Təzə gəlin. Ayaz İmranoğlu
Usub atıyla gəldi. Atdan düşüb salaməleyk etdikdən sonra:
– Hə, buradan ilan iyi gəlir, – dedi. – Özü də gürzədir. Bu gürzə buralarda olmamalıdır axı. Necə gəlib çıxıb bura? – soruşdu.
Sofu həyətin aşağısındakı heyva ağacının yanındakı daş topasına qədər gəlib durdu. Zoğal çomağı ilə yerdə bir dairə cızdı. Çomağı dairənin ortasında yerə dirəyib ilan duası oxudu. Yavaş səslə, özü də avazla oxuduğu duadan ətrafdakılar yalnız hündürdən dediyi “Bər hökm Süleyman…” sözlərini eşidirdi. Daşlar arasından ilanın başı görünəndə o, yenə dua oxuyub: “Gəl, gəl!” – deyə ilana əmr etdi. İlan əsəbi halda tənbəl-tənbəl dairəyə qədər gəldi. Başını qaldırıb Sofuya baxdı. Elə yazıqlaşdı ki, sanki imdad diləyirdi. Və dairənin içinə girib zoğal çomağını dili ilə yaladı.
Sofu Usub bir neçə dəqiqə də ovsunlu duasını oxudu. Nəhayət, ilan başını torpağa tam əyib ram oldu. İlanın bayaqkı fısıltısından əsər-əlamət qalmamışdı. Sofu əyilib iki barmağı ilə ilanın qulaqcıqlarını sıxdı. İlan ağzını açdı; ağappaq ağzında dişləri göründü. İlanın haça qara dili çölə çıxdı. Sofu ilanı torbaya qoyub ağzını bağladı, gətirib aynabəndə qoydu.
Sofu bayaqdan içəri otaqlarda da ovsun duası oxuyurdu ki, ilan gəlməsin. Təzə gəlin fürsətdən istifadə edib torbaya yaxınlaşdı. İlan təzə gəlinin qoxusun duyduğundan torbada tərpəndi.
Təzə gəlin bir daha kimsənin olmadığını görüb torbanın yanında çöməldi:
– Üç dəfə sən mənim yatağıma gəldin. Hər dəfə də məni çalıb, öldürə bilərdin. Etmədin. Demək, sən mənə vurulmusan, hə? – deyib gülümsündi.
Torbanın üstündən ilana əllərini sürtdü. Ipək kimi yumşaq əlləri ilə sığalladıqca ilan da elə bil torbanın içində xumarlanırdı.
Ehmalca torbanın ipliyini açdı. İlan torbadan başını çıxarıb ətrafa baxdı. Tezcə də düşdüyü bu qəribə “qəfəs”dən azad oldu. Bir andaca aynabənddən aralanıb heyva ağacına tərəf getdi. Təzə gəlin ilanın arxasınca:
– Qaç, qaç! Uzaqlaş, mələyim! Sofu duyuq düşüncə buranı tərk et… – dedi.
Hələ bu günə kimi Sofu Usubun ilan torbasına kimsə cürət edib yaxınlaşmamışdı. O ki, qaldı torbanı açıb ilanı oradan azad edəsən. Sofu Koroğlu bığına oxşar bığına sığal çəkdi. Boş torbaya baxıb düşüncəyə daldı. İlansa bu vaxt heyva ağacından onlara baxırdı.
Handan-hana sofu başını ağır-ağır qaldırıb ilanı gördü:
– O ilanı bir də tutmaq olmaz! – deyərək boş torbasını da götürüb, atının tərkinə qalxdı.
Getməmişdən əvvəl gəlinə ötəri göz yetirib başını buladı.
Cəmil də həyat yoldaşına qəribə baxışlarla baxıb nəyisə yadına salırdı… Hə… gəlin gələn gündən ev heyvanlarına; itə, pişiyə sayğı göstərirdi. O gün bağa gəlib çıxmış kirpini qucağına alıb əzizləyirdi. Bəlkə… elə ilanı da… Nə isə…
Təzə gəlinin valdeynləri qızlarının ailəsində baş verən qəribə hadisədən təşvişə düşmüş və tez-tələsik haya gəlmişdilər. Anası kürəkəni kənara çəkib:
– Cəmil, oğlum, bu ilan başımızın bəlasıdır gəlib. İlan torbadaykən niyə öldürmədin axı? – deyə soruşdu.
