Mustafa Kamal Atatürk. Aleksandre Jevaxoff
alman generalı Kannengisser yazacaqdı: «Həmin gün xoş bir təsadüf nəticəsində Kamal bəy özünün yenicə təşkil etdiyi hərbi bölüyünü təlimə çıxarmışdı. Lakin qəfildən əsgərlərinin təlaş içində qaçışdığını görür. Nə baş verdiyini soruşur.
– Onlar gəlir! – deyə döyüşçülərdən biri həyəcanlı şəkildə cavab verir.
– Onlar kimdir?
– İngilislər, ingilislər!
– Qoy olsun, onda irəli! – Kamal qəti əmr verir.
Beləliklə, ərazi qısa vaxtda düşməndən tamamilə azad edildi. Avstraliya ordusu Arıburnundakı çox da böyük olmayan qayalıq bir əraziyə sıxışdırıldı».
Mustafa Kamalın bu qətiyyəti hərb tarixinə düşüb. Onun böyük sərkərdə olduğuna artıq kimsə şübhə eləyə bilməzdi.
Sonralar başqa bir alman generalı fon Sanders20 yazmışdı ki, üç ay davam edən Arıburnu döyüşlərində Mustafa Kamal düşmənin «bütün amansız hücumlarının qarşısını ala bildi, onlara möhkəm və sərt müqavimət göstərdi. Mən onun enerjisi və qətiyyətinə heyran qalmışdım!»
Yeri gəlmişkən, Mustafa Kamal almanlara bir o qədər də yaxşı münasibət bəsləmirdi, yuxarıda da vurğuladığımız kimi, Osmanlının onlarla eyni cəbhədə yer almasından məmnun deyildi. Bununla belə, haqqında söylədikləri xoş sözlərdən o qədər həzz almışdı ki, almanlara qarşı münasibəti dəyişmişdi. «İmperator Vilhelm, yəni zəmanəmizin görkəmli sərkərdələrindən biri alman olsa da, məni «Dəmir xaç» ordeni ilə təltif etdi. Bu mənim üçün böyük şərəfdir» – qəhrəmanımız tanışlarından birinə etiraf eləmişdi.
Lakin nə «Dəmir xaç» ordeni, nə də fon Sandersin haqqındakı yüksək fikirləri Ənvər paşanın ona qarşı mənfi münasibətini dəyişmədi. Belədə fon Sandersdən onu başqa cəbhəyə dəyişdirməsini xahiş etdi. Hətta dostlarından birinə demişdi: «Düşünürəm ki, bir küncə çəkilsəm yaxşıdır». Lakin xoşbəxtlikdən bu baş vermədi. Növbəti döyüş onun hərbçi kimi şöhrətini və nüfuzunu daha da artırdı. Söhbət onun Anafartalar cəbhəsindəki şücaətindən gedir.
1915-ci ilin iyununda Mustafa Kamala albay (polkovnik) rütbəsi verildi. Elə həmin ilin avqustunda ingilis ordusu Suvla körfəzinin21 şimalına hücum etmək qərarına gəldi. Buradan bir qədər aralıda iki kənd (Böyük Anafarta və Kiçik Anafarta) yerləşirdi. Körfəzlə həmin kəndlər arasındakı ərazi sıldırımlıqlardan ibarət idi. Ona görə də türklər bu əraziyə cəmi bir neçə qaravolçu məntəqəsi qoymaqla kifayətlənmişdi. İngilislərin oradan hücuma keçmək istəməsinin səbəbi də bu idi. Onlar hər şeyi nəzərə almışdılar, bircə Mustafa Kamalı yox!
Vəziyyətdən hali olan fon Sanders qəhrəmanımıza bölgədəki bütün qüvvələrin komandanlığını tapşırdı.
Bunun ardınca, 1915-ci il avqustun 7-də Mustafa Kamal olduqca cəsrətli bir addım atdı: digər cəbhələri boş qoymaq bahasına bütün qüvvəni Anafarta istiqamətində cəmləşdirdi. Ardınca isə ingilislər üzərinə hücum əmri verdi. Hücuma rəhbərliyi də şəxsən öz üzərinə götürdü. İngilislər çaşqın vəziyyətə düşdülər. Yeri gəlmişkən, həmin hücum zamanı qəhrəmanımız ölümdən döndü: belə ki, yaxınlıqda partlayan düşmən mərmisinin qəlpələrindən bir neçəsi onun sinəsinə tuş gəldi və döş cibindəki saatı parçaladı. Bir sözlə, Mustafa Kamal möcüzə nəticəsində sağ qaldı.
Hücum isə uğurla başa çatdı. İngilis mövqeləri cəmi bir neçə saat ərzində ələ keçirildi.
