Meymun qəbiləsindən Tarzan 1. Эдгар Райс Берроуз
Cücülərin şəklini çəkə-çəkə onların sayını da bildi.
Beləliklə, Tarzan yavaş-yavaş əlifbanı əzbərlədi, oxuduğu sözlərin mənasını başa düşməyə başladı, yazmağı öyrəndi, meymun dostlarından fərqli irqə mənsub olduğunu anladı və daha tüksüzlüyündən, dərisinin rəngingən utanmadı.
On yeddi yaşında Tarzan artıq bilirdi: o – “OĞLAN”, dostları – “MEYMUN”, Sabor – “ŞİR”, Hista – “İLAN”, Tantor isə “FİL”dir. Aradakı fərqi dərk etdikdən sonra Tarzanın təhsil sahəsində uğurları xeyli sürətləndi. Əlifbanı bitirib lüğətlərə keçdi. Uzun müddət daxmaya gələ bilməyəndə də o, “dərsindən” qalmırdı: ağac qabıqlarının, daşların, qumun üstündə bıçağı ilə hərflər, sözlər cızırdı.
Tarzanın təkcə əqli deyil, fiziki inkişafı da sürətlə gedirdi. Artıq o, iricüssəli, möhkəm əzələli yetkin gəncə çevrilmişdi. Qaçan hədəfləri uzaqdan kəməndinə salmağa, bıçaqla vurmağa öyrəşmişdi. Bu bacarıqlar dəfələrlə meşədə vəhşi heyvanlarla üzləşəndə, hətta bəzi qəbilə üzvləri ilə mübahisələrində onun dadına çatmışdı. Tarzan fərqli irqə mənsub olduğunu daha dərindən anladıqca keçmiş dostları ilə arası soyuyurdu. İndi o, Kaladan savayı, Kerçakın qəbiləsində heç kimlə yaxınlıq etmirdi. Tublatın Tarzana nifrəti isə son həddə çatmışdı. Tublat yaxşı başa düşürdü ki, bir az da keçsə, artıq Tarzana gücü çatmayacaq. Ona görə də ağ meymunu məhv etməyə girəvə axtarırdı.
Axır ki, Tublatın əlinə belə bir imkan düşdü.
Meymunlar Dum-Dum törəni qurmuşdular. Belə mərasimlər nadir hallarda, məsələn, qəbiləyə yeni başçı seçiləndə keçirilirdi. Bu dəfə antropoidlər onları uzun müddət qorxu altında saxlayan qorilla qəbiləsinin başçısı üzərində Kerçakın möhtəşəm qələbəsini qeyd etməyə yığışmışdılar.
Meymunlar təpələrin arasındakı amfiteatra bənzər açıq sahəyə toplaşmışdılar. Amfiteatr iri, çoxəsrlik ağacların əhatəsində idi, ortada gildən düzəldilmiş böyük təbil vardı. Qonşu qəbilənin başçısının cəsədi təbilin yanında uzadılmışdı. İki erkək meymun ölü durub qaçacaqmış kimi onun keşiyini çəkirdi, qalanlar otluqda uzanıb mürgü vurur, ayın çıxmasını gözləyirdilər.
Hava qaralanda meymunlar hərəkətə gəldilər, təbilin ətrafında düzüldülər. Öndə erkək antropoidlər, arxada dişilər və uşaqlar əyləşdilər. Üç qoca meymun yoğun ağac götürüb təbilə yaxınlaşdı. Ay göydə görünən kimi onlar təbili yavaş-yavaş döyəcləməyə başladılar. Ay qalxdıqca təbil səsləri güclənirdi. Nəhayət, gurultudan qulaq tutulanda Kerçak ortaya atıldı, üzünü aya tutub nərildədi, iri yumruqları ilə tüklü sinəsini döyəclədi. Sonra oğrun-oğrun, gizlincə ovuna yaxınlaşırmış kimi, qəzəbdən qızarmış gözlərini ölü qorilladan ayırmadan onun ətrafında bir neçə dəfə dövrə vurdu.
Erkək meymunlar bir-bir ortaya çıxıb Kerçakın hərəkətlərini təkrar edirdilər. Onların qışqırıqları amfiteatrı başına götürmüşdü. Antropoidlər sanki düşməni döyüşə çağırırdılar.
Birdən Kerçak sıçrayıb yerdə qalaqlanmış dəyənəklərdən ən irisini qapdı və cəsədin başına güclü zərbə endirdi. Təbillər yenidən guruldadı. Digər erkək meymunlar da hərəsi bir dəyənək götürüb cəsədi vurmağa başladılar. Artıq qorillanın bədənində salamat sümük qalmamışdı: o, bir kisə ətə dönmüşdü.
