Napoleon. Евгений Викторович Тарле

Napoleon - Евгений Викторович Тарле


Скачать книгу
belə ona “əbədi şöhrət” qazandıra bilərdi.

      Vurmzer mühasirəyə alınmış Mantuaya girib qorxunc düşmən üzərində qələbəni qeyd etməyə hazırlaşırdı. Həmin vaxt Bonapartın avstriyalıların başqa bir dəstəsini darmadağın etdiyini eşitdi. Vurmzer Mantuadan geri çəkildi və avqustun 5-də Kastilyone şəhəri yaxınlığında Bonapartla üz-üzə gəldi. Fransız ordusu onu məğlubiyyətə uğratdı.

      Vurmzer darmadağın edilmiş ordusunun qalıqları ilə Mantua qalasına çəkildi. Ona kömək üçünsə Avstriyadan təcrübəli general Alvinsinin rəhbərliyilə yeni qüvvələr göndərildi.

      1796-cı il noyabrın 15-də iki ordu – avstriyalılarla fransızlar bu dəfə Arkole yaxınlığında qarşılaşdılar. Avstriyalılar sayca çox idilər və son dərəcə mətanətlə vuruşurdular. Ən strateji məntəqə məşhur Arkole körpüsü idi. Fransızlar üç dəfə körpüyə hücum etdilər və hər dəfə də ağır itki verərək geri çəkilməli oldular. Bu zaman Bonapart bir neçə ay əvvəl Lodi körpüsü alınarkən etdiyi hərəkəti təkrarladı: əlində bayraq özü şəxsən irəli atıldı. Onun ətrafındakı bir neçə əsgər və adyutantı19 vurulsa da, üç gün sürən döyüş fransızların qalibiyyətilə başa çatdı.

      Arkole döyüşündən ay yarım sonra özlərinə gələn avstriyalılar revanş almağa hazırlaşdılar. 1797-ci il yanvarın ortalarında Rivoli yaxınlığındakı qanlı döyüşlərdə Bonapart Avstriya ordusunu darmadağın etdi. İki həftə sonra Vurmzer təslim oldu.

      Həmin il aprelin əvvəllərində general Bonapart Avstriya imperatorunun Fransa ilə sülh danışıqlarına başlamaq istədiyi barədə məktub aldı. Direktoriya sülhə razılıq verdi. Bundan sonra müzəffər general Bonapart Leoben şəhərində iki ölkə arasında barışıq müqaviləsini imzaladı.

      Leoben danışıqları başlayana qədər isə Bonapart onsuz da Roma ilə haqq-hesabı çürütmüşdü. Fransa inqilabının düşməni olan o vaxtkı Roma papası VI Piy Napoleondan cəhənnəm alovu kimi qorxurdu. Ona görə də hər fürsətdə Avstriyaya kömək edirdi. Bu səbəbdən Vurmzer təslim olan kimi Bonapart məhz Papanın üzərinə yeridi və elə ilk döyüşdəcə onun ordusunu darmadağın etdi. Sonra şəhərlər müqavimət göstərmədən bir-birinin ardınca təslim oldu. Fransızlar həmin şəhərlərdə əllərinə keçən qiymətli nə varsa – pul, cəvahirat, rəsm əsərləri – hamısını yağmaladılar. Romanı vahimə bürümüşdü, imkanlı adamlar, ruhanilər baş götürüb Neapola qaçırdılar.

      Baş verənlərdən dəhşətə gələn Papa VI Piy Bonaparta yalvarış dolu məktub yazdı və ondan barışıq dilədi. Üstəlik, bütün şərtlərə razı olduğunu bildirdi. 1797-ci il fevralın 19-da Tolentinoda Papa ilə sülh imzalandı. VI Piy torpaqlarının böyük hissəsini güzəştə getdi, öz muzeylərindəki ən yaxşı rəsm əsərlərini, heykəlləri fransızlara verdi. Milan, Bolonya, Modena, Parma, Pyasenza və Venesiyada olduğu kimi, Romadan da yağmalanan rəsm əsərləri, heykəllər Bonapart tərəfindən Parisə göndərildi.

      Bəs Napoleon niyə həmin vaxt Romanı tutub Papanı həbs etmədi? Birincisi, Papanın həbsi katolikləri ayağa qaldıra bilərdi, bu isə hələ öz yerini lazımınca möhkəmləndirməyən gənc generala əl vermirdi. İkincisi, Fransada milyonlarla insan Papanı özünə mənəvi ata sayır və ona sitayiş edirdilər. Napoleon isə yaxşı bilirdi ki, bu insanlar üzərində öz hakimiyyətini qurmaq və saxlamaq istəyən hökmdar mütləq onların dini inancları ilə hesablaşmalıdır.

      Rivoli ətrafında döyüş, Mantua qalasının fəthi, Papa torpaqlarının ələ keçirilməsi Bonapartın adını bütün Avropaya tanıtdırdı.

