Susan qadın. Elxan Elatlı

Susan qadın - Elxan Elatlı


Скачать книгу
intihar etdiyini anladım…

      – Deməli, mənzildə ikinizdən və uşaqlardan başqa kimsə yox idi?

      – Xeyr, yox idi.

      – Deyirsiniz ki, həyat yoldaşınız intihar edib?

      – Başqa nə ola bilər axı?

      – Vətəndaş, bunu mən sizdən soruşmalıyam, siz məndən yox. İntihar etməsinə sizin bildiyiniz bir səbəb vardımı?

      – Yox… Ağlıma heç nə gəlmir…

      Eyvazı danışdıran müstəntiqin bir gözü yaralı qadında idi. Diqqətini nə cəlb etdisə, yenə ona yaxınlaşıb aşağı əyildi. Qadının sağ əlindən tutub azacıq qaldırdı. Səxavət bu zaman diqqət yetirib gördü ki, qadının indiyə kimi yumulu olan sağ əli açılıb. Sonra müstəntiq bəzək kollarının arasında bir dizi üstə çökdü və ayağa qalxanda əlində tutduğu nəsə kiçik bir şeyi kapitan Əliyevə göstərərək:

      – Bu, pəncərədən atılanda qadının əlində olub, – dedi.

      – Hə-ə… – kapitan şübhəli baxışlarını əvvəl Eyvazın üzünə dikdi, sonra yenə Nəsiblinin ovcundakına baxdı.

      Eyvaz başını narahat halda irəli uzadaraq müstəntiqin əlində tutduğu əşyanı görməyə çalışdı:

      – O nədir elə?

      – Sən geriyə dur! – kapitan ona acıqlandı və səsini alçaldıb müstəntiqə:

      – Onda belə çıxır ki, bu intihar deyilmiş, – dedi.

      – Əlbəttə, intihar deyil… – Nəsibli fikirli halda cavab verdi. – Hələ mən indicə burada başqa bir şey də gördüm və deyəsən, bunun üzərində çox baş sındırmalı olacam.

      – Nə gördünüz ki? – kapitan maraqla soruşdu.

      – Sonra deyərəm…

      – Cənab müstəntiq, – Babakişi birdən ona səsləndi, – Eyvaz, yəqin ki, düz danışır, məclisdən gəlib yatıb, heç nədən xəbəri olmayıb. Ancaq bu zavallı gəlin intihar etməyib, onu mənzilin pəncərəsindən aşağı zorla atıblar. Hadisəni görən olub.

      – Görən olub? – müstəntiq mənalı nəzərlə kapitan Əliyevə baxıb üzünü yenə Babakişiyə çevirdi: – Kimdir o şahid?

      Taksi sürücüsü əli ilə Səxavəti göstərdi:

      – Bu kişini deyirəm. Üzbəüz binanın ikinci mərtəbəsində olur. Hər şeyi öz balkonundan görüb.

      Polis kapitanı Səxavəti bir az da yaxına çağırdı:

      – Bura gəl görüm, ay kişi, özünü təqdim elə.

      Səxavət ona tərəddüdlə yaxınlaşdı:

      – Məmişov Səxavət Hüseyn oğlu.

      – Danış görək, nə görmüsən?

      – Onu atdılar…

      – Kimi?

      – Bu qadını… – yerdə uzanıb can verən qadını göstərdi.

      – Kim atdı?

      – Bilmirəm…

      – Vətəndaş, belə olmaz, nə görmüsənsə, başdan danış. Həm də ən xırda detalı belə unutmadan.

      – Balkona çıxdım… Elə həmin vaxt bu binanın ən yuxarı mərtəbəsindən çığırtı səsi eşitdim. Başımı qaldırıb baxanda yeddinci mərtəbədə yeganə işıq yanan pəncərədən bir kişinin qadını aşağı atdığını gördüm. Qadın elektrik xəttinə toxunub sonra yerə düşdü. Onu atan kişi isə pərdəni tələsik qapayıb pəncərədən çəkilərək otağın işığını söndürdü.

