Amerika. İtkin düşmüş . Франц Кафка

Amerika. İtkin düşmüş  - Франц Кафка


Скачать книгу
digərləri isə donuq sifətlə – ucadan güldü.

      «Mənim dediyim o qədər də məzəli deyildi», – Karl fikrindən keçirdi.

      – Cənablar, – senator təkrar etdi, – mənim və sizin istəyinizə zidd olaraq, siz kiçik ailə səhnəsinin iştirakçısı oldunuz, ona görə də mən sizə izahat verməyə bilmərəm, çünki, gümanıma görə ancaq cənab kapitan, – bu yerdə onlar bir-birinə yüngül təzim etdilər, – məsələdən tam halıdır.

      «İndi mən doğrudan da hər sözə diqqətlə qulaq asmalıyam» – Karl fikirləşdi və kənara baxaraq, sevinclə ocaqçının yavaş-yavaş həyata qayıtdığını gördü.

      – Amerikada olduğum uzun illər ərzində – əlbəttə «olmaq» sözü Amerika vətəndaşına, mən isə sümüklərimin iliyinə qədər Amerika vətəndaşıyam, uyğun gələn söz deyil, – özümün avropalı qohumlarımla heç bir əlaqəm olmayıb; birincisi bunun səbəblərinin buradakılara bir aidiyyəti yoxdur, ikincisi isə bu barədə danışmaq mənim üçün çox ağırdır. Mən onları sevimli bacıoğluma açacağım andan qorxuram da, hərçənd, çox ehtimal ki, onun valideynləri və yaxınları haqqında açıq danışmaqdan qaçmaq da mümkün olmayacaq.

      «Onun mənim dayım olmasına heç bir şübhə yoxdur; yəqin sadəcə soyadını dəyişib», – Karl öz-özünə dedi və qulaq asmağa davam etdi.

      – Hal-hazırda valideynləri – gəlin hər şeyi öz adıyla çağıraq – zəhlətökən pişiyi evdən bayıra çıxartdıqları kimi, mənim əziz bacıoğlumu da evdən bayıra atıblar. Bacıoğlumun tutduğu və buna görə də cəzalandırıldığı işləri təmizə çıxarmaq istəmirəm, lakin bu, adının özündə kifayət qədər üzr olan işlərdəndir.

      «Pis səslənmir», – Karl fikirləşdi, – amma, yenə də onun hər şeyi danışmasını istəməzdim. Hərçənd o hər şeyi bilə də bilməz. Haradan bilsin ki?»

      – Beləliklə, – dayı bambukdan olan əl ağacını qarşısına qoyub, bir qədər əyilərək ona söykəndi və bununla da vəziyyəti çulğaması qaçılmaz görünən lazımsız ciddiyyəti aradan qaldıra bildi, – beləliklə İohanna Brummer adlı, otuz beş yaşlı qulluqçu qadın onu başdan çıxartmışdır. «Başdan çıxartmışdır» deməklə bacıoğlumun xətrinə dəymək istəmirəm, lakin bu qədər yerinə düşən başqa bir söz tapmaq çətindir.

      Dayısına artıq kifayət qədər yaxınlaşmış Karl, dayısının dediklərinin otaqdakılara necə təsir etdiyini onların üzündən oxumaq üçün başını qaldırdı. Heç kim gülmürdü, hamı ciddi və səbrlə qulaq asırdı. Həm də senatorun bacısı oğluna ilk imkan düşən kimi gülmürlər. Təkcə ocaqçının Karla yüngülcə gülümsədiyini qeyd etmək olardı, amma bu, birincisi həyata qayıtmağın yeni əlaməti, ikincisi isə tamamilə bağışlanılan idi, çünki Karl kayutda indi ictimaiyyətə məlum olmuş faktı gizlətmişdi

      – Və bu Brummer, – dayı davam etdi, – mənim bacıoğlumdan, xaç suyuna çəkmə zamanı, şübhəsiz ki, bacıoğlumun sözarası yada salmış olduğu, lakin xoşbəxtlikdən qızda güclü təəssürat buraxmış sadə şəxsimin şərəfinə Yakob adı verilmiş möhkəm bir oğlan uşağı doğub. Niyə xoşbəxtlikdən? Çünki valideynlər uşağı saxlama xərclərindən və ümumiyyətlə onlara toxuna biləcək hər cür qalmaqaldan qaçmaq üçün, – nə oranın qanunlarını, nə də onun valideynlərinin vəziyyətini bilmədiyimi bir daha vurğulamaq istəyirəm, – beləliklə, uşağı saxlamaq üçün vəsait verməmək və başqa qalmaqallardan qaçmaqdan ötrü öz oğlanlarını, mənim əziz bacıoğlumu məsuliyyətsiz olaraq kiçik maliyyə vəsaiti ilə təchiz edərək Amerikaya yollamışlar; yalnız Amerikada hələ də baş verməkdə davam edən möcüzələr olmasaydı özbaşına qalmış yeniyetmə, ehtimal ki, həmin saat Nyü-Yorkun dalanlarından birində itib-batacaqdı, amma xoşbəxtlikdən həmin xidmətçi qadın mənə məktub yazmış – bu məktub uzun səyahətdən sonra srağagün mənim əlimə çatıb – və baş verənlər və bacıoğlumun zahiri görkəmini təsvir etməklə yanaşı, orada, tədbirlə, gəminin adını da qeyd edib.

