Seçilmiş Əsərləri. Чингиз Гасан оглы Гусейнов

Seçilmiş Əsərləri - Чингиз Гасан оглы Гусейнов


Скачать книгу
verməyə nə vaxtım var, nə də həvəsim! Ata cavabdeh mənəm, nə deyirəm onu elə.

      Azad çiyinlərini çəkdi:

      – Kürən sözünə baxacaqsa, mən razı.

      – Onu elə yumşaldım ki!..

      Ədalət Azada kömək edib öz atına mindirdi. Kürənə yanaşıb cilovundan tutdu, qamçı ilə ata möhkəm ilişdirdi. Yaş dəridə qamçının izi qaldı – tünd, enli, uzun zolaq. Bir də vurdu. At vahimə dolu gözlərini Ədalətə dikib hürkə-hürkə başını var qüvvəsi ilə geri çəkir, fınxırır, atlının əlindən qurtarmaq istəyirdi. Ədalət cilovdan bərk tutmuşdu, qamçını qəzəblə Kürənə endirirdi. Qamçının əks-sədası dağlarda eşidilirdi.

      Azad atdan necə atıldığını bilmədi; Ədalət əlini bir də qaldıranda Azad qamçıdan yapışıb aşağı dartdı:

      – Dayan! Bu nə vəhşilikdir!..

      – Burax qamçını!

      Azad Kürənin cilovunu Ədalətin əlindən dartıb aldı, qamçını onun üstünə atıb:

      – Çəkil, – dedi.

      Azadın coşmasındanmı, Kürənə möhkəm ilişdirib qəzəb tikanını ürəyindən çəkib çıxartdığındanmı, nədənsə, Ədalət birdən-birə soyudu, sakitləşdi: atına yaxınlaşıb yoldan qırağa çəkdi, Azada dönüb amiranə:

      – Onda keç qabağa! – dedi.

      Azad Ədalətin yanından ötüb keçəndə Kürənin diksindiyini hiss elədi.

      Azad qabağa düşdü. Ədalət atını tez-tez qamçılayır, dincəlməyə macal vermirdi, Kürən də qamçı zərbələrini eşidib, addımlarını yeyinləşdirirdi. Hərdən Ədalət yaxınlaşıb qamçısını Kürənə endirirdi, yorğun at qorxusundan yerindən götürülüb qaçırdı. Azad dinmir, Ədaləti düşünürdü: “Qəlbində gör nə qədər kin var! Kürəni necə vururdu!.. Bəs necə olsun? Axı tələsməliyik!.. Eh, analitik, analitik!..”

      Ay yavaş-yavaş saralmağa başlayanda atlılar qoşa çadır yerləşən dağa çatdılar. Dolu xurcunlar, yəhərlər atların belindən götürüldü. Ocaq qalandı, çaydan qaynadı, çay dəmləndi. Süfrəyə qənd, pendir, çörək gəldi.

      Geoloqlar iştahla yeyirdilər.

      Azad əlini çörəyə uzatmadı – bərk yorulmuşdu, iştahı qaçmışdı. Təpəyə baxdı. Kürən at təpədə hərəkətsiz durub iri gözlərini yerə dikmişdi. Qaralan göyün fonunda atın silueti aydın görünürdü. Göy, təpə və at nəhəng şəkli xatırladırdı.

      Kürən at sanki dərin fikrə getmişdi. Gəlib-keçdiyi eniş-yoxuşlarımı düşünürdü?

      ƏRİYƏN HEYKƏL

      Hər gün səhər tezdən oyanıb sinə dolusu təmiz hava udanda fikirləşirəm ki, bu bağı götürməkdə çox ağıllı iş görmüşəm. Bağı ilk dəfə payızda görəndə, düzü, tərəddüd etdim. Xali bir yer idi. Sarı, yumşaq qum yabanı tikanlıq altında itib-batmışdı.

      Meynələrin kösöyə bənzər qapqara, qupquru qolları göyə qalxmışdı, uclarında iki-üç solğun, büzüşmüş yarpaq göyərirdi; torpaqdan qida almayan yarpaqları gün yandırıb-qurudur, külək qoparırdı.

      İyirmi-otuz il qabaq bu bağlarda nələr yoxmuş: ağ şanı, dərbəndi, pişraz, qara şanı…

      Payıma iki, qonşumun payına isə üç əncir ağacı düşmüşdü. Daha nardan, gilasdan, hətta tutdan danışmıram, heç birisi yox idi.

      Sahəmdə quyu vardı. Kor quyu idi. Qonşumla köməkləşib adam çağırdıq, elə ilk günlərdə o qədər də dərin olmayan quyunun gözünü təmizlətdik. Suyu az idi – gündə on-iyirmi vedrə.

