Muhammed. Son peyğəmbər. Лев Нусенбаум
– Heraklın və İkinci Xosrovun, onların qan içində üzən ölkələrinin bir-biri ilə barış bağlamalı olduqları 628-ci ildə baş verdi.
Herakl azad olmuş Qüdsə yollandı, İkinci Xosrov da Ktesifona. Dünya yenidən barışana oxşayırdı. Herakl xristianlığın xilasını Qüdsdə bayram edəndə Xosrov Ktesifonda özünə elə bir taxt-tac qurdurdu ki, dünya indiyə qədər belə şeyin şahidi olmamışdı. Qızıldan, gümüşdən və daş-qaşdan səmanın şəklini yaratdılar ki, onun da ortasında Günəş, Ay və ulduzlar yerləşdirilmişdi. Bu səma istədiyin vaxt yağış yağdıra və şimşək çaxdıra bilirdi. Taxt-tac bu səmanın başı üstündə qurulmuşdu və bu mürəkkəb qurğu atlara qoşulmuşdu.
Həmin səma bənzərliyi müqəddəs od kahinlərinin öz şahlarına son hədiyyələri oldu. Şahənşah yeni taxtına ilk dəfə təzəcə əyləşmişdi ki, Herakl da öz qələbəsinin təntənəsini təzə-təzə sürdürürdü ki, yalnız bir neçə insanın nəzərini çəkən və çox az qismin vaxt tapıb lağa qoyduğu bir hadisə baş verdi.
Həm Ktesifonda, həm də Qüdsdə üz-gözündən cahillik yağan iki ərəb eyni zamanda peyda olub şahların hüzuruna aparılmalarını istədilər ki, bu da ümumi məzhəkə doğurdu. Onların istəklərinin yerinə yetirilməsi heç kəsə bəlli deyil, bəlli olan yalnız odur ki, səhradan gətirdikləri iki məktubu axırda padşahların hüzuruna çatdırmaq xoşbəxtliyinə yetişiblər.
Hər iki məktubun məzmunu eyni idi. Odövr dünyasının hər iki hökmdarından sadə, nəzakətli cümlələrlə tələb olunurdu ki, öz dinlərindən əl çəkib naməlum ərəb allahlığını, eləcə də onların «itaət» (islam – Ç.Q.) adı ilə yenicə yaranmış kultunu qəbul etsinlər. Hər iki məktubun müəllifi, təbii ki, hökmdarlara qəti tanış deyildi. O özünü çox sadə təqdim edirdi: «Muhəmməd, Allahın Rəsulu». Öz zəfərinin məstliyində Herakl məktuba cavab verməyə belə, vaxt tapmadı. Bundan əlavə, yarıtanrısal izzətə layiq görülən Bizans kralı hansı bir ərəbləsə məktublaşmağı özünə rəva bilməzdi. Qüdsün itirilməsinin müqabilində kahinlərin hədiyyəsinin heç cür sakitləşdirə bilmədiyi İkinci Xosrovun isə məktubu alanda əhvalı pozuq idi. O, yazını cırıq-cırıq edib ayaqları altında tapdaladı və Cənubi Ərəbistandakı valisinə əmr göndərdi ki, «Allahın Rəsulunun başını bədənindən üzsün». Bu əmr yerinə yetirilə bilmədi, çünki o, Ərəbistana çatana qədər qüdrətli şahənşahın özü taxdan salındı və boynu vuruldu.
Bu padşahlardan heç biri indiyə qədər Muhəmmədin (s.ə.) adını eşitməmişdi. On ildən sonra həmin Muhəmmədin (s.ə.) qoşunu bütün Persiyanı, Bizansın yarısını tutdu və İranın müqəddəs odunu həmişəlik söndürdü. Və nəhayət o, Allahın Rəsulunun (s.ə.) yaşıl bayrağını dalğalandırdı – peyğəmbər Məsihin məzarı başında.
Bu qoşun, bu iman, bu Peyğəmbər (s.ə.) bir heçdən yarandı: Ərəbistan səhrasından, dilənçi və yolçuların məmləkətindən. Heçdən bir dünya qurmaq üçün onca il bəs elədi.
Muhəmmədin (s.ə.) adını daşıyan məktub ərəb səhrasındakı balaca bir şəhərdən gəlirdi. Bəlkə hər iki hökmdar bu şəhərin adını bircə dəfə ötəri eşitmiş olaydılar. Şəhərin adı Məkkə idi. İkinci Xosrovun ordusu Ərəbistana yeriyəndə Məkkəyə bir yan yürüşünü özünə rəva bilmək üçün şəhər ona çox kiçik görünmüşdü. Onca ilin içində həmin Məkkə Cəbəlütariq sahillərindən Himalayın zirvələrinə qədər yayılan bir dünyanın mərkəzi oldu.
KƏƏBƏNİN ŞƏHƏRİ
Ərəblərin hamısı tacirdir.
