Frankenşteyn və ya müasir Promotey. Мэри Шелли
naminə hər şeyimdən, hətta həyatımdan da keçərəm. Eşidəndə qanı qaraldı, əlləri ilə üzünü qapadı: “Bədbəxt! Sizin də mənim kimi ağlınız çaşıb”.
Onun sözləri mənim bu adama olan marağımı bir az da artırdı. Ürəyimi ona açdım, dedim, özümə dost axtarıram, ruhən doğmalıq hiss etdiyim bir adamla yaxın ünsiyyətin həsrətindəyəm, qəti əminəm ki, bunsuz insan tam xoşbəxt ola bilməz.
– Mən sizinlə razıyam, – deyə cavab verdi. – Bunsuz insan özünü yarımçıq hiss edir. Bir vaxtlar mənim belə bir nəcib dostum olub, ona görə də sizi yaxşı başa düşürəm. Sizin üçün həyat qabaqdadır. Mən isə artıq hər şeyimi itirmişəm və yaşamağa yenidən başlaya bilmərəm.
19 avqust 17..
Dünən qonağım dedi: “Kapitan Uolton, yəqin, başa düşmüsünüz ki, mənim həyatım çox ağır olub. Qərara gəlmişdim, xatirələrimi özümlə qəbrə aparım. Siz məni fikrimi dəyişməyə məcbur etdiniz. Bir vaxtlar mən həqiqəti dərk etməyə can atdığım kimi, siz də təbiətin sirlərinə yiyələnməyə çalışırsınız. Arzu edirəm, məqsədinizə nail olmaq sizə mənim qədər baha başa gəlməsin. Bilmirəm, bu məhrumiyyətlər barədə danışacaqlarımın sizə bir xeyri olacaqmı, amma görürəm ki, eyni yolu gedirsiniz, özünüzü eyni təhlükələrə məruz qoyursunuz. Məni bu yol faciəyə gətirdi, çalışın, həmin səhvləri təkrar etməyin. Hətta mənim əhvalatım sizə inandırıcı görünməsə belə, ondan özünüz üçün nəticə çıxarın”.
O gündən başlayaraq hər axşam, ortaya təcili bir iş çıxmasa, mən qonağın hekayətini dinləyir, danışdıqlarını dəftərimə yazırdım. Bu dəftəri sən böyük maraqla oxuyacaqsan. Həmsöhbətimin həyat hekayəti, həqiqətən, çox ibrətamiz, qeyri-adi və dəhşətlidir. Onun özü isə güclü tufandan sonra ciddi zərər çəkmiş və artıq batmaqda olan şanlı keçmişli gəmini xatırladır.
I fəsil
Mən cenevrəliyəm; valideynlərim İsveçrənin adlı-sanlı adamlarındandır. Atam da öz ata-babası kimi uzun müddət ictimai vəzifələrini vicdanla yerinə yetirib. Təmizliyi və işgüzarlığı ilə ad çıxarıb, hörmət qazanıb. Başı ictimai işlərə o qədər qarışıb ki, gec evlənib.
Ümumiyyətlə, atamın evlənmək əhvalatı onun xarakterini çox gözəl əks etdirir, buna görə də həmin əhvalatı sizə danışmaq istəyirəm. Atamın dostları arasında varlı bir tacir var idi. Bofor adlı bu adam uğursuzluğa düçar olmuş, müflisləşmişdi. Cenevrədə onu tanıyan adamların arasında qalmağı qüruruna sığışdırmayıb qızı ilə birgə qonşu şəhərə köçmüşdü, orada tənha həyat sürürdü. Atam Boforun xətrini çox istəyirdi, dostunun yoxa çıxması onu mütəəssir etmişdi. Boforu tapıb yenidən ayağa qalxmasına kömək etmək istəyirdi.
On aydan sonra atam, nəhayət, onun yerini öyrəndi, evinə getdi. Amma gecikmişdi.
Bofor qonşu şəhərə köçəndən üç ay sonra dərddən xəstələnibmiş. Qızı Karolina ruhdan düşmür, paltar tikib satır, atasına qulluq edirmiş. Xəstəliyinin yeddinci ayında, yəni atam dostunu tapmazdan bir gün əvvəl Bofor rəhmətə gedibmiş.
Dəfndən sonra atam Karolinanı Cenevrəyə gətirdi, öz qohumlarından birinin evində yerləşdirdi. İki ildən sonra onlar evləndilər.
Atamla anamın arasında yaş fərqi böyük olsa da, onlar bir-birini çox sevirdilər. Atam anamın qayğısına qalır, keçirdiyi məhrumiyyətlərin acısını unutdurmaq üçün onun nazını çəkirdi. Bu məhrumiyyətlər anamın səhhətinə pis təsir etmişdi, əsəbləri də xeyli korlanmışdı. Ona görə də toydan dərhal sonra valideynlərim yumşaq iqlimli İtaliyaya köçmüşdülər.
