Balaca lord. Фрэнсис Элиза Бёрнетт

Balaca lord - Фрэнсис Элиза Бёрнетт


Скачать книгу
dərc olunmuş şəkilli qəzet tutan cənab Hobbs isə zadəganların qarasınca deyinirdi:

      – Bir gün gələcək, xalq bütün bu qrafları, markizləri[5] devirəcək!

      Sedrik hündür kətilin üstündə oturub ona qulaq asırdı.

      – Cənab Hobbs, siz həyatınızda çox qraf, markiz görmüsünüz? – o, maraqla baqqaldan soruşdu.

      – Yox, tanrıya şükürlər olsun ki, görməmişəm. Hələ qoy onlardan bircəciyi bu dükanın qapısından içəri girməyə cürət eləsin! Başına elə oyun açaram ki, adı da yadından çıxar! – qoca qəzəblə dedi.

      Sedrik baqqalın zadəganlara niyə bu qədər nifrət etdiyini başa düşməsə də, dillənmədi.

      Elə bu vaxt qapı açıldı və qulluqçu Meri içəri girdi. O, çox həyəcanlı görünürdü, üzünün rəngi də avazımışdı.

      – Balaca, gəl evə gedək. Anan səni gözləyir, – Meri dedi.

      Sedrik dərhal kətildən yerə hoppandı.

      – Əzizim istəyir ki, mən onunla gəzməyə çıxım? – uşaq soruşdu.

      Meri cavab vermədi. Onlar cənab Hobbsla sağollaşıb dükandan çıxandan sonra Sedrik üzünü Meriyə tutub dedi:

      – Sənə nə olub? Özünü yaxşı hiss eləmirsən? Hava çox istidir deyə beləsən?

      – Yox, balaca, mənə heç nə olmayıb, – Meri dilləndi.

      Sedrik daha ondan heç nə soruşmadı. Fikirləşdi ki, yəqin, evə çatanda anası hər şeyi ona izah eləyər.

      Evə yaxınlaşanda həyətdə bir faytonun dayandığını gördü. Qapını açıb içəri girdilər. Anası qonaq otağında kiminləsə söhbət eləyirdi. Meri onu ikinci mərtəbədəki otağına aparıb əl-üzünü yudu, təzə paltarını geyindirdi, saçlarını daradı. Bundan sonra Sedrik pilləkənləri düşüb qaçaraq qonaq otağına gəldi. Arıq, yaşlı bir centlmen anası ilə üzbəüz kresloda oturmuşdu. Missis Errol oğlunu görən kimi özünü onun üstünə atdı.

      – Ah, Seddi! (Anası onu nəvazişlə belə çağırırdı.)

      – Əzizim! – Sedrik anasını qucaqlamağa, öpməyə başladı.

      Arıq, uzun centlmen kreslodan qalxıb uşağı başdan-ayağa diqqətlə süzəndən sonra dilləndi:

      – Deməli, balaca lord Fauntleroy sənsən!

      2

      Növbəti həftəni Sedrik təşviş içində keçirdi. Əvvəla, anası ona qəribə bir əhvalat danışdı. Özü də uşaq yaxşı başa düşsün deyə həmin əhvalatı düz üç dəfə təkrarlamalı oldu. Dedi ki, o gün qonaq otağında gördüyü uzun, arıq kişi vəkil Hevişemdir. Onu İngiltərədən Amerikaya babası göndərib. Sən demə, Sedrikin indiyə kimi üzünü görmədiyi babası qraf imiş! Əgər Sedrikin böyük əmisi atdan yıxılıb ölməsəydi, balaca əmisi isə Romada qızdırma xəstəliyinə düçar olub vəfat etməsəydi, babası dünyasını dəyişəndən sonra onlar da qraf olacaqlarmış! Ancaq əmiləri həyatda deyillər. Beləliklə, qoca qraf vəfat edərsə, onun bütün mirası və zadəgan titulu Sedrikin atasına keçməlidir. Lakin kapitan Errol da artıq bu dünyadan köçdüyünə görə vərəsəlik hüququ Sedrikə keçir. Bununla belə, qoca qraf hələ ki sağ olduğundan oğlan lord Fauntleroy titulunu daşıyacaq. Babası öləndən sonra isə qraf olacaqdı.

      Oğlan anasının danışdıqlarını eşidəndə bərk həyəcanlandı.

      – Əzizim, – o, anasına dedi, – mən qraf olmaq istəmirəm! Axı mənim dostlarımdan heç biri qraf deyil!

