Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür. Ceyhun Hacıbəyli
rong>bütöv bir ömür
“Xatirə Ədəbiyyatı” silsiləsindən 22-ci kitab
VƏTƏN HƏSRƏTLİ CEYHUN HACIBƏYLİ
Azərbaycan Demokratik Respublikasının süqutu təkcə azadlıq ideallarının, istiqlalımızın əldən verilməsi deyildi, eyni zamanda bir çox Azərbaycan ziyalısının, dövlət və millət üçün dəyərli şəxsiyyətin itirilməsi, bir qisminin isə ölkədən çıxması, mühacir həyatı yaşamağa məhkum olması demək idi. Belə ziyalılardan biri də milli ədəbi-ictimai fikir tarixinə böyük töhfələr vermiş, Azərbaycan həqiqətlərinin ölkədən kənarda təbliğ edilməsində əhəmiyyətli rol oynamış yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylidir.
Bu il onun anadan olmasının 125 ili tamam oldu. Çox sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam verdi.
Azərbaycan oxucusu təəssüf ki, hələ də Ceyhun Hacıbəyli və onun yaradıcılığı haqqında əsaslı məlumata malik deyil. Bir çox araşdırmaların mövcud olmasına baxmayaraq, onun çoxcəhətli fəaliyyəti hələ ki əhatəli və əsaslı şəkildə tədqiq edilməyib. Halbuki bu istiqamətdə iş aparılmasının zəruriliyi göz önündədir. Bu, təkcə elmi-ədəbi irsimiz deyil, elə dövlətçiliyimizin tarixinin öyrənilməsi istiqamətində də əhəmiyyətli addım ola bilər.
C.Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olub. Görkəmli ictimai xadim, dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşıdır. İlk təhsilini Şuşada, sonra isə Bakıdakı rus-tatar məktəbində alan Ceyhun bəyin istedadı elə ilk zamanlardan etibarən ətrafdakı insanların diqqətini çəkib. Dövrün çox əhəmiyyətli və xarakterik xüsusiyyətlərindən biri, eyni zamanda bu gün də qeyd edilməli və davam etdirilməli olan cəhət – milyonçuların, milli burjuaziya nümayəndələrinin ziyalılığımıza və gənclərimizin təhsilinə göstərdiyi diqqət idi. Elə bu diqqətin nəticəsi idi ki, milyonçu Murtuza Muxtarov öz vəsaiti hesabına onu Peterburq Universitetinə oxumağa göndərib. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Universitetin hüquq fakültəsinə daxil olan Ceyhun bəy bir il təhsil aldıqdan sonra Fransaya gedir, məşhur Sarbonn Universitetində Siyasi elmlər fakültəsinə daxil olur. Əslində, Ceyhun bəyin də qardaşı Üzeyir Hacıbəyli kimi musiqi istedadı olduğu bəllidir. Hətta onun musiqi təhsili almaq istəməsi də arxivdəki sənədlərdən, qardaşına yazdığı məktublardan görünür. Lakin nə üçünsə Hacı Zeynalabdinin maliyyə dəstəyi ilə Parisə musiqi təhsili almağa getməyə hazırlaşan Ceyhun bəyin bu istəyi baş tutmur. O, 1912-ci ildə Moskvada təhsil alan qardaşı Üzeyir bəyə yazırdı: “O (Hacı Zeynalabdin – red.) mənə musiqi oxumaq üçün Parisə getməyi tövsiyə elədi və dedi ki, mən Həsən ağaya deyərəm, sənə müəyyən məvacib verərlər, Parisdə dolana biləsən”.
Parisdə təhsil aldığı illərdə də, ondan əvvəl də Ceyhun bəy publisistik, elmi fəaliyyətlə məşğul olur, məqalələri “Baku, “Kaspi” qəzetlərində dərc edilirdi. Onun Nəbati, M.F.Axundov, M.Ə.Sabir, Divanbəyoğlu, Həsən bəy Zərdabi, Ə. B. Haqverdiyev, N. B. Vəzirov, İ. Qaspirinski haqqındakı məqalələri var.
Turgenevin “Pulsuzluq” komediyasını 1909-cu ildə ilk dəfə məhz C.Hacıbəyli dilimizə tərcümə edib. O, Azərbaycan klassiklərinin və müasirlərinin yaradıcılığı ilə bağlı məqalələr yazıb, həmçinin gənclik illərindən Qərbi Avropanın bir sıra dövri mətbuatında məqalələrini “Dağıstanlı”, “Ceyhun Dağıstanlı”, “Azəri” kimi imzalarla dərc etdirib. Ceyhun Hacıbəyli felyeton yaradıcılığı ilə də məşğul olmuş, “Pristav Ağa” adlı felyetonu “Proqres” qəzetinin 1907-ci il 6 və 7-ci saylarında “Daqestanskiy” imzası ilə dərc edilmişdir. Ümumiyyətlə, mühacirətdən əvvəl onun “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan” qəzetlərində bir çox publisistik məqalələri işıq üzü görmüşdür. O, “Известия” (Kaspidə), “İttihat” və Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin, “Müsəlman milli komitəsinin əxbarı” qəzetlərinin redaktoru olmuşdur.
Ceyhun Hacıbəylinin bədii yaradıcılığı da diqqət doğurur. Belə ki, 1910-cu ildə o, “Hacı Kərim” povestini yazır və əsər 1911-ci ildə kitab şəklində dərc edilir.
