Şerlok Homs və doktor Vatson. Артур Конан Дойл
bildikləri arasında hansı əlaqə var. Yaxşısı budur, başımı boş yerə yormayım!”
Yeni tanışımın skripkada gözəl ifa edə bildiyini yuxarıda söyləmişdim. Lakin burada da onun digər məşğuliyyətləri kimi nəsə qəribəlik vardı. Holmsun skripka üçün xeyli çətin əsərlər ifa etdiyinin şahidi olmuşdum. Məsələn, xahişimi yerə salmayaraq Mendelsonun “mahnıları”nı, digər sevdiyim melodiyaları çalmışdı. Lakin onun tək olanda hər hansı bu cür qəliz melodiya ifa etdiyini eşitməzdin. Holms axşamlar skripkanı dizi üstə qoyur, kürəyini kreslo arxalığına söykəyib gözlərini yumaraq yayı ehtiyatla simlərə sürtürdü. Bu zaman gah kədərli, gah da şən akkordlar ətrafa yayılırdı. Bir sözlə, ilk baxışdan mənə elə gəlirdi ki, onun ifaları əhval-ruhiyyəsindən asılıdır. Lakin zaman keçdikcə ayırd edə bilmirdim ki, söhbət ev yoldaşımın yalnız ovqatından gedir, yoxsa o hansısa qəribə, naməlum, sirli düşüncələrin təsiri altındadır. Əgər səbrimi tarıma çəkən bu cür qarışıq ifalardan sonra o, sümüyümə düşən başqa şeylər çalmasaydı, yəqin, dözə bilməz və Holmsun çalğılarına üsyan edərdim.
Yeni mənzilə köçdükdən sonra ilk həftə bizi arayıb-axtaran olmadı. Bu səbəbdən də ev yoldaşımın da yaşadığımız şəhərdə mənim kimi tək-tənha olduğunu düşünürdüm. İntəhası, tezliklə yanıldığımı anladım: Holmsun Londonda xeyli tanışı var idi, üstəlik, bu tanışlar cəmiyyətin müxtəlif təbəqələrini təmsil edirdilər. Çox keçmədi ki, sarı, solğun simalı, balacaboy bir nəfər Holmsa baş çəkməyə gəldi. Ev yoldaşım onu mənə cənab Lestreyd kimi təqdim etdi. Bu adam sifətcə siçovulu xatırladırdı, iti, qara gözləri var idi. O, bir həftə ərzində üç-dörd dəfə Holmsun yanına təşrif buyurdu. Bir gün səhər isə zərif, gənc bir qız gəlib yarım saata qədər ev yoldaşımın yanında qaldı. Elə həmin gün yəhudiyə oxşayan başqa bir nəfər də onunla görüşdü. Həmin adamın son dərəcə həyəcanlı olduğu gözümdən yayınmadı. Onun ardınca isə ayağında nimdaş başmaq olan bir qarı gəldi. Qarı getdikdən sonra Holmsun yeni qonağı gur, ağ saçları olan ortayaşlı bir kişi oldu. O da ev yoldaşımla nə barədəsə xeyli söhbət etdi.
Holmsun növbəti qonağı velvet parçadan gödəkcə geyinmiş bir nəfər oldu. O, görünüşcə dəmiryol vağzalındakı yükdaşıyanları xatırladırdı.
Hər dəfə bu cür qəribə ziyarətçilər gələndə Şerlok Holms məndən qonaq otağını tərk etməyimi xahiş eləyir, mən də qalxıb sakitcə öz yataq otağıma çəkilirdim. “Vacib görüşlərimi evdə keçirməli oluram, odur ki gərək bağışlayasınız”, – deyə Holms bir dəfə üzrxahlıq edərək izahat verdi. – “Onlar mənim müştərilərimdir”. Mən ondan işi barədə daha ətraflı soruşmaq istədim, ancaq bu dəfə də nəzakət xatirinə susdum. Belə fikirləşirdim ki, ev yoldaşımın öz peşəsini gizli saxlaması üçün kifayət qədər ciddi səbəbləri var. Lakin sonradan Holmsun özü bu barədə ətraflı danışarkən yanlış düşündüyümü anladım..
Martın 14-də – bu tarixi yaxşı xatırlayıram – həmişəkindən fərqli olaraq yuxudan erkən oyanmış və yataqdan çox tez qalxmışdım. Bu zaman Şerlok Holmsun artıq qəhvəaltı etdiyini gördüm. Qulluqçu yuxudan gec oyanmağıma adət etdiyi üçün süfrəyə mənə aid qab-qacaq qoymamış, qəhvə bişirməmişdi. Odur ki masadan bir jurnal götürüb vərəqləməyə başladım. Holms isə həmin vaxt qızardılmış çörək tikəsini ləzzətlə çeynəyirdi.
