Sevginin səsi. Nail Aydın

Sevginin səsi - Nail Aydın


Скачать книгу
Hər kiçik səhvə görə üzr gözləməməliyik. Başa düşüb özümüz bağışlamalıyıq. Bir-birimizdən başqa hələ ki,-heç kimimiz yoxdu, anlayışlı olmağımız lazımdı.

      –Haqlısan.

      Bu zaman dayanacağa iki qadın gəlirdi. Qırmızısaç və Nihad üstlərində əyləşməsinlər deyə tez ayağa qalxdılar. Və küçə boyu üzüyuxarı Filarmoniya bağına tərəf irəlilədilər.

      Filarmoniya bağı və ətrafı- Bakının ən sevilən yerlərindən biri olan kiçik bir park. Parkın bir tərəfi Xəzərə tərəf uzanır, bir tərəfi isə Qala divarları ilə örtülərək gözəl bir mənzərə yaradır. Bakı səhrasında vahədir Filarmoniya bağı. Ağaclar, çiçəklər, fəvvarələr. Bakıda Bakını unutmaq istəyənlərin məkanıdır bura. Filarmoniyadan yüksələn həzin musiqi sədaları altında çəmənliklərində uzanan sevgililər, qaçaraq oynayan uşaqlar, ailəsi ilə dincələnlər və yenicə tanış olmuş ruhlar.

      Az əvvəl ardı-arası kəsilməyən suallar verən Nihad yenə susmuşdu. Uşaqlıqdan bəri olduğu kimi. Başqa insanların yanında elə də çox danışmayan, rahat-rahat tanışlıqlar qurmayan biri idi. Buna görə dostları az idi. Çoxu da uşaqlıq dostları idi. Amma onların yanında özünü xoşbəxt hiss edir, bütün dərdlərini unudurdu. Dostun anlamı da bu olsa gərək. Qızların yanında isə dili topuq vurardı, söhbətdən söhbətə keçər, ya da heç danışa bilməzdi. Amma Qırmızısaç susmağa bu qədər səbirli deyildi, deyəsən:

      –Adın nədir?

      –Doğrudan a, hələ də adlarımızı bilmirik? Mən Nihad.

      – Mənsə Leyla.

      Leyla – dünyada bundan gözəl ad varmı, görəsən? Hər səslənişində əsrlərdən qalan sevgini göstərən, hər kəsin arzuladığı, amma heç kimin çata bilmədiyi məhəbbətin simvolu. Bu ad səslənəndə, sanki, səs telləri deyil də ürəkdə bir yerlər titrəyir. Hər qadın bu ad qədər sevilmək istər, şübhəsiz, hər kişi də bu adı sevən qədər sevmək.

      –Nə oldu? Yenə susdun.

      –Hə. Fikrim dağıldı bir anlıq.

      –Həmişə belə az danışırsan?

      – Mən, əslində, suallarımın səni sıxdığını düşünmüşdüm.

      – Yox, uzun müddətdir heç kimlə danışmırdım, ya da tək qalmaq mənə zamanı daha uzun göstərirdi. Danışmağa ehtiyacım var.

      – Danışmağa vaxtımız çox olacaq onsuzda.

      –Belə düşünürsən?

      –Bəs necə? Ətrafımızda danışmağa bir-birimizdən başqa heç kim yoxdu. Fərqli düşünməyə səbəb var?

      – Axmaq.

      –Nə?

      –Heç.

      –Mənə axmaq dediyini eşitdim.

      –Bəs onda niyə soruşursan?

      – Səbəbini bilmək istəyirəm.

      – Nə vaxt ölmüsən?

      –Bu mənim sualımın cavabı deyil.

      –Nə vaxt ölmüsən?– Leyla sualını təkrarladı. Boğmağa çalışsa da qəzəbini tam gizlədə bilmirdi. Bu Nihadı bir az qorxutdu. Şeytanın da mələk olduğunu unutmuşdu.

      –Çox iyrənc sualdı.

      –Amma bu sənin ölü olduğunu dəyişdirmir.

      –İki həftə əvvəl.

      –Deməli, iki həftə əvvəl. İki həftə əvvəl nə düşünürdün?! Yəqin ki, ölümün ağlına belə gəlmirdi. Etmədiyin nələrsə qalmışdı ertələyə-ertələyə. Ya da qırxil sonrası üçün də planların hazır idi. Məncə ikincisi. Elə paltarından görünür.

