Şeytan. Лев Толстой

Şeytan - Лев Толстой


Скачать книгу
atanız isə, allah ona rəhmət eləsin, belə axmaq işlərə baş qoşmazdı.

      «Yox, olmaz» – belə fikirləşsə də, hər halda yoxlamaq istədi onu.

      – Bəs sən niyə belə pis işlərlə məşğul olurdun?

      – Burda pis nə var ki? Arvadda sevindi, mənim Fyodor Zaxarıçım da xirtdəyəcən razı qaldı. Mən də bir manat qazandım. Bəs onda neyləsin? Ürəyi istəyir axı. Şərab içir.

      «Hə, demək olar» – Yevgeni söhbəti açmağı qərara aldı.

      – Bilirsən, – pörtüb qızardığını hiss elədi, – bilirsən, Danila, lap əldən düşmüşəm. – Danila gülümsündü. – Mən hər halda rahib deyiləm, alışmışam belə şeyə.

      Hiss eləyirdi ki, dediklərinin hamısı axmaq şeydir, di gəl, Danilanın təqdir elədiyini görüb sevindi.

      – Neçə vaxtdı niyə demirsiz bəs, mümkün şeydir, – dedi. – Kimi deyirsizsə, göstərin, qalanı ilə işiniz olmasın.

      – Doğrusu, mənimçün fərqi yoxdur, hər halda lap eybəcər olmasın, bir də sağlam olsun.

      – Başa düşdüm! – Danila dilləndi və azacıq fikrə getdi, – Uf, bir qəşəngi var, – sözə başladı. Yevgeni yenə pörtdü. – Əla şeydi. Özünüz görəcəksiz, payızda veriblər ərə. – Danila pıçıltı ilə danışmağa başladı, – kişi isə heç nə eləyə bilmir. Axı ovçunun işi deyil bu.

      Yevgeni utandığından hətta üzünü bürüşdürdü.

      – Yox, yox, – o dedi. – Eləsi lazım deyil mənə. Əksinə, (bunun əksi nə ola bilərdi?) mənə onun tamamilə əksi lazımdır, bircə sağlam olsun, başağrısı istəmirəm – soldat arvadı və ya…

      – Bildim. Deməli sizə yarayanı Stepanidadır. Əri şəhərdədir, elə soldat kimi bir şeydir. Özü isə qəşəng. gəlindi, tərtəmizdi. Razı qalacaqsız. Onu görəndə mən də tamahımı saxlaya bilmirəm, deyirəm gedək, o isə…

      – Yaxşı, nə vaxta qalır?

      – İstəyirsiz, lap günü sabah. Tütün dalınca gedəndə dəyərəm, günorta bura gəlin, ya da bostanın dalındakı hamamın yanına. Heç kim olmur orda. Bir də, günorta camaatın hamısı yatır.

      – Yaxşı, oldu.

      Evə qayıdanda Yevgenini dəhşətli həyəcan bürüdü. «Görən necə olacaq? Görən bu nə kəndçi qızıdır? Birdən kifirin, eybəcərin biri olar. Yox, onlar qəşəngdilər – küçədə-bayırda gördüyü kəndli arvadlarını yadına salıb, öz-özünə dedi. – Yaxşı, nə deyəcəm ona, neyləyəcəm?»

      Bütün günü özündə-sözündə olmadı, ertəsi gün saat on ikidə qarovulxanaya tərəf getdi. Danila qapıda dayanmışdı, onu görəndə mənalı-mənalı göz vurub, başı ilə meşəni göstərdi. Yevgeninin ürəyi döyünməyə başladı və o, bostana tərəf yollandı. Orda doğrudan da heç kəs yox idi. Hamama yaxınlaşdı. Sakitlikdi. Girib içəri baxdı, çölə çıxanda sınan budaq səsi eşitdi. Boylandı, balaca yarğanın o tayındakı ağaclıqda dayanmışdı. Yevgeni ona tərəf cumdu. Yarğanın içi demə gicitkənlikmiş. Gicitkən daladı onu, pensnesini salıb itirdi, sıçrayıb yarğanın o biri tərəfinə qalxdı. Stepanida burda dayanmışdı. Qırmızıya çalan qəhvəyi rəngdə evdə toxunan parçadan tuman geymiş, çiyninə işləməli örtük atmışdı, başında qırmızı yaylığı vardı, ayaqyalın idi, sağlam, tərtəmiz, qəşəng qadındı, ürkək-ürkək gülümsəyirdi.

      – Cığırla hərlənib gələ bilərdiz, – dedi. – Biz öyrəncəliyik; ayaqyalın keçirik gicitkənlikdən.

