İfşa edilmiş fırıldaqçı. Франц Кафка
üstəlik başım da yırğalanırdı. Bununla belə soyuqqanlılıqla və bütün gücümlə xilas yolu tapmağa çalışırdım. Birdən yaxınlıqdan axmalı olan çay yadıma düşdü və dərhal ayaqlarımın altında yan tərəfə burulan bir cığır gördüm, doğrudan da çəmənliyin üstü ilə bir neçə dəfə tullandıqdan sonra sahilə çatmışdım.
Çay enli idi, uğultulu və kiçik dalğaları işım-işım işıldayırdı. Çayın o biri sahili də çəmənlik idi, sonra kolluqlar başlayırdı, kolluqların arxasında isə lap uzaqlardakı yaşıl təpələrə doğru uzanıb gedən xiyaban görünürdü.
Bu mənzərədən sevinərək yerə uzandım, ağlamaq səsini yenə eşidəcəyimdən qorxaraq qulaqlarımı tıxadım və burada dincələ biləcəyimi düşündüm. Bura kimsəsiz və gözəl bir yer idi; və burada yaşamaq üçün böyük bir igidliyə də ehtiyac yox idi. Başqa yerlərdə olduğu kimi insan burada da əzab-əziyyət çəkməlidir, amma gözəl hərəkətlər etməyə məcbur deyil. Heç buna ehtiyac da olmayacaq, çünki burada yalnız dağlar və böyük bir çay var və mən də kifayət qədər ağıllıyam ki, buranın kimsəsiz bir yer olduğunu anlaya bilim. Bəli, dağa qalxan, ot basmış cığırla təkbaşına zorla yeriyərkən, dağdan daha çox tənha olmayacağam; sadəcə özümü bir az kimsəsiz hiss edəcəyəm. Amma məncə, bu da keçib gedəcək.
Beləcə, öz gələcək həyatımla oynayır və inadla unutmağa çalışırdım. Bir tərəfdən də gözlərimi qıyaraq, xoşbəxtlik saçan qeyri-adi bir rəngə boyanmış göy üzünə baxırdım. Çoxdandır səmanı belə görməmişdim, bu məni mütəəssir etdi və onu belə gördüyümü düşündüyüm bəzi günlər yaddaşımda canlandı. Əllərimi qulaqlarımdan çəkdim, qollarımı açdım və özümü otların üstünə atdım.
Uzaqdan kiminsə hıçqırıq səsləri gəldi qulağıma. Elə bu zaman külək qopdu, əvvəl görmədiyim quru yarpaqlar bir yerə komalanaraq xışıltı ilə havada uçuşmağa, ağaclardakı kal meyvələr qəzəblə yerə tökülməyə başladı. Bir dağın arxasından eybəcər buludlar yüksəldi. Çayın dalğaları guruldadı və küləyin təsiri ilə geri çəkildi.
Tez ayağa qalxdım. Ürəyim ağrıyırdı, çünki bu bəlalardan qurtulmağın mümkün olmadığını düşünürdüm. Geri dönüb bu yerləri tərk etmək və əvvəlki həyatıma qayıtmaq istəyirdim ki, birdən ağlımdan bu fikir keçdi: “Nə qəribədir ki, bizim dövrümüzdə nəcib insanlar hələ də belə çətin bir üsulla çayın o biri sahilinə göndərilirlər. Bunun səbəbi sadəcə köhnə vərdişlərdir”. Başımı yırğaladım, təəccüblənmişdim.
3. GOMBUL
a) Əraziyə xitabən söylənmiş nitq
Qarşı sahildəki kolluqların arasından dörd yekəpər və çılpaq kişi çıxdı; çiyinlərində taxta xərək daşıyırdılar. Xərəyin üstündə gombul bir adam şərqsayağı oturmuşdu. Onu kolluqların arasından, keçilməmiş bir yolla aparsalar da, tikanlı budaqları əlləri ilə aralamır, onları hərəkətsiz gövdəsi ilə laqeydcə yarıb keçirdi. Bədənindəki piy qatları sağa-sola elə bərabər ölçüdə yayılmışdı ki, xərəyin üstünü tamamilə örtmüş və üstəlik sarımtıl bir xalçanın ucları kimi yan tərəflərdən yerə sallanmışdı, amma bu onu qətiyyən narahat etmirdi. Üzündəki ifadədən düşünən və bunu gizlətməyə çalışmayan sadəlövh bir adama bənzəyirdi. Hərdən gözlərini yumub açdıqda çənəsi əyilirdi.
– Bu ərazi düşünməyimə mane olur, – o sakitcə dedi, – onun ucbatından düşüncələrim güclü axına tuş gəlmiş zəncirli körpülər kimi yırğalanır. Gözəl ərazidir, buna görə də istəyir ki, ona tamaşa etsinlər.