Ölüm rəqsi yarım saat davam etdi. Nəhayət, Kerçak işarə verdi, təbillər susdu, rəqs dayandı. Qəbilə başçısı məğlub meymunun ətli yerindən iti dişləri ilə yekə bir tikə qopardı. Ardınca bütün meymunlar cəsədin üstünə tökülüşdülər, onu parçalamağa başladılar. Təzə ov əti hələm-hələm ələ düşmürdü.
Antropoidlər ət üstündə az qala dalaşırdılar. Kim güclü idisə, qabağa soxulub daha yaxşı tikə seçirdi. Zəiflər əllərinə nə keçsə onunla kifayətlənməli olurdular.
Tarzan əti meymunlardan heç də az xoşlamırdı. O, dirsəkləri ilə dəstəni yara-yara özünü cəsədə çatdırdı, belindən asdığı bıçağını çıxarıb qorillanın çiyin hissəsindən böyük bir parça kəsib götürdü və yana sıçradı. Tikə çox iri idi, amma Kerçakın başı yeməyə o qədər qarışmışdı ki, buna diqqət vermədi.
Tublat artıq öz tikəsini yeyib qurtarmışdı. İndi ikinci dəfə cəsədə yaxınlaşmağa fürsət axtarırdı. Birdən o, qoltuğunda iri ət parçası dəstədən aralanan Tarzanı gördü. Tublatın qırmızı gözləri acgözlüklə parıldadı. Yox, o belə gözəl tikənin nifrət bəslədiyi oğulluğuna qismət olmasına yol verə bilməzdi!
Tarzan Tublatın niyyətini başa düşdü, dişi meymunların və uşaqların arasından sivişib cəld ən yaxın ağaca dırmaşdı. Tublat əl çəkmədi, onun dalınca cumdu. Tarzan ağacın zirvəsinə qalxdı, nazik bir budağın üstündə oturub oradan qocanı cırnatmağa, ələ salmağa başladı. Ağır meymun buraya çıxa bilməzdi. Qəzəbindən Tublatın ağzından köpük gəldi, ağlını tamam itirdi. O, yerə sıçradı, qabağına keçən balaca və dişi meymunları iri pəncəsi ilə vurub yerə sərir, bədənlərindən ətlə bərabər çəngə-çəngə tük qoparırdı. Meymunlar pərən-pərən düşdülər. Tublatın gözü gizlənməyə yer axtaran Kalaya sataşdı. Tarzana əli yetmirdi, amma onun heyfini anasından mütləq almalıydı!
Kala Tublatın fikrini anladı, Tarzanın çıxdığı ağaca tərəf qaçdı.
Tarzan oturduğu budaqdan aşağıda baş verənləri izləyirdi. Tublatın Kalaya yetişməkdə olduğunu görəndə o özünü ağacın başından yerə atdı, anasının köməyinə tələsdi.
Kala ağaca yetişən kimi Tublatdan can qurtarmaq üçün tullanıb birinci budaqdan yapışdı. Budaq ağırlığa tab gətirməyib qırıldı. Kala Tublatın üstünə yumbalandı. Hər ikisinin yıxılmağı ilə sıçrayıb ayağa qalxmağı bir oldu. Amma artıq aralarında Tarzan dayanmışdı.
Tublat belə xoşbəxt məqamı illərlə gözləmişdi. O, bir an tərəddüd etmədən Tarzanın üstünə atıldı və dişlərini onun boğazına keçirmək istədi. Tarzan yana əyildi və özü Tublatın tüklü boğazından yapışdı. O biri əlindəki bıçaqla qoca meymunun sinəsinə dalbadal zərbələr endirməyə başladı. Yalnız düşməninin əzələlərinin tamamilə boşaldığını hiss edəndən sonra Tarzan onun boğazını buraxdı. Tublat səssizcə yerə sərildi.
Ağacların arxasında gizlənmiş meymunlar bir-bir sığınacaqlarından çıxdılar. Tarzan ayağını antropoidin sinəsinə qoydu, başını göyə qaldırıb qıyya çəkdi. Sonra üzünü meymunlara tutdu:
– Mən Tarzanam, mahir döyüşçüyəm! Hamınız Tarzana və anası Kalaya hörmət edəcəksiniz! Aranızda Tarzandan güclüsü yoxdur, qoy düşmənləri bunu bilsinlər, özlərini ondan qorusunlar!
Tarzan Kerçakın qan sızmış qırmızı gözlərinin içinə baxaraq itaətsizlik ifadə edən hayqırtı ilə yumruqlarını sinəsinə döydü.
VIII fəsil
Ağac başında ov
Dum-Dum