eşidildi, cəld geriyə tullansa da, Kerlinin ağzı gözünə qədər cırıldı.

      Bu, eynilə canavar döyüşünə bənzəyirdi: hücum etmək və o saat da geri çəkilmək. Lakin iş bununla bitmədi. Otuz-qırx it elə o dəqiqə tökülüşüb gəldi və vuruşanların ətrafında dinməz halda, qulaqlarını şəkləyərək dövrə vurmağa başladı. Bak onların belə sakit gərginliklə nəyi gözlədiyini və çənələrini niyə acgözlüklə ləhlətdiyini əvvəlcə başa düşmədi. Kerli rəqibinin üstünə atıldı, o isə Kerlini dişləyib kənara sıçradı. Sonra Kerlinin ikinci sıçrayışını sinəsiylə qarşıladı və elə cəld dəf etdi ki, Kerli ayaqları üstə güclə durdu. O bir daha özünə gələ bilməzdi. Sən demə, döyüşü izləyən itlər də elə bunu gözləyirmiş. Onlar zingilti və mırıltı ilə Kerlinin ətrafına yığışdılar və Kerli ölümqabağı ağrıdan qıvrılıb inildəyərək onların tüklü bədənlərinin altında görünməz oldu.

      Bütün bunlar o qədər qəfil və gözlənilmədən baş verdi ki, Bak özünü tamamilə itirdi. O, Şpitsbergendən gətirildiyi üçün Şpits ləqəbini daşıyan itin gülmək əlaməti olaraq qırmızı dilini necə çıxardığını və Fransuanın başını yelləyərək itlərin içərisinə necə soxulduğunu gördü. Dəyənəklə silahlanmış üç kişi itləri qovmaqda ona kömək edirdi. Kerlinin yıxılmasından iki dəqiqə sonra ona hücum edənlərdən ən sonuncusu da hadisə yerindən qovuldu. Lakin Kerli didilib-dağılmış, qanına bələnmiş halda tapdanmış qarın üstündə qalmışdı. Fransua isə onun başı üstündə dayanıb var gücüylə nəyisə söyürdü. Bu səhnə sonralar Bakın yadına tez-tez düşür və hətta onu yuxuda da həyəcanlandırırdı. Demə, həyat belə imiş! Onda ədalət deyilən şey yox imiş! Bircə dəfə yıxıldın, qurtardı getdi, deməli, axırın çatdı. Odur ki möhkəm dayanmaq lazımdır! Şpits yenidən dilini çıxartdı və gülməyə başladı və elə bu andan Bakda ona qarşı kəskin və öldürücü bir nifrət oyandı.

      Kerlinin faciəvi ölümündən hələ özünə gəlməmiş Bak yeni bir zərbə aldı. Fransua ona qayış qoşqu keçirtdi. Bu, eynilə doğma yerlərində mehtərlərin atlara keçirdikləri qoşquya bənzəyirdi. Orada atların gördükləri işi burada Bak yerinə yetirməliydi. O, Fransuanı kirşədə vadini əhatə etmiş meşəyə odun qırmağa aparırdı. Qoşquda getmək mənliyinə


Скачать книгу

<p>7</p>

Nyufaundlend cinsi – kökü Kanadadan gələn qoşqu iti