Kiçik qəhrəman. Abdulla Şaiq
verdi:
– İspan xalqının aslan balaları kaş bu azğınlara qalib gəlsin, mən ölümdən qorxmuram.
Albert ona cavab vermədi; düşüncəli bir halda otaqdan çıxdı. Bir az sonra əlində iri bir zənbil gülə-gülə içəri girdi. Albaressa və Xuan ona baxıb gülürdülər. Albaressa dedi:
– Ağıllı bala, indi fikrin nədir?
Albert zənbili yerə qoyub dedi:
– Xuan dayı, bu dəfə səni bu zənbilin içində tavandan asacağam.
Xuan bir Albertə baxdı, bir də köhnə, bu böyük zənbilə. Üzünü Albaressaya tutub cavab verdi:
– Bizim zənbil məni saxlamaz, oradan başı üstündə yerə gələrəm.
Albert əlini Xuanın çiyninə qoyub onu sakit etdi:
– Mən elə bir iş yapacağam ki, yıxılsan da, ziyan dəyməyəcək.
Bunu deyib Albert tez dışarı çıxdı. Pəncərədən həyətə baxanda gördü ki, iki jandarm aşağıda pilləkəndə astadan danışır; yuxarı çıxmaqda tərəddüd göstərirlər. Albert gözlərini onlardan ayırmırdı. Onlar bir-biriylə çox məsləhət etdilər. Nəhayət, ucaboylu kök jandarm yavaş-yavaş pilləkənləri çıxmağa başladı. Albert tez otağına girib “gəldilər!” deyə bağırdı. Albaressanın köməyi ilə Xuanı zənbilin içinə qoyub ip ilə yuxarı çəkdilər və ipi tavanın orta mismarına möhkəm bağladılar. Sonra ayaqları altına qoyduqları masanı və iskəmləni götürüb bir tərəfə çəkildilər. Albert qapıya çıxdı. Onlara tərəf gələn jandarmı qarşılayaraq:
– Bax, vətəndaş, sən bizi boş yerə bu qədər incitdin, o kişini Mariya mətbəxdə, hovuzun içində gizlətmişdi. Başına böyük bir qabaq keçirmişdi, – dedi.
Jandarm gülümsəyərək soruşdu:
– Bəs o hara getdi, harada gizləndi?
– Mən artırmadan keçəndə hovuzdan çıxdığını gördüm. Əvvəlcə qorxdum, sonra qabağı başından çıxaranda tanıdım. Babama xəbər vermək üçün otağa qaçdım, bu gülməli əhvalatı ona danışdım. Biz artırmaya çıxınca o yox olmuşdu. Nə oldu, hara soxuldu, bilmədik. Bax mətbəxi bağlayıb getmiş, bəlkə də, yenə oradadır?
Jandarm acı-acı güldü.
– Bilirəm, onu siz gizlədirsiniz. Bu dəfə sizi aparmağa gəlmişəm.
Bunu deyib jandarm Albaressanın otağına girmək istədi. Albert gördü ki, Xuanın ayağı zənbilin deşiyindən görünür. Jandarm onu görməsin deyə Albert bir fənd işlətdi. İçəri girincə onun başını qarışdırıb tam zənbilin altında bir kürsü qoydu. Jandarmın qolundan tutub:
– Sən bu kürsüdə otur, mən sənə əhvalatı söyləyim, – dedi.
Jandarm pilləkənləri çıxıb enməkdən onsuz da yorulmuşdu. Özünü kürsünün üstünə salıb oturdu. Albert ona dedi:
– Vətəndaş jandarm, mən Xuanı, əgər bilmək istəyirsinizsə, əvvəldən sevmirəm. O da məni heç sevməz; məni görən kimi qaçır. Çünki ona mən belə bir mahnı qoşmuşam.
Bunu deyib Albert oxumağa başladı:
“Başın kəlikdir, ey Xuan,
Qəlbin çəlikdir, ey Xuan.
Ayağını çək yuxarı,
Zənbil dəlikdir, ey Xuan!”
