Devid Koperfild. Чарльз Диккенс
I fəsil
Mən dünyaya gəlirəm
Mən cümə günü gecə saat 12-də doğulmuşam. Saatın ilk zəngi mənim ilk qışqırtımla üst-üstə düşüb. Qonşu arvadlar deyirmişlər ki, bu uşağın başına həyatda çox işlər gələcək, qara günlər görəcək. Onun alnına ruhları və kabusları görmək yazılıb. Cümə günü gecə saat 12-də doğulan uşaqların nəsibi belə imiş. Mənim başıma gələnlər bunun doğru çıxıb-çıxmadığını göstərəcək.
Mən atamın ölümündən altı ay sonra Blanderstonda doğulmuşam. Atamın bibisi miss Trotvud, yaxud miss Betsi bir vaxt əri ilə hər gün dalaşırmış. Nəhayət, o, var-dövlətindən bir hissəni ərinə güzəştə gedir və ondan dincliklə canını qurtarır. Ayrılandan sonra o adam çıxıb Hindistana gedir. Bir müddət sonra onun İngiltərəyə ölüm xəbəri gəlir.
Ərindən ayrılandan sonra miss Betsi bizim yerlərdən uzaqda, dəniz sahilində balaca bir ev alıb oraya köçür.
Mən doğulan axşam anam buxarı önündə oturub gələcək körpəsinin taleyini düşünürmüş. Başını qaldırıb pəncərədən baxanda bağın içi ilə gələn bir ledini görür və hiss edir ki, bu gələn miss Betsi olacaq. Atam anama danışarmış ki, miss Betsi çox zabitəli və qətiyyətli qadındır.
Qapının zəngini vurmaq yerinə, miss Betsi burnunu pəncərə şüşəsinə yapışdırır və evin içərisinə boylanır. Bəlkə də, mən başqa gün doğulacaqdım, lakin miss Betsi burnunu pəncərə şüşəsinə yapışdırıb necə baxırsa anam bərk qorxur. Bu səbəbdən mən cümə günü dünyaya gəlmişəm.
O, qaşqabaqlı halda pəncərədən anama əli ilə işarə edir ki, gəlib qapını açsın. Anam dinməzcə gəlib qapını açır.
– Yanılmıramsa, missis Kopperfildsiniz? – deyə amiranə tərzdə soruşur.
– Bəli,– deyə anam zəif səslə cavab verir.
– Yəqin, eşitmiş olarsınız, mən miss Trotvudam.
Miss Trotvud keçib əyləşəndə anam başlayır dinməzcə ağlamağa. Miss Trotvud onu sakitləşdirməyə çalışır:
– Ah, sakit, sakit! Lazım deyil!
Fəqət anam yalnız doyunca ağladıqdan sonra sakitləşir.
– Yaylığını başından aç, mənim balam. Qoy sənə baxım.
Anam dinməzcə yaylığını başından açır. Saçları çiyninə tökülür.
– Aman Tanrım! Sən ki hələ uşaqsan! – deyə miss Betsi səslənir. Əlləri ilə mehribanlıqla anamın saçlarına toxunur.
Sonra əyləşir və anamı söhbətə tutur:
– Hə, de görüm uşağın gəlişini nə vaxta gözləyirsən?..
– Məni əsmə tutub. Bilmirəm mənə nə oldu, yəqin, öləcəyəm! – deyə anam bu vaxt narahatlıqla dillənir.
– Qorxma, otur çay iç. Hə, bəs qızın adını nə qoyacaqsan?
– Bilmirəm, qızmı doğulacaq? – deyə anam cavab verir.
Bu vaxt qulluqçumuz gəlir. Anam onu təqdim edir:
– Bu, Peqottidir.
Miss Betsi bu ada bərk təəccüblənir. Anam izah edir:
– Bu onun soyadıdır. Devid onu belə çağırırdı. Çünki ikimizin də adımız Klaradır.
– Bura gəl, Peqotti! Onun halı yaxşı deyil. Ona çay gətir! – miss Betsi hökmlə dillənir. Sonra söhbətin üstünə dönür: – Şübhə etmirəm ki, qızın olacaq. Bunu hiss etmişəm.
– Bəlkə, oğlan oldu? – anam cəsarətlənərək deyir.
– Sözümü kəsmə, qız doğulmalıdır! Özüm onun xaç anası olacağam. Onun adı Betsi Trotvud-Kopperfild olacaq. Həyatda heç vaxt səhv etməyəcək. Yaxşı tərbiyə görəcək. Bütün bu qayğılar mənlikdir!
Anam dinmir. Sonra miss Betsi soruşur:
– Devid səninlə yaxşımı yola gedirdi?
