Napoleon. Евгений Викторович Тарле

Napoleon - Евгений Викторович Тарле


Скачать книгу
yaşlarımdan qəlbimin kövrək tellərini susmağa məcbur etmişəm”.

      Öz qəfil yüksəlişindən sonra gənc general terror vaxtı edam edilmiş qraf Boqarnenin dul arvadı Jozefinaya rastladı və ona aşiq oldu. Jozefina Boqarne Napoleondan altı yaş böyük idi. Həyatında bir çox romantik macəralar yaşamış bu qadın Banoparta qarşı bir o qədər də ehtiraslı hisslər bəsləmirdi. Lakin Napoleonla evlənməyə razılıq verdi.

      Belə hesab edilir ki, gələcək imperatoru bu izdivacın daha çox maddi tərəfi maraqlandırırdı. Düzdür, Bonapart artıq yüksək mövqe sahibi idi və hamı tərəfindən qəbul edilirdi. Vaxtilə Barrasla yaxınlıq eləmiş Jozefina ilə izdivac isə respublikanın daha qüdrətli şəxslərinin qapısını Bonapartın üzünə aça bilərdi.

      Beləliklə, onlar 1796-cı il martın 11-də evləndilər və iki gün sonra Bonapart arvadı ilə xudahafizləşib müharibəyə yollandı.

      Həmin günlərdə Avropanın tarixində yeni bir qanlı səhifə yazılmaqdaydı…

      II FƏSİL

      İtaliya yürüşü

      Bonapart monarxiyaçıların qiyamını darmadağın edib Barrasın və başqa əyanların rəğbətini qazandı. Sonra isə onları yenə Fransa əleyhinə koalisiya təşkil etmiş böyük dövlətləri qabaqlamağın vacibliyinə inandırmağa çalışdı. Bundan ötrü avstriyalılara və onların italiyalı müttəfiqlərinə hücum edib İtaliyanın şimalına soxulmaq lazım gəlirdi. Əslində, bu koalisiya yeni deyildi, 1792-ci ildə təşkil edilmişdi. 1795-ci ildə Fransa ilə separat sülh bağlayan Prussiya koalisiyadan ayrılmış, bununla da ittifaqda Avstriya, İngiltərə, Rusiya, Sardinya və İki Siciliya Krallığı14, həmçinin bir neçə alman dövləti (Vürtemberq, Bavariya, Baden və başqaları) qalmışdı.

      Direktoriya15 və ona düşmən olan bütün Avropa 1796-cı ilin yay əməliyyatlarının Almaniyanın qərb və cənub-qərbində olacağını, fransızların oradan Avstriya torpaqlarına soxulmağa çalışacağını düşünürdü. Bu yürüş üçün general Jan Viktor Moronun başçılığıyla güclü ordu yaradılmışdı.

      General Bonapartın İtaliyanın şimalına soxulmaq planı isə Direktoriyanı bir o qədər də cəlb etmirdi. Ancaq bu hücum təxribat kimi işə yaraya bilərdi: düşmənin qüvvəsini parçalayar, onun diqqətini əsas hücumdan yayındırardı. Ona görə də qərara alındı ki, avstriyalıları və onların müttəfiqlərini narahat etmək üçün cənubda otuz-qırx min əsgərlə əməliyyata başlasınlar. Bu ikinci cəbhəyə məhz Bonapart baş komandan təyin olundu. O, 1796-cı il martın 11-də yeni təyinat yerinə yola düşdü.

      Öz ordusuna baxış keçirən Bonapart Fransa respublikasının nüfuzlu generallarının niyə bu vəzifəyə can atmadıqlarını dərhal başa düşdü: ordu lap səfillər yığnağına oxşayırdı. Əsgərlərin saxlanılmasına, demək olar, pul ayrılmamış, verilən cüzi vəsait isə mənimsənilmişdi. 43 min əsgər Nitsa və onun ətrafındakı ərazilərdə necə gəldi yaşayırdı.

      Bonapartın qarşısında çətin vəzifə dururdu: ordunu yedirib-içirtmək, intizama öyrətmək! Üstəlik, o bunu yürüş zamanı, döyüşlərarası fasilələrdə etmək məcburiyyətində idi. O, hərbi əməliyyatı heç vəchlə təxirə salmaq istəmirdi. Ayrı-ayrı qoşun hissələrinə başçılıq edən Ojero, Massena, Serrürye kimi komandirlərlə ixtilaflar isə vəziyyəti bir az da çətinləşdirirdi. Onlar 27 yaşlı Bonapartın orduya rəhbərlik etməsini özlərinə təhqir hesab edirdilər.

      Bonapart ilk gündən hamıya eşitdirdi ki, vəzifəsindən və rütbəsindən asılı olmayaraq heç kimə onun əmrlərinə qarşı çıxmaq imkanı verməyəcək. “Tez-tez güllələmək lazım gəlir”, – o, soyuqqanlılıqla Direktoriyaya yazmışdı.

      Bəli, istənilən halda hərbi əməliyyatları təxirə salmaq olmazdı. Həmin günlərdə Bonapartın öz əsgərlərinə etdiyi çağırış tarixə düşüb: “Əsgərlər, əyniniz çılpaq, qarnınız acdır… Mən isə sizi dünyanın ən bərəkətli torpaqlarına aparmaq istəyirəm!”