Vərəqlədiyim jurnaldakı məqalələrdən birinin altından qələmlə xətt çəkilmişdi. Bu, marağıma səbəb oldu və yazını oxumağa başladım.
Məqalənin diqqət çəkən adı vardı: “Həyat kitabı”. Müəllif insanın şahid olduğu şeyləri sistemli və müfəssəl şəkildə müşahidə edərək çox şey öyrənə biləcəyini iddia edirdi. Məncə, müəllifin fikrini nə ağıllı, nə də axmaq mülahizə hesab eləmək olardı, daha çox bu ikisinin qəribə qarışığı idi. Bir çox fikirlər kifayət qədər məntiqli və inandırıcı görünsə də, mənə çox nəzəri və süni təsir bağışladı. Müəllif iddia edirdi ki, üz ifadələrindən, əzələlərin ən xırda hərəkətlərindən, yaxud adi baxışlardan qarşındakı insanın düşüncələrini təxmin etmək olar. Guya müşahidə və təhlil qabiliyyəti güclü olan adamları aldatmaq mümkün deyil. Amma müəllif öz fikirlərini elə bir üslubda ifadə etmişdi ki, onları oxuduqca sənə elə gəlirdi ki, bu fikirlər Evklidin[10] teoremləri kimi aksiomatikdir!
Müəllif yazırdı: “Məntiqlə düşünə bilən insan Atlantik okeanı, yaxud Niaqara şəlaləsini görməsə, bu barədə heç nə eşitməsə belə, onların mövcudluğu ilə bağlı nəticə çıxara bilər. İnsan həyatı – səbəb və nəticələrin uzun zənciridir. Biz insanın təbiətini bu zəncirin halqalarından birini müşahidə edərək də öyrənə bilərik. Nəticə çıxara bilmək və təhlil etmək qabiliyyəti digər bacarıqlar kimi uzun sürən zəhmət tələb edir. Ömür qısa olduğundan heç kəs bu sahədə tam kamillik mərtəbəsinə yüksələ bilmir. Yaxşı olar ki, buna nail olmaq istəyən hər bir kəs bu sahədə yüksək zirvələrə çatmazdan əvvəl, daha sadə məsələlərin həllindən başlasın; məsələn ilk qarşılaşdığı adamı müşahidə edərək onun keçmişini və peşəsini təyin etməyə çalışsın. Bu, ilk baxışdan uşaq oyunu kimi görünə bilər, lakin belə məşqlər müşahidə qabiliyyətinizi gücləndirərək nəyə, necə yanaşmaq lazım olduğunu sizə öyrədəcək. İnsanın dırnaqlarına, paltarının qollarına, ayaqqabılarına, şalvarının dizlərindəki qatlara, baş və şəhadət barmağındakı çıxıntılara, üz ifadəsinə baxmaqla onun peşəsini təxmin etmək mümkündür. Söhbət, əlbəttə ki, səriştəli müşahidəçidən gedir…”
Bu yerdə daha dözə bilmədim və jurnalı masanın üzərinə ataraq ucadan dedim:
– Cəfəngiyyatdır! Ömrümdə belə boşboğazlıqla qarşılaşmamışdım.
Şerlok Holms mənə baxıb təəccüblə soruşdu:
– Nədən danışırsınız?
– Bu məqalədən, – çay qaşığı ilə jurnalı döyəcləyib ev sahibəsinin bir qədər əvvəl gətirdiyi qəhvəaltıya girişdim. – Altından qələmlə xətt çəkilibsə, deməli, onu siz də oxumusunuz. Pis yazılmayıb, buna sözüm yoxdur, lakin belə boş şeylər əsəblərimə toxunur. Görünür, məqalə müəllifi boşboğazın biridir və otağındakı rahat kresloya yayxanaraq belə cəfəng şeylər uydurmağı yaxşı bacarır! Onu hər hansı metro vaqonuna mindirmək, sonra da içəridəki sərnişinləri göstərərək “Hə, buyur tap görək bu adamların peşəsi nədir?” deyə soruşmaq lazımdır! Mərc qoşmağa hazıram, onun mülahizələri heç bir nəticə verməyəcək!
– Uduzarsınız, – Holms sakitcə dedi. Sonra isə eyni sakitliklə əlavə elədi: – Məqaləni mən yazmışam.
– Siz?!
– Bəli. Mənim müşahidə və analiz etmək bacarığım var. Oxuyub əsəbiləşdiyiniz məqalədə bəhs etdiyim və sizə fantastik görünən nəzəriyyə, əslində, həqiqətə çox yaxındır, hətta o qədər yaxındır ki, mən bir parça çörəyimi onun hesabına qazanıram.
– Başa düşmədim, – gözlərimi döyərək ev yoldaşıma baxdım.
– Mənim qeyri-adi peşəm var.
10