Ədəbiyyatsız dünya. Коллектив авторов

Ədəbiyyatsız dünya - Коллектив авторов


Скачать книгу
insanlara, ya da hadisələrə sadiq qalmağı düşünməmişəm. Yaddaşımda hələ də diri olan və fantaziyamı işə salan təcrübələrlə yazmağa başladım və o materiala mümkün qədər sadiq qalmamağa çalışdım. Romanlar həyatı olduğu kimi ifadə etmək üçün yox, nəsə əlavə edərək dəyişdirmək üçün yazılır. Fransız yazıçı Restif de la Bertonun qısa romanlarında reallıq XVIII əsr Fransız adət-ənənələrinin kataloqu kimi əks etdirilib. Amma ənənələrin bu cür sadalanmasında hər şey reallığı xatırlatsa da, orda tamam başqa, balaca və inqilabi bir şey də var: təsvir olunan bu dünyada kişilər qadınlara bədən cizgilərinin saflığına, zərifliyinə, mənəvi zənginliyinə görə yox, ayaqlarının gözəlliyinə görə aşiq olurlar.

      Hər romançı, bir az qaba, bir az açıq və bir az da şüursuz şəkildə reallığı yenidən yaradır və möhtəşəm Restifin səmimiliklə etdiyi kimi, onu ya bəzəyir, ya da sönükləşdirir. Romançının öz ehtiraslarını da ətə-cana gətirdiyi bu incə, ya da kobud əlavələr (reallığa edilmiş əlavələr) bədii əsərin yeniliyini əmələ gətirir. Bədii əsərin dərinliyi onun ümumi ehtiyacları nə qədər dolğunluqla ifadə etməsi, eləcə də, fərqli zaman və məkanda nə qədər çox oxucunun öz qaranlıq, narahat demonlarını bu separat sızıntılarda tapması ilə bağlıdır. Mən romanlarımda real xatirələrlə konkret bir əlaqə yaratmağa çalışardımmı? Əlbəttə. Amma həqiqi hadisələri adi formada ifadə etməyin və bioqrafiyaları əllərinə əlcək kimi oturan personajlar yaratmağın darıxdırıcılığında ilişib qalsaydım belə, romanlarım olduğundan nə daha çox, nə də daha az real olmazdılar.

      Bir bədii əsərin gerçəkliyini, ya da saxtalığını müəy-yənləşdirən şey hadisələrin baş verib-verməməsi yox, yaşanmamış, amma yazılmış olması, həqiqi təcrübələrdən yox, sözlərdən ibarət olmasıdır. Sözə çevrilən hadisələr dərin bir metamorfoza keçirir. Gerçəklik – iştirak etdiyim qanlı müharibə, sevdiyim qızın qrotesk profili – bir dənədir, amma onu ifadə edən işarələr sonsuzdur. Bunların bəzilərini seçib, digərlərini göz ardı etməklə romançı sonsuz sayda olan başqa variantları öldürür. Beləcə, romançı təbiəti dəyişdirir və təsvir edən dönüb təsvir edilən olur.

      Burada təkcə realist romançılardan, romanlarında oxucuların öz reallıq təcrübələrinə əsasən inandırıcı hesab etdikləri realist məktəbdən, ya da ənənədən danışıram. Gerçəkliklə uzlaşmayan və gerçək olmadığı bilinən dünyaların ifadə olunduğu fantastik növdə, reallıqla fiksiyanın əlaqəsi problemsiz görünə bilər. Əslində, eyni problemdir, amma başqa formada. Fantastikanın “irrealığı” oxucu üçün bir simvol, bir alleqoriya, başqa sözlə desək, “həyatda baş verməsi mümkündür” şəklində gördüyü reallıqların və təcrübələrin təsviridir. Əsas məsələ budur: fiksiyadakı doğrunun, ya yalnışın sərhəddini müəyyənləşdirən, hadisələrin “gerçəkliyi” ya da “fantastikliyi” deyil.

      Bu ilk metamorfozada, yəni hadisələrə vurulan söz damğasının yanında, o qədər də vacib olmayan başqa bir şey də var: zamanın damğası. Real həyat dayanmadan axır, xaotikdir, qarışıqdır, hər hekayə başqa hekayə ilə birləşir və buna görə də nə əvvəli var, nə də sonu. Bədii əsərdə təsvir olunan həyat başgicəlləndirici xaosun sıra, sistem, səbəb-nəticə, əvvəl və axır əldə etdiyi yamsılamadır. Bir romanın əhatə dairəsi təkcə yazıldığı dillə yox, zamandakı sxemiylə, mövcud olanın içində özünü necə göstərməsiylə, fasilələr və sürətlənmələrlə, təhkiyəçinin nəql etdiyi zamanı açıqlamaq üçün istifadə etdiyi xrononolji baxış bucağı ilə də müəyyənləşir.

