Kerri bacı. Теодор Драйзер

Kerri bacı - Теодор Драйзер


Скачать книгу
bacısının yanına getdi və uşaq ağlamağa başlayana qədər orada oturdu. Sonra ayağa qalxıb uşağı otaqda gəzdirməyə və ona nə isə oxumağa başladı. Nəhayət, onun bu oxumasından mütaliə edə bilməyən Hanson gəlib uşağı ondan aldı. Bu onun yaxşı xasiyyətli olduğunu göstərirdi: o səbirli adam idi. Eyni zamanda dərhal hiss edilirdi ki, o, uşağını çox sevir.

      Hanson uşaqla otaqda gəzinərək:

      – Hə, hə, bəsdir, ağlama, – deyirdi. Onun tələffüzündə isveç ləhcəsi aydın hiss edilirdi.

      Şam yeməyi zamanı Minni dedi:

      – Sən, yəqin ki, hər şeydən əvvəl şəhərə baxmaq istəyəcəksən. Biz bazar günü sənə Linkolni-parkı göstərərik…

      Kerri gördü ki, Hanson bir cavab vermədi. Görünür, onun fikri başqa şeylə məşğul idi.

      Kerri dedi:

      – Mən sabahdan iş axtarmağa getmək istəyirəm. Beləliklə, cümə və şənbə günləri mənim ixtiyarımda olacaqdır. Şəhərin ticarət hissəsi hansı tərəfdədir?

      Minni ora necə getməyi izah etmək istədi, lakin əri onun sözünü kəsdi.

      – Görürsünüzmü, bura şərqdir, – dedi və Çikaqonun yerləşməsi haqqında bütün ömrü uzunu söyləmədiyi bir nitq irad etdi. Sözünün axırında:

      – Frankfurt-strit boyunca və çayın o tərəfindəki rayonda yerləşmiş böyük emalatxanalara getmənizi məsləhət görürəm. Orada çoxlu qız işləyir. Ora çox uzaq deyil, siz yola da çox vaxt sərf etməzsiniz, – dedi.

      Kerri razılıq əlamət olaraq başını tərpətdi və qonşular haqqında bacısından sorğu-sual etməyə başladı. Minni özünün az-maz bildikləri haqqında yavaşca məlumat verdi. Hanson hələ də uşaqla oynayırdı, sonra o birdən yerindən qalxdı və onu arvadına verdi:

      – Mən sabah tezdən durmalıyam, gedim uzanım, – dedi və dəhlizin o biri tərəfində olan qaranlıq balaca yataq otağına getdi.

      – O uzaqda, sallaqxanada işləyir, saat altının yarısında durmalı olur, – Minni izah etdi.

      – Elə isə bəs sən ona səhər yeməyi hazırlamaq üçün nə vaxt durursan? – deyə Kerri soruşdu.

      – Təqribən beşə iyirmi dəqiqə qalmış.

      Onlar gündəlik işi birlikdə qurtardılar. Kerri qabları yudu, Minni isə uşağı soyundurub yatırtdı. Minninin bütün hərəkətləri onun bu şeylərə çoxdan vərdiş etdiyini bildirirdi. Kerri başa düşdü ki, Minni hər gün bu işləri görməli olur.

      Eyni zamanda Kerri başa düşürdü ki, o, Drue ilə hər cür əlaqədən boyun qaçırmalıdır. Onun buraya gəlməsi haqqında heç danışıq belə ola bilməzdi. O, Hansonun hərəkətlərindən, Minninin başıaşağılığından və ümumiyyətlə bacısının evində olan vəziyyətdən hiss etdi ki, zəhmətkeşlərin yekrəng həyat çərçivəsindən kənara çıxan hər bir təşəbbüsdə qəti müqavimətə rast gələcəkdir. Əgər Hanson hər axşam qəzet oxuyub saat doqquzda, Minni isə bir az sonra yatırsa, onlar Kerridən başqa bir şey gözləyə bilərlərmi?

      Hər halda özünü təmin etmək üçün ilk növbədə iş tapmaq, sonra isə tanışlıq haqqında düşünmək lazımdır. Drue ilə onun arasında keçən zərərsiz dilxoşluq indi ona fövqəladə bir şey kimi görünürdü.

      O, fikrində qət etdi: – “Yox, o bura gələ bilməz”.

      Kerri bacısından kağız və mürəkkəb istədi (kağız da, mürəkkəb də yemək otağında, buxarının üstündə idi). Bacısı yatmağa gedəndən sonra Kerri Druenin ünvanı olan vizit vərəqəsini çıxartdı və yazdı:

      – “Mən sizi burada qəbul edə bilmərəm. Mən yenidən yazana qədər gözləyin. Bacımın evi olduqca kiçikdir”.