      Lakin belə məlum oldu ki, bundan qaçmaq mümkün olmayacaq…

      Həmin axşam oğlan anası ilə birlikdə açıq pəncərənin qarşısında oturub məhəllələrindəki kasıb daxmalara tamaşa eləyirdi. Sedrik əlləri ilə dizlərini qucaqlamışdı. Uşaq həmişə nə barədəsə fikirləşəndə belə eləyirdi. Sifəti istidən pörtmüşdü. Baş verənləri anlamağa çalışırdı.

      – Seddi, məncə, baban haqlıdır, – kədərli-kədərli pəncərədən çölə baxan missis Errol dilləndi. – Atan da belə olmasını istəyərdi. Mən buna imkan verməsəm, xudbinlik eləmiş olaram. Böyüyəndə özün hər şeyi başa düşəcəksən…

      – Axı mən cənab Hobbsdan, dostlarımdan ayrılmaq istəmirəm! Bu şəhərdən getsəm, onlar üçün çox darıxaram…

* * *

      Ertəsi gün Sedrikin babası Dorinkort qrafının şəxsi vəkili olan cənab Hevişem yenidən onlara təşrif buyurdu. O, qoca qrafın tapşırığı ilə Sedriki İngiltərəyə aparmaq üçün gəlmişdi. Vəkil oğlanı dilə tutaraq deyirdi ki, əgər getməyə razılıq versə, böyüyəndə çoxlu var-dövləti, dəbdəbəli qəsrləri, geniş bağları olacaq. Ancaq bütün bunlar Sedriki maraqlandırmırdı. Onu daha çox cənab Hobbsdan ayrılacağı narahat eləyirdi. Odur ki səhər yeməyindən dərhal sonra baqqalın dükanına yollandı. İçəri girəndə cənab Hobbs həmişəki kimi qəzet oxuyurdu.

      – Hə, bu sənsən! – baqqal Sedriki görüb dedi. – Sabahın xeyir.

      – Sabahınız xeyir! – Sedrik dilləndi. Ancaq bu dəfə nədənsə hündür kətilinə dırmaşmadı. Dükandakı ərzaq qutularından birinin üstündə oturub, adəti üzrə, dizlərini qucaqladı. Bir müddət dinib-danışmadı. Sonra qəfildən sözə başladı:

      – Cənab Hobbs, dünənki söhbətimiz yadınızdadır?

      – Yadımdadır, necə bəyəm? – baqqal boynunun ardını qaşıyıb dedi.

      – Qraflar barədə dedikləriniz də? – uşaq çəkinə-çəkinə bir də xəbər aldı.

      – Bəs necə! – Hobbs təsdiqlədi. – Dünən onları yaxşıca «yağladıq»!

      Bu sözləri eşidən Sedrik qıpqırmızı qızardı. Axı heç vaxt belə çətin vəziyyətə düşməmişdi.

      – Siz demişdiniz ki, o qraflardan, markizlərdən heç birinin ayağı dükanınıza dəyə bilməz, elədir? – Sedrik bir də dilləndi.

      – Düzdür, belə demişdim.

      – Cənab Hobbs, onlardan biri sizin dükanınızda oturub.

      – Necə? – qəzəbli baqqal yerindən elə sıçradı ki, az qala kürsüdən yıxılacaqdı.

      – Bəli! – Sedrik ciddi şəkildə dedi. – Sizə yalan söyləmək istəmirəm, mən qrafam, daha doğrusu, qraf olacağam.

      Baqqal bərk narahat oldu, elə bildi, uşağı gün vurub, ona görə də nə danışdığını bilmir. İri əlini Sedrikin alnına qoyub təşvişlə soruşdu:

      – De görüm, özünü necə hiss eləyirsən? Başın ağrıyır?

      – Mən xəstə deyiləm, cənab Hobbs, – Sedrik dedi. – Başım da ağrımır. Təəssüf ki, bu, həqiqətdir. Meri dünən buna görə məni evə aparmağa gəlmişdi.

      Cənab Hobbs özünü kürsüyə yıxıb əlindəki dəsmalla alnının tərini sildi.

      – Deyəsən, səni yox, məni gün vurub… – o, güclə dilləndi.

      – Yox, cənab Hobbs, heç


Скачать книгу

<p>5</p>

Markiz – Fransada, İngiltərədə, İtaliyada və İspaniyada zadəgan rütbəsi, habelə belə rütbəsi olan şəxs