Çanaqqala zəfəri və ondan sonra
Qeyd edək ki, 1915-ci il martın 18-də başlayan və tarixə «Çanaqqala savaşı» kimi düşən Dardanel boğazı uğrunda döyüşlər 1916-cı ilin əvvəllərinədək uzandı. Belə ki, həmin il yanvarın 8-9-da Osmanlı ordusu Seddülbahiri düşmənlərdən azad etdi. Bundan sonra Antantanın birləşmiş qüvvələri döyüş meydanından geri çəkilmək məcburiyyətində qaldılar.
Osmanlı ordusunun 253 min şəhid verdiyi savaşda əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 200 min, fransızlar isə 40 min itki verdilər. Ümumilikdə düşmən tərəf 300 minə yaxın canlı qüvvəsini itirdi və bundan əlavə onların çoxlu sayda hərbi-texniki qüvvələri məhv edildi.
Düşmənin ağır məğlubiyyətə uğradılmasında Mustafa Kamal həlledici rol oynadı. «Adi bir alay komandirinin bu şücaəti tarixdə nadir hallardan biridir. Onun savaş boyunca müxtəlif vaxtlarda apardığı hərbi əməliyyatlar nəinki bir döyüşün, bəlkə də, bütöv müharibənin, hətta bütünlükdə bir millətin taleyini həll etməkdə böyük rol oynadı» – bunu sonralar ingilis tarixçilərindən biri yazacaqdı.
İngilis tarixçisi yanılmır: Mustafa Kamal ağlı, əzmi və cəsarəti ilə yalnız Çanaqqala savaşının sonluğunu müəyyənləşdirmədi, eyni zamanda tarixin gedişatına təsir elədi. O, ağır döyüşlərdən birində mərmiləri bitdiyi üçün çaşqın vəziyyətdə qalan əsgərlərinə süngülərini tüfənglərə keçirmək göstərişi vermiş, ardınca isə demişdi: «Mən sizə hücuma keçməyi yox, ölməyi əmr edirəm. Bununla biz özlərini döyüş meydanına çatdıra bilməsi üçün digər qüvvələrimizə vaxt qazandırmış olacağıq!» Çanaqqalada əldə edilən zəfər onun məhz bu qeyri-adi cürətkarlılığının və qətiyyətininin məntiqi yekunu idi.
Çanaqqala zəfərinin ardından Mustafa Kamal öncə – 1916-cı il yanvarın 17-də Qırmızı şərəf medalı ilə təltif edildi, ardınca isə aprelin 1-də paşa epoleti (general rütbəsi) aldı. Elə həmin ay qərargahı Ədirnədə yerləşən 16-cı briqadanın komandanı təyin olundu. Bundan sonra Şərqi Anadoluda ruslara qarşı döyüşlərə rəhbərlik edən qəhrəmanımız bir-birinin ardınca önəmli hərbi zəfərlərə imza atmışdır: şərq cəbhəsində rusların hücumlarının qarşısını kəsmiş, daha sonra isə əks-həmləyə keçmişdir. Nəticədə 1916-cı il avqustun 7-də Muşu, bir gün sonra isə Bitlisi düşmən işğalından azad etmişdir. Həmin ilin sonlarında o, qərargahı Diyarbəkirdə yerləşən 2-ci Ordu Komandanlığına təyinat aldı. Bir müddət sonra isə cənub cəbhəsində döyüşən və alman generalı Falkenheynin komandanı olduğu «İldırım» ordusunun 7-ci diviziyasının rəhbəri təyin edildi. Odur ki Fələstinə yollandı. Lakin çox keçmədi ki, qəhrəmanımızla general Falkenheyn arasında narazılıq yarandı. Bunun əsas səbəbi Mustafa Kamalın ingilislərin Misirdən hərəkətini əngəlləmək üçün düşünülmüş plana qarşı çıxması idi. O belə hesab edirdi ki, almanlarla Ənvər paşanın ortaq hazırladığı plan sonda acı məğlubiyyətdən başqa bir şey vəd eləmir. Açıq-aşkar dilə gətirdiyi tənqidlərin nəticəsiz qaldığını görən Mustafa Kamal xəstəliyini əsas gətirib məzuniyyət götürdü və İstanbula qayıtdı.
1917-ci ilin oktyabrında paytaxta gələn qəhrəmanımız burada da tənqidlərini davam etdirirdi. O, Osmanlı dövlətinin istər hərbi, istərsə də siyasi baxımdan yanlış etdiyi qərarları, addımları barədə açıq şəkildə danışırdı. Məsələn, xarici işlər naziri ilə görüşündə öz arqumentlərini sadaladıqdan sonra yüksək səslə demişdi: «Dövlət əldən
20
21