Bakı rüzgarı. Saryal İsmayıl
əhəmiyyətə malik idi. Oğuzun gimnaziyaya qəbul olunduğu dövrdə şəhər türklüyün mərkəzinə çevrilmiş, ziyalıların və qabaqcıl fikirli adamların əksəriyyəti burada toplaşmışdı. Aralarında rus idarə üsulunu bəyənməyənlər, millətini azadlığa çıxarmaq istəyənlər vardı. Onlar ruslaşdırma siyasətinə son qoyulmasını, təhsilin türk dilində aparılmasını, türk tarixinin tədris edilməsini və milli heysiyyata toxunulmamasını tələb eləyirdilər. Həmin adamlar rus məmurları tərəfindən uzaqdan və ya yaxından tanınır, fəaliyyətləri izlənir, ən kiçik tərpənişin qarşısı dərhal alınırdı. Bu savaş səssiz-səmirsiz aparılırdı, zahirən heç bir anlaşılmazlıq yox idi. Türk vətəndaşları bu toqquşmadan kənarda idilər, digərlərindən ayrı-seçkilik olmadan yaşayır, iş yerlərində vəzifə alır, ən yüksək mövqelərə ucala bilirdilər.
Ruslar Kazan və Krım tatarlarından nümunə götürüb, Azərilərə də “tatar” adı vermişdilər. Bu da Azəri türklərini Osmanlı türklərindən ayırmaq məqsədi güdürdü. Azərilərin təzyiqindən sonra rəsmi dairələrdə “türk” sözü əvəzinə, heç olmasa, “tyurok” kəlməsindən istifadə edilməsinə icazə verilmişdi. Bu, türklərin əldə elədikləri yeganə uğur idi.
Erməni əhalisi də rus üsuli-idarəsindən razı deyildi; amma onların apardıqları gizli mübarizə daha təsirli oldu. Müxtəlif vaxtlarda bir neçə rus məmuru öldürülmüşdü.
Rus üsuli-idarəsinə qarşı aparılan bu gizli mübarizə türklərlə ermənilər arasındakı köhnə dostluğu daha da gücləndirmiş, iki qonşu millət az qala bir-birilə qaynayıb-qarışmışdı.
Vəziyyətdən xoşlanmayan rus məmurları öz təhlükəsizliklərini təmin eləməyi bu iki xalqın arasını vurmaqda görüb, bu niyyətlərini böyük bacarıqla həyata keçirdilər.
Buna baxmayaraq, iki qonşu millətin ortada ciddi bir səbəb olmadan toqquşacağına inanmayanlarla yanaşı, barmaqları tətikdə gözləyənlər də vardı. İlk qığılcımın düşməsi bəs eləyəcəkdi.
Həmin ilk qığılcım türk tərəfdəki bazarda partladı. Güllənin kim tərəfindən atıldığı axıradək məlum olmadı. Türk-erməni toqquşması baş tutmuşdu. İlk gün hər iki tərəfdən çoxlu adam öldürüldü. Öz tərəfinə qaçan canını qurtara bildi. Hökumət isə bitərəf qalacağını elan elədi. Hər iki tərəfin dağlarda gizlənmiş qaçaqları şəhərə endi. Hökumət buna da göz yumdu. Toqquşmalar döyüşə çevrildi.
Bir çoxları kimi Qayalı ailəsi də hadisələrdən kədərlənmişdi. Ailənin başçısı Əhməd bəy elə hey deyirdi:
– Bu necə baş verdi, buna nə ehtiyac vardı?
Ailə axşam süfrəsi arxasında əyləşib yeməyə yenicə başlamışdı ki, küçə qapısı döyüldü.
– Xeyir olar, inşallah, – deyib, – Əhməd bəy özü qapıya getdi.
Gələn Mehdi ağa adlı qonşusu idi. Yaşlı və yoxsul olan Mehdi ağanın yan küçələrdən birində kiçik baqqal dükanı vardı. Ailəsini dolandırmaqda çətinlik çəkirdi. Ermənidən dönmə yaşlı qarısı Sara qohumlarıyla əlaqəsini kəsmişdi, namaz qılır, orucunu ötürmürdü. Əməlli-başlı müsəlman olmuşdu. Əhməd bəy soruşdu:
– Xeyir ola, Mehdi ağa. Niyə içəri girmirsən?
Əhməd bəy ona hörmət bəsləyir, hərdən dükanına gedib söhbət eləyirdi.
– Sağ olun Əhməd bəy. Sizinlə gizli bir şey danışmaq istəyirəm.