      Sözlərlə hadisələr arasındakı uzaqlıq həqiqi zamanla bədii zaman arasındadırsa, burda uçurum var. Bədii zaman müəyyən psixoloji effektlər doğurmaq üçün kəşf olunmuş alətdir. Orada keçmiş indidən sonra ola bilər – nəticə səbəbdən əvvəl gələ bilər – Alexo Karpentiyerin qoca bir kişinin ölməsi ilə başlayan və anasının bətninə düşməsinə qədər qayıdan “Toxuma səyahət” adlı hekayəsindəki kimi. Ya da əksər klassik romanlardakı kimi, təhkiyəçinin ürəyində danışdığı, yaxın keçmişə heç vaxt çatmayan çox uzaq bir keçmiş ola bilər. Ya da Bekketin əsərlərində olduğu kimi, keçmişi ya da gələcəyi olmayan sürəkli bir indiki zaman ola bilər. Ya da, keçmiş, indi və gələcəyin birgə mövcud olduğu və bir-birini dağıdıb məhv etdiyi bir labirint ola bilər, Folknerin “Səs-küy və hiddət” romanındakı kimi.

      Romanların bir əvvəli, bir də sonu var, ən yumuşaq və elastik romanlarda belə, həyat hiss edilən bir məna qazanır, çünki romanlar içinə düşdüyümüz real həyatın bizə heç vaxt təklif etmədiyi bir baxış bucağı təklif edir. Bu sistem uydurmadır, həyatı yenidən yaradırmış kimi görünərkən, ona barmaq eləyən hiyləgər romançının əlavələridir. O, həyatın miqyasını kiçildən və onu oxucu üçün əlçətan söz sırası içində təqdim edərkən, fiksiya bəzən zərifliklə, bəzən vəhşicə ona xəyanət edir. Beləcə, oxucu onu ittiham edə, başa düşə bilər və ən vacibi onunla gerçək həyatın heç vaxt təklif etmədiyi bir toxunulmazlıq içində yaşaya bilər.

      Onda bədii əsərlə qəzet xəbəri, ya da tarix kitabı arasındakı fərq nədir? Onlar da sözlərdən ibarət deyilmi? Onlar da təhkiyənin süni zamanı içində gerçək zamanın sərhədsizliyini əhatə etmirlərmi? Nəyin gerçək olduğu məsələsinə gələndə söhbətin mövzusu bir-birinə zidd olan strukturlara çevrilir: roman həyata üsyan edir və onu əzir, digər janrlar həyatın köləsi olur. Hər iki nümunədə doğruluq və aldatma anlayışları müxtəlif cür işləyir. Jurnalistikada, ya da Tarixdə yazılanla gerçəyin üst-üstə düşməsi vacibdir; yaxınlaşdıqca doğru olur, uzaqlaşdıqca yalnış. Mişelenin “Fransız inqilab tarixi”, ya da Preskotun “Perunun fəthi” əsərlərinin “roman kimi” olduğunu demək onları tənqid etməkdir, çünki bu o deməkdir ki, onlar mənbə kimi dürüst deyillər. “Hərb və sülh”də Napaleonun Rusiya səfəri ilə bağlı tarixi xətaların siyahısını tutmaq vaxt itkisidir; romanın doğruluğu reallığa bağlı deyil.

      Reallığa bağlı deyilsə, onda nəyə bağlıdır? Cavab: inandırmaq gücünə, nəql etdiyi fantaziyanın ötürülmə qüvvəsinə və ecazına. Hər yaxşı roman düzünü deyir və hər pis roman yalançıdır. Bir romanın “düzünü deməsi” oxucunun bir fantaziyanı təcrübədən keçirməsi, “yalan danışması” isə bu bədii yalanın alınmaması deməkdir. Bu baxımdan, roman əxlaq ötəsidir, ya da başqa cür desək, onun əxlaqı özündədir; doğruluğu və yalnışlığı sadəcə estetik meyarlardadır.

      Yuxarıdakı sözlərim fiksiyanın əsassız bir uydurma, dəyəri olmayan bir hoqqabazlıq olması kimi başa düşülə bilər. Amma əksinə, nə qədər qəribə səslənir, səslənsin, fiksiyanın kökləri insan təcrübəsinə batıb, o, bu təcrübədən qidalanır və həmin qidanı insana geri qaytarmaqla onu doyuzdurur. Bədii ədəbiyyat tarixində tez-tez təkrarlanan temalardan biri də romanların gerçək olması və həyatın romanlardakı kimi olduğunu zənn etmək olub. Cəngavərlər haqqındakı kitablar “Don Kixot”un başını xarab eləyib və o, əldə qılınc yel dəyirmanlarına hücum çəkib. Əgər oxuduğu romantik romanlardakı qadın qəhrəmanlar kimi olmaq istəməsəydi, Emma Bovarinin faciəsi qətiyyən baş verməyəcəkdi.

      Don Kixot və Emma Bovari reallığın bədii ədəbiyyat kimi olduğuna inandıqları üçün dəhşətli təlatümlər keçirirlər.


Скачать книгу