Zaman maşını. Герберт Уэллс
sonra ehmalca əlini mənə toxundurdu. Çiynimdə və kürəyimdə daha bir neçə belə zərif toxunuş hiss elədim. Onlar mənim, həqiqətən də, mövcud olduğuma inanmaq istəyirdilər. Hərəkətlərində adamı qorxuya salacaq heç nə yox idi. Əksinə, bu balaca varlıqlarda etibar doğuracaq bir şey, zəriflik, uşaq təbiiliyi vardı. Bir də onlar elə kövrək idilər ki, lazım gələrsə, onunu birdən əzmək olardı. Amma həmin varlıqların Maşını əlləşdirdiyini görəndə hər ehtimala qarşı ehtiyatlı tərpənməyi qərara aldım. Üstəlik, bayaqdan yadımdan çıxardığım bir məqamı xatırladım. Maşın işə düşüb yoxa çıxa bilərdi. Elə bu səbəbdən onu hərəkətə gətirə biləcək lingləri çıxarıb cibimə qoydum. Sonra yeni rastlaşdığım adamcığazlara tərəf çevrilib onlarla necə dil tapacağımı beynimdə saf-çürük etdim. Çini heykəlcikləri xatırladan fiqurlarını diqqətlə gözdən keçirdim. Onların qısa saçları eyni cür qıvrım idi. Üzlərində tükdən əsər-əlamət yox idi. Qulaqları adamı heyrətləndirəcək qədər balaca idi. Ağızları, həmçinin kiçik, al-qırmızı dodaqları nazik, çənələri sivri idi. Gözləri isə iri idi.
Onlar artıq mənimlə anlaşmağa çalışmır, bir-birinə nəsə söyləyib gülümsəyirdilər. Söhbətə ilk mən başladım. Şəhadət barmağımla əvvəlcə Zaman Maşınını, sonra özümü göstərdim. Bu arada Zaman məfhumunu necə izah edəcəyimi düşünüb günəşə işarə etdim. Al-qırmızı rəngdə dama-dama paltar geyinmiş varlıq jestimi anındaca təkrarladı və ildırımı yamsılayırmış kimi qəribə bir səs çıxardı.
Bir anlıq təəccübləndim, axı jestimin mənası yetərincə aydın idi. Birdən ağlıma belə bir fikir gəldi: deyəsən, qarşımdakı insanlar elə də ağıllı deyillər. Bu fikrimə necə heyrətləndiyimi təsəvvürünüzə belə gətirə bilməzsiniz. Axı həmişə elə düşünürdüm ki, düşdüyüm səkkiz yüz iki mininci ilin insanları həm elmdə, həm incəsənətdə, ümumiyyətlə, hər şeydə bizdən qat-qat irəli gedib. Yeri gəlmişkən, bu rəqəmləri Maşınımın sayğa- cında görmüşdüm. İndi, budur, qarşımdakıların ağlı mənə beşyaşlı uşağın təfəkkürünü xatırladırdı. Olmaya onlar mənim, həqiqətən də, ildırım çaxarkən günəşdən düşdüyümü düşünürdülər? Bir tərəfdən də bu varlıqların al-əlvan geyimi, kövrək bədən quruluşları, həddən artıq zərif üz cizgiləri… Qəribə peşmançılıq hissi keçirdim və bir anlıq Maşını düzəldərkən bir-birinə caladığım yuxusuz gecələrə heyifsiləndim.
Razılıq əlaməti olaraq başımı tərpədib yenidən günəşi göstərdim. Üstəlik, ildırımı elə məharətlə yamsıladım ki, hamısı arxaya sıçrayıb qorxudan yerə oturdu. Amma tez də ürəkləndilər və biri gülə-gülə əlində tanımadığım çiçəklərdən hörülmüş çələnglə mənə yaxınlaşdı. O, yerlilərinin şən sədaları altında çələngi boynumdan asdı. Bu da azmış kimi, hərəsi bir tərəfdən çiçək dərib məni gül yağışına qərq elədi. Bu uzaq Gələcəkdə təbiətin necə yeni gözəl güllər yaratdığını təsəvvürünüzə belə gətirə bilməzsiniz. Sonra, deyəsən, onlardan biri məni elə bu vəziyyətdə yaxınlıqdakı binalardan birində kiməsə göstərməyi təklif etdi və onlar məni çat-çat olmuş, bozarmış hündür daş saraya apardılar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.