Məni itirməyin. Исмаил Шихлы

Məni itirməyin - Исмаил Шихлы


Скачать книгу
peyda olmuş, birdən-birə də yoxa çıxmışdı. Bu nə sirr idi, başa düşə bilmirdi…

      …Yola düşməzdən əvvəl uşaqlarını bir kənara çəkmiş, “siz dincəlin, mən gedirəm, ‒ demişdi, ‒ oranı tapacağam, arxayın ola bilərsiniz, mütləq tapacağam. Onda gəlib aparacağam, darıxmayın”. Gecəni gündüzə qatmışdı, gündüzü də gecəyə, elə hey irəliləmişdi. O vaxtdan nə qədər keçdiyini bilmirdi, uşaqlarının başına nə iş gəldiyindən xəbərsiz idi. Amma ümidini itirməmişdi. Elə dünən də səhranın ortasındakı həmin gözəl diyarı açıq-aşkar görmüşdü. Haradasa lap yaxındaydı, gəlib çatmışdı.

      Uzandığı yerdən durub yola düşmək istədi. Ayaqları sözünə baxmadı. Sızıltıdan bədəni göynədi. Qərara aldı ki, bir azca mürgüləyib dincini alsın. Xəyalından keçirdi ki: “Bu dəfə mütləq oranı tapacağam, daha gözümdən qoymaram”. Ayaqlarını uzadıb başını torbasına söykədi.

      Nə qədər yatdığını bilmədi. Gözünü açanda onu gördü ki, səhra istidən od tutub yanır. Narın qumlar qovrula-qovrula yeriyir, yeridikcə qum təpəcikləri ovulub axır və qırçınlanıb dəniz ləpələri kimi bir-birini qovur. Gözünü hərləyib göyün üzünə baxdı və başa düşdü ki, çox yatıb, lap çox. Əsasını götürdü, torbasını çiyninə aldı və birdən diz çökdü.

      Qarşıda, günəşin qarsıyıb yandırdığı bu sonsuz qumlu səhranın ortasında məxmər kimi yaşıl bir çəmənlik vardı. Bu çəmənliyin ətəyini üzü göz kimi hamar və parlaq olan sular yalayırdı. Dağların zirvəsi yenə qar idi, sinəsində isə gül-çiçək ləpələnirdi, sular şırıldayırdı. Ceyran-cüyür mələşməsi eşidilirdi. Bu, həmin diyar idi. Çoxdan bəri axtardığı və iki dəfə apaşkar gördüyü cənnətmisal diyar. Bu, həqiqət idi, bu cür qarabasması ola bilməzdi, quşların səsinə qədər eşidilirdi. Suların sərinliyi üzə vururdu, çiçəklərin ətri sinəsinə dolurdu. Əllərini göyə qaldırdı. “Şükür kərəminə, ey yeri-göyü yaradan, ‒ dedi, ‒ axır ki, məni mənzilə çatdırdın!”

      Ayağa durdu. Torbasını, əsasını atdı, qollarını açdı, heç nəyə fikir vermədən irəli cumdu. Elə bil uçurdu. Addımının birini burada atırdı, birini də təpənin o üzündə. Mənzilə lap az qalırdı, əlini uzatsan, çatardı. Artıq şübhə ola bilməzdi. Hər şey aydınca görünürdü, hər şey göz qabağındaydı. Ürəyi az qalırdı partlayıb sinəsindən çıxsın. Amma buna fikir vermədi. Tövşüyə-tövşüyə, ayaqları dolaşa-dolaşa, üzü Məşriqə tərəf, gözəl diyara doğru qaçdı.

      Birdən dəhşət içində dayandı. Gördü ki, gözəl diyarın üstünə narın bir kölgə çökür. Keçən dəfə də belə olmuşdu. Əvvəlcə xəfif duman tül pərdə kimi hər yeri bürümüşdü. Azacıq sonra isə bu gözəl diyarın özü kölgəyə dönüb görünməz olmuşdu. O qorxdu, yerindən tərpənə bilmədi. Dizi üstə qumluğa çökdü. Əllərini göyə qaldırdı. Bu dəfə dua üçün yox, fəryad üçün. Hönkür-hönkür ağladı. “Bu nə işdir, mənim başıma gətirirsən, ey Tanrı, hüzurunda nə günah işlətmişəm”. Gözündə yaş üfüqlərə baxdı. Gördü ki, tülə bürünmüş cənnətmisal diyar öz yerindədir, əvvəlki kimi cilvələnib bərq vurur.

      Yerindən tərpənə bilmədi. Qorxdu ki, ayağa qalxsa, həsrətini çəkdiyi, ulu əcdadlarından tutmuş bu günə qədər axtardıqları o gözəl diyar yoxa çıxar. Əli göydə, gözü üfüqdə, dizi üstə quruyub qaldı.