Mən Neapolda anadan olmuşam. Anamın nəvazişləri və atamın sevgi dolu baxışları mənim uşaqlıq illərimin ən yaddaqalan xatirələridir. Anam bir qız da istəyirdi, amma məndən sonra onların uzun müddət uşaqları olmadı. Yadımdadır, beş yaşım var idi, ailəmiz Komo gölünün sahilində dincəlirdi. Göl qırağında gəzinti vaxtı atamla anamın diqqətini uşaqla dolu, amma həddən ziyadə kasıb bir koma cəlb etmişdi. Bir dəfə atam işləri ilə əlaqədar Milana getdi, anam isə məni də götürüb həmin komaya yollandı. Komada yaşayan kəndli ailəsində beş uşaq var idi. Uşaqlardan biri digərlərinə heç oxşamırdı. Qızılı saçları, mavi gözləri, zərif sifət cizgiləri ilə seçilən bu qızcığaz anamı çox maraqlandırdı. Kəndli qadın onun əvvəllər evində qulluqçu işlədiyi milanlı bir zadəganın qızı olduğunu dedi. Alman əsilli anası doğuş üstündə ölmüşdü. Atası isə İtaliyanın azadlığı uğrunda mübarizə aparmışdı. Avstriyalılar onu ələ keçirəndən sonra öldüsü-qaldısı bilinmirdi, əmlakını da müsadirə etmişdilər. Qulluqçunun yetim qıza yazığı gəlmişdi, götürüb evinə aparmışdı.
Atam Milandan qayıdanda villamızın qonaq otağında mənimlə oynayan mələyə oxşayan bir qız uşağı gördü. Anam məsələni ona başa saldı və həmin gündən Elizabet Lavensa bizim ailənin üzvü, mənim ən əziz adamım oldu.
II fəsil
Biz bir yerdə tərbiyə olunurduq, aramızda cəmi bir yaş fərq vardı. Xarakterlərimizin müxtəlifliyi bizi daha da yaxınlaşdırırdı. Elizabet sakit təbiətli, amma inadkar, mən çılğın, bununla belə, elmlərə həddən artıq meyilli idim. Onu dünyanın zahiri gözəlliyi daha çox maraqlandırırdı, mənsə hər şeyin məğzinə varmağa, səbəb-nəticə əlaqələrini başa düşməyə çalışırdım.
Mənim yeddi yaşımın tamamında qardaşım oldu. Valideynlərim Cenevrəyə qayıdıb sakit, qapalı həyat tərzi sürməyə başladılar. Mən də başqaları ilə ünsiyyətə çox can atmırdım, ona görə məktəbdə cəmi bir dostum vardı. Anri Klerval çox istedadlı uşaq idi, çətinlikləri, sərgüzəştləri sevirdi, cəngavər romanları oxuyur, şeir yazır, bizi xoşladığı pyesləri səhnələşdirməyə məcbur edirdi.
Mən dünyada ən xoşbəxt uşaq olmuşam. Başqa ailələri görəndə mənə bəxş etdikləri sevincə görə ata-anama olan məhəbbətim artırdı.
Dedim ki, çılğın idim, amma bütün enerjimi uşaq oyunlarına yox, elmlərə yiyələnməyə, oxumağa sərf edirdim. Ən çox da dünyanın fiziki sirlərinin dərkinə maraq göstərirdim. Klervalı, əsasən, mənəviyyat problemləri maraqlandırırdı. O, ictimai münasibətləri, insanları qəhrəmanlıq göstərməyə sövq edən motivləri araşdırırdı və özü də gələcəkdə qəhrəman olmaq istəyirdi. Elizabetin təmiz ruhu isə evimizi çıraq kimi işıqlandırır, zərif səsi, gülüşü və baxışı bizi canlandırırdı.
Mən təbiət elmlərinə üstünlük verirdim. Bir dəfə 13 yaşımda ailəliklə göl qırağına səyahətə getmişdik. Hava korlandığından bütün günü mehmanxanadan çıxa bilmədik. Orada Korneli Aqrippanın bir kitabını tapdım. Əlimə həvəssiz aldım, ancaq oxuduqca vəcdə gəlirdim. Sanki özüm üçün yeni bir dünya kəşf edirdim. Kitabı atama göstərdim. Üz qabığına baxıb: “A, Korneli Aqrippa, – dedi, – əziz Viktor, vaxtını boş şeylərə sərf etmə”.
Əgər atam mənə ətraflı izah etsəydi ki, Aqrippanın baxışlarının yanlışlığı artıq çoxdan elmi surətdə sübuta yetirilib, mən o kitabı bir küncə atardım. Bəlkə də, sonradan məni məhvə aparan yola düşməzdim. Amma atamın