Qafqaz qaçaqları. Ali Kafkasyalı
atlarını minib, silah götürərək meydanda toplanmışdılar. Hamısı eyni qətiyyətlə:
– Siz gedin, biz burada qalacağıq, – dedilər.
Kəndxuda və ağsaqqallar onları sözə tutub yola gətirməyə çalışırdı:
– Ay cavanlar! Ay dəliqanlılar! Belə eləməyin! Əlli-altmış adamla, bu sınıq-salxaq silahlarla gürcü birliklərinin qabağına çıxmaq olmaz!
– Nə olacaq olacaq. Öləcəyik, ancaq kəndimizi tərk etməyəcəyik.
– Səhv edirsiniz.
– Səhvdir, qoy səhv olsun. Biz nə üçün yaşayırıq? Düşmən qabağından qaçmaq olarmı?
– Qaçmırıq ki…
– Bəs nə edirik? Siz qadınları, qızları, uşaqları, qocaları götürün, biz döyüşəcəyik. Bir ovuc gürcünün qabağından qaçmaq bizə ar gəlir…
Nə kəndxuda, nə də ağsaqqallar onları yola gətirə bilmirdi. Elin hörmətli ağsaqqalı Şərif Şikəstə cavanların qarşısına çıxdı. Atını gənclərin arasına sürdü:
– Ay uşaqlar! Allah sizi var eləsin. Allah sizə cansağlığı versin! Doğru düşünüb, doğru deyirsiniz. Ancaq biz qaçmırıq. On beş-iyirmi kilometr o tərəfə çəkilib, arvad-uşağı salamat yerə çatdırandan sonra birlikdə tədbir tökəcək, lazım gələndə döyüşəcəyik. Ancaq indi dərhal buradan uzaqlaşmağımız lazımdır. Sizə qurban olum!.. Tez olun, vaxt itirməyək!
İgidlərdən birinin gur səsi gəldi:
– Şərif baba!.. Sənin sözünə inanırıq!..
– Əmin olun, balalarım, əmin olun!..
Uşaqların, qocaların hamısı arabalarda; böyüklərin, gənclərin, gəlin-qızların böyük əksəriyyəti isə at belində idi. Bütün kənd atlı-arabalı yollara tökülmüşdü.
Milis mərkəzinin önündəki araba da yola düşmüşdü. Naçalnik milisya – milis rəisi mərkəzdə olan artıq silah-sursatı xalqı qorumaq vəzifəsi verilmiş Kənd Mühafizə Birliyinin başçısı Məmməd Baba ilə yoldaşlarına paylanmışdı.
Naçalnik və milis dəstəsi də onların ardınca kəndi tərk etdi.
İkinci Şıxlı kəndi səssizliyə bürünmüş, viranəyə dönmüşdü. Köç qafiləsi get-gedə uzaqlaşırdı. Köçdən ayrı düşən bir-iki sümsük it yollarda dolaşmaqda, sahiblərini itirən pişiklər onları axtarırmış kimi damlarda vurnuxmaqda idi. Pişikləri görən, onların səslərini eşidən xoruzlar toyuqları qorumaq üçün tüklərini qabardıb qışqırıq salmışdı. Böyük kənd bir neçə it, pişik, toyuq və ördəyə qalmışdı. Bəlkə də gürcülərdən öncə kəndin quzey tərəfindəki Qozluq meşəsinin tülkü və çaqqalları onları tutub aparacaqdı.
Bütün kənd camaatı atlı-arabalı yol gedirdi. Gecənin qaranlığı bütün səsləri udub içinə çəkmiş, işıqları gizləmişdi. Aprel buludlarının dəstə-dəstə süzdüyü göyün üzündə yuvarlana-yuvarlana batmağa yaxınlaşan ayın işığında köç karvanı arabir görünüb qeyb olurdu. Səssizliyi qamçı şaqqıltıları, nal səsləri və yol daşlarına çarpılan təkərlərin taqqıltıları parçalayırdı. Hər kəs susurdu. Köç qafiləsinin yerişi matəm yerişini xatırladırdı.
Kənddən altı-yeddi kilometr uzaqlaşmamış gürcü işğal dəstələrinin önündəki qüvvələrinin kəndə girdiklərini və qarət qruplarının gəlməsi üçün işarə fişəngləri atdıqlarını eşitdilər. Uşaqlardan başqa hamı var-yoxlarının talan edilməsindən yasa batmış, qəmə qərq olmuşdu. Səhərin sərin mehində bədənlərinə üşütmə, canlarına titrətmə düşmüşdü. Gərgin analar yaşayan cavanlar kəndlərinə doğru onlarla güllə atdılar.
