Hekayələr. İsi Məlikzadə

Hekayələr - İsi Məlikzadə


Скачать книгу
qalıbmı?.. Gözləri elə nəmlidirmi?.. Yenə elə ürkəkdirmi?

      Səhərə yaxın Mirzənin kirpikləri ağırlaşdı, Mirzə özünü ucsuz-bucaqsız bir bağda gördü, alça, ərik çiçək lərinin ətrini çəkdi sinəsinə, qaranquşların, sığırçınların cəh-cəhini eşitdi: Yuxuya gethagetdə, sayıqlayırmış kimi pıçıldadı: “Ölməyə vətən yaxşı… vallah, vətən yaxşı…”

* * *

      Çamadanın ağırlığından bir çiyni əyilmiş, qaşları ağ kişinin həyətə girdiyini görəndə Güldəstənin qıçları sözünə baxmadı – başladı titrəməyə – havası çatmayan adam təki gözləri dirəndi.

      Ağqaş kişi, dodaqları səyriyə-səyriyə gülümsədi:

      – Niyə belə baxırsan? – dedi. – Qardaşınam də… Mirzə…

      Dizləri bükülhabüküldə Güldəstə: “Ay qardaş!” – deyib bir cikkə çəkdi ki, Mirzənin başının tükləri biz-biz oldu.

      Beşcə dəqiqədən sonra qonum-qonşuya duy vuruldu ki, rəhmətlik Salmanın oğlu Mirzə gəlib. Yeniyetmələr, cavanlar key qaldılar: görəsən, Mirzə kimdir və hardan gəlib? Amma yaşlılar, ağsaqqallar bilirdilər ki, Mirzə Güldəstənin gözünün ağı-qarası bircə qardaşıdır, özü də qırx ildən çoxdur ki, “dünyanın o başında” – “Dalni Vostok” deyilən yerdə yaşayır, bu eldə bir ocaq yandırmayıb, bir koma qaraltmayıb, bir ağac əkməyib, bu eldə bir namı-nişanəsi yoxdur onun. Görəsən nə olub, nə əhvalat baş verib ki, qırx ildən sonra, yazın çal-çağır vədəsində Mirzənin güzarı bu yerlərə düşüb?

      Camaat “Dalni Vostok” sözündə bir sirr-müəmma, soyuqluq, əlçatmazlıq görürdü. Hamı bilirdi ki, “Dalni Vostok” deyilən yer burdan çox-çox-çox uzaqdadır və orda həmişə qar olur, buz olur, gün tez çıxıb, tez batır, həm də oranın günü adamın canını qızdırmır. Buzların içindən gəlmiş Mirzəyə baxmaqçün qonşular axışdılar Güldəstəgilə və gördülər ki, Mirzə solğun bənizli, ortaboylu, arıq bir kişidir. Gördülər ki, Mirzənin saçı da, qaşları da “Dalni Vostok”un qarı kimi ağappaqdır, özü də elə bir suyu bacısına oxşayır; burnu onun burnu kimi nazikdir, gözləri də eynən Güldəstənin gözləridir: badamı, qonur…

      Yeznə Qədirə xəbər getdi, Qədir “Jiquli”də özünü çatdırdı həyətə. Mirzəni öpüb basdı bağrına, başladı hönkürtü vurmağa, amma görəndə ki, Mirzə ağlamır, o dəqiqə səsini kəsdi…

      Hələ Güldəstə qardaşı ilə nəfəs-nəfəsə doyunca oturmamışdı, hələ Güldəstənin uşaqları söz axtara-axtara, dirənə-dirənə danışan dayılarına qıraqdan gözü-dolusu baxmamışdılar, hələ qonum-qonşu “Dalni Vos tok”dan hal-əhval tutmamışdı – Mirzə dedi ki, qəbiristanlığa getmək istəyirəm.

      Yeznə Qədir Mirzəni “Jiquli”yə mindirib, apardı qəbiristanlığa…

      Ata-anasının qəbri yan-yana idi. Qəbirlərin torpağı çökmüşdü, yan-yörəsini ot-alaq basmışdı, baş ağacları çürüyüb qaralmışdı. Baxımsızlıqdan pis hala düşmüş bu qəbirləri görəndə Mirzədən çox Qədir utandı. Qədir hazırlaşdı ki, Mirzə ağlasa, o da ağlasın, amma Mirzə ağlamadı və Qədirin xirtdəyinə dirənmiş qəhər o dəqiqə sovuşub getdi.