      1797-ci ilin mayında Bonapart Milanda ikən tabeliyindəki generallardan biri, həmin vaxt Triyestdə xidmət edən Bernadott onun yanına çapar göndərdi. Çapar Bonaparta bir portfel gətirmişdi. Bernadott həmin portfeli fransızların qorxusundan Venesiyadan Triyestə qaçan monarxiyaçı, eyni zamanda Burbonların casusu qraf d’Antreqanın əlindən almışdı. Bu gözlənilməz tapıntının əhəmiyyətini anlamaq üçün həmin vaxt Parisdə nə baş verdiyini yada salmağa ehtiyac var.

      Parisdəki qiyam Bonapartın toplarından açılan atəşlə yatırılsa da, monarxiyaçılar revanş almaq fikrindən daşınmamışdılar. Onlar özlərinə gəlib yenidən güclənməyə başlamışdılar. Direktoriyaya müxalifətdə olan burjuaziyanın bir hissəsi, ruhanilər, xaricdən yardım alan əksinqilabçı qüvvələr əlverişli məqam gözləyirdilər. Hətta Direktoriyanın özündə də bu qüvvələrə qarşı qəti ölçü götürülməsinin əleyhinə olanlar var idi.

      Hakimiyyəti xoşluqla vermək istəməyən Barrası narahat eləyən başlıca məsələlərdən biri general Pişequrun da müxalifət düşərgəsində olması idi. Pişequr 1795-ci ildə Hollandiyanı işğal etməklə məşhurlaşmışdı. Bonapart da bu generalın varlığından narahat idi. Çünki Pişequrun nüfuzu həlledici anda əsgərləri yoldan çıxara bilərdi. Əsgərlər Pişequru əsl respublikaçı kimi tanıyırdılar və buna görə də onun arxasınca gedə bilərdilər.

      Həbs olunan qraf d’Antreqanın qalın portfelindən şahzadə Kondenin xəfiyyəsi ilə gizli danışıqlar aparan Pişequrun satqınlığını sübut edən dəlillər çıxdı. Bu dəlillərin Bonapart üçün nə demək olduğunu anlamaq çətin deyil. Yalnız bir məsələ həmin sənədlərin Barrasa göndərilməsini azacıq ləngitdi. Belə ki, sənədlərin birində (üstəlik, Pişequru günahlandırmağa əsas verən sənəddə!) Burbonların başqa bir xəfiyyəsi İtaliyada Bonapartla görüşüb, onunla da danışıqlar aparmağa cəhd etdiyini yazırdı. Odur ki Napoleon qrafı yanına çağırtdırıb həmin sətirlərin silinməsi şərtilə sənədin üzünü təzədən köçürməsini əmr etdi. D’Antreqa canını qurtarmaq üçün bu tələbi tezcə yerinə yetirdi.

      Bundan sonra monarxiyaçıların kütləvi həbsi başladı. Həbs olunanlar məhkəməsiz-filansız Qvianaya sürgün olundular (sonralar oradan çox az adam sağ qayıtdı). Sentyabrın 4-də səhər tezdən küçələrdən iri plakatlar asılmışdı: bunlar Bonapartın Barrasa göndərdiyi sənədlərin surəti idi. General Pişequr da tutulub Qvianaya göndərildi. Kütlə Direktoriyanı sevmirdi, ancaq monarxiyaçılara daha çox nifrət edir və Burbonlar sülaləsinin tərəfdarlarına vurulan zərbələrə sevinirdi.

      Beləliklə, respublika xilas olundu və yenilməz general Bonapart İtaliyadakı uzaq düşərgəsindən Direktoriyanı bu münasibətlə təbrik etdi. Halbuki o, iki il sonra Direktoriyanı, yeddi il sonra isə respublikanı məhv edəcəkdi.

      Dahi hərbçinin adı artıq dillər əzbəri olmuşdu. Hamı başa düşürdü ki, başqa generalların Reyndə uduzduğu müharibə, İtaliyada Bonapart tərəfindən qazanılıb.

      Avstriya ilə Kampo-Formioda bağlanan sülh müqaviləsindən sonra Direktoriya cidd-cəhdlə Bonapartı Parisə çağırırdı. O bu dəfə İngiltərəyə qarşı vuruşacaq ordunun baş komandanı təyin olunmuşdu. Bonapart Direktoriyanın ondan qorxmağa başladığını hiss eləyirdi. “Onların mənə paxıllığı tutur. Odur ki tələm-tələsik İngiltərəyə qarşı döyüşəcək ordunun generalı təyin ediblər ki, məni İtaliyadan uzaqlaşdırsınlar. Çünki mən burada hərbi komandandan daha çox hökmdaram”, – dostları ilə söhbətdə Bonapart öz təyinatını belə qiymətləndirmişdi.

      Napoleon 1797-ci il dekabrın 7-də Parisə qayıtdı, 10 dekabrda isə Direktoriya tərəfindən Lüksemburq sarayında təntənə ilə qəbul olundu. Bonapart gələndə sarayın ətrafına toplaşmış kütlə


Скачать книгу

<p>19</p>

Hərbi hissə komandirinin tapşırığını icra edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu