Təzə gəlin. Ayaz İmranoğlu
xalatını çıxarıb baxdı. İpək parçadan olan xalatın yuxarısı sarı, aşağısı isə açıq mavi rəngdəydi. Çox sevirdi bu xalatı. Toy gecəsi, gəlinlik libasından sonra bu xalatı geymişdi. Bu xalatda qadınlığın ilk yaşantılarını yaşamışdı.
Pəncərə açıq olsa da, tül pərdələr örtülü idi. İçəri sərin meh dolurdu.
İpək xalatı əyninə geyib, belini bağladı. Yatağa uzandı.
Uzanan kimi də göz qapaqları yuxu döydü.
Şirin yuxudaydı. Yuxuda üzünə təbəssüm qonmuşdu. Qızılgül ləçəklərinə oxşayan qönçə dodaqları azca aralanmış, islaq dodaqlarına, elə bil, şeh düşmüşdü, – üç ədəd üst qabaq dişi görünürdü.
…Yad, soyuq bir təmasdan üşənib gözlərini açdı. Döşləri arasında qıvrılıb yatan ilanın başı dodaqları üstündəydi. Hələ də yuxudaymış kimi mürgülü baxışlarla ilana baxırdı.
İlan təzə gəlinin ona baxdığını hiss etdi. Dodaqları üstünnən azca başını qaldırıb, haça dilini çıxararaq gəlinin burnunun ucuna toxundurdu.
İlan ona heç bir zərər vurmadan düşüb getdi. Təzə gəlin heç nə olmamış kimi hələ də çarpayıdan baxırdı.
İlan sərçə yuvasındakı ətcə balalardan birini də götürüb apardı. Sərçələrin civilti qoparıb, haray salmaları özlərinə qaldı.
Təzə gəlin hiss etti ki, ilan uzaqlaşdı. Çarpayıdan düşdü, çəkələklərini ayaqlarına keçirdi, asta addımlarla pəncərəyə yaxınlaşdı, pərdəni araladı, həyətə baxdı.
O gün ailə üzvüləri, həyat yoldaşı qayıdınca xallı gürzə təzə gəlinin bir an da olsun xəyalından çıxmadı.
Axşam həyat yoldaşına – Cəmilə əhvalatı həyacanla danışsa da Cəmil gülümsündü.
– Yəqin yuxu görmüsən… – deyərək burnuna çırtma vurdu. – Qorxaqsan… – dedi. – Tək qaldığın üçün qorxmusan, ilan gəlib yuxuna. Axı deyirlər insan beynində milyardlarla hüceyrə var, əksəriyyəti də yatmış haldadır. İnsan yatanda onların oyananları olur və həmin hüceyrələrin yaddaşında olanlar yuxuya köçür, – sonra sözünə ara verib, əlavə etdi; – evdəkilərə deyib özünü biabır eləmə. Gülüş hədəfi olarsan.
Cəmilin sözləri təzə gəlində də şübhə toxumu yaratmışdı: “Ola bilər məni qara basır. Düz deyir, bəlkə, elə gördüyüm yuxuydu, gözlərimə görünən qaraçuxaydı?” – deyə öz-özünə düşünürdü.
Qayınana biləndə ki, gəlini hamiləliyə qədəm qoyur, sevindi. Nənə olmaq arzusunu illərlə içində daşımışdı. Qohum-qonşu qadınlar nəvələrini oynadanda o da qəlbində nəvə oynatmağı arzulamışdı.
Gəlininə baxıb:
– Hə, nənə olacam. Get, gəlin, dincəl! – dedi. – Sənə ayaq üstə çox durmaq olmaz.
Təzə gəlin çarpayıda arxası üstə uzanıb, qara, uzun saçlarını sinəsinə yaydı, ağ mələfəni sinəsinə qədər çəkdi.
Yatmamışdı. Valideynləri yadına düşmüşdü. Bu kənddə qərib idi. Baxmayaraq qardaşı ara-sıra gəlir, amma… gəlin gələndən atasını, anasını görməmişdi. Özü də deyəsən… qardaşı baldızı üçün gəlir. Baldızı da, maşallah, su sonası kimi gözəldi. Amma…
Birdən hiss etdi ki, yaxınlıqda nəfəs duyulur. Gözlərini hərləyib sağ tərəfə baxanda ilanı gördü. Çox uzun idi, çiyni istiqamətində dik durub ona baxırdı.
