Qəbiristan. Muğanna İsa
göyərti, salat, o biri əlində çay termosu, gəlib, “Axşamınız xeyir, mənim əzizlərim “deyəndə, Səmi ilə birlikdə o da Axşamın xeyir, Gül xala” desin. Yeyib-içib, Gül xalanın dediyi kimi, “televizorun qabağında mürgüləşəndə” “Bu nəyciyəz, nağılcığaz, hər kəs evinə dağılcığaz” deyib ayağa qalxırdılar. Səmi hökmən zalın yuxarı başındakı balaca stoldan o yandakı iki tünd palıdı tərəcədə parıldaşan zər cildli kitablardan – “Sovet ensiklopediyasından” birini götürüb, elə orda – stolun böyründə üstü xalçalı nazik taxtda uzanıb, lampasını yandıranda Gül xala əks tərəfdə, “kamin”in – buxarının sağ-solundakı taxtları “döşəyir”, yəni yorğan-döşək salır, öz taxtının baş tərəfindəki portretin – “viski” içən topasaqqal portretin – yazıçı Heminqueyin tumbanın üstündəki kitablarından birini açıb, “dirsəklənirdi”. Bu o deməkdi ki, Midi də öz tumbasının üstündəki bir-birindən qalın, “çox bahalı”, şəkilli nağıl kitablarından birini götürüb, açıb “dirsəklənməli” idi. Vay o gündən ki, Səm-səmi şair polispyanska Şöşü – Şövkət Tahir əmi ilə Şüşəli pavilyonda araq içib evə “çox pis içkili” gəlsin. Gül xala hökmən hirslənib: “Ayıb olsun! – deyəndə Midi də hökmən “Ayıb olsun, a Səm-səmi” – deyib, kitabını qoltuğuna vururdu.
Kottecdə – “Bir nömrəli evdə”, lap xırdaca bir otaqda, darıxdırıcı qırmızı abajurlu lampa işığında gecə yarıdan keçənə qədər yatmayıb, Əmirli mülkünün gur işıqlı nəhəng pəncərələrinə və yenə də göyə baxa-baxa qalırdı. Bu “göyə baxmağ”ın sirrin AdıPünhan general Məhərrəmov – “Məhər əmi” də bilirdi. Hərdən axşamlar Bakıdan Əmirli mülkünə gələndə Səmi ilə “pıçapıç” söhbətdən sonra Midi kişi ilə də hökmən söhbət edirdi: “Bax, bu əyri-üyrü yerlərin arası indi guya bizim Azərbaycandı, bu əyri-üyrü cızın arası da guya Ermənistandı. Bax, indi bu cızların arasında Ermənistanı yekələndirmək istəyirlər. Biz də çalışırıq vuruşaq onlarla, olmur. Çünki dövlətimizin rəhbər işlərinə xaricdən pis adamlar toplaşıblar. Dədən də, anan da, bax, o ulduzlardan görürlər hər şeyi. Bir də görəcəksən gəliblər! Mən də, Səmi də onların gəlməyini gözləyirik… Uçan gəmiləri var dədəngilin” və sair. Cəbhədə ermənilər rusların köməyilə irəliləyəndə isə Məhərrəm əmi hey susub Midini darıxdırırdı. Belə vaxtlarda Gül xala “Yatmaq, yatmaq, yatmaq” – desə də, yalnız Midi hərdən mülkdə sonra da kottecdə – pəncərənin qabağında mürgüləyəndən sonra Gül xala yaxınlaşıb “gəl qucaqlaşaq” deyirdi və Midi tabe olub qucaqlaşırdı. Səhər isə “gündoğanda” qalxıb, paltarını geyinib gedib, “artırma”da “Sabahın xeyir, a Səm-səmi!” – deyib, eynilə Səmi kimi tələsmədən “xarta-xart” yuyunub, qurulanıb, çala keçirdi ki, yeyib-içəndən sonra “Uğur olsun, a Səm-səmi!” – desin.
