Ölü canlar. Николай Гоголь

Ölü canlar - Николай Гоголь


Скачать книгу
ilə iki-üç çiçək ləki salınmışdı, ləklərdə yasəmən və sarı akasiya bitmişdi, orda-burda topa-topa xırda yarpaqlı, seyrək budaqlı beş-altı qayın ağacı nəzərə çarpırdı. Bu ağaclardan ikisinin altında bir köşk görünürdü: köşkün yaşıl, yastı qübbəsi, taxtadan qayrılmış mavi rəngli sütunları vardı, üstündə də «Tənha düşüncələr məbədi» sözləri yazılmışdı. Köşkdən aşağıda ot basmış bir göl vardı – rus mülkədarlarının ingilis qaydası ilə saldıqları bağlarda belə ot basmış göllərin olması heç də qəribə bir şey deyil. Təpənin lap ətəyində, qismən də döşündə köhnə ağac daxmalar qaralırdı; bizim qəhrəman nədənsə bunları saymağa başladı və iki yüzdən artıq daxma saydı. Daxmaların ətrafında nə bir ağac, nə də bir yaşıllıq vardı, hər yanda gözə çarpan ancaq daxma dirəkləri idi. Bu mənzərəni canlandıran ikicə nəfər arvad idi: onlar tamaşa edilməyə layiq bir tərzdə ətəklərini qaldırıb hər tərəfdən bellərinə sancaraq dizə qədər gölməyə girərək, yırtıq, balaca bir torun ağacından yapışıb çəkə-çəkə suyun içi ilə aparırdılar; tora iki xərçəng ilişmişdi, bir də bir çamça balığı düşmüşdü; arvadlar, deyəsən, küsülü idilər, bir-biri ilə söyüşürdülər. Bir az kənarda cansıxıcı göy-yaşıl rəngli şam meşəsi qaralırdı. hətta hava özü də bu mənzərəyə çox münasib idi: nə açıqdı, nə də tutqun, açıq boz rəngə çalırdı, – ancaq qarnizon soldatlarının, qismən bazar günlərində sərxoşluq edən bu dinc qoşun hissəsinin geydiyi köhnə mundirlər bu rəngdə olur… Təsvir edilən mənzərəni tamamlamaq üçün bircə xoruz lazım idi ki, o da vardı: öz banı ilə havanın dəyişməsindən xəbər verən bu xoruzun başını başqa xoruzlar lap beyninə kimi deşib dağıtmışdı, özü də məlum şeydir ki, nə üstə: arvadbazlıq üstə; bəli, bu xoruz, başı lap beyninə kimi deşilsə də çox bərkdən banlayırdı. Hətta banlayanda, köhnə həsir kimi didilmiş qanadlarını da çırpırdı. Briçka həyətə yaxınlaşarkən Çiçikov artırmada ev sahibinin özünü gördü: onun əynində yaşıl rəngli şalon sürtuk vardı; o gələn ekipajı daha yaxşı görmək üçün əlini gözlərinin üstə qoyub baxırdı. Briçka artırmaya yaxınlaşdıqca onun gözlərində daha artıq sevinc duyulur, üzü daha artıq gülümsəyirdi.

      Çiçikov briçkadan düşəndə Manilov çığıraraq dedi:

      – Pavel İvanoviç! Nə əcəb belə bizi yad etdiniz!

      İki dost bərk-bərk öpüşdülər; Manilov öz qonağını otağa apardı. Onların dəhlizdən və yemək otağından keçib getməsi o qədər vaxt aparmayacaqsa da, biz bundan istifadə edərək bəlkə də ev sahibi haqqında bəzi məlumat verə bildik. Lakin müəllif burada etiraf etməlidir ki, belə məlumat vermək özü çox çətin məsələdir. Böyük xarakterləri təsvir etmək çox-çox asandır, orada əl-qol açmağa geniş imkan vardır: yaxıcı qara gözlər, sallaq qaşlar, qat-qat qırışıqlı alın, çiyinə atılmış qara, ya da od kimi alışıb yanan al plaş, – görürsünüzmü, portret hazırdır. Lakin bu cənablar ki, var, dünyada bunlardan çox-çoxdur, hamısı da üzdən bir-birinə oxşayır, amma diqqətlə baxdıqdan sən onlarda güclə nəzərə çarpan bir çox xüsusiyyətlər görəcəksən: bu cənabların portretini çəkmək son dərəcə çətindir. Onların gözdən yayınan bütün bu incə xüsusiyyətlərini lövhədə canlandırmaq üçün çox diqqət sərf etmək və ümumiyyətlə belə işlərdə böyük təcrübə sahibi olsan da məsələyə çox dərindən nəzər yetirmək lazım gəlir.

