Sükutdan sitat. Elçin Şıxlı
o zaman ölüm-itim olmamışdı, sadəcə, direktor oğlan şagirdləri bütün sinfin qabağında, qızların gözü qarşısında şapalaqlayıb alçaltmışdı. Yaxşı ki, internet var – hadisənin üstü açılmışdı. Amma ən dəhşətlisi döyülən uşaqlardan birinin anasının sonradan telekameralara müəllimin hərəkətinə adi bir hal kimi baxdığını deməsi və buna haqq qazandırması idi. Bax budur problemin kökü! Bu münasibətlə biz vətəndaş tərbiyə edə bilərikmi? Məncə, bu sualın cavabı birmənalıdır – yox!
Bu yerdə yadıma bir hadisə düşdü. Yenə də milli mentalitetimizdən irəli gələn bir hadisədir. Qonşumuz balaca qızını bulvara gəzdirməyə aparıbmış. Qızcığaz həmyaşı olan digər qonşu uşağıyla oynayanda oğlan qızı itələyib yıxır və ağladır. Qızın anası əsl azərbaycanlı kimi övladını günahsız olduğu halda danlamağa başlayır və belə düşünür ki, qonşu oğlanın anası da balasını danlayıb qızları incitməyin yaxşı iş olmadığını söyləyəcək. Amma gözləmədiyi halda anasının qorxmuş oğluna ürək-dirək verərək “qırğı balasısan” deməsinin şahidi olur. Qonşu qızın anası söhbətini belə bitirmişdi: “Biz uşaqlarımızı döyə-döyə gözüqıpıq böyüdürük, özgə millətlərsə balalarına ürək-dirək verərək ”qırğı balasısan” deyə-deyə”.
Demə, oğlanın anası rusuymuş…
Milli herostratlar
Həmkarlarımdan biri bu yaxınlarda Sərdar Cəlaloğlunun Səməd Vurğunu, kiminsə Mirzə Fətəli Axundovu, kimininsə Cavanşir və Qaçaq Nəbini və daha kimlərinsə el arasında adları dillər əzbəri olanları bəyənmədiklərinə necə münasibət bəslədiyimi soruşdu. Sözün düzü, olmayan yerdə kimisə bütləşdirməyin, nə vaxtsa deyilənlərin doqmalaşdırılmasının həmişə əleyhinə olmuşam, eyni zamanda da düşünmüşəm ki, o insanlar illər öncə nə edib və nə deyiblərsə, yaşadıqları dövrün konyunkturasına uyğun olub və indi bizim onlar haqqında nə deyəcəyimiz barədə heç düşünməyiblər də. Guya biz bu gün oturuşumuza-duruşumuza yüz il sonra kimin nə qiymət verəcəyi barədə düşünürük? Hərə öz həyatını özünə və lap yaxınlarına görə qurur və yaşayır ki, bu da təbiidir. Bizim onlar barədə düşündüklərimiz onlara deyil, bizə lazımdır. Ona görə lazımdır ki, övladlarımızı düzgün tərbiyə edək, xalqın mərd, cəsur, namuslu nümayəndələrinin timsalında onlara vətəni sevməyi, torpaq uğrunda ölümə belə getməyi, böyük-kiçik münasibətlərini qorumağı, qadına hörmət və sevgini, ailənin nə demək olduğunu doğru-dürüst öyrədək. Axı heç də hamı Molla Pənah və ya Koroğlu olmur…
Hansısa çox müdrik adam deyib ki, əgər millətin qəhrəmanı yoxdursa, o qəhrəmanı mütləq yaratmaq lazımdır. Bəs biz nə edirik? Özümüz bivec ola-ola başlamışıq bu millətin uşaqlarımız üçün örnək ola biləcək nümayəndələrini aşağılamağa. Di gəlin hamını ağına-bozuna baxmadan gözdən salaq, görək nə olur? Bu milli müasir herostratların gücü yalnız ölülərin kölgələrini qılınclamağa, onların ruhunu narahat etməyə çatır. Bəs dirilərə necə, söz deməyə ürək edirlərmi? Çətin ağlım kəsir, axı dirilər cavab da verə bilərlər…
Bizim bu milli herostratlar nə millət, nə də öz uşaqları üçün örnək ola bilirlər, ola bilənləri də yamanlayırlar. Yəqin, elə buna görədir ki, millət müti və gözüqıpıq tərbiyə olunub, çünki övladlarımıza qırğı balası, qoçağım deməkdənsə, başıbatmış deyə-deyə böyütmüşük, qol-qanad açıb sərbəst düşünməyə, qərar verməyə öyrətməmişik.
