Qızılbaşlar: Oyanış. Xan
ortadan iki yerə böldü. Parçalardan biri Nilin qabağına düşdü. O, dəmiri yerdən qaldırıb havaya tullandı və var gücüylə vampirin başına vurdu. Amma vampir olduğu kimi də dayanıb sadəcə başını aşağı əydi. Başında balaca yarıq əmələ gəldi və dərhal da bitişdi. Caynaqlarını yumruq kimi qıza atdı. Bu dəfə də vampirin zərbələrindən qaça bilən qız qılıncını vampirin başının düz ortasına vurmaq istəyərkən vampir hər iki əlindən yaxaladı onu. Nil kəllə vurdu bu dəfə, amma başı divara dəymiş kimi gicəlləndi və o biri qaşından da qan açıldı. Meleda onun əllərini yanlara tərəf dartıb havaya qaldırdı. Nil sanki çarmıxa çəkilmişdi. Vampirin ağzı açıldı, dişləri bir az da itiləşib uzandı. Nil gücünün tükəndiyini hiss edirdi. Amma bu qədər tez təslim ola bilməzdi. O, qızılbaş döyüşçüsü idi. Qızılbaşlar heç vaxt asan rəqib olmamışdılar, olmayacaqdılar da.
Bütün gücünü ayaqlarına toplayaraq ucu sərt çəkmələriylə vampirin qabırğa hissəsindən var gücü ilə zərbə endirən kimi Meleda qızı buraxdı. Bu zərbə vampirin qabırğalarını sındıra bildi, amma bir neçə saniyəyə, onsuz da, birləşəcəkdilər. Bu vaxt ərzində Nil gümüş bıçaqları çıxarıb vampirin bədənini sürətli zərbələrlə deşik-deşik etdi, bıçağı tərs çevirib boğazını kəsdi. Bıçaqları nə vaxt yerinə qoyub tapançaları nə vaxt götürdüyünü vampirin özü belə görmədi. Hər iki silahdan açılan atəşlə qara vampir dükanın o biri başına qədər uçub taxta dirəyi sındırdı. Bu yaralar onu öldürə bilməsə də, Nilə oradan qaçmaq üçün bir dəqiqəyə yaxın vaxt qazandırmış oldu.
Solonas haqlı idi. Onunla təkbətək döyüşmək ağılsızlıq idi. Çox ciddi yaralanmışdı. Qaçış sürəti azalmış, bütün əzələləri boşalmışdı. Gözləri də tez-tez bulanıqlaşırdı. Üstəlik, dostlarının şəhərə çatmağına hələ iki saata yaxın vaxt var idi. Hər küçənin döngəsindən vəhşi kronlar çıxır, dayanmadan atəş açır və onu tutmağa çalışırdılar. Hara qaçdığını özü belə bilmədən dükanların damlarına tərəf baxdı. Gizlənəcək bir yer olmalı idi. Qaçaraq qurtulmaq mümkün deyildi.
Birdən paslı şəhərin tək hündür binası olan sapsarı saat qülləsini gördü. Ağlına bir fikir gəldi. Qolundakı qolçağa bənzər alətə baxdı. Bu qolçağı oğurlamaq üçün gəlmişdi metal xarabalığa. Onu Solonasa çatdırmaq üçün canını belə verə bilərdi. Amma indi yalnız bu qolbaq onun Orianadakı taleyini dəyişmək iqtidarındaydı. Niyə də yox? Niyə də olmasın? Onsuz da, Aksel Zalton bu texnologiyanı hələ test etməmişdi.
Yenidən qulaqlığa iki dəfə toxundu.
– Şef? Burdasız? – Saat qülləsinə çatmağa lap az qalmış yenidən qızılbaş gəmisiylə əlaqə yaratdı.
– Burdayam, axmaq qız. Sən neylədiyini fikirləşirsən? – Solonasın bu qədər əsəbləşdiyini, bəlkə də, heç bir qızılbaş görməmişdi. – O vampiri öldürəcəyini necə düşünə bilərsən? Döyüşməməyi əmr etmişdim sənə.
– Şef… – qız nəsə deməyə çalışdı.
– Nə olursa-olsun, həyatda qalmağı əmr etmişdim.
– SOLONAS! Qulaq as, vaxtımız azdır, – Nilin səsi komandirinin də səsindən yüksək çıxmışdı. O da birinci dəfə idi ki, başçılarına qışqırırdı.
– Eşidirəm.
– Zalton yanındadır?