Ceyhun Hacıbəylinin Üzeyir bəyin məşhur "Leyli və Məcnun" operasının yaranmasında da yaxından köməyi olduğu bəllidir. Onun şəxsi sənədlərı arasında “İlk Azərbaycan operası necə yaranmışdı” adlı bir xatirə yazısı saxlanılır ki, burada Üzeyir bəyin yazdığı “Leyli və Məcnun” operasının yaranmasında yaxından kömək etməsindən, hətta 12 yanvar 1908-ci ildə göstərilən tamaşada İbn Səlam və Nofəl rolunda ilk dəfə səhnəyə çıxmasından danışır.
Ceyhun bəyin fəaliyyəti təkcə yaradıcılıq sahəsi ilə bitmir. O, siyasi fəaliyyətlə də məşğul idi. Belə ki, 1919-cu ilin yanvar ayının 6-da Parisdə keçiriləcək Versal Sülh Konfransına göndərilən nümayəndə heyəti arasında Ceyhun bəy də var idi. O, yeni qurulmuş Azərbaycan hökumətinin tapşırığı əsasında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Məmmədhəsən Hacınski, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov və Mir Yaqub Mir Mehdiyevdən ibarət heyətlə Versal Sülh Konfransında iştirak etmək üçün Parisə yola düşür. Bir neçə Avropa dilini bilən Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən “müşavir” təyin olunur. Ona Sülh konfransında iştirak etmək üçün şəhadətnamə də verilir. Hətta orada iştirak edən Ceyhun bəylə birgə bütün heyətə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə “General” mandatı təqdim edilir. Bu fəaliyyət nəticəsində 1919-cu ilin yanvarından 1920-ci ilin yanvarına qədər fasilələrlə davam edən konfransda Antanta Azərbaycan Respublikasının istiqlaliyyətini tanıdı.
Amma Ceyhun bəy Fransadan geri qayıda bilmədi. Bolşeviklərin hakimiyyəti ələ keçirməsi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onun vətənə qayıdan yollarını bağladı. Ailəsini də Fransaya gətirdən Ceyhun bəy həyat yoldaşı Zöhrə Hacıqasımova-Hacıbəyli və oğlu ilə öz mühacir həyatına – ömrünün çətin mərhələsinə başladı. Bu tək mənəvi çətinlik – vətəndən uzaqlıq ağrısı deyildi. Eyni zamanda, maddi imkansızlıq, sosial problemlər, işsizlik, ailəni dolandıra bilməmək və s. də var idi. Hətta liseydə oxuyan oğlunun təhsil haqqını ödəyə bilmədiyi üçün uşağının məktəbdən kənarlaşdırılması faktı da məlumdur. Bununla bağlı Əlimərdan bəy Topçubaşovun 26 fevral 1932-ci il tarixdə Ceyhun bəy Hacıbəylinin oğlunun təhsil aldığı məktəbin direktoruna ünvanladığı bir məktub da var: “Cənab müdir, sizə məlumdur ki, bu şagird lisey üzrə başqa şagirdlərdən bilik və bacarığına, xüsusilə fransız, ingilis, hətta latın dillərini bildiyinə görə fərqlənir… Çox böyük təəssüf hissi ilə qeyd edim ki, valideynlərinin maddi durumu övladının təhsil haqqını vaxtlı-vaxtında ödəməsinə imkan vermir. Ağır yaşayışlarının əsas səbəbi onların siyasi mühacir həyatı sürdüklərindən irəli gəlir. Hələ onların iqtisadi durumunu qeyd etmirəm. …Xahiş edirəm, şərait yaradasınız ki, o öz təhsilini sona qədər başa vursun. Öncədən mən və müstəmləkə altında yaşayan bütün Azərbaycan Sizə dərin təşəkkürünü bildirir”.
Bütün bu faktlar Ceyhun Hacıbəylinin və ailəsinin necə çətin vəziyyətdə yaşadığını sübut edir. Amma bununla belə, o qardaşı Üzeyir bəyin təkidlərinə baxmayaraq vətənə qayıtmır.
Ceyhun bəy Hacıbəyli Parisdə Qafqaz mətbuatının fəaliyyət göstərməsi sahəsində çalışmış, “La revyu du Monde Musulman”, “Le Fiqaro” kimi nəşrlərdə işləmişdir. Parisdə “Qafqaz”, Münxen və Parisdə “Azərbaycan” jurnallarının təsisində və nəşrində əhəmiyyətli rolu olmuşdur. O, “Azərbaycan mətbuatının tarixi”, “Qarabağ dialekti və folklor”, “Azərbaycanda antiislam təbliğatı və onun metodları” əsərlərinin də müəllifidir.
Ceyhun Hacıbəyli “Azadlıq” radiostansiyasının fəaliyyətində yaxından iştirak etmiş, Münxendəki “SSRİ-ni Öyrənən Universitet”in müxbir üzvü seçilmişdir.
C.Hacıbəyli tərcüməçilik fəaliyyətini sonralar da davam etdirmiş, Azərbaycan ədiblərinin əsərlərini fransız, ingilis dillərinə çevirmişdir. 1950-ci illərdə Aşıq Pəri, Xurşud Banu Natəvan, Ağabəyim ağa və Gövhər ağanın həyat və yaradıcılığı