      Yevgeni yaxına gəldi, o yan-bu yana baxıb toxundu ona.

      On beş dəqiqədən sonra ayrıldılar, Yevgeni pensnesini tapıb, Danilanın qarovulxanasına yollandı və onun «razı qaldınızmı, ağa?» – sualının cavabını cibindən çıxardığı manatlıqla verdi və evə qayıtdı.

      Razı qalmışdı. Utanmağa gələndə, əvvəlcə həya elədi bir az. Sonra bu da keçdi. Və hər şey yaxşı oldu. Ən yaxşısı da bu idi ki, daha sakitləşmişdi, özünü yüngül və rahat hiss eləyirdi. Stepanidanı heç əməlli-başlı gözdən keçirə bilmədi. Bircə onu gördü ki, təmizdir, təzə-tərdir, çirkin deyil, sadədir, naz-qoz eləyən də deyil. «Görən kimin arvadıdır? – öz-özündən soruşdu. – Danila deyəsən Peçnikov1 dedi. Bu hansı Peçnikovdur görəsən? Deyəsən Peçnikovlar iki ailədi. Yəqin qoca Mixaylanın gəlinidi. Hə, elə onun gəlinidi. Axı onun oğlu Moskvada yaşayır, yadıma düşəndə Daniladan soruşaram».

      O vaxtdan bəri kənd həyatının bu məcburi pəhrizindən doğan-çətinlik, pis ovqat aradan qalxdı. Daha Yevgeninin sərbəstliyinə, azad, rahat düşünməsinə heç nə mane olmurdu, öz işləriylə rahat məşğul ola bilirdi.

      Yevgeninin öz üzərinə götürdüyü vəzifə isə yüngül deyildi: hərdən ona elə gəlirdi ki, bu gərginliyə dözə bilməyəcək və mülkü satmağa məcbur olacaq. Başlıcası isə aydın olacaq ki, dözə bilmədi, öhdəsinə götürdüyü işi başa çatdıra bilmədi. Bu hər şeydən çox narahat eləyirdi onu. Bir yırtığı güc-bəlayla yamayan kimi, heç gözləmədiyi halda yenisi peyda olurdu.

      Bütün bu vaxt ərzində atasının indiyədək məlum olmayan yeni-yeni borcları üzə çıxırdı. Görünür, son vaxtlar hardan gəldi borc alırmış. May ayında, bölüşmə vaxtı Yevgeni fikirləşirdi ki, daha hər şeydən xəbəri var, daha borc söhbəti qurtardı. Yayın ortalarında isə gözlənilmədən aldığı məktubdan aydın oldu ki, dul mülkədar xanım Yesipovaya da on iki min borcları var. Veksel yox idi, adicə dilkağızı vardı. Vəkilin dediyi ilə razılaşsa, dilkağızının həqiqi sənəd olmadığını sübuta yetirib, boyun qaçırmaq olar bu borcdan. Lakin Yevgeni atasının həqiqətən aldığı borcdan boyun qaçırmağı heç ağlına da gətirmirdi. Ona bircə bu sənədin həqiqiliyini yəqinləşdirmək lazım idi.

      – Ana! Yesipova Kaleriya Vladimirovna kimdir? – adəti üzrə nahar vaxtı bir yerdə olanda anasından soruşdu.

      – Yesipova? Hə, sənin babanın yetirmələrindəndir. Nədir bəyəm?

      Yevgeni aldığı məktub barədə danışdı.

      – Təəccüblənirəm, utanmır görəsən? Sənin atan vaxtilə o qədər pul verib ki ona…

      – Yox ey, biz borcluyuqmu ona?

      – Bilmirəm necə deyim sənə. Borc deyil, atanın sonsuz xeyirxahlığı…

      – Dəxli yoxdu, atam borc sayırdı bunu.

      – Deyə bilmərəm. Bilmirəm. Bircə onu bilirəm ki, sənin üçün çox ağırdır.

      Yevgeni görürdü ki, Marya Pavlovna bilmir nə desin, elə bil söz alır ondan.

      – Görürəm ki, qaytarmaq lazımdır, – Yevgeni dedi. – Sabah onlara gedib danışaram, bəlkə bir az gözlədi.

      – Ah, yazığım gəlir sənə. Hə, yaxşı indi ki, deyirsən. Ona de ki, gözləməlidir, – oğlunun qərarını eşidəndən sonra sakitləşən və bununla qürrələnən Marya Pavlovna dilləndi.

      Yevgeninin vəziyyətini ağırlaşdıran bir də o idi ki, özüylə bir yerdə yaşayan anası onun çətinliklərini


Скачать книгу

<p>1</p>

Bundan sonra hər yerdə Pçelnikov gecəcək.