      Mirzə qəbiristanlığa nəzər saldı. Dirilər var-yoxlarından çıxıb, burda ölülərə büsat düzəltmişdilər. Hara baxırdın qara, qırmızı, ağ mərmər idi. Adamboyu başdaşılar, qranitdən yonulmuş büstlər, dəmirdən şəbəkə hasarlar…

      Mirzə ata-anasının az qala yerləyeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini, nədənsə, Qədirin üzünə zillədi. Qədir tez çöməlib qəbirlərin yan-yörəsindəki alağı yoluşdurmağa başladı. Bir azdan Mirzə də ona qoşuldu və qət elədi ki, günü sabahdan bu qəbirləri sahmana salacaq. Bu qəbirlər sahibsiz deyil, burda yatan kişinin, arvadın oğlu hələ ölməyib. “Gəlmişəm, əzizlərim, gəlmişəm… Bağışlayın ki, gec gəlmişəm”.

      Anası öləndə də gec gəlmişdi. Tez necə gələydi? Buracıq deyil, oracıq deyil. Mirzə teleqramı alandan sonra hazırlaşıb yola düşənəcən iş-işdən keçmişdi. Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən də yox idi. Evdə təzədən ağlaşma başlandı. Güldəstə qardaşını qucaqlayıb ağı dedi. Onda Güldəstə cavan idi, Qədirlə təzəcə evlənmişdilər. Sən demə, Güldəstənin yanıqlı səsi varmış, elə dil açıb ağladı ki, Qədir özünü saxlaya bilmədi – hönkürdü, nə hönkürdü. Amma Mirzə sanki daş idi, odun idi – dayanıb durmuşdu, elə bil ağlamaq yadına düşmürdü. Bunu görəndə Qədir hönkürtüsünü kəsdi. Gözlərindən hələm-hələm yaş çıxmayan Salman kişi də arxasını həyətdəki tut ağacına söykəyib ağladı. Kişi, deyəsən, arvadının ölümündən çox, neçə illik ayrılıqdan sonra oğlunu dədə yurdunda gördüyünə kövrəlib ağlayırdı. Yavaş-yavaş hamı kiridi.

      Mirzə gözlərini qollu-budaqlı tut ağacının yoğun göv dəsinə zilləyib, uşaqlığını yadına saldı. Bu ağacın lap təpəsinə dırmanardı, mət kimi ağ tutu dənə-dənə qırıb ağzına atardı. İndi payızdır, ağacın yarpaqları tökülüb, ağac lütlənib, adam buna baxanda kövrəlir. Həm də bu ağac Mirzəyə yəqin ona görə belə qəmli görünür ki, Mirzənin anası ölüb. İndi bu həyətdə gözlərinə dəyən hər şey Mirzəni kədərləndirir, hətta atasının çal saqqalı da, alnındakı dərin qırışları da… Mirzə boğazını arıtlayıb, deyəsən danışmaq xatirinə atasından soruşdu ki, anam son nəfəsində nə dedi, nə vəsiyyət elədi. Kişi çiyinlərini çəkib, təzədən ağlamaqçün bir himə bənd adamsayağı hüznlü səslə cavab verdi ki, Səmaya rəhmətlik heç nə demədi, vəsiyyət-zad eləmədi, gecə qəflətən keçinib, heç xəbər də tutmamışıq.

      İki gündən sonra Mirzə qayıdıb getdi – iş adamı idi, icazə alıb gəlmişdi, burda çox qala bilməzdi.

      İndi qəbirlərin alağını təmizləyə-təmizləyə Qədir istədi soruşsun ki, qağa, genə tez qayıdacaqsan? Amma bunun əvəzində başqa söz dedi:

      – Qağa, başına dönüm, bəs adam el-obasını, qohum-əqrabasını belə yaddan çıxardar? Ağlamaqdan bacın az qalıb kor olsun. Adın gələndə, inandığım haqqı, Güldəstənin dodaqlarında bir damcı qan qalmır. Mənim sözlərimi danlaq, məzəmmət kimi qəbul eləmə, qurbanın olum. Hər şey bir yana, axı burda sənin atanın, ananın qəbri var. Bu torpaqda sənin doğmaların, əzizlərin yatır.

      Mirzə bir əlcə yerin alağını təmizləyib heydən düşmüşdü, güclə nəfəs alırdı. Onun badamı, qonur gözlərində dəfolunmaz bir ağrının əzabı görünürdü.

      Qədir indicə dediyi sözlərdən peşman oldu.

      – Qağa, başına dönüm, yoxsa xətrinə dəydim?

      Mirzə dikəldi, yolduğu bir çəngə alağa tövşüyə-tövşüyə baxdı və tövşüyə-tövşüyə Qədirin gözləmədiyi bir söz dedi:

      – Ölməyə gəlmişəm, Qədir.

      Qədir əlindəki alağı yerə tulladı, ağzını açıb mat-mat Mirzəyə baxdı. Handan-hana:

      – Bıy, əşi, səni istəməyənlər ölsün, – dedi və qəhərlənə-qəhərlənə gözlədi ki, yəqin


Скачать книгу