Əhməd bəy bayıra çıxıb qapını arxasınca örtdü.
– Məni lap maraqlandırdın. De görək, o gizli şey nədi?
– Bugünkü toqquşma vaxtı Saranın qohumlarından biri dükanın arxasında gizlənə bilib, gecənin qaranlığından istifadə eləyib bizə gəlib. İndi yalvarır ki, məni qurtarın. Neyləyəcəyimi bilmədim. Dedim, sizinlə məsləhətləşim.
Əhməd bəy başını aşağı salıb xeyli düşündü və dedi:
– Sən əvvəlcə qonağı bizə gətir qarnını doyuraq, sonrası Allah kərimdi.
– Biz yedirtdik, qarnı toxdu.
– Onda səhərəcən rahatca yatın. Dan yeri ağaranda silahını da götür, qonağınla birgə bizə gəl. Yaz vaxtıdı, hava gözəldi, şəhərin qırağına çıxar, qonağınızı Gəncə çayından öz tərəfinə keçirərik.
Danışdıqları kimi də elədilər. Səhər erkən iki qonşu qonaqla birgə boş küçələrdən keçib şəhərin kənarına çıxdılar. Uzaqdan ayaq səsləri eşidildi. Onlara yaxınlaşanlar vardı. Çox keçmədən qarşılarında iki adam silueti peyda oldu. Lap yaxınlaşanda onların ermənilər tərəfdə qalan, gecənin qaranlığından istifadə eləyib erməni dostları tərəfindən ötürülən iki türk müəllimi olduğu aydınlaşdı.
Əhməd bəy və Mehdi ağa qonaqları öz tərəflərinə keçirdilər, razı halda evə qayıtdılar. Kim bilir, günlərlə davam eləyən toqquşmada neçə insanın həyatı eyni tərzdə qurtarılmışdı.
Dəmir Körpünün sağ və sol tərəflərində yüz metrlərlə uzunluğunda səngərlər qazıldı, hər iki tərəfin cavanları növbə çəkməyə başladılar. Hər qımıltıya və qaraltıya güllə atırdılar. Körpüyə yaxın küçə və dalanlardan keçmək mümkün olmadı, araya divar çəkildi.
Dörd gün keçsə də hələ şiddətli atışma başlamamışdı. Bəlkə də, toqquşmaya bununla da son qoyula bilərdi; Amma Hacıkənddə türklərə məxsus binaların ermənilər tərəfindən yandırılması toqquşmanı alovlandırdı. Xəbər türklər arasında həyəcan yaratdı, cavanları səngərdə saxlamaq mümkün olmadı. Körpü keçiləcək, şiddətli döyüş başlayacaqdı.
Lazımi hazırlıqlar başa çatmaq məqamında rus idarəçiləri fikirlərini dəyişdilər, toplarını körpünün yanına gətirib bir neçə dəfə atəş açdılar, toqquşmanın başa çatdığını elan elədilər.
Türk-erməni toqquşması sona çatdırılmışdı, amma türklərlə ermənilər arasındakı dostluq pozulmuş və o dostluğun yenidən qurulması üçün uzun illər tələb olunurdu. Toqquşma yalnız rus idarəçilərini uzun müddətli rahatlığa qovuşdurmuşdu.
Toqquşma şəhərin həyatında da bəzi dəyişikliklər elədi. Türklər yaşayan tərəfdəki böyük erməni ticarətxanaları bağlandı, böyük bazarın cah-calalı pozuldu. Yalnız gimnaziyanın bir hissəsi müvəqqəti olaraq açıldı. Türk əhalisi istirahət yerlərinə gedə bilmədi, yay aylarında qan-tərə batdı, gecələrini narahatlıq içində keçirdi.
* * *
İllər keçmiş, türk-erməni toqquşması unudulmuş, izləri yox olmuşdu. Oğuz məktəbə yenə ermənilər yaşayan tərəfdə getməyi davam eləyirdi, sonuncu sinfə keçmişdi. Ölkənin həyatı əvvəlki vəziyyətinə qayıtsa da, qabaqcıl adamlar camaatı ayıq olmağa səsləyirdilər.
Oğuzun qohumlarından Həmid Yusifbəyli hökumətdən icazə alıb bəzi yoldaşlarıyla birgə mətbəə açdı. Xalqın maariflənməsinə fayda verəcək kitablar və jurnallar türk dilində çap edib ya maya dəyərinə, ya da pulsuz olaraq camaata paylamağa başladılar. Fəaliyyətləri qısa müddətdə genişlənib əhali tərəfindən rəğbətlə qarşılandı,