– Biz çox bəxtəvər idik. Mənə qarşı mehriban idi. İndi bu amansız dünyada tək-tənha qalmışam.
Dərdlərini xatırlayan anam yenidən ağlamağa başlayır. Onun halı getdikcə daha da pisləşəndə qulluqçumuz Peqotti doktor çağırır.
…O axşam doktor Çillip və miss Betsi aşağıda qonaq otağında əyləşmişdilər. Ordan-burdan söhbət edirdilər. Doktor arabir yuxarı otağa qalxır, anama baş çəkir, düşüncəli halda pillələri enirdi.
Gecənin bir vaxtı yuxarıdan çağa səsi gəlir. Doktor bu dəfə pillələri enəndə üzü gülürdü.
– Hə, xanım! Mən sizi təbrik edə bilərəm!
Nənəm soruşur:
– Nə ilə?
– Oğlandır, xanım! – deyə mister Çillip vurğulayır.
Nənəm dinməzcə şlyapasını götürüb lentindən yapışaraq doktorun təpəsinə çırpır. Sonra əzik şlyapasını düzəltmədən başına qoyur, evdən çıxıb o gedən gedir və bir daha həyatımızda görünmür…
II fəsil
Mən dünyaya baxıram
Dumana bürünmüş uşaqlıq illərimə qayıdanda gözəl saçları olan, gənc bir qıza bənzər anamı və qulluqçumuz Peqottini, onun qara gözlərini, qırmızı yanaqlarını görürəm. Daha nələri xatırlaya bilirəm?..
Dumandan siyrilib çıxan evimizi görürəm. Mətbəx aşağı mərtəbədə yerləşir və qapısı arxa həyətə açılır. Burada göyərçini olmayan göyərçin damı var. Küncdə it damı var, lakin iti yoxdur. Həyətdə çoxlu iri toyuqlar gəzişir. Aralarında bir xoruz var. Arabir banlayır. Mənə ciddi diqqət yetirir. Pəncərədən baxıb onu hirsləndirməyə çalışıram.
Axşamlar anam, mən və Peqotti qonaq otağında əyləşirik. Üçümüz həmişə bir yerdəyik. Peqotti mənə kitablardan əhvalatlar oxuyur.
Arabir anam, Peqotti və mən qəbiristanlığa atamın məzarının üstünə gedirik. Üstündə yastı daş var. Heç yerdəki ot qəbiristanlıqdakı otlar qədər yaşıl deyil. Pəncərəmizdən baxanda o yaşıllıqda atamın məzarı görünür. Hər səhər yuxudan qalxıb pəncərədən o tərəfə boy- lanıram.
Bağımızda ağacların budaqları meyvələrin ağırlığından yerə əyilib. Anam onları dərib səbətə yığır. Ətrafda əlvan kəpənəklər uçuşur.
Qış gecələrində anam mənə oxumaq və yazmaq öyrədir. Mən artıq oxuya bilirəm. Peqottiyə timsahlar haqqında oxuyuram. Bu onun xoşuna gəlir.
Bir dəfə bağ qapısının zəngi çalındı. Peqotti ilə qapıya qaçdıq. Anamın yanında qara bakenbardlı bir centlmen durmuşdu. Anam məni öpmək üçün qucağına götürdü. Anamı evə ötürən bu qara bakenbardlı centlmen heç xoşuma gəlmədi. Onun mənə uzanan əlini itələdiyimi xatırlayıram.
– Qəşəng uşaqdır! – centlmen dilləndi.
Onun səsi alçaqdan gəlirdi. Yenə əlini mənə uzatdı:
– Gəl dost olaq! Ver əlini!
Əlimi uzatmaq istəmədim. Adam sağollaşıb getdi.
Peqotti hirsli halda anama deyirdi:
– O sizə yaraşmır. Hə! Heç yaraşmır! And içə bilərəm.
Qanıqara halda yatmağa getdik. Anamın hönkürtüsü məni yatmağa qoymurdu. Çarpayıda mənə sarı əyilib ağlayırdı. Anamı qucaqladım və onun ağuşunda yuxuya getdim.
Bir payız günü bağçamızda gəzişəndə yenə də həmin mister Merdston gəldi. O, atlı idi. Dostları ilə yaxtada görüşə gedirdi. Anama məni də özü ilə aparmaq istədiyini dedi. Hava təmiz və xoş idi. At xoşuma gəldiyindən bu gəzintiyə getmək istədim. Anam tərəddüd etsə də, sonra razılıq verdi.
Yola düşdük. At yorğa yerişlə gedirdi. Yəhərdə onun qucağında oturmuşdum. Mister Merdston nəsə fikirli görünürdü.
Dəniz