      – Cənablar, əgər mən sizi əyləndirmək fikrində olsaydım, sizə məktubdan ayrı-ayrı hissələri oxuyardım. – O, cibindən iki böyük xırda hərflərlə sıx yazılmış poçt kağızı çıxartdı və onları yellədi. – Məktub, əlbəttə ki, güclü təəssürat yaradardı, çünki müəyyən sadəlövh, lakin daim xeyirxah bir biclik və uşağın atasına böyük sevgi ilə yazılmışdır. Lakin mən nə sizi izahatımla lazım olandan artıq əyləndirmək, nə də bacıoğlumun – istəsə, ibrət almaq üçün, məktubu artıq onu gözləyən otağın sakitliyində oxuya bilər – ola bilsin ki, hələ də yaşayan hisslərini təhqir etmək istəmirəm.

      Lakin Karl bu qıza heç bir hiss bəsləmirdi. Qız, keçmişin getdikcə uzaqlaşan hadisələrində, qapağına dirsəkləndiyi mətbəx masasının yanında otururdu. Karl atası üçün bir stəkan su götürmək və ya anasının hansısa tapşırığını yerinə yetirmək üçün mətbəxə girəndə qız ona baxırdı. Bəzən İohanna bufetin yanında narahat pozada durub, Karlın simasından ilham alaraq məktub yazırdı. Bəzən əlləri ilə gözünü örtür və ətrafdakı heç nəyi eşitmirdi. Vaxtaşırı özünün mətbəxlə yanaşı olan darısqal hücrəsində dizi üstünə çöküb, ağacdan yonulmuş çarmıx qarşısında dua edirdi; həmin anlarda Karl oradan ötərkən aralı qalmış qapının yarığından ürkəkcəsinə qıza baxırdı. Hərdən mətbəxdə var-gəl edir və Karlla rastlaşanda ucadan, əcinnə kimi qəhqəhə çəkərək geri sıçrayırdı.

      Ya da Karl içəri girəndə mətbəx qapısını bağlayır və oğlan onu buraxmağını xahiş edənə qədər dəstəyindən tutub dururdu. Bəzən qız lazım olmayan əşyaları götürür və dinmədən onun ovcuna soxurdu. Lakin bir dəfə qız ona «Karl» dedi, həsrətlə içini çəkə-çəkə, əzilib-büzülərək, gözlənilməz müraciətdən özünü itirmiş oğlanı öz otağına çəkdi və qapını içəridən bağladı. Oğlanı az qala boğulana qədər qucaqlayıb, onu soyundurmasını xahiş etdi, əslində isə özü oğlanı soyundurub, sanki bundan sonra ona şəriksiz sahib olmaq, ömrünün sonuna qədər əzizləmək və qulluq etmək istəyirmiş kimi öz yatağına uzatdı. Qız gözləri ilə öz əsirini yeyərək, ehtirasla «Karl! Mənim Karlım!» qışqırır, o isə heç nə görmürdü və qızın, deyəsən, xüsusi olaraq onun üçün üst-üstə yığdığı isti tük döşəkçələrin üstündə özünü narahat hiss edirdi.

      Sonra qız onun yanına uzandı və ondan hansısa sirlərini almağa çalışdı, lakin oğlanın danışmalı bir sözü olmadığından, yarızarafat-yarıgerçək hirsləndi, onu dartışdırmağa başladı, qulağını onun sinəsinə söykəyib ürəyinin necə döyündüyünə qulaq asdı, özünün ürəyinin səsinə qulaq asmağı təklif etdi, lakin Karl buna qəti etiraz etdi; lüt qarnı ilə onun bədəninə sürtüdü, əli ilə bədəninin aşağısına elə iyrənc və ayıbcasına toxundu ki, Karl başını və boğazını balışların altından çıxartmalı oldu; sonra qız qarnı ilə onu, sanki bədəninin bir hissəsinə çevrilmiş kimi, bir neçə dəfə itələdi və güman ki, elə buna görə oğlan özünü dəhşətli dərəcədə aciz hiss etdi. Nəhayət uzun çəkən xudahafizləşmədən sonra oğlan gözüyaşlı öz yatağına qayıtdı. Olanlar bu idi, amma dayısı bundan böyük bir əhvalat düzəltməyi bacarmışdı. Deməli mətbəx xidmətçisi


Скачать книгу