Hekayələr. Герберт Уэллс
yerindən qalxıb, bilərəkdən oyanıb ki, sandıqçada gizlədilmiş konyak şüşəsini sındırsın. Sonra da bunu etiraf etdi! Axı bu fakt onu göstərir ki… bu bizim qarşımızda görünməmiş imkanlar açır. Əgər biz hətta belə bir qadında dəyişiklik etməyə nail olduqsa…
– İmkanlarımız, görünür, sərhədsizdir, – Foderingey qeyd etdi. – O ki qaldı cənab Uinçə…
– Şübhəsiz ki, imkanlar sərhədsizdir, – Meydiq xalçanın üstündə gəzişə-gəzişə polisin məsələsinə əhəmiyyət verməyib ağlına gələn heyrətamiz planları Foderingeyin qarşısında sadalamağa başladı. Bu planların necə olursa-olsun bizim hekayətin mahiyyəti ilə birbaşa əlaqəsi yoxdur. Bunu demək kifayətdir ki, bütün bu planlar sonsuz xeyirxahlıq aşılayırdı. Bu qəbildən olan xeyirxahlığı yeməkdən sonra toxqarına yaxşılıqlar sırasına qatmaq lazımdır. Onu da qeyd etmək lazımdır ki, polis Uinçin problemi elə həll edilməmiş də qaldı. Sadalanan planların nə dərəcədə dərinə getdiyini dəqiqləşdirməyə ehtiyac yoxdur. İstənilən halda heyrətamiz dəyişikliklər baş verdi.
Gecənin bir aləmində cənab Meydiq və Foderingey möcüzə yaratma qabiliyyətindən cuşa gələrək ay işığında soyuq bazar meydanında dolaşırdılar. Cənab Meydiq əl-qolunu oynatdıqca sürtükünün ətəkləri yellənirdi, ondan boyca balaca olan Foderingey isə daha öz qüdrətindən çəkinmədən məğrurcasına yanında addımlayırdı.
Onlar ətrafdakı bütün əyyaşları islah etdilər, bütün pivə və digər spirtli içkiləri suya çevirdilər (bu məsələdə Foderingey etiraz etsə də, Meydiq dediyinin üstündə inadla durdu). Sonra bütün yerli dəmir yolu problemlərini aradan qaldırıb əhəmiyyətli dərəcədə yaxşılaşdırdılar, Flinder bataqlığını qurutdular, Tənha ağac dərəsindəki yamacların torpaqlarını münbitləşdirdilər, anqlikan kilsəsinin keşişinin çənəsindəki ziyili çıxartdılar. Sonra Cənub körpüsünün çürümüş dirəklərini yeniləmək məsələsini də gözdən keçirməyi qərara aldılar.
– Sabah şəhər tanınmaz halda olacaq! – cənab Meydiq sevincindən boğula-boğula dedi. – Hər kəs necə də heyrətlənib qürrələnəcək!
Bu məqamda kilsə zəngləri gecə saat üçü vurdu.
– Gör ha! – Foderingey qışqırdı. – Saat artıq üçdür. Evə getməliyəm. Saat səkkizdə idarədə olmalıyam, bundan başqa, missis Uims…
– Biz hələ təzə başlayırıq! – hüdudsuz qüdrətin şirin duyğularına dalmış cənab Meydiq etiraz etdi. – Bir fikirləşin, nə qədər xeyirxahlıq etmişik! Sabah hamı oyananda…
– Axı… – Foderingey sözə başlamaq istəyirdi ki, Meydiq qəflətən onun əlindən yapışdı. Keşişin gözləri həyəcanla parlayırdı.
– Mənim əziz dostum! – o dedi. Tələsməyə nə gərək var? Bir baxın! – deyə o, başı üzərində süzən ayı göstərdi. – İsa Navin14 kimi edin!
– İsa Navin? – Foderingey təkrar soruşdu.
– Bəli, – Meydiq dedi, – niyə də yox! Ayı dayandırın!
Foderingey aya baxdı.
– Bu lap ağ olar! – deyə mızıldanıb susdu.
– Axı niyə? – keşiş soruşdu. – Ancaq onsuz da o dayanmayacaq: siz, sadəcə, Yer kürəsinin dövr eləməsini dayandırın ki, qoy zaman da dayansın. Biz ki heç kimə pislik etmirik!
– Hm! – Foderingey dedi. – Nə deyirəm ki… – deyə ah çəkdi. – Cəhd edərəm. Bax…
O, pencəyini axıradək düymələyib Yer kürəsinə bacardıqca sərt və əminliklə müraciət edərək əmr verdi:
– Fırlanmağı kəs! Eşidirsən?