Onlar günəşə doğru gedirdilər, günəş də onlara doğru gəlməkdə idi. Dörd saatdır kəllərin və öküzlərin çəkdikləri arabalar durmadan irəliləyirdi. Günəşin doğacağı dan yeri əvvəl maviyə, sonra ağa, daha sonra da al rəngə boyanmış, günəş o möhtəşəm şəfəqin sinəsindən üzünü göstərmişdi. Kəndlilərdən heç biri indiyə kimi günəşi bu qədər sevimli, bu qədər ürəkaçan görməmişdi. Bir müddət qızıl medalyon kimi yüksələn və göz qırpmadan baxılması mümkün olan günəş bir mizraq boyu yüksələndən sonra gözəlliyi göz qamaşdırmış, baxılmaz olmuşdu.
Gecənin ikinci yarısı boyunca otların üzərinə damla-damla paylanmış şeh damlalarını günəşin şüaları yeni qurudurdu ki, köç qafilələri ağsaqqalların müəyyənləşdirdiyi düşərgə yerinə – Yuxarı Salahlı kəndinə çatdı. Arabalar yoldan ayrılıb geniş dərələrin vadilərində və təpələrin ətəklərində açıldı. Yol boyunca arabaların silkələyib yorduğu uşaqlar arabalardan düşüb qaçışmağa, oynamağa başladılar. Onlar səyahətə çıxan adam havasında idilər. Axşam yeməyi yeməyən, ağızlarına bir udum su almayan qadınlar, gəlinlər çəmənlərin üzərində süfrə açıb, samovara od saldılar. Hazırlıqsız gələnlər çır-çırpı toplayıb ocaq çatdılar. Xəmir yoğurub sac asanlar var idi. Kimi də balta götürüb qurumuş kol-kosdan doğrayıb odun düzəldirdi.
Yolun alt tərəfində Kür çayı və onunla qol-boyun olub gedən Qarayazı meşəsi boydan-boya parıldayırdı. Günəşin doğuşu ilə Qarayazının üzərindəki qara buludlar az da olsa çəkilmiş, kəndlilər bir qədər özlərinə gəlmişdilər. Ocaqların yanması, samovarların qaynaması, çəmənlərin üstə süfrələrin açılması və uşaqların düzlərdə gülüşüb-oynaşması ilə üzərlərindəki qaramat çəkilib getmişdi. Nə olmalı idi ki? Atalar demiş: “Qara gün qaralıb qalmaz”.
Çayın quzeyindəki Muğanlı, Soyuqbulaq və güneyindəki Birinci Şıxlı, Salahlı kəndlərinin camaatı bunlardan daha öncə meşəyə və çaya yaxın olan Ağstafa səmtinə yerləşmişdi.
On beş ildən artıqdır İkinci Şıxlı kəndinin yaylaq, qışlaq və qoruq yerləri ilə buradakı təsərrüfatlarını, yataqlarını, mal və heyvanlarını qoruyan; Qafqaz İslam Ordusu Qazağa gələndə ona bələdçilik edən və ayaqları donan əsgərləri kənddə saxlayıb müalicə etdirən Məmməd Babanın başında durduğu Kənd Mühafizə Birliyi könüllülərinin sayı, daha doğrusu, dəstələrin sayını artacaqdı. Kəndxuda və ağsaqqallar da xalqı dəstələrə qoşulmaq üçün ürəkləndirirdilər. Gürcü və erməni basqınlarına qarşı xalqı qorumaq üçün yeni könüllü atlı dəstələr yaradılır və onlar Kənd Mühafizə Birliyinə qoşulurdular. Dəstələrdə beşdən on beşə qədər atlı olurdu. Qeyrətli, gözüaçıq, igid insanların yaratdıqları bu könüllü atlı dəstələr heç bir yerdən kömək almadıqları və xarici güclər tərəfindən dəstəklənmədiyi üçün onların nə kifayət qədər silah-sursatı var idi, nə də yaxşı təlim almaq imkanları olmuşdu. Əllərindəki silah-sursat isə dədə-babadan qalma tüfənglər, köhnə patronlar idi.
Məmməd Babanın əlindəki tüfəng isə Nuru paşanın ordusu Bakıya girəndə ayaq barmaqları donduğu üçün İkinci Şıxlı kəndində qalan və uzun müddət burada müalicə olunandan sonra Türkiyəyə qayıtmış zabitlərdən birinin hədiyyə etdiyi Osmanlı mauzeri idi.
Yuxarı Salahlıya gəldikləri vaxtdan bəri mühafizəçilər gecə-gündüz xalqa ümid vermək üçün atlarına minib ətrafı dolaşmaqda, arası kəsilmədən növbə çəkməkdə