Mustafa Kamal Atatürk. Aleksandre Jevaxoff
onsuz da gərgin olan durumun daha da pisləşməsinə gətirib çıxara bilərdi. Sultan isə əhalinin aclıq çəkməsindən narahatlığını dilə gətirmişdi.
«Tamamilə haqlısınız, əlahəzrət! Lakin İstanbul əhalisini doyurmaq niyyətiniz sizi ölkənin xilası naminə ən vacib və qəti tədbirlərə əl atmaq zərurətindən azad eləmir… Nə qədər ki, dövləti, milləti və onun müttəfiqlərini qorumaq məsuliyyəti daşıyan qüvvə başqasının əlindədir, sizin təkcə adınız «padşah» olacaqdır» – Mustafa Kamal açıq şəkildə bəyan eləmişdi.
Xilaskar və qurtarıcı ordu! – qəhrəmanımızdakı nikbinliyə heyrət etmək olar. Çünki 1918-ci ilin yayında ölkənin özü kimi onun ordusu da acınacaqlı vəziyyətdə idi. Qafqaz istisna olmaqla, qoşunlar hər yerdə düşmənin təzyiqi ilə geri çəkilirdi. Fərarilik görünməmiş dərəcədə artmışdı. «Bizim üçün yaxşı sonlanacağına heç bir ümidin qalmadığı müharibənin son bir ili ərzində biz çox utanmalı olduq» – sonralar İsmət İnönü belə yazacaqdı. Yaranmış situasiyada sultan çıxış yollarından biri kimi Mustafa Kamalın hərbi zəkasından istifadə etmək qərarına gəldi. O, 1918-ci ilin avqustunda Fələstin və Suriyada vuruşan 7-ci orduya məhz qəhrəmanımızı komandan təyin elədi. Sultanın qərarı özünü doğrultdu: Mustafa Kamal həmin cəbhədə ingilis qoşunlarına qarşı uğurlu müdafiə əməliyyatları həyata keçirdi.
Buna baxmayaraq, mövcud vəziyyətin ağırlığından qeyzlənmiş Vəhdəddin yetərincə çıxılmaz durumda idi: əsgərlərinin böyük qismi itirilmiş, döyüş sursatı və ərzaq tükənmişdi. O, Osmanlı dövlətinin İsveçrədəki səfiri ilə danışığında Mustafa Kamalla söhbətindəki narahatlıqlarını bir az da konkretləşdirmişdi: «Mən ümumxalq inqilabından qorxuram. Bədbəxtlikdən, mövcud şərait də qiyama haqq qazandırır… Hazırda hökuməti etibar edə biləcəyim kimsə yoxdur. Xanədanım məhvin astanasındadır…» Belə görünür ki, sultan tamamilə ümidsizliyə düçar olmuşdu: o, yaxşı başa düşürdü ki, vəziyyət belə davam edərsə, xüsusilə paytaxtda nizam-intizamı, asayişi qorumaq mümkünsüzləşəcək. Nə qanunlar bunu təmin eləmək iqtidarında idi, nə də sarayın elə güclü, nüfuzlu adamları var idi ki, camaat onların sözünü dinləsin… Ölkənin dörd tərəfindən isə qanqaraldıcı xəbərlərin ardı-arası kəsilmirdi: fərarilərdən ibarət soyğunçu dəstələr hər tərəfə yayılmışdı. Polis və jandarmanın onları bu dəstələrdən qorumaq iqtidarında olduğuna inanmayan kəndlilər öz evlərini tərk eləyib ucqarlara sığınmağa başlamışdı.
Mustafa Kamal ordunu nəzarətdə saxlamaq üçün onun rəhbərliyini dəyişməkdə xeyli israr etsə də, Vəhdəddini buna inandıra bilmədi. Görünür, başqaları da sultan kimi düşünür, ordu rəhbərliyində dəyişikliyə isti münasibət bəsləmirdi. Bunu Mustafa Kamalın hökumət üzvləri ilə görüşməməsindən anlamaq mümkündür. Onun hətta özünə yaxın saydığı siyasətçilərlə görüşü barədə də heç bir məlumat yoxdur. Bu sıraya bir müddət əvvəl Sofiyadakı səfir postundan geri çağırılan, hazırda isə «İttihad və Tərəqqi» partiyasında aparıcı mövqe tutan dostu Əli Fəthi də daxil idi.
Bir sözlə, görünən odur ki Osmanlının gələcəyi ilə bağlı məsələlərdə Mustafa Kamal təklənmişdi. O, demək olar, hamıdan fərqli düşünürdü.
Mudros müqaviləsi28
1918-ci il sentyabrın 20-də Mustafa Kamalın hərbi rütbəsi artırıldı. Ona sultanın fəxri yavəri29 («Fahri Yaver Hazreti Şehriyari» – red.) ünvanı verildi. Ancaq Mustafa Kamalın bu yüksək etimaddan zövq almağa vaxtı yox idi. Belə ki, ingilislərin 7-ci ordunun mübarizə apardığı bölgədə təhdidləri getdikcə artırdı. Bu təhdidlər qarşısında türklər geri çəkilmək məcburiyyətində qaldı. Nəticədə oktyabrın 1-də indiki Suriya paytaxtı Dəməşq, iki gün sonra isə hazırda Livanın paytaxtı olan Beyrut ingilislərin əlinə keçdi. İki həftə sonra Osmanlı ordusunun mübarizə apardığı cəbhə tamamilə parçalandı, bu döyüşlərdə ümumilikdə beş min türk əsgəri şəhid oldu. Bütün bunlara baxmayaraq, 7-ci ordunun komandanı Mustafa Kamal özünəxas enerji və igidliklə türk ordusunun şərəfini qorumaqda davam edirdi. Oktyabrın 31-də fon Sanders «İldırım» ordu birləşməsinin, daha doğrusu, ondan qalan bölüyün komandanlığını Mustafa Kamala təhvil verdi və dedi: «Ordu bölüyünün komandanlığını, zati-aliləri general Mustafa Kamala təhvil verməyə məcbur olduğum bu məqamda deməliyəm ki, o, çoxsaylı döyüşlərdə özünü qəhrəman kimi göstərib. Ona öz dərin ehtiramımı bildirirəm».
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.