Xuan anladı ki, Albert bu sözlərlə ona işarə edir. Çünki onun ayağı zənbilin dəliyindən xeyli bayıra çıxmışdı. Jandarm başını qalxızsaydı, onu dərhal görə bilərdi. Odur ki Xuan zənbilin içində özünü toplayıb, ayağını deşikdən çəkmək istəyirdi ki, zənbilin qulpu qırılıb jandarmın başına düşdü. Jandarm ağzı üstündə yerə sərildi. Onun boynu içinə batmışdı. Xuan yerə düşüncə özünü toplayıb birbaş öz evinə qaçdı, qapını içəridən bağlayıb oturdu. Jandarm yerdə ufuldayırdı. Albert pəncərəyə yanaşıb, birdən bağırdı:
– Vay, faşistlər qaçmışlar, respublikaçı atlılar küçədə dolaşır; jandarmları öldürürlər.
Bu sözləri eşidən jandarm boynunu əyə-əyə başını qaldırdı, cəld ayağa qalxdı, vəziyyətin çətinliyini görüb həyəcanla: “Vay, mən neyləyəcəyəm?” – deyə Albertin üzünə baxdı. Albert sandığın ağzını açıb:
– Gəl bura, burada səni tapmazlar, – dedi.
Albert ilə Albaressa onun qolundan tutub çəkə-çəkə gətirib sandığa soxdular, Albert sandığın ağzını bağlayıb açarı cibinə qoydu və gülə-gülə Albaressaya baxıb yavaşca:
– Bundan qurtardıq, – dedi.
Bu ara küçədə səs-küy çoxaldı. Doğrudan da, respublikaçılar qaçan faşist əsgərlərini təqib edir, əllərinə düşən jandarm nəfərlərini öldürürdülər. Jandarmlar can qorxusundan özlərini həyətlərə soxub gizlənirdilər. Albaressa ucadan bağırdı:
– Ay, bizimkilər gəldi, bizimkilər gəldi!
Albert Xuana xəbər vermək üçün otaqdan çıxdı. Artırmada iki jandarm ilə üzləşdi. Onlardan biri:
– Balaca, bizi gizləyə bilərsinizmi? – deyə ondan kömək istədi.
Bunların birisi haman qısaboylu yoğun jandarm idi. Albert hərifləri otağa apardı. Qısaboylu jandarm əlini Albertin çiyninə qoyub dedi:
– Sənə mən çox əziyyət vermişəm. Vaxt olar, xəcalətindən çıxaram.
Albert ona cavab vermədi. Albaressanın köməyi ilə birisini palazın arasında gizlətdilər. Qısaboylu jandarmı da zənbilin içinə qoyub tavandan asdılar. Uzun kəndirin ucunu da qapı yanında vurulmuş mismardan bağladılar. Bu yerdə Mariya ağlaya-ağlaya içəri girdi:
– Bax mən sizi saxladım, indi də siz məni saxlayın, düşmən gəlir.
Albert onu öz mətbəxinə aparıb hovuzun içində oturtdu; qabağı da başına keçirtdi.
– Qorxma, səni burada heç kim tapa bilməz!
Küçələrdə zəfər marşı çalındı. Albaressa pəncərələri geniş-geniş açdı. Xuan da gəldi. Daşqın sevinc içində orduya dəsmal sallayıb salamladılar:
– Yaşasın İspaniyanın müzəffər respublikaçı ordusu!
Bu zaman bir dəstə atlı zabit gəlirdi. Onlar küçənin ortasında dayandılar. Zabitlərdən birisi əli ilə göstərib:
– Onu bax burada vurdular, mən durbinlə gördüm, – dedi.
Albert bağırdı:
– Vətəndaşlar, o faşist zabitini bax bu Xuan dayı öldürdü. Dəmir parçası ilə başını partlatdı.
Albert o qədər ucadan qışqırdı ki, zabitlər cəld ona sarı çevrildilər, razılıq əlaməti olaraq papaqlarını çıxartdılar. İçlərində rütbəcə ən böyük olan ucadan səsləndi:
– Vətəndaşlar, aşağı enin!
Xuan Albertin başını qucaqlayaraq:
– Hörmətli zabitlər, – deyə səsləndi. – Bu fikri mənə verən, döyülməyinə baxmayaraq, məni dörd dəfə faşist jandarmlarından gizləyən bu kiçik qəhrəman Albert ilə Albaressadır.