Türkçülüyün tarixi. Юсуф Акчурин

Türkçülüyün tarixi - Юсуф Акчурин


Скачать книгу
olduğunu zənn edirəm. Məsələn, köhnə Osmanlı təşkilatında yüksək mənsəblərə sahib olan Fənərli bəylər XVIII, bəlkə də, XVII əsrdən bəri Avropa mədəniyyətinə vurğun idilər. Divani-Sultan tərcümanlığının, Eflak və Boğdan bəyliklərinin əmiri sayılan bu rum zadəganları dövlət idarəçiləriylə, hökumətlə təmasda olarkən rical3 və məmurundan gözü açıq, bacarıqlı olanlar bu ünsiyyətdən təsirlənməyə bilməzdilər.

      Bəli, belə müxtəlif yollarla Avropa mədəniyyəti, Avropa fikri müsəlman osmanlılar arasına nüfuz etməyə başladı.

      XIX əsrin birinci yarısı Avropada yeni fikirlərin yarandığı və o ideyaların hərəkətə keçməsi üçün millətlərin, zümrələrin vuruşduğu bir dövrdür: əsrin əvvəllərində Fransa İnqilabı, Napoleon İmperatorluğu bütün Avropanı qarışdırmışdı. Milliyyət fikrinə söykənən almanlar, italyanlar, ispanlar Napoleon hakimiyyətinin son dövrlərində İmperatora qarşı milli qiyamlar hazırlamış və tətbiq etmişdilər. Milliyyət fikrinin tarix, hüquq və ədəbiyyat cəbhələrində çox ciddi çalışan almanlar, italyanlar və slavyanlar – alman, italyan, avstriya və slavyan birliklərini hazırlayırdılar.

      Hürriyyətçilik, populizm və sosial təlimlər ideyaları da bu yarım əsrdə yaxşıya doğru irəliləmişdi. Əsrin ortasına doğru, xüsusilə mərkəzi Avropada Osmanlı İmperiyasının qədim qonşusu Habsburqlar ölkəsində bu cür müxtəlif fikirlərin təsdiqlənməsi arzusundan doğan böyük bir qasırğa qopmuşdu.

      Osmanlı İmperiyası idarəçilərinin, ziyalıların bu hadisə və faktları eşitməmiş, öyrənməmiş və bunların səbəblərini araşdırmamış olması qəbul edilə bilməz. Çünki o dövrdə Avstriya-Macarıstanda baş verən üsyanlar Osmanlının hüdudlarına qədər irəliləmiş, Eflak və Boğdan iğtişaşı, Mora üsyanı, Serb hərəkatı hələ səngimək bilmirdi.

      Bunlarla yanaşı, çox qəribədir ki, Tənzimat dövrünə qədər Osmanlı yazılı əsərləri içində Osmanlı dövlətinin həyat və gələcəyi ilə əlaqədar bu mühüm hadisələrin səbəblərini izah edən və bu dövlətin əsas ünsürlərini araşdırmağa çalışan heç bir əsərə rast gəlməmişəm.

      “Tənzimat” və “Yeni osmanlılar”

      Tənzimat dövründəki bəzi işlərlə bir sıra yazılı mənbələr Avropada yaranan hüquqi, siyasi, ictimai fikirlərin nəhayətdə müsəlman osmanlılara gəlib çatdığını göstərir. Ümumiyyətlə, türklərin milli psixologiyasını tədqiq etmək iddiasında olanlar bu qövmün fikirlərdən çox, fəaliyyətə qiymət verdiyini bəyan edir. Bu hökm elə də yanlış deyil: həqiqətən, türklərin nəzəriyyə və fikir işləriylə məşğul olub baş yormaqdansa, başqalarının nəzəri düşüncələrindən çıxan əməli nəticələri tətbiq edərək işi asanlaşdırmağı seçdiklərini təsdiq edən tarixi faktlar çoxdur. Bəhs etdiyimiz sahədə də eyni psixoloji vəziyyətin təzahürlərini görürük: Avropa fikirləri oxunub-araşdırılıb, o əsaslara görə, Osmanlı ictimai heyətinin tədqiqi ilə əldə ediləcək əsl nəticə düşünülmədən, yəni nəzəriyyə və fikirlər vadisində baş yormadan Osmanlı heyəti ictimaiyyəsinə yuxarıdan və aşağıdan, yəni hökumət idarəsini əldə tutan dövlət idarəçilərini bəyənməyən münəvvərlər tərəfindən tətbiqə cəhd edildi ki, bunun yuxarıdan başlayanı “Tənzimat”, aşağıdan gələni “Yeni osmanlılar” hərəkatı adını aldı. Hər iki hərəkatda fəaliyyət fikirdən çoxdur; hər iki hərəkatın fikiriyyatına dair ciddi əsərlər axtarıb tapmaq çox çətindir.

