Hekayələr. Герберт Уэллс

Hekayələr - Герберт Уэллс


Скачать книгу
edir, mənsə yadıma düşdükcə hər iki-üç saatdan bir onu geri yollayıram. Əlbəttə, polis nə olduğunu dərk eləmir və sözsüz ki, bu onu daha da hiddətləndirir. Nəzərə alsaq ki hər dəfə geri qayıtmaq üçün bilet alır, onda nə qədər pul xərclədiyini də təxmin etmək çətin olmaz. Mən onun üçün əlimdən gələni etmişəm, amma ona da özünü mənim yerimə qoymaq və məni anlamaq asan deyil. Bir də onu fikirləşirəm ki, əgər cəhənnəm bizim təsəvvür etdiyimiz kimi bir yerdirsə, onda gərək polisi ordan çıxarıb San-Fransiskoya göndərəndə pal-paltarı yanmış olsun!.. Belə olduğu halda onu bu görkəmdə görən San-Fransisko polisi yazığı həbsxanaya basa bilər. Ona görə də tez əmr verdim ki, Uinçin əynində təzə kostyum olsun. İndi özünüz görürsünüz mən necə dolaşıb qalmışam?

      Cənab Meydiq üz-gözünü turşutdu.

      – Hə, başa düşürəm. Çox müşkül bir vəziyyətdir. Necə çıxış yolu tapa bilərdiniz?.. – o, bir neçə ala-yarımçıq, heç bir nəticəyə varmayan ifadə işlədib sonra da onu daha çox maraqlandıran mətləbə keçdi. – Gəlin bir müddətlik Uinç barəsində unudaq və daha geniş məsələni müzakirə edək. Düşünmürəm ki, sizin qabiliyyətiniz qara magiya və ya buna bənzər bir şeydir. Onu da ağlım kəsmir ki, cənab Foderingey, sizin bu bacarığınızda nəsə cinayət əməli olsun, əlbəttə, əgər bəzi mühüm faktları məndən gizlətmirsinizsə… Yox, bu, möcüzədir, özü də xalis möcüzədir! Hətta deyərdim ki, yüksək dərəcəli xariqədir!

      O, əl-qolunu ölçə-ölçə xalçanın üstündə gəzişməyə başladı. Foderingey isə qayğılı halda stolun arxasında oturub əlini yanağına dayadı.

      – Heç bilmirəm Uinçlə neyləyim, – deyə mızıldandı.

      – Sizin verginiz möcüzələr yaradır. Bu qüdrətli verginiz mütləq Uinçin məsələsini həll etməyə sizə kömək edəcək, – deyərək Meydiq əlavə etdi. – Əziz cənab, siz ki tamamilə istisna insansınız! Əlinizdə heyrətamiz imkanlar var! Elə az əvvəl etdiklərinizi götürək. Başqa məsələlərdə də… istəsəniz çox şey edə bilərsiniz.

      – Bəli, mən artıq bəzi şeylər düşünmüşəm, – Foderingey dedi. – Amma hər şey də istədiyin kimi alınmır axı! Yadınızdadırmı, bu balıq necə əmələ gəldi? Nə bu, nə də o qabdan çıxdı. Odur ki bir kimsə ilə məsləhətləşməyə ehtiyacım var…

      – Tamamilə təqdirəlayiq qərardır! – cənab Meydiq yenə onun sözünü ağzında qoydu. – Lap yaxşı düşünmüsünüz, alqışlanmalı qərardır!

      Bir anlıq susub Foderingeyə baxdı.

      – Mahiyyətcə sizin bacarığınız sərhədsizdir. Gəlin sizin gücünüzü yoxlayaq, görək doğrudanmı düşündüyümüz qədər qüdrətlidir?

      Beləliklə, bəlkə də, inanılmaz görünəcək, amma 1896-cı il 10 noyabr – bir bazar günündə kilsənin arxasına bitişik evin otağında cənab Meydiq tərəfindən ruhlandırılmış və qızışdırılmış Foderingey möcüzələr yaratmağa başladı. Oxuculardan xahiş edirik ki, tarixə diqqət yetirsinlər. Siz, əlbəttə, etiraz edə bilərsiniz ki, bu hekayətin bəzi detalları həqiqətəuyğun deyil; düşünürsünüz ki, əgər bütün bunlar doğrudan da baş veribsə, onda bu barədə bir il bundan qabaq qəzetlərdə yazardılar. Xüsusilə də oxuculara hekayətin sonrasında deyilənlər inanılmaz görünəcək; fərz etsək ki, əgər bu, həqiqətən də, baş verib, onda oxucular gərək etiraf etsinlər ki, təxminən bir ildən də çox müddət əvvəl onlar özləri tamamilə qeyri-adi şəraitdə, zorakı ölümlə dünyasını dəyişiblər. Möcüzənin özü elə inanılmaz şey deməkdir də!.. Yoxsa o, möcüzə olmazdı ki! Belə çıxır ki, hekayətin doğruluğuna inanmayan oxucunun özü həqiqətdə ölüb gedib ki, bütün bu baş verənlərdən xəbərsizdir. Hadisələrin sonrakı şərhindən bu hər sağlam məntiqli oxucu üçün aydın və aşkar olacaq. Amma indi hekayənin sonuna gəlmək hələ tezdir, elə təzəcə ortasına gəlib çatmışıq.