Gözlərimi yumub deyirəm: ey, çayın sahilində yüksələn və daşları suya yuvarlanan yaşıl dağ, sən gözəlsən!
Lakin dağ bununla kifayətlənmir, istəyir ki, gözlərimi açıb ona baxım.
Amma yumulu gözlərlə desəm ki, “Ey dağ, səni sevmirəm, çünki sən mənə buludları, axşam şəfəqlərini və göy üzündə doğan ulduzları xatırladırsan, bunlar isə məni az qala ağladan şeylərdir, çünki kiçik bir xərəkdə aparılan insan üçün bunlar əlçatmazdır. Ey hiyləgər dağ, sən bütün bunları mənə gözəl və əhatəli bir şəkildə göstərməklə, qəlbimi şənləndirən uzaqların mənzərəsini pərdələyirsən. Buna görə də səni sevmirəm, ey çay sahilində yüksələn dağ, səni sevmirəm”. Bu sözlərimə də əvvəlki kimi laqeyd qalacaq və məmnun olmayacaq dağ, çünki açıq gözlərlə danışmıram.
Məgər, dağın bizə qarşı yaxşı münasibətinin və ümumiyyətlə, bizim beyinlərimizin xəşilinə duyduğu qəribə hərisliyinin həmişə qalmasına çalışmamalıyıqmı? Yoxsa diş-diş kölgələrini üzərimə salacaq, qorxunc və çılpaq divarlarını qarşıma çıxaracaq, məni xərəklə aparanlar isə yoldakı kiçik daşlara ilişib səndələyəcəklər.
Amma belə təkəbbürlü, belə zəhlətökən və belə kinli olan dağ deyil təkcə, başqa nə varsa, hamısı belədir. Buna görə də, gözlərimi bərəldib, – ah, nə yaman ağrıyır onlar, – dönə-dönə təkrar etməliyəm: “Bəli, ey dağ, sən gözəlsən, sənin qərb yamacındakı meşələr məni çox sevindirir… Ey çiçək, səndən də çox məmnunam, sənin çəhrayı rəngin ruhumu fərəhləndirir… Və sən, çəmənlikdəki ot, boy atıbsan, artıq güclüsən və sərinlik verirsən… Ey qəribə kolluq, sənsə tikanlarını elə qəfildən batırırsan ki, ağlımız qaçır. Çay, sənə olan rəğbətim o qədər böyükdür ki, özümü sənin yüngül sularına atacağam ki, aparasan məni”.
Gombul hərdən bədəninin itaətkar hərəkətləri ilə müşayiət olunan bu mədhiyyəni on dəfə ucadan təkrarlayaraq başını aşağı saldı və gözlərini yumaraq dedi:
– Amma indi sizdən xahiş edirəm, – ey dağ, çiçək, ot, kolluq və çay, – mənə bir az yer verin ki, nəfəs ala bilim.
Bu zaman ətrafdakı dağlar tələsə-tələsə yerlərini dəyişib, duman pərdəsinin arxasına keçdi. Xiyabanlar öz yerində qalsa da və genişliyini qoryub saxlasa da, lap vaxtında tutqun şəklə düşdü: göydə günəşin qarşısını kənarları işıldayan nəmli bir bulud kəsmişdi; buludun kölgəsində ərazi daha da alçaq görünürdü, bütün cisimlər isə öz gözəl cizgilərini itirmişdi.
Xərəkçilərin ayaq səsləri mənim sahilimə qədər gəlib çatırdı, amma üzlərinin qaranlıq dördbucağında heç bir şeyi aydın seçə bilmirdim. Amma daşıdıqları yük qeyri-adi olduğu üçün başlarını yana əydiklərini, bellərini bükdüklərini görə bilirdim. Onlara görə narahat olmuşdum, çünki yorulmuşdular. Bu səbəbdən, sahildəki çəmənliyə ayaq basdıqlarını gördükdə onları maraqla izləməyə başladım. Sonra düzgün addımlarla nəm qumların üstündə yeriməyə başladılar, nəhayət qamışlı bataqlığa daldılar; arxadakı xərəkçilər xərəyi üfüqi vəziyyətdə saxlamaq üçün bellərini daha aşağı əymişdilər. Barmaqlarımı bir-birinə keçirtdim. İndi onlar hər addımda ayaqlarını daha da yuxarı qaldırmalı idilər, buna görə də bədənləri bu dəyişkən günün sərin havasında tərdən işıldayırdı.
Gombul əllərini budlarının üstünə qoyaraq sakitcə oturmuşdu; qamışların uzun ucları irəlidəki xərəkçilər keçərkən gərilir, sonra