      Yalnız allah deyə bilər ki, Manilovun xarakteri necə idi. Elə adamlar var ki, onlar haqqında belə deyirlər: nə Əli aşındandı, nə Vəli aşından, nə ondandı, nə bundan, heç bilmirsən necə şeydir. Manilovu da bəlkə bunların sırasına daxil etmək lazımdır. Üzdən o gözə gəlimli idi, sifətinin cizgilərində xoşa gələn cəhətlər də yox deyil, ancaq bu xoşluğa elə bil həddindən artıq şəkər qatılmışdı. Onun hərəkətlərində, danışığında elə bir şey vardı ki, bununla o sanki qılıq qataraq adamın hüsn-rəğbətini qazanmaq, adamı özünə dost etmək istəyirdi. O cəzbedici bir halda gülümsəyirdi. Sarışındı, gözləri mavi idi. Onunla söhbət edirkən ilk dəqiqədə: «Nə qılıqlı, nə xoş təbiətli adamdır» deməyə bilməzsən. İkinci dəqiqədə heç bir söz deməzsən, üçüncü dəqiqədə isə: «Əşi, bu necə adamdır!» deyib kənara çəkilərsən. Kənara çəkilməsən elə darıxarsan ki, az qalar lap bağrın çatlasın. Onun xoşuna gələn bir şeyə toxunsan ondan bircə kəlmə də canlı, ya da acıqlı bir söz eşitməzsən, lakin bunu sən başqalarından eşidə bilərsən. Hərənin bir şeyə həvəsi var: elə adam var ki, tazıbazdır; o birinə elə gəlir ki, musiqi həvəskarıdır, musiqinin bütün dərin yerlərini çox gözəl hiss edir; bəzi adam möhkəm nahar eləməyin lap ustasıdır; bəzi adam da onun üçün müəyyən edilən roldan bircə barmaq da olsa qabağa getməkdə ustadır; bəzisinin arzuları məhduddur: o ancaq bu arzu ilə yatıb durur ki, özünü dostlarına, tanışlarına, hətta tanış olmayan adamlara göstərmək üçün fligel-adyutantla seyrə çıxsın; bəzi adamın da əlində elə bir qabiliyyət var ki, o bir bubnı tuzun ya da ikiliyin qırağını qatlamağa olduqca hərisdir, lakin bəzi adamın da əli ora-bura soxulub nizam-intizam yaratmağa, stansiya nəzarətçisinin ya da faytoçuların şəxsiyyətinə bələd olmağa böyük həvəs göstərir, – xülasə, hərənin bir şeyə həvəsi var, lakin Manilovun heç bir şeyə həvəsi yox idi. Evdə o çox az danışırdı, çox vaxt düşünür, fikirləşirdi, lakin onun nə düşündüyünü yalnız allah bilirdi. Demək olmaz ki, o təsərrüfatla məşğul olurdu, o hətta heç tarlalara da getməzdi, təsərrüfat başlı-başına qalmışdı. Təsərrüfat müdiri gəlib deyəndə ki: «Ağa, yaxşı olar ki, filan-filan işlər görülsün», o, adəti üzrə çubuq çəkə-çəkə deyərdi: «Hə, pis olmaz», sonra da təkrar edərdi: «Hə, heç də pis olmaz!» Çubuq çəkməyə o orduda öyrəşmişdi; hərbi qulluqda o çox təvazökar, çox nəzakətli və çox bilikli zabit hesab olunurdu. Mujik onun yanına gəlib, peysərini qaşıya-qaşıya deyəndə ki: «Ağa, izin ver, töycü pulu yığmaq üçün gedim kənarda işləyim», o yenə çubuğunu çəkə-çəkə: «Get» – deyərdi, eyni zamanda onun heç ağlına da gəlməzdi ki, mujik əyyaşlıq eləməyə gedir. Bəzən o artırmadan həyətə və gölməyə baxaraq deyərdi: «Nə yaxşı olardı, evdən yeraltı bir yol düzəldəydin, ya da gölmənin üstündə bir daş körpü tikəydin, körpünün də hər iki tərəfində dükanlar olardı, bu dükanlarda da tacirlər oturub, kəndlilərə lazım olan cürbəcür mallar sataydı». Bu zaman onun gözlərində həddindən artıq bir şirinlik görünər, üzündə böyük bir məmnuniyyət ifadə olunardı. Lakin onun düşündüyü bu layihələr sözlə başlandığı kimi sözlə də qurtarırdı. Onun kabinetində həmişə on dördüncü səhifəsində əlfəcin qoyulmuş bir kitab olardı – bu kitabı o iki il idi ki, tədriclə oxuyaraq bu yerə gəlib çatmışdı. Onun evində həmişə bir şey çatışmazdı: qonaq otağında üzünə qəşəng ipək parça çəkilmiş çox gözəl mebel vardı və yəqin ki, bu ipək örtük ona çox baha qiymətə başa gəlmişdi, lakin kreslolardan ikisinin örtüyü yox idi; bunlar üzünə eləcə həsir çəkilmiş halda qalırdı; özü də bir neçə il idi ki, gələn qonağa hər dəfə deyərdi: «Bu kreslolarda oturmayın, onlar hələ hazır deyil». Elə otaq da vardı ki, orada heç mebel yox idi, amma o evləndiyi günün səhəri arvadına demişdi: «Əzizim, sabah çalışmaq lazımdır ki, müvəqqəti də olsa, bu otağa mebel qoysunlar». Axşam stola, antik dövrün gözəllik ilahələrinin üç heykəli və çox qəşəng sədəf süpəri olan qaralmış


Скачать книгу