Seçilmiş Əsərləri. Чингиз Гасан оглы Гусейнов
elə-belə soruşdum.
Zərifə susdu.
“Fikrə gedərsən!.. Necə də onun ləkəsiz olduğunu duymusan! Bəs o Süleymanı niyə duymadın? Bəli, Süleyman subaydır! Bu da o biri Süleyman kimi ucaboyludur, ağıllıdır, nəzakətlidir. Amma mən səni onunla heç vaxt tanış etməyəcəyəm, heç vaxt!”
– Yenə nə fikirləşirsən, Sevda?
– Sən deyən oğlan evlidir. Gözəl ailəsi var.
– Heyif!.. Mən onu sevərdim…
“Qəribədir, elə bil ona inanıram. Yox, yox!..”
– Heyif… Mən demirəm ki, mütləq onunla tanış elə, qoy bir başqası olsun! Amma, Sevda, sizin dostlarınızdan, tanışlarınızdan olsun.
– Sevgi də tanışlıqla?
– Mənə gülmə, Sevda!.. Mən bilirəm ki, sizə gəlib-gedənlər, sizinlə tanış olanlar saf ürəkli adamlardır.
– Çox sağ ol!
– Düzünü deyirəm… Məni yaxşı bir adamla tanış eləsən, sənə ömrüm boyu minnətdar ollam.
Sevda tavanın qapağını götürüb, yağ içində fışıltı ilə qızaran kartofu bıçaqla qarışdırdı. Qırmızı dilimlər üzə çıxdı. Sevda nə desin? Xahişi rədd eləsin? Tavanı örtdü. Bıçağı stolun üstünə qoydu. Dinmədi.
– Amma ərinə bir söz demə.
Sevda divardakı saata baxdı. Eyni vaxtda qapının zəngi çalındı. Bir, iki, üç.
Sevda yüyürdü. Zərifənin gətirdiyi güllər paltarasılanın yanındakı stulun üstündə yaddan çıxıb qalmışdı. Sellofanla örtülmüş zərif qızılgüllər solmuşdu.
Sevda gülləri götürdü, qapını açdı.
– Salam! Yoxsa məni güllə qarşılayırsan? Bu, pis olmazdı. Amma, deyəsən, güllər… – Fərhad istədi desin “solub”. Sözünü yarımçıq kəsib Zərifəni və Gündüzü koridorda gördü, ciddiləşdi. Sevda qızını soyundurdu. Fərhad kepkasını çıxarıb asdı.
– Xoş gəlmisiniz.
Gündüz bacısını görüb Zərifənin qucağından düşmək istədi. Zərifə yaxına gəlib uşağı yerə qoydu, dikəlib əlini Sevdanın ərinə uzatdı, gülümsündü.
Sevda üzünü turşutdu: qızın çəkmə bağları düyün düşmüşdü.
Əri Zərifəyə baxmadan ona sarı uzanmış əli astaca sıxdı və üzünü Sevdaya tutub:
– Zərifə xanım heç dəyişmir, – dedi.
Fərhad bunu hörmət xatirinəmi dedi, yoxsa həqiqəti söylədi, amma Sevda nədənsə qaşlarını çatdı, elə bil soyuq dəmir parçasını ürəyinin üstünə qoydular. Sevdaya elə gəldi ki, ərini və onun yoldaşlarını, “tez-tez sintetik sözünü işlədən” Süleymanı nə isə xoşagəlməz hadisələr gözləyir… Yox, Sevda bu təhlükənin qabağını alacaq!
Çəkmə bağının düyününü açdı.
Əri Gündüzü qucağına alıb otağa keçdi.
Zərifə Sevdanın qolundan tutub:
– Mən gedirəm. Görürəm ərin yorğundur, naharınızı eləyin, – deyə pıçıldadı.
Sevda dalan pıçıltılarını xatırladı, “qal qonağımız ol” demək istədi. Deyə bilmədi.
Sevda tələsik qapını açdı.
– Hə, yadımdan çıxmışdı deyəm. Sevda, mərtəbəniz niyə qaranlıqdır?
Sevda Zərifəgilin gur işıqlı balkonlarını yadına saldı.
– Lampamız xarab olub.
– Dəyişmək lazımdır.
Zərifəni yola salıb Sevda qapını bərk-bərk bağladı, bir müddət dayanıb fikrə getdi.
“Düz deyirsən, Zərifə”.
…Ertəsi günü, axşamüstü yenə eyni vaxtda lift Sevdagilin mərtəbəsində dayandı. Gözətçi qadın zəngi basdı:
– Sizi telefona çağırırlar!..
NƏ QALACAQ?
Solipsistə nə var ki?.. Deyir varam – dünya da var, yoxam – dünya da yoxdur.
Məndən sonra nə qalacaq?
Dəniz qalacaq.
Xoş pıçıltısını, qoç nərəsini, qəzəbli fəryadını eşitdiyim dəniz; göylə həmrəng – gah bozumtul, gah mavi, gah alabəzək, gah süd parıltılı, dupduru və bulanlıq, hamar və çopur, gah yorulub dincələn, gah yatıb aramla nəfəs alan, geniş qəlbini duyduğum dəniz!
Qayalar qalacaq.
Üstündə oturduğum, birindən o birisinə hoppandığım, ətrafında xırda balıqlar üzən, təpələri və yanları mamırlı, alınları açıq, küləyi veclərinə almayan, yağışdan qorxmayan, fırtınalara sinə gərib güclü dalğaları parçalayan, irili-xırdalı, yastı, şiş uclu qayalar.
Məndən sonra qalanları sadalasam, gərək qumlu sahili də yazam, dəniz qırağında ucalan şam ağaclarını da, dəniz qoxulu, meşə ətirli, ciyər dərmanı havanı da, qaqqıldaşan, çığıran, bağıran qağayıları da, nə bilim nəyi və nəyi yazam, həyatın şirin nemətləri siyahısında azam, yazam ki, məndən sonra bunlar da qalacaq.
Qalacaqmı?!
Bəlkə…
Bəlkə:
toz altında şəhər;
zəhərli dənizdə ağ çiçəklərə oxşar, qarnı yuxarı üzən ölü balıqlar;
qayalarda, yanıb külə dönmüş insan və qağayıların əksləri;
bəşər dəfnində şamlar kimi yandırılmış iri şam ağacları!
Məndən sonra nə qalacaq?
Solipsistə nə var ki?!.
ZƏR
N. B.-yə
Üzürdüm – qabağıma taxtadan yonulmuş zər çıxdı. Şeş üstə.
Əlimi atıb zəri tutdum: Baltika hara, zər hara? Elə bildim doğma Bakıdayam.
Dostumun üstüaçıq geniş balkonunda oturmuşam, armudu stəkanda çay içirəm, nərd oynayırıq.
Dostum qoşa şeş atdı.
Zərin birisi nərdtaxtada qaldı, o birisi dənizə düşdü.
Və mən suya düşən o zəri tutdum: onda da şeş, məndə də…
Nə həvəslə uduzardım sənə! İstər adicə oyun, istər mars…
ABŞERON – FİN KÖRFƏZİ
Abşeron.
Avqust…
Sinəni ver günə – ürəyin kabab kimi bişsin.
Uzan qum üstə, cızdaq kimi qovrul.
Nə bir bulud.
Nə bir meh.
Nə bir kölgə.
Fin körfəzi.
Avqust…
Səhərdən