İfşa edilmiş fırıldaqçı. Франц Кафка
əvvəlcə çənəsinə çatdı, sonra ağızlarına qədər çıxdı; başları geriyə qanrıldı, xərək isə çiyinlərinin üstünə düşdü. İndi su burunlarına çırpılırdı, amma onlar öz səylərin-dən əl çəkmirdilər, hərçənd çayın heç ortasına da çatmamışdılar. Bu zaman çox da hündür olmayan bir dalğa qabaqda gedən xərəkçilərin başına çırpılaraq onları suya batırdı və dörd adam çabalayan əlləri ilə xərəyi də özləri ilə aşağı çəkərək səssiz-səmirsiz boğuldu. Və sürətlə gələn dalğalar onların yerini tutdu.
Bu an böyük bir buludun kənarlarından sızan axşam günəşinin zəif işığı üfüqdəki təpələri və dağları aydınlatdı. Buludun altında qalan çay və ərazi tutqun şəkildə işıqlanmışdı.
Gombul yavaş-yavaş suyun axın istiqamətinə döndü və artıq lazımsız olan, buna görə də suya atılan parlaq taxtadan düzəldilmiş tanrı heykəli kimi çayın aşağısına tərəf sürüklənib getdi. Qara buludun kölgəsi isə onun arxasınca düşmüşdü. Uzunsov buludlar gombulu qabaqdan dartır, kiçik və büzüşmüş buludlar isə arxadan itələyirdi; bu isə böyük çalxalanmaya səbəb olurdu, dizlərimə və sahildəki daşlara çırpılan dalğalar bunu açıq-aydın göstərirdi.
Gombulla birlikdə yol getmək üçün tez yamacla yuxarı dırmandım, çünki onu həqiqətən sevirdim. Həm də ilk baxışdan təhlükəsiz görünən bu ölkənin təhlükələri haqqında ondan bəlkə nə isə öyrənə bilərdim. Beləcə, ensiz qum zolağı ilə yeriməyə başladım, amma qum zolağının darlığına əvvəlcə alışmaq lazım idi. Əllərimi ciblərimə salmış, üzümü düz bucaq altında çaya tərəf çevirmişdim, çənəm demək olar ki, çiynimə yapışmışdı.
Sahildəki daşlara qaranquşlar qonmuşdu.
Gombul dedi:
– Sahildə dayanmış əziz cənab, məni xilas etməyə çalışmayın. Bu suyun və küləyin qisasıdır; mənim işim bitib. Bəli, bu qisasdır, çünki dostum İbadətkarla indiyə qədər neçə dəfə qılıncların cingiltisi və kimvalların2 gözqamaşdırıcı parıltısında, boruların və litavraların möhtəşəm və parlaq şüaları altında bunların üzərinə hücum çəkdik.
Bu zaman balaca bir qağayı sürətini azaltmadan gombulun qarnının üstündən uçub keçdi.
Gombul sözünə davam etdi:
b) İbadətkarla söhbətin başlaması
– Bir vaxtlar bir kilsə vardı, hər gün oraya gedərdim; çünki aşiq olduğum qız axşamlar burada yarım saat diz çöküb ibadət edər, mən də ona rahatca tamaşa edərdim.
Bir gün bu qız kilsəyə gəlmədi; ibadət edənlərə narazı halda baxırdım ki, çəlimsiz bədənini döşəmənin üstünə uzatmış gənc bir adam gözümə sataşdı. Zaman-zaman bütün gücünü toplayaraq başını qaldırır və ah çəkərək onu daşların üzərinə sərilmiş əllərinin içinə qoyurdu.
Kilsədə yalnız bir neçə yaşlı qadın vardı; örtüklü başlarını tez-tez yana çevirib İbadətkara baxırdılar. Deyəsən, gənc adam onların diqqətini cəlb etdiyi üçün özünü xoşbəxt hiss edirdi, çünki ibadət zamanı hər dəfə cuşa gəlməzdən əvvəl gözlərini gəzdirir və ona baxan adamların çox olub-olmadığını yoxlayırdı.
Mənsə bunu yaxşı hərəkət hesab etmədim, kilsədən çıxar-çıxmaz gedib onunla danışmağa və nə üçün bu cür ibadət etdiyini soruşub öyrənməyə qərar verdim. Bəli, acıqlı idim, əsəbiləşmişdim, çünki sevgilim kilsəyə gəlməmişdi.
