Ölü canlar. Николай Гоголь

Ölü canlar - Николай Гоголь


Скачать книгу
mehribanca və təəssüf ifadə edən səslə dedi:

      – Mən tütün çəkmirəm.

      Manilov da mehribanca və təəssüf ifadə edən bir səslə soruşdu:

      – Niyə?

      – Adət eləməmişəm, qorxuram, deyirlər ki, çubuq adamı qurudur.

      – İcazə verin mən sizə ərz edim ki, bu doğru fikir deyil. Mən hətta belə güman edirəm ki, çubuq çəkmək burunotu çəkməkdən çox-çox yaxşıdır. Bizim polkda bir poruçik vardı, çox gözəl və çox oxumuş adamdı, çubuğu o nəinki süfrəyə oturanda, hətta, ayıb da olsa, başqa yerlərə gedəndə də ağzından çıxarmazdı. İndi onun yaşı qırxdan ötüb, amma, şükür allaha, hələ də elə sağlamdır ki, heç olmayan kimi.

      Çiçikov dedi ki, doğrudur, belə şey ola bilər, insanın təbiətində bir çox şeylər var ki, hətta böyük ağıl sahibi olanlar da bunun səbəbini izah edə bilmirlər.

      – Ancaq, icazə verin, əvvəl mənim bir xahişim var… – Çiçikov bunu elə bir səslə dedi ki, bu səsdə qəribə, ya qəribə olacaq dərəcədə bir ifadə vardı və bunu deyəndən sonra nədənsə dönüb geriyə baxdı. Manilov da nədənsə dönüb geriyə baxdı. – Siz çoxdanmı iltifat buyurub təhkimli kəndlilərin siyahısını vermisiniz?

      – Bəli, çoxdan vermişəm, doğrusu heç yadımda deyil.

      – O vaxtdan bəri sizin çoxmu kəndliniz ölmüşdür?

      – Bundan xəbərim yoxdur. Mən belə güman edirəm ki, bunu prikazçikdən9 soruşmaq lazımdır. A gedə, prikazçiki çağır gəlsin, bu gün o burada olmalıdır.

      Prikazçik gəldi. Onun qırxa yaxın yaşı olardı, saqqalını qırxdırmışdı, əyninə sürtuk geymişdi, görünür o çox rahat həyat keçirirdi: dolğun üzü elə bil ki, şişmişdi, sarıya çalan dərisi və xırda gözləri onun pərqu döşəklərə və nazbalışlara çox yaxşı bələd olduğunu göstərirdi. Baxan kimi bilmək olurdu ki, bu fəaliyyət sahəsinə o da başqa mülkədar prikazçikləri kimi gəlib çıxmışdır: əvvəl ağa evində yazı-pozu bilən kiçik nökər olmuş, sonra xanımın istəkli qulluqçularından birisilə – təsərrüfat işlərinə baxan bir qadınla evlənmiş, sonra isə özü təsərrüfat işlərinə baxmış, bundan sonra da prikazçik olmuşdur. Prikazçik olandan sonra da məlum şeydir ki, başqa prikazçiklər kimi hərəkət etməyə başlamışdır: kənddə daha çox varlı olan adamlarla durub-oturmuş, onlarla dostluq etmiş, kasıbların töycüsünü artırmış, səhər saat doqquzda yuxudan durmuş, samovar gözləmiş və çay içmişdir.

      – Dost, mənə bax görüm, kəndlilərin siyahısı tutulandan sonra bizdə neçə kəndli ölmüşdür?

      – Necə yəni? O vaxtdan bəri çox kəndli ölüb. – Prikazçik bunu deyib əlini sipər kimi ağzına qoyaraq hıçqırdı.

      Manilov onun sözünə əsaslanaraq dedi:

      – Bəli, etiraf edirəm ki, mən özüm də belə düşünürdüm. Bəli, çox kəndli ölmüşdür! – Çiçikova sarı dönərək əlavə etdi: – Doğrudur, çoxları ölmüşdür.

      Çiçikov soruşdu:

      – Məsələn, nə qədər olar?

      Manilov da onun sözünü təkrar etdi:

      – Hə, nə qədər olar?

      – Nə qədər olduğunu hardan bilmək olar! Məlum deyil axı, ölənləri heç kəs saymayıb.

      Manilov Çiçikova sarı dönərək:

      – Bəli, bəli, heç kəs saymayıb, – dedi, – mən də elə güman edirəm ki, ölən çoxdur. Ancaq heç məlum deyil ki, nə qədər ölmüşdür.