– Nə bilim, ay xala. Elə bil bir sehirli əl gəldi, ilan olan torbanı açıb, ilanı oradan buraxdı… Deyirlər, ilanlar yeddi qardaş olur. Birini öldürdünsə, o biriləri qisas alır.
Təzə gəlinin atası özüylə gətirdiyi “dəfə-dərman”ını həyətdə olan bütün deşiklərə, heyva ağacının yanında olan daş topasına belə səpdi.
Gəlinin isə içində ilanı bir də görmək istəyi yaranmışdı. Həyətə çıxanda gözləri onu axtarırdı.
İlana qarşı qəlbinin dərinliklərində qəribə bir hiss yaranmağa başlamışdı – özü-özündə deyildi elə bil…
Gəlinin valdeynləri üç gün qaldılar. Üç gündən sonra atası:
– Orada da işlərimiz tökülüb qalır, bizim getməyimiz məsləhətdir, izn verin, gedək. – dedi.
Anası isə qızını gəlin otağına çəkdi. Yenicə qalxan qarnına baxıb dedi:
– Hə, qızım, körpəni sağ-salamat dünyaya gətirmək üçün birinci növbədə özündən muğayıt ol. Yemək-içməyini gecikdirmə. Axı indi ikicanlısan. Bir də ki, qızım, bu ilan məsələsi yadıma ötən illəri saldı. Sofu Usub düz deyir: o gürzələr bizim həyətin aşağısındakı kəpirlikdə yaşayır. Yadıma gəlıir, sən altı-yeddi yaşlarında qonşu uşaqlarla kəpirliyin üstündə evcik qurub oynayardın. Rəhmətlik Vüqar da o oyunlarda həmişə sənin nişanlın olardı… Həmin vaxt orada ilan yuvası tapmışdınız – yuvada da yeddi yumurta… Uşaqlar yumurtaların altısını sındırsa da, sən sonuncu yumurtanı evə gətirmişdin. Mən sənə acıqlandım ki, yumurtanı apar, qoy yerinə. Sən də aparıb qoydun yuvaya. Mənə elə gəlir ki, bu həmin yumurtadan çıxan ilandı.
Anası danışdıqca uşaqlıq illəri kino lenti kimi Həyatın gözləri qarşısından ötüb keçirdi. Ağ, qara kadrlar xatirə işığında bərq vururdu.
…On beş yaşın içindəydi… Gənclik yaşına qədəm basmışdı… Nənəsi demişkən qızlar bulağından su içən vədəsiydi. Sinəsində qabaran şamamalar, sanki indicə qonçədən çıxmış gül dodaqları çoxlarının ağlını başından alırdı.
Osa yalnız qonşu oğlu Vüqar barədə fikirləşirdi. İçində bir sevgi toxumu cücərməyə başlamışdı. Onun fikir-xəyalını, diqqətini cəlb edən Vüqar yenicə hərbi xidmətdən dönmüşdü.
Vüqar iki il öncəki nərmənazik, utancaq oğlan deyildi. Əvvəllər söz deyəndə, yaxud bir qızla qarşılaşanda yanaqları qızaran bu oğlan hamıdan qaçaq gəzərdi. Nənəsi Nisə xala “gəlindən-qızdan həyalı balam” ifadəsini onun adı ilə qoşa çəkərdi.
İndi Vüqar boy-buxunlu, qamətli igidə dönmüşdü. Çatma qaşları onun sifətinə xüsusi yaraşıq verirdi. İki illik əsgəri xidməti Sovet ordusunda, Rusyanın uzaq şərqində – Xabarovski vilayətində keçirmişdi. Xidməti hərbi hava qüvvələrində keçirdiyindən çox sağlam, buz baltası kimi möhkəm idi.
Həyat bu qonşu oğluna indi əvvəlki kimi yanaşmırdı. Hər gecə yatmamışdan əvvəl Vüqarı düşünür, onunla qarşılaşdığı səhnələri təkrar xatırlayırdı.
Vüqarla üz-üzə gələndə yanaqları pörtər, həya adlı duyğusu yanaqlarına, gözünə qonardı. Vüqarın verdiyi “salam” sözünə də belə pıçıltı ilə cavab verərdi.
Həyatın dəniz kimi mavi gözləri, qıyqacı baxışı Vüqarı ovsunlayırdı.
Artıq məhəbbətin ovsununa düşmüşdülər… Gizli görüşlər, gizli məktublar onları yerdən alıb göylərə qaldırmışdı. Onlar yer adamları deyildilər artıq. Əgər o hadisə olmasaydı…
Yazın sonuncu ayı idi.