      Cənab Foderingey əvvəlcə ürək eləməyib xırda möcüzələr yaradırdı: elə teosofların möcüzələri kimi seyrək olan müxtəlif mənasız oyuncaqlar və qablarla necə gəldi hoqqalar çıxardırdı. Bu arada isə Foderingeyin müttəfiqi ona ehtiram dolu qorxu ilə tamaşa edirdi. Əslində, Foderingey polis Uinçin məsələsini yoluna qoymağa üstünlük verirdi, amma hər dəfə cənab Meydiq onu fikrindən yayındırırdı. Elə ki müttəfiqlər saysız-hesabsız belə boş-boş məişət möcüzələri fikirləşib yaratdılar, öz güclərinə olan inamları artdı, təxəyyülləri coşdu və daha da cəsarətli xariqələrə həvəsləndilər.

      İlk belə əhəmiyyətli möcüzələrdən biri getdikcə artan aclıq hissi və cənab Meydiqin təsərrüfat müdirəsi, missis Minçin tənbəlliyindən irəli gəldi. Keşişin Foderingeyi dəvət etdiyi şam yeməyi, sözsüz ki, başdansovdu hazırlanmışdı və bu da iki çalışqan möcüzəkara çox dadsız-duzsuz gəldi. Elə süfrə arxasında cənab Meydiq xidmətçisinin çatışmazlığından təəssüflə, hətta əsəbiliklə gileylənəndə Foderingeyin ağlına gəldi ki, yeni bir möcüzəyə ehtiyac yaranıb.

      – Cənab Meydiq, mənim tərəfimdən kobudluq hesab etməzsiniz ki, əgər mən…

      – Əziz Foderingey, əlbəttə ki yox! Mənim, sadəcə, ağlıma gəlməmişdi…

      Cənab Foderingey böyük bir jest elədi.

      – Nə sifariş verəcəyik? – elə bir tonda dedi ki, qarşısındakı çəkinmədən, özünü heç bir şeydən məhrum etmədən istəklərini bildirsin.

      Cənab Meydiqin arzusuna uyğun olaraq şam yeməyinin menyusu əsaslı şəkildə gözdən keçirildi.

      – Mənə gəlincə, – Foderingey Meydiqin seçdiyi yeməklərə nəzər salıb dedi, – mən bir parç porter13 və yağda qızardılmış pendirli çörəyə üstünlük verərdim. Elə bunu da sifariş verəcəyəm. Burqund yeməkləri damaq dadıma uyğun deyil.

      Elə həmin anda onun əmri ilə süfrədə bir parç porter və yağda qızardılmış pendirli çörək peyda oldu. Onlar süfrə arxasında yaradılacaq cürbəcür möcüzələrdən danışaraq (Foderingey bunu xoş təəccüblə qeyd edirdi) xeyli müddət oturdular.

      – Yeri gəlmişkən, cənab Meydiq, mən, hər halda, evlə bağlı sizə kömək edə bilərəm…

      – Nə demək istədiyinizi elə də yaxşı anlamadım, – Meydiq möcüzəvi şəkildə masada peyda olmuş köhnə burqund şərabından qədəhinə süzə-süzə dedi.

      Cənab Foderingey hansısa görünməz bir boşluqdan ikinci porsiya qızardılmış pendirli çörək götürüb yeməyə girişdi.

      – Güman edirəm ki, – deyə sözə başladı, – missis Minçin çatışmazlıqlarını düzəltmək üçün möcüzə edə bilərəm, – bir-birinə toqquşan qədəhlərin cingiltisi eşidildi. Meydiq qədəhini masanın üzərinə qoydu. Üzündə şübhə ifadəsi sezilirdi.

      – O, kiminsə onun işinə qarışmasını xoşlamır. Bundan başqa, indi saat on ikidir, yəqin ki, artıq yuxuya gedib. Ümumiyyətlə götürəndə buna dəyərmi?..

      Cənab Foderingey bu etirazı bir daha götür-qoy elədi.

      – Niyə də onun yatmasından istifadə etməyək?

      Əvvəlcə


Скачать книгу

<p>13</p>

Porter – şərab qatılmış tündrəngli pivə; ingilis dilində porter – hambal, yükdaşıyan deməkdir. Bu söz içki ilə əlaqədar birbaşa mənada işlənilir. Belə ki, porter içkisi ağır yeməklərlə qəbul olunur, başqa sözlə, mədənin yükünü daşıyır.