Lakin o ancaq yarım saatdan sonra ayağa qalxdı, canfəşanlıqla xaç vurdu və tənbəl addımlarla müqəddəs piyaləyə doğru yeridi. Mən qapı ilə suçiləyicinin arasında dayandım, söhbət etmədən ona yol verməməyi qərara almışdım. Danışmağı qətiləşdirdiyim zaman buna hazırlaşmaq üçün həmişə etdiyim kimi ağzımı büzdüm; sağ ayağımı irəli uzadıb bədənimin ağırlığını onun üstünə saldım, sol ayağımı isə barmaqlarımın ucu ilə yerə dayadım; yoxlamışdım, bu mənə mətinlik verirdi.
Bəlkə bu adam üzünü müqəddəs su ilə isladarkən mənə çəpəki baxmışdı, bəlkə də məni daha əvvəl görüb təşvişə düşmüşdü, çünki birdən-birə götürülüb özünü qapıdan çölə atdı. Şüşə qapı çırpılaraq örtüldü. Dərhal onun arxasınca qapıdan çıxdım, gözdən itmişdi, çünki yaxınlıqda bir neçə dar küçə vardı, üstəlik gəliş-gediş də çox idi.
Bu gənc adam bir neçə gün gözə dəymədi, amma qız yenə əvvəlki kimi kilsəyə gəlib ibadət edirdi. O, yaxalığında krujevalı naxışlar olan, – köynəyinin boynu krujevanın altında qalmışdı, – qara don geyinirdi; naxışların kənarlarından aşağı enən ipək parça yaxşı qatlanmış yaxalıqla birləşirdi. Qız gəldiyi üçün gənc adamı çoxdan unutmuşdum və hətta bir neçə gün sonra o yenə müntəzəm olaraq kilsəyə gəlib, adəti üzrə ibadət etməyə başladıqda da əvvəlcə diqqətimi çəkmədi. Amma həmişə mənim yanımdan keçəndə üzünü yana çevirib tələsə-tələsə yeriyirdi. Bəlkə, onu həmişə hərəkətdə olduğu zaman təsəvvür etdiyim üçün belə düşünürdüm; hətta yerindən tərpənməsə də, mənə elə gəlirdi ki, bu adam oğrun-oğrun yeriyir.
Bir gün tərəddüd içində olsam da, yenə kilsəyə getdim. Qızı orada tapmayıb, evə qayıtmaq istədim. Birdən gördüm ki, bu gənc adam yenə döşəməyə uzanıb ibadət edir. Əvvəlki vəziyyət yadıma düşdü və məndə maraq oyatdı.
Ayaqlarımın ucu ilə yeriyərək qapıya yaxınlaşdım; burada oturmuş kor dilənçiyə qəpik-quruş verib, onun yanında özümə yer eləyərək qapının açıq layının arxasında gizləndim. Burada bir saat oturub gözlədim, bəlkə də bu zaman üzümdən hiyləgərlik yağırdı, amma hər halda özümü yaxşı hiss edirdim. Lakin sonra bu İbadətkar üzündən burada qaxılıb qalmağın ağılsızlıq olduğunu düşündüm. Bununla belə, artıq üç saat idi ki, burada oturmuşdum; qanım qaraldı, çünki paltarımın üstünə hörümçəklər dırmanmışdı, üstəlik bərkdən nəfəs ala-ala kilsənin qaranlığından çıxanlara əyilib baxmaq məni lap əsəbiləşdirirdi.
Və bu an o da göründü. Ehtiyatla yeriyirdi, addım atmazdan əvvəl, barmaqlarının ucu ilə döşəməni yoxlayırdı.
Ayağa qalxdım, bir böyük addım ataraq onun yaxasından yapışdım.
– Axşamın xeyir, – deyə əlim yaxasında, onu pillələrdən aşağı itələyib, kilsənin qarşısındakı işıqlanmış sahəyə çıxardım.
Aşağı düşərkən titrək səslə mənə dedi:
– Axşamın xeyir, əziz ağam, lütfən bu itaətkar qulunuza hirslənməyin.
– Bəli, – dedim, – sizdən bəzi şeyləri soruşmaq istəyirəm, cənab, keçən dəfə sivişib aradan çıxdınız, bu günu bunu bacarmayacaqsınız.
– Siz mərhəmətlisiniz, ağam, buraxın, evə gedim. Mənə rəhm etmək olar, buna inanın.
– Yox, – deyə qışqırdım, səsim yaxınlıqdan keçən tramvayın gurultusuna qarışdı, – sizi buraxmayacağam! Bu cür əhvalatlar xoşuma gəlir. Siz mənim üçün xoşbəxtlik quşusunuz. Əslində, sizi yaxaladığıma görə özümü təbrik
2
Kimval və litavra – zərb alətləri