Qafqaz qaçaqları. Ali Kafkasyalı

Qafqaz qaçaqları - Ali Kafkasyalı


Скачать книгу
niyə basqın eləsinlər? Yeddi-səkkiz kəndimizi alıblar. Kəndlərin bütün var-dövlətini talan eləyiblər. İndiyə qədər biz tərəfdən bir hücum olmayıb, Bu halda nəyə görə bizə basqın eləsinlər ki?

      Rəsuloğlu Musa israrla dedi:

      – Onların dişi qana batıb. Cavablarını verməsək, üstümüzə gəlməyə, bizi qovmağa davam eləyəcəklər. Sınıq körpü kimi Poylu körpüsünü də ələ keçirmək istəyirlər.

      – Gəlin tələsməyək. Onlar bizim üstümüzə gəlməmiş atəş açmayaq.

      Rəsuloğlu Musa nə qədər israr eləsə də, dəstədəki ağsaqqalları yola gətirə bilmədi. Qan tökməyin, adam öldürməyin tərəfi olmayan ağsaqqallar əllərini tətiyə aparmadılar. Mövqelərindən çəkilib yaxınlıqdakı dərənin döngəsində süfrə açıb günorta yeməyinə oturanda gürcü dəstələri başlarına güllə yağdırdı. Baldırından vurulan Rəsuloğlu Musadan başqa mühafizə dəstəsinin üzvlərinin hamısı döyüşdə şəhid oldu. Bu xəbəri eşidən cavan-yaşlı, qadın-kişi hər kəs hadisə yerinə axışdı. Qadınlar fəryad edib ağlaşanda, kişilərin başı şəhidlərin cənazələrinə qarışanda basqınçı gürcülər elədikləri namərdlikdən utanmadan onların yanına gəldilər. Öz alçaqlıqlarını qəhrəmanlıq hesab edirdilər. Ağır yaralanmış boylu-buxunlu Rəsuloğlu Musanın mətanətinə heyran qalmışdılar. Namərdliklərinin üstünü basdırmaq üçün yaralını hərbi xəstəxanaya götürməyi təklif etdilər, onları yola gətirmək üçün dilə tutdular. Ancaq gürcülərin bu təkliflərinə məhəl qoyan olmadı.

      Bu arada Poylu körpüsünün güney tərəfində növbə çəkən Mehdioğlu Səməd, Qəlyanlı Alı, Mehdioğlu Şəmistan, Paşşanlı Məhəmməd və Paşşanlı Əhməd adlı igid vətən övladları gürcülər hələ hadisə yerindən aralan-mamış meşənin içi ilə günbatana doğru iki-üç kilometr yol gəlib pusqu qururlar. Atlarını oynada-oynada qayıdan namərdlərin doqquzunu da öldürdülər. Bununla da üstündən çox vaxt keçməmiş şəhid və qazi yoldaşlarının intiqamını aldılar. Öldürdükləri gürcülərin silah və təchizatları ilə yeni bir dəstə yaratdılar. Heyiflər olsun ki, güllə yarasından omba sümüyü parçalanan Rəsuloğlu Musanın həyatını xilas etmək mümkün olmadı, bir neçə həftədən sonra o da şəhidlər karvanına qoşulub haqqın dərgahına qovuşdu.

* * *

      Belə vaxtlarda dəyərlər dəyərini itirir, tərəflərin yeri dəyişik düşür. Ataların dediyi kimi, at izi it izinə qarışır. Namərdlər hər nə qədər tənha yer axtarıb gizlənməyə çalışsalar da, xainlər işğal gücləri ilə əməkdaşlıq etmək üçün yarışa girsələr də, xalqın mərd və igid oğulları düşmənə qarşı mübarizə aparmaq üçün fürsət gözləyirdilər. Könüllü atlı dəstələri işğalçı gürcü birliklərinə qarşı insanların canının və malının təhlükəsizliyini qorumaq üçün mübarizə apardığı halda, bolşevik Qırmızı Ordu süvarilərinin onları arxadan vuracağını ağıllarına belə gətirmirdilər.

      Keçən aprel ayından bəri Qırmızı Ordunun əli ilə Azərbaycanı işğal edən və sonradan Sovet İttifaqına birləşdirən Moskva hökuməti sovetləşməyə müqavimət göstərən, Azərbaycanın sərhəd kəndlərini işğal edən Gürcüstan üzərinə martın ortalarında yeriməyə qərar vermişdi. Gürcüstana doğru irəliləyən Qırmızı Ordunun süvariləri önlərinə çıxan irili-xırdalı gücləri dosta-düşmənə fərq qoymadan yandırıb yaxaraq Novruz bayramının ərəfə gecəsi Qazax şəhərinin qərbinə çatmış, gecə uzunu yığıncaq keçirərək hazırlıqlarını tamamlamışdı. Dan yeri söküləndə gürcülərin üstünə yeriyəcəkdilər.

