İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans
ironiya ilə başlayırdı. Səhifənin üst tərəfinə belə yazmışdı: “Günəş sabah doğacaq’’ – bərpa edilən enerji haqda, Kiçik Orphan Annie”[6]. Məruzə yeni materialların yaranması və irimiqyaslı günəş enerjisi texnologiyalarının inkişafı ilə günəş energetikasının rolunun artması haqdadır. Mask təfsilatı ilə günəş batareyalarının necə çalışması və onların effektivliyinin artırılmasından yazıb. Məruzə gələcəyin enerji stansiyasının təsviri ilə bitir. Stansiya kosmosa göndərilmiş iki nəhəng günəş batareyasından ibarətdir, onlar enerjini Yerə (diametri yeddi km olan qəbuledici antenə) mikrodalğalar vasitəsilə göndərir. Professor “çox maraqlı və yaxşı yazı’’ hesab etdiyi araşdırma üçün Maska 98 bal verdi.
Maskın ikinci məruzəsi kitab və yazılı sənədlərin “skan’’ olunaraq məlumatların optik tanınması və onların vahid bazada (bugünkü Google Books ilə Google Scholar arasında orta bir şey) toplanması haqda idi. Üçüncü məruzə isə Maskın başqa bir sevdiyi mövzuya – ionistor və ya superkondensatorlara (orqanik və ya qeyri-orqanik elektrolitli kondensatorlar – İ.N.) həsr olunmuşdu. Qırx dörd səhifəlik coşqu dolu yazıda Mask enerjinin yeni saxlanma şəklindən bəhs edir. Bu yenilik gələcəkdə avtomobil, təyyarə və raketlərdə istifadə olunacaq. Mask Silikon Vadisindəki son araşdırmalara istinad edərək belə yazır: “Son hədəf böyük miqdarda elektrik enerjisinin saxlanması üçün yeni vasitələr tapmaqdır. Onlar akkumulyator batareyaları ilə yanacaq elementlərindən prinsipial olaraq fərqlənir. Digər tərəfdən, superkondensatorlar kondensatorların əsas xassələrini qoruduğu üçün onlar enerjini eyni ağırlıqdakı adi batareyadan 100 dəfə daha sürətlə buraxır, o sürətlə də enerji ilə yüklənə bilir’’. Ona bu məruzəsinə görə 97 bal verdilər, “mükəmməl hesablamalar’’ və “olduqca əsaslı analız’’ə görə də təqdir aldı.
Professorlar təqdirlərində haqlı idilər. Maskın aydın, lakonik üslubu məntiqlə məşğul olan filosofun bir nöqtədən digərinə ardıcıl və əmin hərəkətinə bənzəyirdi. Onu fərqləndirən cəhət mürəkkəb fiziki konseptləri biznes-planlara daxil etmək bacarığı idi. Bununla bərabər, o, elmi ideyanı məharətlə gəlirli bir müəssisəyə çevirir, nadir istedad nümayiş etdirirdi.
Universitetdən məzun olub nə işlə məşğul olacağını düşünəndə Maskın ağlına kompüter oyunları sferasında çalışmaq gəldi. Zatən uşaqlıqdan bu işə mübtəla idi. Ancaq bunun böyük hədəf olmadığına qərar verdi: “Mən, həqiqətən də, kompüter oyunlarını sevirəm, amma dünyanın ən çılğın oyunlarını yaratsam, onlar dünya işlərinə necə təsir edəcək və ümumən dünyaya nə verəcək? Heç nə. Mən kompüter oyunlarını karyeramı məhdudlaşdıracaq səviyyədə sevmirəm’’.
Mask söhbətlərində o dövr üçün böyük planlarının olduğunu xatırlayır. Onun sözlərinə görə, Quenn’s və Pensilvaniya universitetlərindəki xəyalları eyni şeylər idi – internet, bərpa edilən enerji və kosmos. O belə hesab edirdi ki, bu üç sahəni ciddi dəyişikliklər gözləyir və onların bazar iqtisadiyyatında önəmli payı olacaq. Və Mask bu 3 sahədə böyük layihələr həyata keçirmək üçün and içdi. Sonralar belə etiraf edəcəkdi: “Bu ideyalar haqda qız dostlarıma və keçmiş arvadıma danışırdım. Yəqin ki, söylədiklərim bir dəlinin sayıqlamaları kimi səslənirdi’’.