      – Balkona niyə çıxmışdın?

      – Siqaret çəkməyə.

      – Deyirsən ki, qadın çığırtısı eşitdin. Bu necə bir çığırtı idi?

      – Necə yəni? – Səxavət gözlərini döydü.

      – Yəni çığıran qadın kiminləsə dalaşırdı, söyürdü, yaxud imdad diləyirdi?

      – Onun, “Ay Allah!” – deyə çığırtısını aydın eşitdim. Başqa bir şey anlamadım.

      – Deməli, qadın çığırıb kömək istəyirdi?

      – Bəli… Şəxsən mənə elə gəldi ki, o kömək istəyir…

      – Onu atan adamın kişi olduğuna əminsiniz? – sualı bu dəfə müstəntiq verdi.

      Səxavət sualdan duruxdu:

      – Doğrusunu desəm, mənim gözlərim son vaxtlar o qədər də yaxşı görmür, amma düşünürəm ki, həmin qatil kişi idi.

      – Bunu nəyə əsasən deyirsiniz?

      – Nə bilim… Kişi idi də… Mən elə gördüm…

      – Deməli, qadını aşağı tulladı, sonra da pəncərədən çəkilib işığı söndürdü?

      – Qadını atandan sonra pəncərədən onun arxasınca aşağıya boylandı, sonra tez də geri durub pərdəni çəkdi. Bir-iki saniyə sonra isə işıq söndü.

      Müstəntiq Nəsibli ilə kapitan Əliyev baxışdılar. Müstəntiq bayaqdan ovcunda saxladığı əşyanı çantasına qoyaraq üzünü Səxavətə tutdu:

      – Sabah gündüz saat 10:00-da prokurorluqda olun, sizin izahatınızı alacağıq.

      Səxavət çaşıb qaldı. İndi, yəqin, onu günlərlə get-gələ salıb polisin, prokurorluğun yolunda süründürəcəkdilər. Bu qadını, bəlkə də, öz əri öldürmüşdü və məhz onun şahidliyi ilə həbs ediləcəkdi. Öz başına iş açdığını düşünüb dilxor oldu. Gərək gördüyü dəhşətli mənzərə barədə ağzını açıb kimsəyə bircə kəlmə deməyəydi. Ağlı kəsəndən həmişə xəta-bəladan uzaq olmağa çalışmışdı, indi isə budur, ağır cinayətin şahidi kimi kiminsə azadlıqdan məhrum edilməsinə səbəb olacaq, özünə düşmən qazanacaqdı. Həm də gör necə bir düşmən? İsrafil kişinin tərs və kəmfürsət biri olduğunu məhəllə sakinlərindən az eşitməmişdi. Handan-hana zəif səslə dilləndi:

      – Əlbəttə, gələrəm, cənab müstəntiq, lakin mən sabah səhər tezdən marşruta çıxmalıyam.

      Bu bəhanə müstəntiqi qane etmədi:

      – İş yoldaşlarınızdan birinə zəng vurub deyin, sabah sizi əvəz eləsin. Saat onda sizi prokurorluqda gözləyəcəm.

      – Baş üstə, gələrəm, – çarəsiz halda mızıldandı.

      Kapitan hadisə yerinə toplaşanlara bir-bir göz gəzdirib:

      – Hadisənin başqa şahidi varmı? – deyə soruşdu.

      Heç kəsdən səs çıxmadı. Belə məlum olurdu ki, hadisənin intihar cəhdi olmadığına yeganə şahid Səxavətdir…

      Bu zaman:

      – Qadın ayıldı! – deyə kimsə ucadan səsləndi.

      Hər kəsin diqqəti yenidən yaralıya yönəlmişdi. Səxavət ona yaxın dayandığı üçün yerində necə çırpındığını görürdü. Müstəntiq cəld özünü irəli atıb


Скачать книгу