Sonuncu “Eurovision-2013” dediklərimə sübutdur. İştirakçımız Fərid Məmmədov qalibdən azca geri qalaraq ikinci oldu. Sağ olsun, halaldı. Sevinməli bir məqamdı, amma o qalıb bir kənarda, bütün Azərbaycan indi itli-pişikli təxribatçı axtarışındadır. Dəridən-qabıqdan çıxırıq ki, bəs biz Rusiya nümayəndəsinə 10 xal vermişdik, Almaniyaya gedən yolda itib-batıb. Rusiyadakı səfirimiz bəyanat verir, xarici işlər nazirimiz rus həmkarıyla rəsmi danışıqlarda az qala Qarabağı unudub Rusiyaya məhəbbət izhar edir, İTV-nin yeni rəhbəri isə böyük bir qələt, yəni səhv edibmiş kimi cüssəsinə yaraşmayan mütiliklə millət adından az qala Rusiyadan üzr istəyir. Demə, Azərbaycan xalqı Rusiya nümayəndəsinə səs verməyə bilməzmiş. Elə buna görədir ki, Rusiya forin-ofisinin rəhbəri bizə hədə-qorxu gəlir. Nə baş verib axı? Bir millət olaraq nə günah işlətmişik? Bəlkə, Qarabağa hücum çəkib torpaqlarımızı ermənidən geri almışıq? Təəssüf ki, yox. Sadəcə, çaşıb Rusiyaya səmimi münasibətimizi onun mahnı müsabiqəsindəki təmsilçisinə səs verməməklə büruzə vermişik. Amma deyirlər ki, səslərimizi oğurlayıblar… Bu da azmış kimi, indi də Avropa mətbuatı Fərid Məmmədovun xalları fırıldaqla qazandığını yazır. Bizsə susuruq. Olmaya indi də qorxuruq?..
Belə çıxır ki, bizim gücümüz elə özümüzə çatır, özü də dirilərimizə yox, ölülərimizə.
“Son zəng”
Yaddaşımda iki ”son zəng” qalıb. Birincisinin mənə birbaşa aidiyyəti yoxdu, əslində, o kiminçünsə “son zəng” idi, mənimçünsə “ilk” idi. Məktəb on birinciləri yola salırdı, bizsə onların yerini tutasıydıq. O zaman, 1964-cü ildə məzunlar üçün bu son zəngin nə demək olduğunu başa düşmürdüm, başa düşə də bilməzdim (indi-indi başa düşməyə başlayıram). Bircə o yadımdadır ki, məktəbi bitirən qonşumuz şair Mirmehdi Seyidzadənin oğlu Elçin mənə kitab və rəngli karandaşlar bağışladı. Bilmirəm indi on birincilər birincilərə kitab bağışlayırmı?
İkinci “son zəng”sə artıq birbaşa mənim üçün idi. Məktəbi bitirirdim. Mən də, elə sinif yoldaşlarım da sevinirdik. Niyə də sevinməyəydik, indi həyatımızın yeni və zənnimizcə, ən gözəl mərhələsi başlayırdı. Düşünürdük ki, innən belə hər şey daha yaxşı olacaq, yəni qərar verməkdə tam müstəqil və sərbəst olacağıq. Eh, uşaqlıq…
Amma elə həmin gündə də qərar verəsi olduq. Əvvəlki yazılarımın birində “xorla oxumaq mədəniyyəti” barədə yazmışdım, yazmışdım ki, millət olaraq birləşib bir işin qulpundan hamılıqla yapışa bilmirik. Sinfimizdə ikitirəlik yaranmışdı – iki qrupa bölünüb haqlı-haqsız davasına çıxmışdıq. Elə ona görə də məktəbdəki mərasim bitər-bitməz hərə haqlı olduğuna tam inamla öz dəstəsinə qoşulub üz tutmuşduq bulvara. Amma özümüzü tox tutmağa çalışsaq da, canımızın yarısı o biri dəstənin uşaqlarının yanında qalmışdı. Elə bulvara çatandan da gözümüz onları axtarırdı. Hər şeyi burnumuzdan gətirmişdik – məktəbi bitirməyimizin kefini çıxara bilmirdik, çünki on il bir olan və bütöv bildiyimiz bir şeyi öz əllərimizlə parçalamışdıq…
Az sonra üz-üzə gəldik. Yol biriydi, yandan ötüb-keçmək mümkünsüzdü. Qərar qəbul etmək, seçim etmək lazımdı. Bəlkə də, bir çoxumuz həyatının ilk ciddi mənəvi qərarını qəbul etməliydi. O zaman bəxtimiz gətirdi, düzgün qərar verdik – bir-birimizə baxıb sözləşmədən qarşıdakılara əl uzatdıq və əlimiz havada qalmadı, “son zəng”in münasibətlərimizin sonu olmağına imkan vermədik.
Bu gün, yəni bu yazını yazdığım gün də məktəblərdə “son zəng”dir. On birincilər sevinir,