      Payız və qış aylarının şənbə və bazar günlərində bağa gələndə qonşumu əlləşən görərdim. Mən sahəmi hələ təmizləyib qurtarmamışdım, onun bağının qumu isə tikanlardan tərtəmiz təmizlənmişdi. O da, mən də özümüzə birotaqlı, sement səkili ev tikdirdik. Quyumuza yaxın iri çarhovuz düzəltdik. Çəpər də çəkdik ki, külək qumumuzu aparmasın.

      Yazın əvvəllərində bağa köçdük.

      Səhər hantellərimi götürüb ayaqyalın sement səkiyə çıxıram, məşq edirəm: əllər yuxarı, əllər qabağa, sağa-sola; qıçlarımı bükmədən əyilirəm, hantellər yerə toxunur. Ağ ciyərlər genişlənir, qan təzələnir, bədən cavanlaşır. Qum səhərə yaxın düşmüş şehdən nəmdir: ayaq basdıqca ləpir yeri qalır, yaş, nazik qum qabığı sökülür, sapsarı quru qum üzə çıxır – quyuya yaxınlaşıram.

      İlk günlər qonşum da obaşdan oyanıb mənim hərəkətlərimi izləyir, necə məşq elədiyimə diqqətlə baxırdı. Quyudan suyu çəkəndə nəzərlərini bədənimdə hiss edirdim. Baxır və hey papiros çəkirdi. Düzü, ac qarına papiros çəkməyi xoşlamıram. Ye, sonra çək, ləzzət versin. Nə isə… Qonşum baxır, mən də qollarıma güc verib əzələlərimi oynada-oynada vedrəni quyudan çəkirdim, suyunu vedrəmə töküb, əlüzyuyanımızı soyuq su ilə doldururdum. Qolsuz köynəyimi çıxardıb qurşağacan yuyuna-yuyuna gözaltı qonşuma baxıb, onun hətta bir qədər yaxın gəldiyini görürdüm. Buna təəccüb də eləmirdim: müxtəlif bədənlərə baxıb öyrənmək qonşumun peşəsidir. Elə bağı alan günün səhəri arvadım mənə demişdi ki, qonşumuz şəhərimizdə tanınmış heykəldüzəldəndir, yəni heykəltəraşdır, nə bilim medalları, diplomları var.

      Qonşum səkisində özünə balaca bir iş yeri ayırmışdı, iri stolun üstünə şokolad yağına oxşar plastilin yığmışdı, nə isə düzəldirdi. Əvvəl üç qalın plastilin sütunları ucaldı, sonra sütunları fəhlə fiqurları əvəz etdi: üç fəhlə, çiyinlərində də ağır boru. Addımlarını inamla ataraq gedirdilər. Borudan möhkəm yapışmışdılar. Çiyin, boyun və bədən əzələlərini plastilin hələ özündə gizlətmiş, fəhlələrin üzləri də hələ çəkilməmişdi.

      Dəsmalla bədənimi qızaranacan silib qurudanda ləzzət alıram, soyuq quyu suyundan donmuş kürəyim, qollarım və sinəm isinir.

      Şəhərdə bu yaxınlarda təzə evə köçmüşəm, iki gözlü ayrıca mənzildir, pis tikməyiblər, amma di gəl ki, çox alçaqdır: əllərimi hantellə qaldırmaq istəyirəm, az qala tavana toxunuram, qorxuram ev uçar, içəri keçəndə də başımı əyirəm ki, qapıya dəyməsin. Balkonu da var, bapbalaca, nə samovara od sala bilirsən, nə də manqal qoyursan. Sözüm manqalda yox, samovardadır. Köməkçim Ziya deyir, usta, elektrik samovarı al. Deyirəm, avam olma, ağzının ləzzətini bil! Odur ey, mən qurulananacan samovar qaynayır, ətrafı xoş ətir bürüyür. Qonşum deyir, səhər iştahı olmur. Deyirəm, hantellərimi verim, iştahın gəlsin. Gülür.

      – Ay Əlislam, gecikirsən ha!..

      Arvadımın səsidir.

      Elektrik qatarının fitini eşidib, azca sonra özünü görürəm – şəhərə tələsir. Mən də çay içib qalxıram, qatarım on beş dəqiqədən sonra gələcək. Arvad pencəyimin cibinə qəzetə bükülü pendir-çörək qoyur. Mən qonşumun bağından keçib kəsmə yolla “Gilaslı” stansiyasına doğru addımlayıram.

      Neçə gündür plastilin fəhlələri eyni vəziyyətdə görüb işə gedirdim: üzlər hələ də naməlum, əzələlər


Скачать книгу