Ölü canlar. Николай Гоголь

Ölü canlar - Николай Гоголь


Скачать книгу
hərdən «Vətən oğlu»nu oxuyursan.

      Çiçikov onun sözlərilə tamamilə razılaşdı və öz tərəfindən bunu da əlavə etdi ki, dünyada tənha yaşamaqdan, təbiəti seyrə dalmaqdan, bəzən də bir kitab götürüb oxumaqdan xoş bir şey ola bilməz…

      Manilov da öz fikrini söylədi:

      – Amma, bilirsinizmi, əgər elə bir dostun yoxsa ki, onunla dərdləşəsən…

      Çiçikov onun sözünü kəsdi:

      – Bəli, bəli, bu doğrudur, bu tamamilə doğrudur! Bunsuz dünyanın mal-dövləti nəyə lazımdır! Bir aqil adam deyib:

      «Pulun olmasın, amma əlində dolandırmağa yaxşı dostların olsun!»

      Bilirsinizmi, Pavel İvanoviç, – deyən Manilovun üzündə həddindən artıq şirin və hətta öz şirinliyi ilə ürək bulandıran bir təbəssüm göründü; bu, mahir bir kübar həkiminin çoxlu şirin şey qatdığı və bununla da müalicə etdiyi xəstəni sevindirəcəyini zənn etdiyi dərmana oxşayırdı, – adam onda bir növ mənəvi ləzzət duyur… Belə ki, məsələ, bir təsadüf nəticəsində mənə sizinlə danışmaq, sizin xoş söhbətinizdən ləzzət almaq kimi bir xoşbəxtlik, demək olar ki, nümunəvi bir xoşbəxtlik qismət oldu…

      Çiçikov:

      – İltifat buyurun, – dedi, – nə xoş söhbət? Mən vecsiz bir adamam, başqa bir şey deyiləm.

      – Ba, Pavel İvanoviç, icazə verin sizinlə açıq danışım: sizin malik olduğunuz məziyyətlərin bircəciyini mənə versəydilər, mən bütün var-dövlətimin yarısını gülə-gülə verərdim!..

      – Mən isə öz tərəfimdən çox böyük bir xoşbəxtlik hesab edərdim ki…

      Əgər bu zaman nökər içəri girib yeməyin hazır olduğunu xəbər verməsəydi, kim bilir, bu iki dostun öz hisslərini bir-birinə izhar etmələri nə yerə gəlib çıxacaqdı.

      Manilov dedi:

      – Buyurun, acizanə rica edirəm! Bizim naharımız kübar məclislərində və paytaxtlarda gördükləriniz kimi olmadığından bizi əfv edin; bizimki rus qaydasınca hazırlanan adi şşidir, amma təmiz ürəklə verilir. Acizanə rica edirəm, buyurun!

      Burada da xeyli buyur-buyur oldu, axırda Çiçikov yemək otağının qapısından yanpörtü içəri girdi.

      Manilovun iki oğlu yemək otağında idi, onlar elə yaşda idi ki, bu yaşda uşaqlar süfrə başında otursalar da, hələ hündür stulda otururdular. Onların yanında müəllimləri dayanmışdı. O gülümsəyərək, ədəblə baş əydi. Manilovun arvadı şorba qabının qarşısında oturdu. Qonağı ev yiyəsi ilə ev yiyəsinin arvadının arasında oturtdular. Nökər uşaqların boynuna xörək dəsmalı bağladı.

      Çiçikov uşaqlara baxaraq dedi:

      – Nə sevimli uşaqlardır! Neçə yaşları var?

      Manilovun arvadı cavab verdi:

      – Böyüyünün səkkiz yaşı var, kiçiyinin isə hələ dünən altı yaşı tamam olmuşdur.

      Manilov böyük oğluna dönərək dedi:

      – Femistoklyus! – Lakey xörək dəsmalını bağlayanda onun çənəsini də bağlamışdı, indi o çənəsini xörək dəsmalın altından çıxarmağa çalışırdı.

      Çiçikov qismən yunan adı olan, lakin Manilovun nədənsə axırına bir «yus» da əlavə etdiyi bu adı eşidərək qaşını bir qədər qaldırdı, lakin o saat da üzünə əvvəlki ifadəni verməyə çalışdı.

      – Femistoklyus, de görüm, Fransada ən yaxşı şəhər hansıdır?