      –Hey, axı geyimimin nə dəxli var? Həm də bu kifayət qədər bahalı kostyumdur. –Dediyinin mənasız olduğunu özü də anlamışdı.

      –Sözümü kəsmə! Qırx il sonrası üçün də planların hazır idi, yəqin. Amma öldün. Etmədiyin o qədər şey qalmışdı ki, sevdiklərinə, sevgilinə demədiyin sözlər. İndi isə gəlib burda mənə vaxtımızın olduğunu deyirsən.

      –Mənim sevgilim yoxdu, -Nihadın hər dəfə boş sözlərlə araya girməsi Leylanı özündən daha çox çıxarırdı.

      –Ooo, demək, sevgilin yoxdur, iyirmi yeddi yaşında ailənin tapdığı bir qızla evələnəcəkdin, otuz yaşa kimi iki uşaq, xoşbəxt ailə. Yəqin uşaqlarının oxuyacağı yerlər belə hazır idi. Onlar da böyüdükdən sonra sənin kimi təhsilli, planlı, qalstuklu gicbəsərlər olacaqdılar.

      –Hey, niyə belə əsəbisən? Buna heç bir anlam verə bilmirəm, – amma yenə də qalstukunu çıxartdı və “bahalı” pencəyinin cibinə qoydu. – Məni tanımırsan və haqqımda belə danışmağa ixtiyarın da yoxdu.

      –Axı başa düşmürsən. Biz ölmüşük, ruhumuzun nə vaxt göylərə gedəcəyi isə bəlli deyil. Burda niyə qaldığımızı onsuzda anlamıram. Niyə vaxtımızı susaraq keçirəkki?

      – Hə, bəlkə də, hər şey sən deyən kimidir. Amma hamı sən ola bilməz. Mənim də xasiyyətim belədi. Hər halda buna görə mənə gicbəsər demək lazım deyildi.

      –Bağışla.

      –Yenə? – incik bir təbəssümlə soruşdu. Amma bu insanlardakı kimi özünü məcbur edib gülən təbəssümlərdən deyil. Ruhların hissləri yalançı olmur.

      – Hə. Doğrudan, üzgünəm sənə elə dediyim üçün. Görünür, ölmək mənə pis təsir eləyib- hər ikisi güldü.– Axı belə qalmaq, susmaq, heç kimə dərdini izah edə bilməmək çox çətindi. Heç nə bizə deyildiyi kimi deyil.

      –Haqlısan, heç nə bizə deyildiyi kimi deyil. Bəlkə də bunun bir səbəbi var.

      –Bəlkə də.

      –Leyla.

      –Hə?

      –Mənim iyirmi səkkiz yaşım var.

      –İyirmi səkkiz? Heç göstərmirsən. Nədir, yoxsa evlisən?

      –Yox, sənə sevgilim olmadığını demişdim.

      –Bunun üçün sevgi həmişə vacib deyil.

      – Ola bilər bu kimin üçünsə belədi. Amma mənim üçün yox.

      Uzun bir müddət susdular. Parka gəlib gedənlərə baxırdılar: zaman-zaman kədərlə, sevinclə, həsrətlə. Amma onlar da evlərinə getməyə başlamışdılar. Hava artıq daha tez qaralır, soyuq isə hava qaralmamışdan şəhəri bürüyürdü.

      –Nihad, mən çox yorğunam. Yatmaq istəyirəm.

      Sizə əsərin əvvəlindən bəri bəhs elədiyim yatmaq səhnəsi çoxmu absurd görünür? Görünməsin. Bədənləri olmayan, fiziki cəhətdən yorulmayan varlıqlar niyə yatsınlarki? Belə düşünürdünüz? Düşünməyin. Sözlərimi də yanlış anlamayın. Bunlar əmr deyil, xahişdir. Onsuzda yazımı buraya qədər oxuduğunuz üçün sizə minnətdaram. Amma bunun ardını da gətirməmə izin verin. Z-ni görən kimi ağlınıza o saat zibil gəlməsin, əziz oxucum, çünki bu söz zərif də ola bilər.

      Bunu izah etməmişdən əvvəl mütləq qeyd etməliyəm ki, ruhlar yuxu görmürlər. Bu ağlınızda qalsın. Çünki insanların


Скачать книгу