– Yox, əlbəttə ki. Onu Rufinaya göndərmişik. İlk varp sıçrayışının düşmə lövhəsini hazırlayır, – Solonas qızın beynindən nələr keçdiyini az-çox təxmin edə bilirdi.
– İndiyə kimi bitmiş olar deyə ümid edirəm, – Nil var gücü ilə tullanaraq saat qülləsinin birbaşa ikinci mərtəbəsindən pəncərə şüşələrini sındıraraq içəri daxil oldu. Yol boyu bir neçə kronu da öldürdüyündən gümüş bıçaqlar hələ də əlindəydi. – İlk test üçün əlimdə yaxşı bir təcrübə siçanı var.
– Əminsən? – Solonas da başqa çıxış yolu olmadığını anlamışdı. Nili itirməyi gözə ala bilməzdi.
– Başqa çıxış yolum yoxdur, şef. Ölümün qucağına atılmalıyam, – qızın səsindən az da olsa qorxduğu hiss olunurdu. – Rufinayla əlaqə saxlayın, düşmə lövhəsini aktivləşdirsinlər.
Altıncı mərtəbədə olarkən binanın çölündən vahiməli bir qadın səsi eşidildi. Meledanın səsi idi. Həddindən artıq əsəbləşdiyi hiss olunurdu. İlk dəfə idi ki, kimsə onu bu qədər yaralamağı bacarmışdı. Bu insan onun əllərində ölməliydi. Saat qülləsinin divarlarından biri altıncı mərtəbədə birdən-birə dağıldı və qara vampir Nilin boğazından yapışıb o biri divara çırpdı. Vampir güclü caynaqlarından biriylə onu boğmağa davam edərkən digər əlindəki iti dırnaqlarını Nilin qarnına soxdu. Qızın qarnı beş yerdən eyni vaxtda deşildi. Bu, kronların alov silahından belə daha ağır yara idi.
– “Hər yerindən qan axacaq” demişdim sənə, – Meleda barmaqlarını qızın qarnında bir az da tərpədərək ilan kimi fısıldadı.
Nilin ağzı bir anda qanla doldu və ağrıdan qışqırarkən çənəsinin yanlarından aşağı axdı. Vampirin barmaqlarının qarnının içində necə yumruqlaşdığını hiss edirdi. Düz düşməninin qanla dolmuş vəhşi göz bəbəklərinə baxaraq əllərindəki bıçaqlardan birini boğazından yapışan ələ batırdı. Vampir o dəqiqə əlini çəkdi. Digər bıçağı isə çənəsinin altından soxub burnunun çəpər sümüyündən çıxartdı. Meleda neçə yüz illik ömründə bu qədər ağrı hiss etməmişdi. O da özünü saxlaya bilməyib var gücüylə qışqırmağa başladı. Nil vampirin özünü ora-bura çırpdığını görüb son gücünü toplayaraq onu binanın pəncərəsinə tərəf itələdi. Vampir pəncərəni sındırıb altıncı mərtəbədən yerə yıxıldı. Amma bu da vampiri öldürməyəcəkdi. Ən qısa zamanda binanın damına çıxmalıydı Nil.
Ağrılar içində axsayaraq pilləkənləri qalxmağa başladı. Kron dəstələri artıq dördüncü mərtəbəni keçmişdilər və sürətlə Nilə yaxınlaşırdılar. Nil birtəhər binanın damına çıxdı. Qarnındakı yaraya görə çox qan itirmişdi. Qulaqlığına toxundu son dəfə.
– Solonas! – ağzına dolan qana görə güclə danışan qız komandirini çağırdı.
– Nil… Rufinada hər şey hazırdır. Sənə inanırıq, Nil. Sənə inanırıq, qızım, – Solonas hal-hazırda hər şeydən çox Nilin həyatı üçün narahat olurdu.
– Əgər nanovarp işləməsə, məni bağışla, şef. Bağışla ki, sənə qulaq asmadım. Bağışla ki, bu aləti sənə gətirə bilmədim. Əgər işləməsə… – qız sanki qızılbaşların lideri ilə vidalaşırdı.
– İşləyəcək! İşləməlidir!…
Nil damın ən küncünə çatanda kronlar dama çıxan qapıdan ətrafa səpələnməyə başladılar. Silahlarını qıza tuşlayıb güllələməyə macal tapmamış yaralı döyüşçü özünü onmərtəbəli qüllənin damından aşağı atdı. Yerə yaxınlaşarkən ürəyinin nə qədər döyündüyünü hiss edən qız nanovarpın işləmədiyinə əmin olmuşdu. “Bu da son” deyə düşündü içindən. Tam yerə çırpılacağı anda hər yer