Muhammed. Son peyğəmbər. Лев Нусенбаум
və əyləncəsevər qara camaat idi.
Həmin kralın hakimiyyəti sonsuz idi. Romadan o, qoşuna rəhbərliyin yüksək başarısını, hakimiyyəti altda olan şərq dünyasından isə zəhərləməyin, hiylənin, yalanın və satqınlığın daha böyük bacarığını əxz etmişdi. Bu son mirasın Bizansda qazandığı bir ad vardı: siyasət. Bizans ağı, yalan və satqınlıqla ağalıq edirdi, muzdur dəstələrin amansız gücü ilə qorunurdu. Zira Bizans çox şeyləri qorumalı olurdu və düşmənləri çox güclü idi.
Bizans şərqi xristianlığın mərkəziydi. Kral xristianlığın, Müqəddəs Məzarın24 və təmiz imanın himayədarı idi. Bu təmiz, xristian imanının nə olduğunu Bizansda hər kəs bilirdi, amma hərə üçün onun bir mənası vardı. Saysız təriqətlər, onların mübarizəsi və qarşılıqlı nifrəti Bizansı laxladırdı. Bazarlarda, camaatın gur yerində və dükanlarda təriqətlər barədə mübahisələr aparılırdı, bugün siyasi partiyalar barədə aparılan mübahisələr kimi. Rəqibini məhv etmək üçün sadə bazar alverçisi incə dialektikanı tətbiq edirdi. Mücərrəd şeylərdən danışılırdı, mücərrəd mübahisələr də Şərqdə çox sevilir. Lakin mübahisələr sona yetəndə fikirlər çox konkret təzahür tapırdı, rəqiblər bir-birinə hücum çəkir, bir-birini öldürüb qarət edirdilər. Zira Şərq açıq döyüş oyununu mücərrəd mübahisədən üstün tutur.
Bizans ruhu getdikcə sovulurdu. Kimə o, dözülməz görünürdüsə, həmin adam Bosfor sahilindəki saraylarla, ağı verənlərlə, hiyləgər əyanlarla zəngin olan vüqarlı şəhərdən baş götürüb canına əzab vermək və ruhuna dinclik qazanmaq üçün səhraya üz tuturdu. Məsələn, Allaha itaətini bəyan etmək üçün Müqəddəs Simon25 düz yeddi il yerindən tərpənmədən ibadət edə-edə sütunlardan birinin üstündə məskən salıbmış, digərləri isə yarıya qədər torpağa gömülərək öz həyatlarını başa vurmağa üstünlük veriblərmiş, başqaları da özlərini zəncirlədirmiş. Elə insanlar da varmış ki, səhrada başlarına şəyird toplayıb yeni təriqətlər yaradırmışlar.
Şərq, təriqət bolluğu ilə xristianlığı saf-çürük edirdi. Təriqət hərcmərcliyi Bizansın mənəvi həyatını bütünləşdirirdi. Amma bu hərci-mərcilik hələ təhlükə demək deyildi. Təhlükə dışarıdan gəlirdi. Kralın qızıl taxt-tacına, saray zinətlərinə, zəngin şəhərlərə və torpaqlara çoxlu həris əllər uzanırdı, yad baxışlar iştahla Bizansa zillənirdi.
Qədim dünya məhvərindən çıxmışdı. Xalqlar hərəkətlənmişdilər. Balkanda, Qafqazın əzəmətli sipərinin arxasında, səltənətin boya-boy sınırlarında amansız köçərilər peyda olurdular. Bizans darvazaları bərk-bərk döyəclənirdi. İlbəil, ardı-arası kəsilmədən şərqi xristian səltənətini kral yad istiladan qorumalı olurdu. Bizansı dinc qoymayan əsas təhlükə isə zalim köçərilər, alanlar, şimalın hunları və slavyanları deyildilər. Əsas təhlükə, başlıca düşmən İran idi, Persiya idi, şahənşahın, böyük şahın, mömin fars Sasanilər sülaləsinin məmləkəti idi.
Müqəddəs İranı, əbədi odlar yurdunu, Hürmüzdün və Əhrimənin vətənini Avropa dünyası hələlik yaxşı tanımırdı. Bircə onu bilirdilər ki, İran Roma və Bizans imperiyasının qüdrətli şərq qonşusudur, onillər uzunu o, Roma ilə qanlı savaşlar aparıb, bəzən yenib, bəzən yenilib və xristian təsirinə heç vaxt məruz qalmayıb. Lakin böyük şərq ölkəsinin daxilində nələrin baş verdiyindən onlar xəbərsiz idilər.
O, böyük, gözəl və dinc bir ölkə idi. Bizans sərhədlərindən başlayıb düz Mərkəzi Asiyaya qədər, Fars körfəzinin sahilindən Qafqazın zirvələrinə qədər yayılıb-gedirdi. Bu yaşıl, dinc ölkə müqəddəs oda, Zərdüşt peyğəmbərə, Atropaten kahinlərinə və şahənşaha məxsus idi.