      Bu zaman müəllim bütün diqqətini Femistoklyusa verdi, elə bil ki, o atılıb uşağın gözlərinə girmək istəyirdi, lakin Femistoklyus «Paris» deyəndə o tamamilə sakitləşdi və başı ilə razılıq işarəsi etdi.

      Manilov yenə də soruşdu:

      – Bəs bizim ən yaxşı şəhərimiz hansıdır?

      Müəllim yenə də diqqətlə uşağa baxdı.

      Femistoklyus:

      – Peterburq, – deyə cavab verdi.

      – Daha hansıdır?

      – Moskva.

      Çiçikov bunu eşidib dedi:

      – Ağıllı bala! – Sonra o üzündə bir qədər heyrət ifadəsilə Manilovla arvadına baxdı: – Bu yaşda olasan, belə də biliyin olsun!.. Mən sizə deməliyəm ki, bu uşağın çox böyük qabiliyyəti olacaq.

      Manilov:

      – Ba, siz hələ onu yaxşı tanımırsınız! – dedi, – o çox zəkalıdır. Bu Alkid ki, var, balaca oğlum, o elə zirək deyil, amma bu bir cücü, bir böcək görsə o saat gözləri yerindən oynayır, ardınca yüyürür, o saat da diqqət yetirir. Mən onu diplomatlığa hazırlayacağam. – Oğluna dönərək əlavə etdi: – Femistoklyus, səfir olmaq istəyirsinizmi?

      Femistoklyus çörək yeyə-yeyə, başını sağa və sola əyə-əyə cavab verdi:

      – İstəyirəm.

      Bu zaman dal tərəfdə duran lakey səfirin burnunu sildi və çox yaxşı da elədi, yoxsa onun burnundan şorbanın içinə bir yekə damcı kənar şey düşəcəkdi. Süfrə başında sakit həyatın insana verdiyi ləzzətdən söhbət başlandı, lakin Manilovun arvadı bəzən şəhər teatrı və aktyor haqqında olan qeydlərilə bu söhbəti qırırdı. Müəllim söhbət edənlərə çox diqqətlə baxırdı: onların dodaqucu gülmək istədiklərini duyan kimi ağzını açıb bərkdən gülürdü. Görünür, o, yaxşılıq bilən bir adamdı: bununla ev sahibinə, onunla yaxşı rəftar etdiyi üçün, öz minnətdarlığını bildirmək istəyirdi. Lakin bircə kərə onun üzündə sərt bir ifadə göründü və qarşısında oturan uşaqlara gözlərini zilləyərək çox ciddi halda barmağını stola vurdu. Bunu o lap yerində etmişdi, çünki Femistoklyus Alkidin qulağını dişləmişdi. Alkid də gözlərini yumaraq ağzını açıb çox yanıqlı ağlamaq istəyirdi, ancaq bununla yeməkdən çox asanlıqla məhrum ediləcəyini duyaraq, ağzını əvvəlki vəziyyətinə saldı, gözləri yaşarmış halda əlindəki qoyun sümüyünü gəmirməyə başladı: sümük gəmirməkdən onun yanaqları işıldayırdı. Manilovun arvadı çox tez-tez Çiçikova: «Siz heç bir şey yemirsiniz, siz çox az götürdünüz» deyə müraciət edirdi. Çiçikov da bunun qabağında hər dəfə ona deyirdi: «İltifatınız artıq olsun, mən doymuşam, xoş söhbət hər bir xörəkdən yaxşıdır».

      Nahar qurtardı, ayağa durdular. Manilov son dərəcə məmnun idi; əlini Çiçikovun kürəyinə qoyaraq, onu qonaq otağına aparmaq istəyirdi ki, birdən qonaq çox ciddi bir tövrlə, çox mühüm bir iş haqqında onunla danışmaq niyyətində olduğunu bildirdi.

      Manilov:

      – Onda icazə verin kabinetimə buyurmağınızı sizdən xahiş edim, – deyərək Çiçikovu, pəncərələri meşəyə baxan kiçik bir otağa apardı. – Bu da mənim guşəm.

      Çiçikov otağı gözdən keçirərək dedi:

      – Ürəyə yatan bir otaqdır.

      Otaqda doğrudan da ürəyə yatan cəhətlər vardı: divarlar boza çalan mavi bir boya ilə rənglənmişdi; burada dörd stul, bir kreslo, bir stol, stolun da üstündə, yuxarıda qeyd etdiyimiz, arası əlfəcinli bir kitab, bir neçə vərəq yazılmış


Скачать книгу