      Sabahın ilk saatlarında top atəşləri açıldı. Bunun ardından atlı birliklər hücuma keçdilər. Bir yandan atdıqları uzunmənzilli toplarla gürcü mövqelərini dağıtdılar, bir yandan da bu topların atəşləri altında özlərini qoruya-qoruya bir neçə istiqamətdən sürətlə irəlilədilər. Çox qısa müddətdə gürcüləri Qazax və Borçalı bölgəsindən geri oturdub, Tiflisə tərəf üz tutdular.

      Bundan düz bir ay öncə fevralın 22-də Türkiyənin Gürcüstan hökumətinə çox sərt bir ultimatum verərək gürcü birliklərinin Ərdahan ilə birlikdə Şavşat, Ardanuç və Artvindən çəkilməyə məcbur etməsi də Sovet hökumətinin işini asanlaşdırmışdı.

      Məmməd Babanın başında durduğu atlı dəstə Yuxarı Salahlı təpəsinin yaxınlığında atlarının belində gözlənilən gürcü basqınlarına qarşı əlləri tüfənglərinin tətiyində idi. Gecənin son dəqiqələrində onlar özlərini fırtına kimi bir anda peyda olan Qırmızı Ordu süvarilərinin qarşısında görürlər. Qeyri-ixtiyari tüfəngindən atəş açan Məmməd Baba ikinci gülləni tüfəngin lüləsinə vermək istəyəndə Qırmızı Ordu süvarilərindən birinin qılınc zərbəsi ilə atdan yerə salındı. Onun yoldaşlarını da qılıncla vurub atdan yerə yıxdılar.

      Süvarilərin ardınca topçu və mexaniki birliklər də sürətlə Xıram çayını keçərək gürcü işğalı altında olan Azərbaycan kəndlərini ələ keçirib Tiflisə yönəldilər.

      Günəş doğar-doğmaz Sovet səhiyyə bölükləri bölgəyə gətirildi. Yaralıları müalicə edib, ölüləri basdıracaqdılar. Gürcü birlikləri Sovet ordusunun top atəşləri altında tez-tələsik mövqelərini və işğal etdikləri kəndləri tərk edərək Sınıq körpüdən qaçdıqlarına görə geridə o qədər də ölü və yaralı qoymamışdılar. Bu arada səhiyyə bölüyünün qulluqçuları könüllü mühafizə dəstələrinin yaralı döyüşçülərini də müalicə edirdilər.

      İkinci Şıxlı sakinləri kəndlərinə qayıtmaq üçün hazırlıq görməyə başlamışdı. Bütün yaralıları obalarına, olacaq yerlərinə gətirirdilər. Onlardan bəzilərinin yarası yüngül idi, bəziləri isə ağır yaralanmışdı. Ancaq kənd mühafizə birliyinin başçısı yoxa çıxmışdı. Məmməd Baba ortada yox idi. Cavanların xeyli aralıdan tutub gətirdikləri atının başında, boynunda və sağrısında qılınc yaraları var idi. Atın yaralı olduğunu görəndə Məmməd Babanın da yaralandığından, hətta öldürüldüyündən əndişəyə düşmüşdülər. Ancaq nə ölüsünü, nə də dirisini tapa bilirdilər.

      Şərif Şikəstə ilə ağsaqqallardan Tomtullu Əmiraslan, Nadir ağa, Səməd Əfəndi və Molla Əhməd vəziyyəti ağır olan Məmməd Babanın ən yaxın yoldaşı və köməkçisi Binnət Əfəndinin yanında idilər. Huşunu itirmiş halda tapıb gətirdikləri Binnət Əfəndini damın altında açdıqları döşəyin üstünə uzadıb başının altına qalın bir yun yastıq qoymuşdular. Özünə gələndə ona bir stəkan su içirtdilər. Ancaq az sonra yenə huşunu itirdi, bir müddət sonra yenə özünə gəldi. Gözlərini Şərif Şikəstənin gözlərinə zilləmişdi. Şərif Şikəstə təfərinclə ona baxırdı. Gözləri yaşarmış, sifəti büzüşmüşdü. Titrəyən dodaqlarından kəsik-kəsik kəlmələr tökülürdü: Məmməd Babanı çapdılar… Qırmızı Ordunun süvariləri çapdı. Məmməd Baba uçdu… Cənnətə uçdu…

      Şərif Şikəstə dəsmalı ilə onun gözlərini silərək:

      –Allahın sevdiyi bəndəsi idi. Allah ona şəhidliyi qismət elədi. Övladları sağ olsun! Millətimiz sağ olsun! Vətən sağ olsun!.. Cənabi Allah sizə də qazi olmağı qismət elədi. Millətimizə, vətənimizə çox görməsin!..


Скачать книгу