Kiçik qəhrəman. Abdulla Şaiq
çöllərə, yamaclara otarmağa sürər, əkinçilər öküzləri qoşub cüt sürməyə gedərdilər. Biçinçilər oraq, çin götürüb taxıl və ot biçməklə məşğul olar, uşaqlar da çaylarını içib məktəbə vaxtında yetişməyə çalışardılar.
Şələquyruq, adəti üzrə, o gün alaqaranlıqdan qalxıb, ağaca çıxıb, ucadan banladı.
Dan qaranlıq idi. Hələ günəş doğmamışdı. Dərələri, çölləri seyrək duman bürümüşdü.
Şələquyruq və Qırt-qırt xanım Cik-cikin əlindən tutub yola düşdülər.
Qırt-qırt çox şad idi; çünki ömründə heç şəhəri görməmişdi. Ürəyində Şələquyruqdan razılıq edirdi.
Gecədən şeh düşmüş yumşaq otların üstü ilə gedirdilər. Günəş yavaş-yavaş doğur, al şəfəqlərini otların, çiçəklərin üstünə dağıdırdı. Quşlar ayılıb, yuvalarında gözəl-gözəl nəğmələr oxuyurdu; arılar, kəpənəklər vızıltı ilə çiçəklərə qonub, xortumları ilə güllərin şirəsini sormaqla məşğul idi. Bunların başı söhbətə elə qarışmışdı ki, yolun zəhmətini heç hiss etmədən az vaxtda şəhərə yaxınlaşmışdılar.
Yarım saat sonra şəhərdə idilər. Təmiz, geniş küçələrdən, iri şüşəli mağazaların, uca və gözəl imarətlərin önündən keçərkən Qırt-qırt çox heyrətlə baxır, gözlərini onlardan çəkmək istəmirdi. Hər şey ona təzə və təəccüblü görünürdü. Hətta adamlar da ona başqa təhər görünürdü; onun fikrincə, bunlar heç kənddə gördüyü adamlara bənzəmirdi. Qırt-qırt xanım heyrət içində idi. Hər şey onun yadından çıxmışdı. Addımlarını indi yavaş-yavaş atıb gedib, arabir döyüküb, ona-buna baxan qızı Cik-cikin əlindən tutub çəkirdi. Şələquyruq da çox şad idi; çünki Qırt-qırt xanımın bilmədiyi şeyləri göstərib, ona qandırırdı. Bazara yetişdilər. Qırt-qırtın gözləri dörd oldu. Minlərcə alıcı və satıcıları görüb heyran-heyran baxırdı. Bir saat içində yumurtaları satdılar, sonra oradaca gördükləri, sevdikləri şeylərdən aldılar.
Daha kəndə qayıtmaq lazım idi. Qırt-qırt xanım və Cik-cik şəhərdən heç ayrılmaq istəmirdilər.
İstər-istəməz yavaş-yavaş şəhərdən çıxıb, kəndə tərəf yola düşdülər.
Kənddə Səfər və Əkbər adında iki uşaq var idi. Bunlar çox nadinc və tərbiyəsiz uşaqlar idi. Şələquyruğun və Qırt-qırtın o gün şəhərə getdiyini bilmişdilər Oynaya-oynaya Qırt-qırt xanımın yuvasına gəldilər və otların arasında gizlətdikləri yumurtaları görüb çox sevindilər. Səfər tez qaçıb evdən bir səbət gətirdi, yumurtaları səbətlərə doldurdu və bir-bir götürüb, havaya atıb-tutmağa başladı. Əkbər də istəyirdi ki, yumurtalardan alıb oynatsın, amma Səfər vermirdi. Axırda Əkbər acıqlanıb dedi:
– O yumurtalardan indi ki mənə vermirsən, mən də xortdana deyərəm səni yesin.
Əkbərin anası şəhərə gedəndə ona bir qutu almışdı ki, ağzını açanda ilan başı çıxırdı. Əkbər qutunu cibindən çıxarıb dedi:
– Bax bu qutunun içində xortdan var, indicə ona deyəcəyəm ki, qutudan çıxıb səni yesin.
Səfər irəli gəlib dedi:
– Hanı? Görüm?
Əkbər birdən-birə qutunun ağzını açdı, içindən qara ilan başı çıxdı.
Səfər onu görüncə qorxusundan gözləri kəlləsinə çıxdı. Dalı-dalı gedib səbətin üstünə yıxıldı, yumurtaların yarısı sındı. Üst-başı tamam yumurtaya bulandı. Səfər ağlaya-ağlaya yerindən qalxdı.