Midi kişinin qaş-qabağı yalnıç o vaxt açılırdı ki, axşamlar Səmi ilə Şövkət Tahir – Şöşü əmi ilə birlikdə polis əmilər də Əmirli mülkünə gəlib, Şöşü əminin manqala düzdüyü kabab şişlərini “dişlərinə çəkə-çəkə” “Nemes pivəsi” içməyə başlayanda “Pinqvin təki yeriyən” “Möcüz qaqaş” – “Cırımağız Möcüz”də hökmən orda olurdu. Belə hallarda Midi, Məhərrəm Əminin tez-tez titrəyən qıçını sığallaya-sığallaya ondan bir an ayrılmırdı. Bəzən isə mülkün “muzey” adlanan tərəfində ağ saqqalı Məhəmməd Əmirin, elə o cür ağsaqqal Ağ Əmir, Boz Əmir babaların, Sultan baba ilə sədr Mədəd babanın, Səməd əmi ilə Mədəd dədənin, Sura nənənin, Torksin ananın şəkillərinin yanında asılmış üç sazdan birini – mərhum Çürük aşığın qara cürəsini “sinəsinə basıb”, “hər mahnıya bir şirvan” ala-ala oxuyurdu. Xalça salınanda, mütəkkə qoyulanda və Məhər əmi o mütəkkənin üstündə ağzını dikinə tutub “trubka” tüstülədəndə “Cırımağız” da peyda olurdu. Lap “pinqvin təki” elə gombul idi ki, cürə sazı qarnının üstündə tuturdu. Bu iyirmi yaşlı “pinqvin” Xəlvət Rəhimin “ət torbaları” nəticələrindən idi.
Buna görə də əmilər onu sevmirdilər. Şöşü əmi isə heç xoşlamırdı. “Ət torbası törəməsi gəldi!” – deyirdi. Məhər əmi orda olanda isə Cırımağızın “saz meydanı” başlanırdı. Gözəl işlərdən biri də bu idi ki, Məhər əmi Bakıdan gələn vaxtlar birdən Cırımağız qəfildən peyda olub “sazın-sözün sehri gəldi!” – deyib oxumağa başlayardı.
Bu dünya bərbad kimidir,
Yar-yoldaşım yad kimidir,
Can-ciyərim od kimidir,
Alovlanıram, yanıram.
Tənhalıqdan bezaram,
Odur ki, şeir yazıram.
Qələmim külüngümdür,
İnsana gor qazıram.
Birdəncə məlum olmuşdu ki, şeirlərin hamısı Şöşü əminindi; piyan olanda Cırımağız onun bloknotlarını oğurlayır və Məhər əmi Bakıdan gələndə onun keyfini açır. Bu vaxt Məhər əmi trubkası ağzında “hm, hm” güləndə Midinin də keyfi açılırdı. Amma hərdən, birdən-birə tutulurdu.
Bu, onun “dərdi” idi.
Polis əmilərin dediklərinə görə, “Aşıq Kamandarın özüydü bu Cırımağız”. Kamandar öz maşınında gəlib Əmirli mülkündə gumbur-gumbur çalıb-oxuyanda Səmi pivə qutusu əlində mərhum Əmirlilərin şəkillərinin qabağında necə səssizcə ağlayırdısa, Cırımağız Möcüzün çalıb-oxumağından da eləcə ağlayırdı və Midi də hökmən eləcə, səssizcə ağlayırdı. Səhərə yaxın Səmi Cırımağızın cibinə pul qoyub öpəndə, Midi də hökmən əlini qaldırıb Möcüzün boynunu əyib üzündən öpürdü: “Sağ ol, a Cırımağız. Mən səni çox istəyirəm, a Cırımağız” – deyəndə də Səmi əmini ağlamaq tuturdu, Gül xalaya: “Bunun təkliyi öldürəcək məni” – deyib, Cırımağızın cibinə əlavə pul qoyurdu ki, məktəbdən, məşqdən başı açılanda gəlib Midiyə də qarmon, saz çalmaq öyrətsin. Möcüzün yırğalana-yırğalana, tərləyə-tərləyə gəlib “mərhum Çürük aşığın qara cürəsini” Midinin boynundan, “mərhum Xızr Abının sazını” isə öz boynundan asmağı da dirək dibində əl şappıldatmaq qədər gözəl işlərdəndi. Bundan başqa bir-iki gözəl işlər oldu: bir yaz axşamı o boz yuvalar qaranquşlarla doldu və Midi onların civiltilərinə qulaq asa-asa tamaşa elədi. Amma hardasa, lap yaxında çoxlu güllə atılanda qaranquşlar qorxub uçub getdilər.
Sonralar bir dəfə də olsun və Midi daha qaranquşları görmədi. Səmi əmi deyirdi: “inşallah, gələcəklər qaranquşlarımız”. Amma boz yuvalar elə boş qalmışdı. Midi hər axşam yuvalara baxıb ağlayırdı. Gözü “mərhum Mədəd Əmirli”nin, yəni atasının nəhəng sazında idi; həsrətlə, səbrsizliklə gözləyirdi ki, qolları uzansın, “mərhum Mədəd Əmirli”nin sazını qucağına sığışdıra bilsin, ya da dədə özü, nəhayət, o uzaq ulduzdan, “Allah babanın yanından” qayıdıb özü çalsın.
Bu, əlbəttə, gözəl iş olardı.
Bunlar illərlə təkrar olunub qanun şəklinə düşmüş