Mask elektromobil, günəş enerjisi və raketlərə olan ifrat aludəliyinin səbəbləri haqda uzun-uzadı danışır. Sanki o özünün həyat hekayəsini zorla bu istiqamətdə şəkilləndirmək istəyir. Ancaq Mask üçün bir şeylə “təsadüfən məşğul olmaq’’la bir şeyə “can atmaq’’ arasındakı fərq olduqca prinsipialdır. Mask uzun müddətdir ki, dünyanın onunla Silikon Vadisindəki adi bir sahibkar arasındakı fərqi bilməsini istəyir. O, trendləri qoxulayaraq zəngin olmağa çalışmırdı. O, əsas, ümumbəşəri suallara cavab axtarırdı: “Mən bu suallar ətrafında universitetdə baş sındırırdım. Bunlar sonradan uydurulmuş hekayə deyil. Mən trend dalınca qaçan deyiləm, konyunktura adamı deyiləm, avantürist deyiləm. Mən investor da deyiləm. Gələcək üçün önəmli və faydalı olacağını düşündüyüm texnologiyaları həyata keçirmək istəyirəm’’.
4. İlonun ilk startapi
1994-cü ilin yayında Maskla qardaşı Kimbal əsl amerikalı olmağa qərar verdilər. Onlar ölkə içində səyahətə çıxdılar.
Kimbal College Pro Painters şirkətinin distribüteri idi, işləri yaxşı gedirdi. Oradakı hissəsini satdı, əlinə keçən pulu Maskdakı ilə birləşdirərək 1970-ci il modeli olan BMW 320i avtomobili aldılar. İki qardaş səyahətlərinə Kaliforniyada istilərin artdığı avqust ayında San-Fransiskodan başladılar. İlk dayanacaqları Mojave səhrasında yerləşən Needles şəhəriydi. Kondisionersiz maşında 49 dərəcə istiyə tab gətirməli oldular. Saatlarla yol kənarındakı “Carl’s Jr.’’ fast-fudlarında sərinləyərək dincəlirdilər.
Səyahət iyirmiyaşlı “avaragorlara’’ arsız oyunlar çıxarmağa, varlanmaq haqda xəyallar qurmağa imkanlar verdi. Yahoo! axtarış xidməti və Netscape web brauzeri-nin populyarlaşması sayəsində internet həyatımıza daha fərqli girirdi. İnternet həvəsi qardaşları yamanca sarmışdı, “Web’’ üstündən nəsə etmək üçün şirkət açmağa hazırlaşırdılar. Kaliforniyadan Koloradoya istiqamət götürdülər; avtomobilin pəncərəsindən Vayominq, Cənubi Dakota və İllinoysun işıqları sayrışır, onlar növbə ilə maşın sürür, yolboyu beyin fırtınasında yarışır, lovğalanır və xəyallar qururdular. Təhsilini davam etdirmək üçün Maskın payızda şərqə geri dönməsi lazımdı. Səyahətdə ağıllarına gələn ən yaxşı ideya həkimlər üçün onlayn şəbəkə qurmaq oldu. Elektron tibbi kartlar kimi iddialı bir şey düşünməmişdilər, söhbət sadəcə olaraq həkimlərin öz aralarında informasiya mübadiləsi aparıb əlaqə quracaqları bir sistemdən gedirdi. Kimbal belə xatırlayır: “Tibb sahəsində əlaqələrin tənzimlənmədiyini gördük. Mən biznes-plan hazırlamağa başladım, satış və marketinqi planladım, amma nəsə baxdıq ki, olmur. Bəyənmədik bu ideyanı’’.
Mask yayın əvvəlində Silikon Vadisində təcrübə keçməyə başlamışdı. Gündüzlər Pinnacle Research institutunda çalışırdı. Los-Gatosda yerləşən institut güclü alimlər komandasından ibarət startapdı. Onlar elektrikli və hibrid nəqliyyat vasitələri üçün inqilabi sayıla biləcək superkondensatorları yanacaq mənbələri kimi araşdırırdılar. Bəzən araşdırmaları konseptual səviyyədə daha ekzotik sahələrə çevrilirdi. Mask superkondensatorların “Ulduz savaşları’’ (ing. Star Wars, Georg Lucas-ın kultlaşmış fantastik filmi – İ.N.) və başqa futurustik filmlərın ən yaxşı ənənələrini özündə birləşdirən lazer silahları istehsal etmək haqda saatlarla danışa bilirdi. Lazer silahlarının güclü energetik yüklə atəş etməsi mümkündü. Nişançı superkondensatorları patron darağı kimi dəyişərək atışa davam edəcəkdi. Superkondensatorlar raketlərin güc qaynaqları kimi də istifadə oluna bilərdi. Onlar batareyalardan fərqli olaraq uçuş zamanı yüklərə daha dayanıqlı və daha uzunömürlü idilər. Orada çalışmaq Maskın çox xoşuna gəlmişdi, universitetdəki proqramına görə eksperimentlər keçirir, öz fantaziyalarına dalırdı.
Axşamlar isə Mask kompüter oyunları hazırlayan Palo-Altodakı Rocket Science Games startapına gedirdi. Şirkət daha çox informasiya sığsın deyə oyunları kartriclərdən CD-lərə köçürdərək yeni səviyyəyə çıxmağa
6