Əkbər əllərini bir-birinə vurub, ona ucadan gülürdü. Gülməkdən ağzı qulaqlarına qədər çəkilmişdi.
Səfərin ona acığı tutmuşdu, bilmirdi ki, nə ilə hayıf alsın. Axırda səbətdən bir yumurta götürüb Əkbərin burnunun üstündən vurdu. Yumurta dağıldı, Əkbərin üzü, başı bulandı. Bunu görüb Səfər bərkdən gülməyə başladı. Əkbər ağlayır və acığından bilmirdi ki, nə etsin. Yumurta çox bərk dəymiş və burnu yumurta boyda şişmişdi. Gözlərini başının ağrısından aça bilmirdi; həm də yumurta sarısı kirpiklərini elə örtmüşdü ki, gözləri açılmırdı. Əkbər birtəhər üz-gözünü təmizlədi. Sonra Səfərin yaxasından tutub savaşmağa başladı. Hər ikisi bir-birini boğur, üz-gözünü cırmaqlayırdı. Bir-birinin üst-başını cırıb dağıdır, hər ikisi al-qana bulaşmış olduqları halda, yenə də də bir-birindən əl çəkmək istəmirdilər. Bu saat əvvəl bir-biriylə dost olduqları halda, etdikləri yaramazlıqlara görə bir-birinin cəlladı olub, qan içməyə hazır idilər. Heç birisi o birinin günahını bağışlamaq istəmirdi. Axırda hər ikisi taqətdən düşüb, üzləri cırılmış, al-qana bulaşmış, libasları tikə-tikə olmuş halda evlərinə qayıtdılar.
Şələquyruq və Qırt-qırt xanım şəhərdən qayıdıb gəldilər, yuvalarını dağılmış və yumurtalarını oğurlanmış gördükdə Qırt-qırt xanım ağlar səslə qışqırıb dedi:
– Vay, yumurtalar yoxdur.
Yuvanın ağzında yerə oturub, ucadan ağlamağa başladı.
– Bu, yenə o yaramazların işidir. Onların əlindən mənə rahatlıq yoxdur. Mən artıq burada qala bilməyəcəyəm.
Şələquyruq zor-güc Qırt-qırt xanımı sakit etdi və tezliklə buradan başqa bir yerə köçməyə söz verdi. Bir həftə orada qaldılar, artıq başqa yerə köçəcəkdilər. Qırt-qırt xanım çox şad idi. Ətəklərini çırmayıb ocaq qaladı, yola çıxmaq üçün bir az yumurta bişirməyə məşğul oldu. Şələquyruq da bir daş üstündə oturub, ona təzə bəyəndiyi yuvanı tərif edirdi. Qırt-qırt xanım deyirdi:
– Hər necə yuva olsa, razıyam, kaş ki bu insafsız yaramazlardan uzaq olsun.
Şələquyruq onu inandırırdı ki, təzə yuvaları həm uzaq, həm də elə bir yerdədir ki, heç kəs xəbər tuta bilməyəcək. Cik-cik də arabir onların söhbətinə şərik olub, sevinə-sevinə soruşurdu:
– Ata, o yuvamızın da yanında belə gözəl ağaclar, otlar, çiçəklər varmı?
Şələquyruq:
– Qızım, var, – deyə Cik-cikə ürək-dirək verirdi.
Bir saat sonra orada Şələquyruqdan, Qırt-qırt xanım və Cik-cikdən bir əsər yox idi. Oba köçüb, yurdu qalmışdı. Həmişə Cik-cik bala cik-ciki ilə, Qırt-qırt xanım qırt-qırtı ilə, Şələquyruğun “quqquliqu” səsi ilə şən görünən yuva, o ağaclıqlar, yaşıllıqlar indi sakit və qəmgin-qəmgin durur, guya onların getməsindən göz yaşları töküb ağlayırdı.
Hətta bir neçə gün sonra Səfər ilə Əkbər də gəlib onların yuvasını bomboş görüncə qəmgin olmuşdular. Tutduqları işdən peşman olub, məyus halda qayıtmışdılar. Amma etdikləri bu insafsızlıq heç onların yadından çıxmır və Şələquyruğun dağılmış yuvasının yanından keçə bilmirdilər. Sanki Şələquyruq onların ətəyindən tutub dartır və acıqlı səslə deyirdi: “İnsafsız uşaqlar, mən sizə nə