Amerika. İtkin düşmüş . Франц Кафка

Amerika. İtkin düşmüş  - Франц Кафка


Скачать книгу
aqçı

      Karl Rossman – hansısa bir qaravaşın yoldan çıxardıb ondan uşaq doğduğu və bu hadisədən kədərlənmiş valideynlərinin Amerikaya yola saldıqları on altı yaşlı oğlan gəminin göyərtəsində asta-asta Nyu-York limanına daxil olanda, hələ uzaqdan diqqətini cəlb etmiş Azadlıq heykəli birdən ona parlaq günəş şüalarında yuyunurmuş kimi göründü.

      Heykəlin qılınc tutmuş əli əvvəlki kimi havada idi, gövdəsini isə azad küləklər sarırdı.

      Oğlan öz-özünə

      – Nə hündürdür! – dedi. Gəmidən enmək fikri olmasa da yanından keçən, getdikcə sıxlaşan yükçü axını onu göyərtənin lap kənarına sıxışdırırdı.

      Karlın gəmi səfəri zamanı bir qədər tanış olduğu cavan oğlan onun yanından keçəndə dilucu dedi:

      – Siz hələ də enməyə cürət etmirsiniz?

      – Mən hazıram, – Karl ona gülümsəyərək dedi və güclü oğlan olduğundan bir qədər də yekəxanalıqla çamadanını çiyninə aldı. Lakin artıq əl ağacını yelləyərək sərnişin kütləsinə qarışmış tanışına baxaraq karıxdı – çətirini kayutda unutmuşdu. O, tanışından çamadanına baxmasını xahiş edərək qayıdanda çaşmamaq üçün ətrafa baxdı və oradan aralandı. Karl aşağıda təəssüflə onun yolunu əməlli-başlı qısalda biləcək keçidin birinci dəfədir ki, bağlı olduğunu gördü. Bu yəqin ki, sərnişinlərin hamısının gəmini tərk etməsi ilə əlaqədar idi. O, bir-birinin ardınca gələn pilləkanları axtarmağa, tez-tez dönən dəhlizlərlə eyni növ yazı masası qoyulmuş, bir-birinə bənzəyən kayutların yanından keçməyə məcbur oldu. Bu yolu cəmi bir neçə dəfə, özü də çoxlu adamların əhatəsində keçdiyindən, nəhayət tamamilə azıb qaldı. Ətrafda bir adam da görmədiyindən, yalnız üst mərtəbədən arası kəsilmədən keçən minayaqlı insan axınını eşidərək və artıq dayandırılmış gəmi mühərriklərinin uzaq səsini hiss edərək, çaşqınlıqla, düşünmədən yanında dayanmış olduğu kiçik qapını döyəcləməyə başladı.

      – Qapı açıqdır, – içəridən qışqırdılar, və Karl dərindən nəfəs alaraq qapını itələdi. – Niyə qapını dəli kimi yumruqlayırsınız? – nəhəng boylu kişi gözücü Karla baxıb dedi. Kasıb otağa illüminator vasitəsilə yuxarıdan bulanıq, gəminin daxilində dəfələrlə səpilmiş işıq düşürdü. Çarpayı, dolab, stul və kişi kameradakı kimi bir-birinin yanına sıxılmışdılar.

      – Mən azmışam, – Karl dedi. – Səfər zamanı gəminin bu qədər böyük olduğuna diqqət yetirməmişdim.

      – Bəli, siz haqlısınız, – kişi böyük olmayan sandığın qıfılını hər iki əli ilə dəfələrlə açıb-bağlaya və dilinin səslənməsinə qulaq asa-asa, müəyyən qürur çaları ilə cavab verdi.

      – Gəlin içəri! – kişi hündürdən dedi. – Dəhlizdə durmayacaqsınız ki!

      – Mane olmuram? – Karl soruşdu.

      – Burada mane olmalı nə var ki?!

      – Siz almansınız? – Karl Amerikaya gələn mühacirləri, xüsusən də irlandiyalılar tərəfindən təhdid edən təhlükələr barəsində çox eşitdiyindən özünü sığortalamaq üçün soruşdu.

      – Bəli, almanam, alman, – kişi dedi.

      Karl hələ də tərpənmirdi. Bu yerdə kişi birdən dəstəkdən çəkərək kayutun qapısını sürətlə örtdü və Karl da içəriyə girdi.

      – Dəhlizdən mənə baxmaqlarından zəhləm gedir, – yenidən sandığı ilə məşğul olaraq, bildirdi, – çünki hər keçənin bura baxmasına dözmək mümkün deyil.

      – Amma dəhlizdə heç kim yoxdur, – yöndəmsizcəsinə çarpayının dirəyinə sıxılmış Karl dedi.

      – İndi belədir. – kişi dedi. «Söhbət də elə «indi»dən gedir, – Karl fikirləşdi. – Bu adamla dil tapmaq asan deyil».

      – Çarpayıya uzanın, orada yer daha çoxdur, – kişi dedi. Karl, özünün uğursuz ilk cəhdinə ucadan gülərək, birtəhər oraya soxuldu. Lakin çarpayıya uzanan kimi qışqırdı:

      – Aman tanrım, çamadanımı tamam yadımdan çıxartmışam!