Dəqiqələr ötür… İlan eləcə baxırdı. İlanın qonur, şüşəyə oxşayan gözləri elə bil gülürdü. Bir azdan ilan haça dilini çıxarıb oynatdı. Təzə gəlin xallı gürzənin bu hərəkətinə gülümsündü.
İlan yenə pəncərədən çıxıb getdi. Təzə gəlin də durub həyətin küncündəki təndirxanaya gəldi. Burada qayınanası təndirdə lavaş bişirirdi. O, gəlinin alnında puçurlanmış tər damcılarını görüb:
– Xeyir olsun, gəlin! Nədən belə tərləmisən? – deyə soruşdu.
– İlan! – Həyacanlanmış gəlin ancaq bunu deyə bildi.
– Nə ilan?
– İlan də… Açıq qalmış qolumun yanında uzanıb, çiynimdən başını qaldırıb mənə baxırdı.
– Qızım, yuxuda ilan görmək yoldur. İnşallah, uzun yolu qısa edən atan, anan gələr.
– Xala… ilan… ilan!.. Nə yuxu? Mən yatmamışdım. Sən də Cəmil deyəni deyirsən.
Qaynana təndirdən qızarmış sonuncu lavaşı çıxartdı. Ayağa qalxıb üstünün ununu çırpdıqdan sonra gəlinlə üz-üzə durub:
– Qorxmusan yuxuda. Ona görə tərləmisən. – dedi.
– Xala, mən dəli olmamışam. – Gəlin bir az da əsəbi cavab verdi.
Bu vaxt Cəmil də gəldi. Qaynana-gəlin söhbətinə qulaq asdıqdan sonra, anasının dediklərini təsdiqlədi:
– Əlbəttə, gündüzlər yatanda qara-qura yuxular da görəcəksən də…
– Cəmilll!..
Bədirlənmiş ay işığında qoşa cütlük evin daş artırmasında durub gecənin dadını çıxarırdı. Evdəkilər bayaqdan yatdığından Cəmil yarının belində əllərini daraqlayıb, uzun saçlarını qoxlayırdı… Gəlinin saçlarının qəribə ətri vardı, Cəmili bihuş edirdi. İstəyirdi saçları öpsün. Bu vaxt təzə gəlin onun qolları arasından yavaşca sivişib çıxdı. “Kobud! – dedi. – Gecəni əlindən alıblar?” – Sonra da Cəmilin əlindən tutub gəlin otağına çəkdi.
Bir-biri üçün yaranmış bu cütlük, sanki, məhəbbətin yaratdığı şah əsər idi.
Yatağa bayaqdan uzansalar da, “yatım, yuxum gəlir…” ifadələri onlara yaddı. Təzə gəlin Cəmilin sinəsinə sığınıb, nazik, uzun barmaqları ilə onun tüklü sinəsini sığallayırdı. Qəflətən tüklərdən birini çəkib çıxartdı və Cəmilin “Uff…” səsinə:
– Kobud, bax mən də səni belə incidərəm ha… – dedi.
Yarının bu ehtiraslı sözündən sonra Cəmil onu daha möhkəm bağrına basdı:
– Həyatım mənim… Bu “Həyat” adını sənə kim qoyub? – dedi.
– Sənə nə? – Təzə gəlin nazlandı – Mən həyatın dibindən doğulmuşam. Sənin həyatın olacağımı bildiyindən nənəm qoyub.
Beləcə, şirin söhbət edə-edə bir-birindən kam alırdılar.
Səhər tezdən Günəşin şəfəqləri Cəmilin gözlərini qamaşdırırdı. Təzə gəlinsə ərinin qolu üstünə baş qoyub uşaq kimi mışıl-mışıl yatmışdı. Cəmil yavaşca onun alnından öpdü. Başını qu tükündən olan yan yastığa qoyub ayağa durdu.
…Və birdən çaşqınlıqla geri çəkildi. Uzun bir ilan qabığı döşəyin kənarındaca dururdu.
– İlan gəlib yatağımıza! Qabığın burada çıxarıb gedib! – Cəmil təlaş içində otaqdakı lal sükutu pozdu.