      Çiçikov prikazçikə dedi:

      – Rica edirəm, sən get onları say, hamısının da adbaad siyahısını tut.

      Manilov da son sözləri təkrar etdi:

      – Bəli, hamısının da adbaad siyahısını tut.

      Prikazçik: «Baş üstə» deyib getdi.

      Prikazçik gedəndən sonra Manilov Çiçikovdan soruşdu:

      – Bu axı sizin nəyinizə lazımdır?

      Bu sual, deyəsən, qonağı bir qədər çətinliyə saldı; onun üzündə gərgin bir ifadə göründü. Hətta bundan qızardı da, sanki o nəsə demək istəyirdi, ancaq bunu söz ilə ifadə etməyə çətinlik çəkirdi. Doğrudan da Manilov öz dostundan elə qəribə və elə fövqəladə şeylər eşitdi ki, bunu hələ bu vaxta qədər insan qulağı eşitməmişdi.

      – Siz soruşursunuz ki, bu mənim nəyimə lazımdır: bu mənə ona görə lazımdır ki, mən kəndli almaq istərdim… – Çiçikov kəkələyərək sözünü tamamladı.

      Manilov:

      – İcazə verin sizdən bir şey soruşum, – dedi, – siz kəndliləri necə almaq istəyirsiniz: torpaqları ilə bir yerdə, ya ayrılıqda, yəni ki, torpaqsız?

      Çiçikov ona belə cavab verdi:

      – Yox, mən əməlli-başlı kəndlilər almaqdan danışmıram, mən ölü kəndlilər almaq istəyirəm…

      – Necə? Bağışlayın… Mən bir az ağır eşidirəm, qulağıma, deyəsən, çox qəribə bir söz dəydi…

      – Mən ölü kəndliləri almaq istəyirəm, ancaq onlar siyahıda diri kimi göstərilməlidirlər.

      Manilov bu sözü eşidəndə çubuğu əlindən yerə düşdü, ağzı açıldı və bir neçə dəqiqə elə bu vəziyyətdə qaldı. Dostluq həyatının gözəlliyindən bəhs edən bu iki dost, qədim zamanda divar aynalarının hər iki tərəfindən üz-üzə asılan portretlər kimi, gözlərini bir-birinə dirəyərək hərəkətsiz qaldılar. Nəhayət, Manilov çubuğu yerdən qaldırdı və altdan yuxarı Çiçikovun üzünə baxdı: o öz dostunun dodaqlarında istehzalı ya başqa bir təbəssüm olub-olmadığını görmək istəyirdi, ya bəlkə də dostu onunla zarafat edirdi. Ancaq o belə bir şey görmədi, əksinə, dostunun üzü hətta əvvəlkindən də ciddi idi. Sonra Manilov düşündü ki, bəlkə qonaq, demək olmaz, birdən dəli-zad olar, buna görə də qorxa-qorxa, həm də çox diqqətlə onu gözdən keçirdi. Lakin qonağın gözləri lap adi qaydasında idi: dəli adamların gözləri kimi vəhşicəsinə qaynamırdı, alışıb yanmırdı, ədəb xaricində heç bir şey yox idi, hər şey yerli-yerində idi. Manilov çox düşündü, çox götür-qoy elədi, çox tədbir tökdü, lakin ən nəhayət ağzında qalan tüstünü çox nazik halda bayıra buraxmaqdan başqa ayrı bir şey düşünə bilmədi.

      – Bəli, mən bilmək istərdim ki, siz həqiqətdə canlı olmayan, lakin qanuni rəsmiyyət nöqteyi-nəzərindən canlı olan kəndliləri mənə verə bilərsinizmi, ya bəlkə sizin bu barədə daha yaxşı bir təklifiniz var?

      Manilov elə utanmış və özünü elə itirmişdi ki, dinməz durub ona baxırdı.

      Çiçikov soruşdu:

      – Deyəsən, siz çətinlik çəkirsiniz?

      Manilov:

      – Mən?.. Yox, elə deyil, – dedi, – ancaq mən başa düşə bilmirəm ki… əfv edin… mən əlbət ki, elə gözəl təhsil ala bilməmişəm, necə ki, bu, belə baxanda, sizin hər bir hərəkətinizdə nəzərə çarpır; mən danışmağın


Скачать книгу

<p>9</p>

Приказчик (rus) – mülkədar mülkünü idarə edən şəxs