Elə həmin anda o, bir dəqiqədə onlarca mil sürətlə təpəsi üstə boşluğa yuvarlandı. Saniyəbaşı havada dövrə vurmasına baxmayaraq, düşünmək qabiliyyətini itirməmişdi. Axı fikir – çox heyrətamiz şeydir: o gah qatran kimi yavaş-yavaş axır, gah da şimşək kimi bir anda çaxır!
Bir neçə saniyə götür-qoy edən Foderingey əmr etdi:
– Qoy mən sağ-salamat yerə enim! Hər nə olursa-olsun, mən yerin üstündə salamat qalım!
O bu əmri vaxtında vermişdi, çünki sürətli uçuşun nəticəsində onun paltarı qızıb közərməyə başlamışdı. Foderingey şappıltı ilə yerə dəydi, amma zərbənin gücünə baxmayaraq, heç bir yeri zərər görmədi, çünki yerin təzə qazılmış, yumşaq hissəsinə düşmüşdü. Bazar meydanının saat qülləsinə bənzəyən nəhəng daş və metal yığımı onun yaxınlığında uçub dağıldı və daşdan, kərpicdən, suvaqdan ibarət hissələri sıçrayaraq hər tərəfə dağıldı, elə bil bomba partlamışdı. Havada uçan inək divarın bir hissəsinə möhkəmcə çırpılaraq yumurta kimi əzildi. Sonra qulaqbatırıcı gurultu eşidildi: bütün ömrü boyu eşitdiyi gurultular bu səsin yanında yatan tozun xışıltısına bənzəyirdi. Ardınca daha bir neçə nisbətən zəif gurultu eşidildi. Elə güclü külək əsirdi ki, Foderingey ətrafına baxmaq üçün çətinliklə başını qaldırırdı. Ancaq həddindən artıq karıxıb özünü itirdiyindən harada olduğunu, nə baş verdiyini dərk edə bilmirdi. Ağlına gələn ilk o oldu ki, əlini atıb başını yoxladı, küləkdə dalğalanan saçlarının yerində olduğunu görüb arxayınlaşdı.
– İlahi! – Foderingey küləkdən boğula-boğula, güclə dilləndi. – Bir az da belə davam eləsə, başımı itirəcəyəm! Nəsə yanlış oldu. Tufan və ildırım baş verdi. Halbuki bir neçə dəqiqə əvvəl necə sakit gecə hökm sürürdü. Məni bu işə şirnikləndirən Meydiq oldu! Küləyə bax da! Belə böyük xətalara davam eləsəm, axırı pis qurtaracaq! Meydiq haradadır? Gör aləm bir-birinə necə qarışıb!
Pencəyinin küləkdə yellənib-qalxan ətəklərindən imkan tapıb yan-yörəsinə boylandı. Ətrafda hər şey çox əcaib görünürdü.
– Hər halda, səma yerindədir, – o dedi. – Amma başqa şeylər haqqında bunu deyə bilmərəm. Elə səmanın özü də elə görünür ki, elə bil qasırğa yaxınlaşır. Ay əvvəlki kimi başımızın üstündə asılıb. Lap elə bir neçə dəqiqə qabaq olduğu kimi… Hava günün günortaçağındakı kimi işıqlıdır. Bəs qalan şeylər hanı?! Şəhər necə oldu? Hanı? Hər şey hara yoxa çıxıb? Bir də nəyə görə güclü külək əsməyə başladı, mən ki qasırğa sifariş verməmişdim?!
Bir neçə uğursuz cəhddən sonra Foderingey birtəhər qalxıb əlləri və ayaqlarını torpağa möhkəm dayayaraq dördayaqlı vəziyyətdə dayandı. O, parlaq ay işığına qərq olmuş dünyaya külək əsən tərəfdən baxmağa başladı, tərsinə çevrilmiş pencəyi isə başının üzərində şappıldayırdı.
– Hə, nəsə dünyada pozulub, – deyə donquldandı, – amma bunun nə olduğunu bir Allah bilir!
Hər tərəf ayın ağımtıl, parlaq işığına, vıyıldayan küləyin qaldırdığı toz buludlarına bürünmüşdü, yalnız yerin dağıntılara qarışmış bir hissəsini ayırd etmək mümkün idi: nə ağacları, nə binaları, nə də adət etdiyi heç nəyi sezmək olmurdu; burulğanın qaranlığında itib-batan xaosdan, ildırımdan, yaxınlaşan qasırğadan başqa heç nə görünmürdü. Çaxan ildırımın
14