      – Çamadanın haradadır ki?

      – Yuxarı göyərtədə, tanışım ona baxır. Adı necəydi? – əlini anasının səfərdən qabaq pencəyinin astarına tikdiyi gizlin cibə apararaq vizit kartını çıxartdı. – Butterbaum. Frans Butterbaum.

      – Çamadan sizə çox lazımdır?

      – Əlbəttə.

      – Elə isə onu niyə yad adama tapşırmısınız?

      – Mən çətirimi aşağıda unutmuşdum, amma onu götürməyə çamadanla getmək istəmirdim. Sonra da azdım.

      – Təksiniz? Sizi müşayiət edən yoxdur?

      – Hə, təkəm.

      «Yəqin ki, bu adamla birlikdə olmaq lazımdır, – Karlın beynindən keçdi. – İndi bundan yaxşı yoldaş tapmaq mümkün deyil».

      – Belə. Üstəlik indi çamadanı da itirdiniz. Hələ çətiri demirəm.

      Kişi stula oturdu, sanki indi Karlın işi onun üçün müəyyən maraq kəsb etmişdi.

      – Güman edirəm ki, çamadanı hələ itirməmişəm.

      – Çox sadəlövhsən, – kişi dedi və səylə özünün tünd, qısa və sıx saçlarını qarışdırdı. – hər limanda gəmidə yeni adətlər əmələ gəlir. Hamburqda sizin Butterbaumunuz güman ki, çamadanı qoruyardı, burada isə, çox güman ki, hər ikisinin izi-tozu da qalmayıb.

      – Bununla belə mən baxmalıyam, – Karl buradan necə çıxa biləcəyini fikirləşərək dedi.

      – Yerində qalmağın daha yaxşıdır, – kişi dedi və demək olar ki, kobudcasına onu geriyə, çarpayıya itələdi

      – Niyə ki? – Karl acıqlı soruşdu.

      – Çünki bunun mənası yoxdur, – kişi dedi. – Bir dəqiqədən sonra mən də gedəcəm, bir yerdə gedərik. Çamadanı ya oğurlayıblar – onda daha heç nə edə bilməzsən, ya da adam onu qoyub gedib, onda gəmi tamam boşalandan sonra onu tapacağıq. Çətirlə də bunun kimi.

      – Siz gəmini yaxşı tanıyırsınız? – Karl inamsız soruşdu və ona elə gəldi ki, Nyu-Yorka gəlib çatmağının gizli səbəbini tapıb. Amma Karlı qüssələndirən o idi ki, çamadandakı şeylərin heç birindən istifadə edilməmişdi, hərçənd ki, məsələn, köynəyini çoxdan dəyişməli idi. Məlum məsələdir ki, o bununla qənaət etmək istəyirdi, amma indi, həyat yolunun başlanğıcında, səliqəli və təmiz görünmək əvəzinə kirli köynəkdə gəzməli olacaq. Bunu nəzərə almasaq çamadanın itməsindən kədərlənməyə dəyməzdi, çünki əynindəki kostyum çamadanda qalandan daha yaxşı idi; açığı o kostyum əlacsız qalanda geyinmək üçün idi, anası onu səfərdən qabaq yaxşıca yamamışdı.

      Elə həmin dəqiqə yadına düşdü ki, çamadanda anasının hədiyyəsi olan verona salyamisi var idi. Bütün səfər boyu iştahası olmadığı və tvindekdə verilən supla kifayətləndiyindən ondan lap azca yemişdi. Amma indi ocaqçıya hörmət etmək üçün bu kolbasa lap yerinə düşərdi. Axı belə adamları kiçik əhəmiyyətsiz şeylər bağışlamaqla öz tərəfinə çəkmək çox asandır; Karl bunu siqar paylamaqla işdə rastlaşdığı kiçik məmurları daim öz tərəfinə çəkməyi bacaran atasından bilirdi. İndi Karlın hədiyyə etmək üçün ancaq pulu qalmışdı, lakin çamadan itirildiyindən, pula toxunmaq istəmirdi. Onun fikirləri yenidən çamadanın yanına qayıtdı; əgər çamadanın belə asanlıqla əlindən çıxmasına yol verəcəkdisə, reys zamanı onu niyə bu dərəcədə ciddi-cəhdlə qoruduğunu heç cür anlaya bilmirdi. İki çarpayı solda yatan kiçik slovakın onun xəzinəsinə qəsd etdiyindən şübhələnərək yuxusuz keçirdiyi beş gecə yadına düşdü.

      Bu slovak elə onu gözləyirdi ki, Karl nəhayət zəifləyib yatsın, o da bütün günü oynadığı və məşq etdiyi uzun əl ağacı ilə çamadanı özünə çəksin. Gündüz işığında slovak tamamilə təhlükəsiz görünürdü, lakin gecə düşən kimi, tez-tez öz yerindən qalxır və qayğılı surətdə Karlın çamadanına baxırdı. Karl bunu tamamilə açıq-aşkar görürdü, çünki, gəmi qanunları ilə qəti qadağan edilməsinə baxmayaraq,


Скачать книгу