      Kerri daha nə əlavə etmək haqqında fikrə getdi. Qatarda bir yerdə vaxt keçirdiklərini bir təhər xatırlatmaq istədi, lakin utancaqlıq ona mane oldu. Kerri Druenin qayğısı üçün ancaq münasibətsiz təşəkkürlə kifayətləndi. Sonra nə cür imza edəcəyi barədə yenidən fikrə getdi. Nəhayət, o, məktubu “Hörmətlə” sözlərilə bitirmək qərarına gəldi və son dəqiqə fikrini dəyişib bu sözü “Sizə sadiq olan” sözlərilə əvəz etdi.

      Kerri zərfi bağladı, ünvan yazdı, bir küncdə onun üçün çarpayı qoyulmuş balaca qonaq otağına keçdi. Kiçik yüyürüyü açıq pəncərənin qabağına çəkərək sakit bir həyəcanla axşam küçələrini nəzərdən keçirməyə başladı. Nəhayət fikirdən yorularaq, əzgin və yuxulu halda soyundu, paltarlarını səliqə ilə yığdı və yatağa uzandı.

      Kerri səhər yuxudan ayılarkən saat səkkiz idi, Hanson çoxdan işə getmişdi. Bacısı yemək otağında oturub tikiş tikirdi. Kerri geyindi, özü üçün nahar hazırladı və sonra iş axtarmaq üçün hara getmək haqqında bacısı ilə məsləhətləşdi. Kerri onu son dəfə gördükdən bəri Minni nə qədər dəyişilmişdi! İndi o iyirmi yeddi yaşlı sağlam qadın olmasına baxmayaraq, çox arıq idi. Onun həyat təsəvvürləri eynilə ərinin baxışlarını əks etdirirdi. Onun əyləncələr və vəzifə hissi haqqında birtərəfli anlayışı görüş dairəsinin gənclikdəkinə nisbətən daha dar olduğunu göstərirdi.

      Minninin bacısını yanına dəvət etməsi onsuz darıxdığı üçün deyildi. Bunun səbəbi çox sadə idi – Kerri ailədəki həyatından narazı idi, burada isə ehtimal ki, iş tapar, özünü saxlaya bilərdi. Minni yəqin ki, Kerrini görməsinə sevinirdi, lakin iş haqqında tamamilə ərinin fikrinə şərik idi. Hərgah pul verilərsə – tutaq ki, başlanğıcda həftədə beş dollar – hər iş yaxşıdır, fabrik yeni işləməyə başlayan qız üçün taleyin əvvəlcədən təyin etdiyi bir qismətdir. Kerri Çikaqonun böyük emalatxanalarının birində özü üçün iş tapacaq və bununla hələlik kifayətlənəcəkdir. Hələlik… bir dəyişiklik olana qədər. Əlbəttə, nə kimi dəyişiklik ola biləcəyi haqqında onların heç biri bir şey bilmirdi. Onlar vəzifələrinin yüksələcəyi ümidində deyildilər. Onlar ərə getmək fikrinə də heç bir ümid bağlamırdılar. Lakin Kerrinin şəhərə gəlməsi və özünü ağır əməyə həsr etməsi xatirinə yaxşılığa doğru bir dönüş əmələ gəlməyincə həyat öz qaydası ilə gedəcəkdir. Kerri iş axtarmaq üçün belə bir ürəkverici xeyir-dua ilə səhər evdən çıxdı!

      Kerrini izləməkdən əvvəl gəlin onun gələcək həyatının keçəcəyi şərait ilə tanış olaq. O illərdə Çikaqo sürətlə inkişaf edən şəhərin bütün xüsusiyyətlərinə malik idi. Buraya gəlməyə cəsarət edən qızları belə müvəffəqiyyət gözləyirdi. Çikaqo insanların qarşısında geniş imkanlar açan çoxlu və durmadan inkişaf edən ticarət müəssisələri ilə gurultulu şöhrət qazanmışdı. O, ümidlərlə dolu olanları, yaxud ümidini itirənləri, karyera qazanacaq adamları və başqa bir yerdə fəlakətə uğramışları ölkənin hər tərəfindən özünə çəkən bir maqnit olmuşdu.

      O, yarım milyondan çox əhalisi olan böyük bir şəhər idi, lakin onun şöhrəti, cəsarəti və qaynayan fəaliyyəti milyon əhalisi olan bir şəhərə kifayət edərdi. Hələ indi onun küçələri və evləri yetmiş beş mil ətrafa yayılmışdı. Onun əhalisi müəyyən istehsalat növlərindən çox, yeni insan kütləsi axını üçün zəmin hazırlayan fəaliyyətlə məşğul idi. Hər tərəfdə yeni tikilən binalardan çəkiclərin


Скачать книгу