Yüzillər öncə Zərdüşt müqəddəs od dininin əsasını qoymuşdu. Şəyirdlərini başına yığıb bərəkətli İran məmləkətini qarış-qarış dolaşmışdı. Ayağı dəydiyi yerdə məbədlər yaranırdı, torpaqdan əbədi, müqəddəs alov püskürürdü, camaat diz çökürdü və kahinlər od allahının şərəfinə nəğmələr qoşurdular. Mısmırıqlı Xəzər dənizinin sahilində Atropaten torpağı, İranın bir əyaləti yerləşirdi. Zərdüşt özünə bu ölkəni seçdi. Müqəddəs odun saysız-hesabsız alovları həmin torpaqdan göylərə püskürürdü. Bu ölkə İranın müqəddəs torpağına çevrildi. Ölkəni kahinlər idarə edirdilər, müqəddəs oda sitayiş edib Xəzər dənizi sahilindən hökm verirdilər ki, Çin və Bizans arasındakı böyük ərazidə kim hökmran ola bilər. Qüdrət sahibi idilər kahinlər və onlara bol-bol zəka bəxş edilmişdi.
Uşaq yaşlarından taxta əyləşmiş Şapur şaha kahinlərin bəxş etdiyi hədiyyədən bəhs olunur. Həmin hədiyyə çovkən oyunu olub. Dəmir masanın üstündə süni çəmənlik düzəldilibmiş, balaca dəmir atlar masanın üstündə oyan-buyana qaçırlarmış. Mürəkkəb şəkildə bərkidilmiş bir qurğu topu tərpədirmiş, digər bir qurğu isə çəmənlikdəki süni atlara imkan yaradırmış ki, topu qovarkən süni şəkildə tələssinlər. Həmin hədiyyəni kahinlər kiçik şaha ona görə veriblərmiş ki, oyundan həzz alsın və kahinlərə ehtiram göstərsin. Şah böyüyüb kiçik oyuncağa ehtiyac duymayanda kahinlər ona poladdan iki adam, iki robot düzəltdilər ki, onlar da hər yanda onu müşayiət edirdilər.
Bir vaxt Qubad şah kahinlər hakimiyyətini dağıtmağa çalışdı. Məzdək adlı dinsizin biri şahın hüzuruna gəlib onun ağlını oğurlamış və demişdi:
– Heç kim başqasından varlı olmamalıdır. İranda gərək bərabərlik hökm sürsün və heç bir kahinin haqqı yoxdur, xalqın taleyini həll etsin.
Məzdəyin tovlayıcı sözlərinə şah qulaq asdı. Hərəmxanasının qadınlarını camaata payladı, varlıların sərvətini əllərindən aldı və kasıbları öz kasıblığında saxladı, çünki Məzdək belə öyrətmişdi. Onda İranı xilas etmək üçün kahinlər baş qaldırdılar. Əbədiyaşar ruhlu şahzadə Xosrov Ənuşirəvan hərəmxana qadınlarının paylanması zamanı şahzadənin anasına sahib çıxmış kafir Məzdəyə hücum çəkdi. Həmin çağdan padşahlardan heç biri kahinlərin sözünü qulaqardına vurmağa bir daha cəhd etmir.
İran şahı Ktesifonda26, Fərat sahilində otururdu. Şah iqamətgahı əbədi odların müqəddəs diyarının ortasında yerləşmişdi və bu diyar onun çiynində ağır bir yük idi. Qubadın varisi Adil Xosrov böyük müharibələrə Ktesifondan başçılıq edirdi. O, Bizansın yarısını viranə qoydu, Antioxiyanı27 dağıtdı və kral Yustinianın qoşunlarını əzdi. İranla Bizans arasındakı müharibələr on illərlə ara vermək bilmirdi. Bu, iki dövlətin müharibəsi deyildi, gənc xristianlıqla böyük od allahına qədim inam arasında gedən savaş idi. Məsələn, Həbəşistanın nequs neqestisi28 Yəməni tutanda şahənşah ona o nədənlə hücum etdi ki, nequs xristian idi və şah dünyada xristian fatehin varlığına dözmək istəmirdi.
Görünməmiş zəfər yürüşlərində, döyüş və qarətlərdə hər iki dövlət – Bizans və İran qanına qəltan olurdu. Şəhərlər kimsəsizləşir, tarlalar viranələşirdi və İkinci Böyük Xosrov, Xosrov Fateh axırda kişi çatışmazlığı üzündən qadınları da orduya götürürdü. Müharibəni aparmaq və ölkəni məskunlaşdırmaq
24
Müqəddəs Məzar – İsa peyğəmbərin məzarı nəzərdə tutulur.
25
Müqəddəs Simon – İsa peyğəmbərin qardaşı, qədim kilsə qaynaqlarına əsasən 62/63-cü ildə Yerusəlimin ruhanisi olub, 107-ci ildə işkəncə ilə öldürülüb.
26
Ktesifon Mesopotamiyada qədim şəhər, eranın 226-cı ilindən Sasanilərin paytaxtı. Şərq qaynaqlırında Mədain.
27
Antioxiya – hazırda Türkiyədə yerləşən Antakiyanın qədim dövrdəki adı.
28
«Nequs» və ya «nequs neqesti» Həbəşistan hökmdarının titulu. Müvafiq olaraq şah və şahənşah deməkdir.