      Ruzu

      Kişi yola düşəndə dan yeri yenicə ağarırdı. Gecikmiş xoruzlar orada-burada qanad çalıb banlayır, səhər mehi otları xışıldadır, torağaylar pırıltı ilə qalxıb sirkan kollarının dibinə qonurdular. O, axşamdan arvadına demişdi ki, uzaq səfərə çıxacaq, Allah-taalanı tapıb dərdini ona deməyincə geri qayıtmayacaq. Arvad əli üzündəcə donub qalmış, xəyalından keçirmişdi ki: “Allah, sən özün saxla, kişinin başına havamı gəldi, nədir?” Ancaq ağzını açıb bir söz deyə bilməmişdi. Bütün gecəni korun-korun ağlamış, ərinin yoluna tədarük görmüşdü. Heybəyə beş-altı çörək, bir torba süzmə, yarım baş pendir qoymuşdu. Səhərəcən yatmayıb ərinin patavasını, çarığını qurutmuş, paltarının cırıq-söküyünü yamamışdı. Xoruzun üçüncü banından sonra kişi paltarını geyinib sakitcə evdən çıxmaq istəmişdi. Arvadı isə həyətdə, boz kilimin üstündə mitil yorğana bürünüb yan-yana yatışan uşaqlarını dürtmələyib qaldırmışdı ki, durun, atanız uzaq yola çıxır, görüşün. Uşaqlar yuxulu-yuxulu onun boynuna sarılmışdılar. Ata balalarını bir-bir öpmüş və daxmasından çıxmışdı.

      O, hansı səmtə gedəcəyini bilmirdi. Ona görə də üzünü günəşə tutdu və yolu əlinə aldı.

      O, əkinçi idi. Bir parça torpağı, iki öküzü və bir cütü vardı. Səhər tezdən yuxudan durar, Allah verəndən torbasına qoyar, öküzlərini qabağına qatıb işə gedər və bir də qaranlıq qarışanda evə qayıdardı. Heç kimlə işi olmaz, heç kəsin paxıllığını çəkməz, heç kəsin malına göz dikməzdi. Allahdan arzusu o idi ki, balalarının qarnı doysun, əyinləri paltar görsün. Gecə-gündüz əlləşər, halal zəhmətlə dolanar, haram tikəyə əl vurmazdı. O inanırdı ki, öz əlinin bəhrəsi ilə güzəranını yaxşılaşdıracaqdı, amma illər keçir, uşaqlar böyüyür, saqqalına dən düşürdü. Dolanacağı isə günü-gündən pisləşirdi.

      O, günortaya qədər üzü günəşə sarı getdi, sonra isə dönüb günün dalına düşdü. Dərə-təpə aşdı, eniş-yoxuş çıxdı, axırda bir taxıl zəmisinin yanında ayaq saxlayıb nəfəsini dərdi. Kişinin gözü sevindi, ürəyi şadlandı. Gördü ki, qara qılçıq sünbüllər baş-başa verib, taxıl boy atıb qurşağa çıxır. Zəmiyə göz düşüb. Sütül sünbüllər bu gün-sabah bərkiyib saralacaq. O, xəyalən oraq götürdü, taxılı biçib dərz bağladı, tayalara vurdu, xırmana gətirdi, taxılı döyüb sovurdu və hər biri zoğal boyda olan sarı kəhrəba buğdanı çanaqlayıb çuvallara doldurdu. Ürəyində belə taxıl becərənə “afərin” dedi və yola düşmək istədi. Elə bu vaxt zəminin kənarında məlul-müşkül oturan yazıq bir kişi gördü, səmtini dəyişib onun yanına gəldi. Salam verdi, salam aldı. Taxılın qırağında oturub fikrə gedən kişi başını qaldırdı, onun üzünə baxdı, qayğılı-qayğılı soruşdu:

      – Ey Allah bəndəsi, belə bivaxt hara gedirsən?

      – Tanrıdan gizli deyil, bəndədən nə gizlədim, Allahın yanına gedirəm.

      – Əstəğfürullah de, a kişi, sənin Allahla nə işin var?

      – Var, işim də var, şikayətim də. Onu harada olsa, axtarıb tapacağam və soruşacağam ki, niyə dünyanı başlı-başına buraxıbsan? Görmürsənmi, insaf-mürüvvət qalmayıb, çapovulçuluqdur, dünyanı dağıdırlar? Ona deyəcəyəm ki, necə rəva görürsən ki, sənin yolundan çıxmayıb halal zəhmətlə, halal çörəklə dolananlar zillət çəksin, qarnı dolusu çörək, əyni dolusu paltar tapmasın, amma Allah yolundan çıxıb şeytanlara qulluq eləyənlərin başından var-dövlət tökülsün. Yoxsa istəyirsən ki, saçımızın-saqqalımızın ağ vaxtında yolumuzu azıb şeytana qulluq eləyək?

      – Axşam-axşam küfr danışma, kişi, sənin dünya ilə nə işin var, öz dərdimizi çəkə


Скачать книгу