Kiçik qəhrəman. Abdulla Şaiq

Kiçik qəhrəman - Abdulla Şaiq


Скачать книгу
QƏZƏBİ

      Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot, nə də saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü…

      Bir gün kəndin ağsaqqalları yığışıb məsləhət elədilər ki, “Allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmır?”

      Təcrübəli və ağsaqqal bir ayrım dedi:

      – O vaxt ki Cümə kişi kənddə idi, hər işimiz öz yolu ilə gedirdi, Allah bizdən yağışını kəsmirdi. Elə ki Cüməni yaddan çıxardıq və Cümə də acıq eləyib kənddən getdi, o zamandan bəri Allah yağışını və rəhmətini bizdən kəsibdir. Gərək hər necə olsa, yenə Cüməni tapıb, kəndə gətirək, tainki Allah bizə yağış və bərəkət göndərsin. Çünki Cümə müsəlmanların həftə bayramıdır!

      Hamısı bu məsləhəti bəyəndi və qərar qoydular ki, Cüməni axtarmağa çıxsınlar. Ayrımlar iki böyük dəstə olub, Cüməni axtarmağa getdilər.

* * *

      Birinci dəstə Cüməni axtara-axtara qalın meşəli bir dərəyə yetişir. Ayrımlardan biri görür ki, zorba bir ağac kötüyündən quruyub, dərənin içinə sallanmışdır. Yoldaşlarına deyir ki:

      – Həri, huy…

      Yoldaşları deyir:

      – Huy…

      – Huy… bu quru ağacı görürsünüzmü? Nə yaxşı odundur. Gəlin bunu qırıb, kəndə aparaq.

      Amma ağacı qırmaqda hamısı aciz olur. Çünki ağac çox uca və yoğun idi. İçlərindən biri deyir:

      – Mən bunu qırmağa bir çarə tapmışam. Mən ağaca çıxaram və ağacın başından əllərimlə möhkəm yapışıb, dərəyə sallanaram. Siz də mənim ayaqlarımdan və bir-birinizin ayağından tutub, dərəyə sallanarsınız. Bu cür gücümüzü salıb ağacı dibindən qırarıq.

      Hamısı bunun məsləhətinə afərin deyib razı olur. Haman məsləhət görən adam ağaca çıxıb sallanır; o biriləri də bir-birinin ayağından tutub, dərəyə sallanırlar. Bunlar nə qədər güc edirlərsə, ağacı sındıra bilmirlər. Məsləhət verən adam qışqırır:

      – Hələ Huy…

      Yoldaşları deyir:

      – Huy… Huy…

      – Siz bir-birinizdən tutun. Bircə mən əllərimə tüpürüb yaşlayım.

      Bunu deyib, əllərini ağacdan çəkir və dərhal hamısı dərəyə tökülüb, parça-parça olurlar.

      İkinci dəstə dəxi Cüməni axtara-axtara qaya ətəyində bir mağaraya yetişir. Bu mağara şir yuvası imiş. Mağaranın ağzından içərisinə baxanda şirin iki məşəl kimi yanan gözlərini görüb: “Tapmışıq, tapmışıq! Cümə burada gizlənibdir!” – deyə bağırırlar. Amma Cüməni mağaradan nə tövr çıxarmaq yolunu tapa bilmirlər. Təcrübəli ağsaqqal bir kişi deyir:

      – Mən mağaraya girib, Cüməyə yalvararam, əgər xoşluq ilə gəlsə, heç!.. Xoşluq ilə gəlməsə, o vaxt zor və güc ilə durub ayaqlarımı da tərpədərəm; onda siz də mənə kömək edib, ayaqlarımdan çəkin ki, Cüməni bir tövr çıxarıb kəndə aparaq.

      Bunu deyib, mağaraya girdi. Şir dərhal pəncəsini uzadıb, kişinin başını yarpaq kimi qopartdı. Kişinin ayaqları hərəkət etməyə başladı. Bu vaxt ayrımlar:

      “Çəkin, çəkin! Cüməni tutubdur!” – deyə ayaqlarından tutub çəkdilər, kişini başsız görüb biri dedi:

      – Bəs bunun başı hanı?

      O birisi dedi:

      – Görünür ki, bunun əvvəlindən başı yox imiş!

      Ayrısı dedi:

      – Yox, var idi!

      Bu qayda ilə höcət etməyə və savaşmağa başladılar. Axırda içlərindən bir az ağıllısı dedi:

      – Canım, neçün savaşırsınız? Gedək bunu kənddə öz arvadından soruşaq. Necə olsa, o bilər. O hər nə desə, biz də razı olaq.

      Hamısı kəndə onun arvadının yanına gəldi. Əhvalatı söyləyib soruşdular:

      – De görək, sənin kişinin başı var idi, ya yox?

      Arvadı bir qədər fikirdən sonra dedi:

      – Başı olduğunu bilmirəm, amma yadıma gəlir ki, saqqalı hərəkət edərdi.

      Hələ indiyədək ayrımlar Cüməni tapa bilməyiblər. Ona görə də hər cümə axşamı gecələr bərk tufan və burağan qopur. Ayrımlar bir yerə yığışıb qorxa-qorxa: “Allah, sən rəhm elə, yenə Cümənin bizə qəzəbi keçibdir!” – deyib yalvarırlar, ağlayırlar; amma boran daha da şiddət eləyir, ağacları sındırır, damı-bacanı bürüyüb-bükür, mal və heyvanatı qırıb tələf eləyir və bərəkəti kəsib bir çox bədbəxtliklər törədir.

      ŞƏLƏQUYRUQ

      Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-biriylə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.

      Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.

      Bir gün yenə Şələquyruq şəhərə yumurta satmağa getmişdi. Qırt-qırt ağac altında eşələnirdi. Qızı Cik-cik xanım da otların üstündə bir çəyirtkəni tutmaqla məşğul idi. Axşamüstü idi… Günəş yavaş-yavaş saralmağa başlamışdı. Quşlar axşam nəğmələrini oxuyurdu. Qırt-qırt xanım çox səbirsizliklə Şələquyruğun yolunu gözləyirdi. Fikir edirdi ki, görəsən, Şələquyruq yumurtaları yaxşı qiymətə sata bildimi? Onun üçün nələr alıb gətirəcək? Arabir də başı üstündəki ağacda oxuyan quşun gözəl nəğməsinə qulaq asırdı. Quşun nəğməsi Qırt-qırt xanımı elə məşğul etmişdi ki, Şələquyruq onun yadından çıxmışdı. Birdən-birə qulağının ucunda “Quqquliqu” səsi eşitdi. Qırt-qırt xanım ayağa qalxdı. Gördü ki, Şələquyruq çiynində dolu xurcun gülə-gülə ona baxır. Qırt-qırt xanım cəld irəli gedib, xurcunu Şələquyruğun çiynindən alıb, yerə qoydu. Hər ikisi şad oturdu. Cik-cik xanım da oynamaqdan qayıdıb gəldi. Atasının şəhərdən alıb gətirdiyi şeyləri görüb, sevincək yerə oturdu. Şələquyruq ona qırmızı və güllü bir dəsmal verib dedi:

      – Bax, qızım, bu güllü dəsmalı sənə almışam…

      Cik-cik xanım atasından razılıq edib, sevinə-sevinə dəsmalı başına bağladı. Qırt-qırt xanım da çox şad idi. Şələquyruğun aldığı qırmızı köynək, güllü dəsmal onun o qədər


Скачать книгу