      Bonapart hesab eləyirdi ki, müharibənin gedişində əsgərlərin özləri öz qarınlarını doyurmağı bacarmalıdır. Onlar bilməlidir ki, düşmənin əlindən hər şeyini almaq yalnız onun özündən asılıdır.

      1796-cı il aprelin 9-da Bonapartın ordusu Alp dağlarına doğru irəlilədi. Bu çətin yürüşdə sərkərdənin daha bir xüsusiyyəti üzə çıxdı: o, boş yerə risk etməyi, həyatını təhlükəyə atmağı xoşlamırdı. Eyni zamanda hesab edirdi ki, vəziyyətdən asılı olaraq, şəxsi nümunə göstərmək lazım gələrsə, tərəddüd etmədən özünü güllə qabağına verə bilər.

      Bonapart Alp dağlarını aşıb İtaliyaya çatan kimi dərhal qərar qəbul etdi. Onun qarşısında birgə hərəkət edən Avstriya və Pyemont ordusu var idi. Avstriya komandanı Derjanto ilə ilk döyüş Montenottedə oldu. Bonapart öz qüvvələrini bir böyük yumruq kimi birləşdirib avstriyalılara hücum çəkdi. Döyüş bir neçə saat ərzində avstriyalıların darmadağın olunması ilə başa çatdı. Ancaq bu, Avstriya ordusunun yalnız bir hissəsi idi. Millezimo ətrafındakı növbəti döyüş iki gün sonra baş verdi və bu dəfə Pyemont ordusu tam məğlubiyyətə uğradı. Beş batalyon təslim oldu. Bonapart düşmənin özünə gəlməsinə imkan vermədən yürüşü davam etdirdi.

      Bu yürüş zamanı isə Napoleonun siyasətlə strategiyanı birləşdimək bacarığı üzə çıxdı. Belə ki, 1796-cı ilin aprelində Bonapart bir məsələ barədə fikirləşirdi: tezliklə Pyemontu (1720-1861-ci illərdə Avropada mövcud olmuş bu dövlət Sardiniya krallığı da adlanırdı – red.) separat sülhə məcbur edib, döyüş meydanında avstriyalılarla tək qoymaq! Mondozi ətrafında pyemontlular üzərində yeni qələbədən və şəhərin fransızlara təslim edilməsindən sonra aprelin 28-də Pyemontla sülh müqaviləsi bağlandı. Müqavilənin şərtləri məğlub edilən tərəf üçün çox ağır idi: Pyemont kralı Viktor Amadey iki ən yaxşı qalasını Bonaparta verməli oldu. Üstəlik, öhdəlik götürdü ki, Fransa ordusundan başqa heç bir ölkənin qoşununu öz ərazisinə buraxmayacaq, heç kimlə ittifaq bağlamayacaq. Bundan başqa, kral Nitsa qraflığını və bütün Savoyyanı Fransaya güzəştə getdi.

      Bonapart yeni qələbələrdən sonra avstriyalıları Po çayının digər sahilinə sıxışdırdı. Parma hersoqu fransızlarla vuruşmaq istəməsə və neytral qalmağa üstünlük versə də, ilk zərər çəkənlərdən biri oldu. Bonapart onun üzərinə təzminat qoydu və 1700 at gətirməyə məcbur etdi.

      Mayın 10-da Lodi şəhəri yaxınlığında məşhur döyüş baş verdi. Həmin döyüşdə Bonapart həyatını riskə atdı. Ən şiddətli vuruşma körpünün yanında baş tutdu və Napoleon qrenadyor16 batalyonu ilə birlikdə, avstriyalıların dayanmadan atəşə tutduğu körpüyə hücuma keçdi. Avstriyalılar iki minə yaxın itki verib geri çəkildilər. Bonapart onları təqib edərək mayın 15-də Milana daxil oldu. Bir gün əvvəl o, Parisə yazmışdı: “Lombardiya artıq Fransa respublikasına məxsusdur”.

      İyunda fransız ordusu Muratın17 başçılığıyla Livornonu, general Ojero isə Bolonyanı tutdu. Bonapart özü isə Modenanı ələ keçirdi, sonra növbə Toskanaya çatdı. Adıçəkilən İtaliya dövlətləri neytral qalsalar da, Napoleon buna


Скачать книгу

<p>14</p>

İki Siciliya Krallığı – İtaliyanin cənubunda Neapol və Siciliya krallıqlarının birləşməsi nəticəsində yaranmış dövlət

<p>15</p>

Direktoriya – 1795-ci il noyabrın 4-dən 1799-cu il noyabrın 10-dək Fransada icra hakimiyyəti funksiyasını həyata keçirmiş hökumət

<p>16</p>

Qrenadyor – XVII-XX əsrlərdə Avropa ordularında piyada qoşun növünün döyüşçüsü, qumbara atan əsgər

<p>17</p>

İoahim Murat – Napoleon ordusunda marşal rütbəsinə qədər yüksəlmişdi. 1808-1815-ci illərdə Neapol kralı olub. Napoleonun bacısı Karolina Bonapartla evlənib.