Ərəbistan səhrası ilə, Hicazın daşlı vadiləri ilə bir vaxtlar ulu ata İbrahim dolaşırdı. Dağlar, çılpaq qayalar, uçurum və yarğanlar onun yolunu kəsirdi. Hər qayanın arxasında bir şeytan yatırdı və ağlaya-ağlaya, ulaya-ulaya ulu atanı öz toruna salmağa çalışırdı. İbrahim peyğəmbər bərəkətsiz daşlı səhra ilə dönmədən irəliləyirdi və şeytanlar sırtıqlıq edəndə o, yerdən daş götürüb onlara atırdı. O çağdan minillər keçmişdir. Milyonlarla insan o vaxtdan İbrahim peyğəmbərin hərəkətlərini təkrarlayır və Hicaz səhrasında xırda daşları «Üç Şeytan Dağına», arxalarında əcinnələrin gizləndiyi qayalara atırlar.
Ulu ata Hicazda çox dolaşdı. Axırda qorxunc, çılpaq qayalarla çevrələnmiş dərin vadi zolağına gəldi. Burda, bu amansız torpaqda Aləmlərin Rəbbi ulu ataya mərhəmət göstərdi. Göydən bir ağ daş nazil etdi, Ulu Mələyin qanadları kimi dümağ. Və Rəbbin şərəfinə İbrahim peyğəmbər Hicazın amansız vadisində bir ziyarətgah tikdi – dördbucaq bir bina. Ərəbistanın müqəddəs ocağı Kəəbə belə yarandı. Onun divarında İbrahim peyğəmbərin öz əli ilə qoyduğu bərqli, ağ əl-Hacər əl-Əsvəd, Allahın daşı uyuyur. İbrahim peyğəmbər Rəbbini həmd edə-edə yoluna düzəldi, ziyarətgah isə tənhalıq və amansızlıq vadisinin tən ortasında qaldı.
Ölkənin bədəviləri ziyarətgahdan xəbər tutdular, külək və qum bu xəbəri səhraya yaydı. Tezliklə hər kəsə bəlli oldu: Kəəbənin nur saçan daşını kim öpərsə, Qüdrət Sahibinin hüzuruna qorxmadan dönə bilər. Bütün suçları daş öz üstünə götürür. Ölkənin bədəviləri iri karvanlarla gəlirdilər. Hər kəs ağ daşı öpürdü və hər kəs öz günahını ona ötürürdü. Daş çox suçları götürdü. Bunlar böyük və ağır suçlar idi. Onların sayı artdıqca daş qaralmağa başladı. Və insanlığın suçu o qədər böyük və sonsuzdur ki, Qüdrət Sahibinin nur saçan ağ daşı axırda qaraldı, gecə kimi, suçun özü kimi qapqara oldu. Və haçansa Qiyamət Günü gələndə və Qüdrət Sahibi bütün salehləri və azğınları öz dərgahına səsləyəndə daşda iki iri göz yaranacaq. O, yenidən ağarıb nur saçacaq, Qüdrət Sahibinin əlində qərar tutacaq və bir vaxt Allahın qüdrətinə inanıb öz günahlarını ona tapşırmış hər kəsə şahidlik edəcək. Kəəbə haqqında, Qara Daş haqqında qədim əfsanələr ən azı bunları söyləyir.
Kəəbənin dörd yanınca Hicaz məmləkəti baş alıb gedir ki, onun da mənası «sərhəd manşırı» deməkdir. Bu sərt ölkəyə Mərkəzi Ərəbistanın sonsuz səhraları və sabiilərin30 qədim şövkətli səltənətinin ərazisi bitişir. Fantastik düzümlü çılpaq dağlarla təbiət iki dərin çuxur yaratmışdır. Bu çuxurlardan karvanlar keçib-gedir. Cənubdan Tihamə çölü ilə Yəmənə və şimaldan Suriyaya. Hər iki yol Kəəbədə, Makorabada, ölkənin «Müqəddəsliyində» kəsişir. «Münəvvər» («İşıqlı, Nurlu»), «Um əl-Qura» («Şəhərlər Anası»), «Əl-Mükərrəm» («Nəcib») səhra camaatı Kəəbənin şəhərinə bu adları vermişdi. İranın məğrur şahı isə bu şəhərə xüsusi bir yürüş etməyi özünə heç rəva da bilməmişdi, şəhər ona bu dərəcədə əhəmiyyətsiz görünmüşdü. Bədəvilərin çadır düşərgələrində isə Məkkə şəhərinin qüdrət və gözəlliyi, zənginliyi barədə sonsuz nəğmələr oxunurdu. Çünki səhrada ona tay ikinci şəhər yox idi.
Uzaq ölkələrdən gələn karvanlar Məkkədə rastlaşırlar. Karvanlar görüşən yerdə də möhkəm tikililər yaranır, tacirlər orda yaşayıb artırlar, zənginlik və qüdrət orda təşəkkül tapır. Tacirlər Məkkədə də oturaqlaşmağa başladılar,
29
Strabo – yunan coğrafiyaçısı və tarixçisi. E.ə. 64-63-cü illərdə anadan olub, yeni eranın 23-cü ilində vəfat edib.
30
Sabiilər – Saba səltənətinin sakinləri. Quranda və Tövratda adları çəkilir.