      1865-ci ildə, yəni Əbdüləzizin taxta çıxmasından 4 il sonra yaranan “Yeni osmanlılar” cəmiyyətinin ilk yığıncağının təfərrüatlarını şəxsən cəmiyyətə daxil mənbələrindən öyrənən Əbuzziya Tofiq bəy “Yeni Osmanlı Tarixi” adlı əsərində belə yazır: “İlk yığıncağa cəmiyyətin qurucularından Sübhi Paşazadə Ayətullah bəy4 “Karbonari” cəmiyyətiylə Lehistan gizli cəmiyyətinə aid iki mühüm kitabı özüylə götürüb gəlir. Yığıncaqda şair Namiq Kamal da iştirak edirmiş. Ayətullahın gətirdiyi kitabları oxuyaraq, inqilabçılıq cəmiyyətinin təşkilinə təşəbbüs haqqında müzakirə aparır. “Yeni osmanlılar” cəmiyyətinin üzvü Əbuzziya bəy ilk yığıncaq haqqında danışdıqdan sonra bu sözləri yazır:

      “Bu altı nəfər vətənpərvərin Karbonari proqramını, Sardunya kimi kiçik bir dövləti İtaliya kimi bir dövlət halına gətirən “Kömürçü”adlı gənc fədakarların əzmli təşəbbüslərini və yüksək səviyyəli fəaliyyətlərini oxuduqca, kim bilir onlar necə də qeyrətin coşqun aslanı və hürriyyətin dopdolu şən bir sərxoşu halına gəlirdilər!”…]

      Bu toplantını təsvir edən Əbuzziya bəyin sadə təsvirində çox açıq görmək olur ki, bu azadlıqpərvər, idealist aristokrat balalarının o zamanlar Avropanı baş-ayaq çevirən fikir cərəyanları və həmin fikirlərin əməli sahədəki təzahürləri haqqında o qədər güclü məlumatları yoxdur; öz ölkələrinin vəziyyət və hadisələrini təhlil edib görəcək dərəcədə nəzəri hazırlıqları da yoxdur. Nə özləri, nə də onlardan əvvəl gələnlər Osmanlı ictimai quruluşunu tədqiqi üçün Avropanın fikri əsaslarını öyrənərək, Avropanın tədqiq üsullarını istifadə edərək bir fikirlərin toplusu, bir ideologiya hazırlamayıblar. Düşünürmüşlər ki, “Karbonari” cəmiyyəti nizamnaməsini tərcümə etmək və ona görə fəaliyyətə keçməklə hər şey bitir, istənilən faydalar əldə edilir!

      Fransız siyasi müəlliflərdən olan Engelhard “Türkiyə və Tənzimat” adlı əsərində “Yeni osmanlılar”a (fransızca ”La Jeune Turquie” – “Gənc Türkiyə”)5 dair məlumat verərkən, bu siyasi cərəyanın proqramı sayılan tunisli Xeyrəddin Paşanın 1868-ci ildə nəşr edilmiş “Reformes nécessaires aux Etats musulmans” (“Müsəlman hökumətlər üçün ən lazımlı islahatlar”) adlı risaləsini qısaca təhlil edir. Bu risalədə Osmanlı dövləti təbəəsi din və müxtəlif millətlərdən ibarət İslam sultanlığı kimi təsvir olunub. Tunisli Paşanın ictihadına görə, bu səltənətin islahını tələb edən tədbirlərin əsası Sultan Süleyman Qanuninin “siyasi qanunlarının genişləndirilməsi və cəmiyyətin islah edilməsi” qanununa gedib çıxır. Osmanlı dövlətinin bu qədim qanunlar toplusu tətbiq olunsa, elmli zümrənin və hökumət rəhbərlərinin siyasi vəzifəsi “Avropanın qanuni hökumətlərindəki vəzifələrinin eynisi” olar.

      Engelhard zənn edir ki, Xeyrəddin Paşanın ortaya atdığı fikirlər o ərəfədə müsəlmanlar arasında təşkilatlanmaqda olan maksat6 və gizli bir siyasi cəmiyyət – “Gənc Türkiyə”nin fikirlərinin mənbəyidir. Mən Engelhardın yanıldığı qənaətindəyəm. Əbdüləziz dövrü “Gənc osmanlılar”ının proqramı, Xeyrəddin Paşanın risaləsində rast gəlinən dəqiqlik və aşkarlığa malik deyildi; bu naməlumluq “Gənc osmanlılar” hərəkatının Osmanlı dövlətinin son təcəllisi olan “İttihad və Tərəqqi” dövründə də davam etdi. “Yeni osmanlılar”ın arasında Sultan Süleymanın XVI əsrdən qalma qanunnaməsini genişləndirib, dövrə uyğunlaşdırmaqla XIX əsrin ikinci yarısında tətbiq etmək istəyənlər olsa da, əksəriyyət daha radikal yollarla getməyin tərəfdarı idi: Əbuzziya bəyin “Yeni Osmanlılar Tarixi”ndə yazılanlara əsasən, Namiq Kamal və ya Ayətullah kimi gənc münəvvərlərin əsl ilham mənbəyi Süleymanın qanunnaməsi yox, Avropa dövlətlərində


Скачать книгу